Güzəştli mənzil sistemində yeni rəhbər
- 20 Sentyabr 2018
- comments
- Novator.az
- Posted in Xəbər
Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinə yeni sədr təyin edilib. Prezident İlham Əliyevin 19 sentyabr sərəncamı ilə bu post Sadiq İzzət oğlu Sadıqova həvalə olunub. Bu təyinata qədər Sadiq Sadıqov İdarə Heyəti sədrinin müavini idi.
Mənzil İnşaatı Dövlət Agentliyi prezident İlham Əliyevin 2016-cı il aprelin 11-də imzaladığı fərmanla yaradılıb. Qurumun statusu mərkəzi icra hakimiyyəti orqanı kimi müəyyən edilib. Həmin il noyabrın 24-də Mənzil İnşaatı Dövlət Agentliyi publik hüquqi şəxsə çevrilib.
Mənzil İnşaatı Dövlət Agentliyi vətəndaşların güzəştlə mənzil əldə etmələrinə (uyğun qiymətə mənzil təminatına) şərait yaratmaq üçün onun sərəncamına verilmiş torpaq sahələrində yaşayış binalarının və digər tikinti obyektlərinin tikintisini təşkil edən, yaşayış binalarının və digər tikinti obyektlərinin tikintisi üçün ayrılan maliyyə vəsaitlərindən təyinatı üzrə və səmərəli istifadə edilməsini təşkil və təmin edən, habelə bunlarla əlaqədar onun sərəncamına verilmiş torpaq sahələrində ərazi planlaşdırılması, layihələndirmə və memarlıq sahələrində siyasətin həyata keçirilməsində iştirak edən və fəaliyyəti əlaqələndirən qurumdur.
Agentliyi İdarə Heyəti idarə edir. İdarə Heyətinin əvvəlki sədri Samir Nuriyev bu il aprelin 21-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri postuna təyin olunub.