Azər Qaraçənli
İctimai yerlərdə, qapalı yerlərdə tütün çəkməyi buxovlayan, buna görə babat cərimələr qoyan qanun çıxdığı günün səhərisi əvvəllər parovoz kimi tüstülənən çayxanaya girəndə bir adamı da siqaret çəkən görmədim.
İçəridəki tənbəki qoxusu dünəndən qalmışdı. Dünəndən yox, keçmişdən qalmışdı, bəlkə yüz ilin qoxusuydu. Təmiz hava bir axşama bu qoxunu köhnəltmişdi. Bu gün burda heç kimin siqaret çəkmədiyi təkcə havanın təmizliyindən yox, tütün qoxusunun qalığından da bilinirdi. Həmişə qapıdan girəndə adamın üstünə yeriyən tüstü burulğanı yoxa çıxmışdı, içərinin işığı artmışdı, təmiz hava keçmişin qoxusunu masaların üstündən silməkdə, divarlardan, qapı-pəncərədən sümürüb eşiyə qovmaqdaydı.
Köhnə vərdişlə, oturan kimi siqaret yandırdım, çaydan qabaq külqabı istəmək üçün ofisianta sarı çevriləndə birdən yadıma düşdü ki, bu gün qanun çıxıb! Amma üzümə salıb, bəlkə özümü sındırmayıb da demək olar, külqabı istədim. Ofisiant az qala hər masanın böyründə divara yapışdırılmış, təzəcə çap olunduğu şriftlərinin yağından daman “Siqaret çəkmək qəti qadağandır!” xəbərdarlıq elanını göstərib dodağının altında nəsə mızıldadı. Üzümə üz bağlayıb, bəlkə özümü sındırmayıb da demək olar, yandırdığım siqareti çəkib qurtarmağım üçün onu külqabı gətirməyə borclu çıxartmaq istədim. Alınmadı, ofisiant bu dəfə həm yazılı xəbərdarlığı göstərdi, həm də şifahi xəbərdarlıq elədi, heç siqareti söndürməyə də külqabı vermədi. Tüstülənə-tüstülənə qapıdan çıxdım, siqareti çəkib, əzib, tullayıb qayıtdım.
Oturanda dostlarıma dedim belə yaxşıdı, siqaret çəkənləri dünyanın hər yerində sıxışdırırlar, axır bizdə də belə olmalıydı, bu qanun çoxdan çıxmalıydı, avtobus dayanacağında durursan – siqaret, çayxanaya girirsən – siqaret, çayxanalarda, kafelərdə oturmaq olmur, duranda adamın üstü it iyi verir.
Yeni qanunumuzu bir xeyli təriflədik, onun öz hökmünü bir gecənin içində belə qətiyyətlə göstərməsinə həm təəccübləndik, həm də sevindik. Arada da dilxor olduq: indi gəl dəqiqədə bir çölə çıx, siqaret çək, siqareti ki, çayı içə-içə, pivəni içə-içə çəkmədin, siqareti ki, arağın üstündən durub gedib qıraqda çəkib gəldin, nə ləzzəti oldu, pivəxanaların, çayxanaların, kafelərin dadı-duzu qaçacaq – dedik, əvvəlki kimi pivəyə, çaya oturmaq, yeyib-içmək mümkün olmayacaq – düşündük, buraların müştərisi də azalacaq – deyib yan-yörəmizə boylandıq.
Onda qış ayıydı. 2017-ci ilin sonlarıydı. Çayxana kimi ictimai yerlər daha ictimai, həm də daha qapalıydı. Yeni qanun biz siqaret çəkənlərdə təzadlı duyğular oyatmışdı: bir yandan belə bir qanunun lazımlı olduğunu bilirdik, ona tərəfdar çıxırdıq, qanunun var qüvvəsiylə işə düşməsinə sevinirdik, o biri yandan da çayxanada, pivəxanada, yeməkxanada siqaret çəkə bilməməyin dərdi bizi götürmüşdü.
Günlər, həftələr ötdü, arada qulağımıza çatdı ki, gedib-gəlmədiyimiz filan kafedə (yeməkxanada, çayxanada, pivəxanada, ya da bunların hamısının verildiyi yerlərdə ki, belə yerlərə də indi kafe demək dəbdədi) siqaret çəkmək olur, yiyəsi icazə verir, buna necə icazə verir – onu bir özü bilir, bir yerdə hökuməti, bir də göydə Allahı.
Günlər, həftələr ötdü, arada gedib-gəldiyimiz kafelərdə də bizə siqaret çəkməyə icazə verdilər, çəkin, – dedilər, – köhnə müştərilərimizə olar, amma çəkib qurtaranda xəbər eləyin gəlib külqabını götürək, – dedilər. Külqabını qabağımıza qoyub getdilər, bir azdan gəlib götürdülər. Bir azdan yenə gətirib qoydular, sonra yenə götürüb getdilər. Köhnə müştəri olmağın çox üstünlüyü bəllidi, amma köhnə müştərilər siqaret çəkmək üstünlüyünü necə qazanmışdılar, heç özləri də bilmirdilər. Bunu bir kafeni işlədən bilirdi, bir kafeni işlədənlərlə işləyən hökumət bilirdi, bir də hər şeyi bilən Allah bilir.
Günlər, həftələr ötdü. Bir də gördük külqabımızı qabağımızdan götürən yoxdu, elə bir ucdan çəkirik, başqaları da çəkir. Başqaları necə çəkir, bunu yenə göydə Allah, yerdə hökumət, bir də kafe işlədənlər bilir.
Deyəcəm, tüstüsü burnumuzdan gələcək, amma deməməyin də mənası yoxdu, onsuz da hamı bilir: qanun on aya yaxındı çıxıb, çayxanalarda, pivəxanalarda, yeməkxanalarda, kafelərdə, restoranlarda fıshafısdı. Bu necə oldu belə oldu – desəm güləcəksiz, çünki bunu uşaq da bilir.
Oturduğumuz yerlərin dadı-duzu qayıtdı, amma yaşadığımız yerin – ölkənin dadı-duzu qaçdı bu məsələdə. Gül kimi qanun saat kimi işləyirdi. Heyif o qanundan, heyif o saatdan. Ürəkdən deyirəm, vallah – siqaret çəkən olsam da, qanunun pozulması mənə sərf eləsə də…
Ən gülməlisi də odu hökumət qanunu işə salmağın mexanizmini axtarır. Rəhmətliyin oğlu, mexanizm özü işə düşmüşdü, sən nə axtarırsan?