Seymur Kazımov
Azərbaycan əhalisinin media savadlılığını ölçmək üçün beynəlxalq vasitələr olsa da, onların təcrübədə tətbiqi mexanizmi yoxdur. Məsələ insanların kimə, nəyə baxması deyil, baxdıqlarını, oxuduqlarını qavramasıdır.
Bir neçə il öncə Milli Televiziya və Radio Şurası bu mövzuya müraciət edib. Qurum bu məsələni əsasən valideynlər, müəllimlər və övladlar kontekstində götürüb, onlara təlimlər keçib. Yəni azyaşlılar mediada nümayiş olunan zərərli materiallarla tanış olmasınlar, valideyn və müəllimləri də onlara ciddi nəzarət etsinlər.
Belə ki, media savadlılığı ilə bağlı Azərbaycanda qanunvericilik bazası yoxdur. İkincisi, bu işə təkcə müəllim, şagird və valideyn prizmasından baxmaq doğru deyil. Dünya təcrübəsində media savadlılığının əsas indeksləri var və Azərbaycan əhalisinin bu meyarlara uyğunluğunu yoxlayaq:
Məlumata çatımlılıq
Əsasən dövlətin təqdim etdiyi media kanalları var. Hətta kabel televiziyası da tam nəzarətdədir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, Milli Teleradio Şurasının kabel TV istifadəçiləri üçün təqdim etdiyi 500-ə qədər TV kanalı arasında 160-a qədər rusdilli TV var. Peyk antenlərini çıxsaq, alternativ ənənəvi media yoxdur.
Analitik düşüncə
Dezinformasiya və təbliğat geniş şəkildə yayılır. Təyinatından, siyasi baxışlarından asılı olmayaraq, bu iki xoşagəlməz halla bütün media məşğul olur. Belə olan halda, əhalinin oxuduğu, izlədiyi materialları hansı formada analiz etməsini təxmin etmək çətin deyil. Bu məqam da əhalinin analitik təhlil səviyyəsini 3 yerə bölür: 1) Hər kəsdən yüksək səviyyəli analitik düşüncə qabiliyyəti gözləmək sadəlövhlük olardı; 2) Ölkədə və dünyada gedən proseslərdən az-çox xəbəri olanlar bu tip mətbuata inanmır, buna görə də beynini yalan və uydurma materiallarla məşğul etmir; 3) Mütəxəssislər. Onlar izlədiklərinin yanlış olduğunu bilir, amma iş-peşə gərəyi izləməyə davam edirlər, sonda da analizə ehtiyac qalmır.
Qiymətləndirmə
Əvvəlki meyarları oxuyandan sonra ağlımıza gələn ilk sual: nəyi? Burada söhbət məsələyə fərqli baxış, bəzən də tənqidi yanaşmadan gedir. Bu hissənin özünü təhlil edək: ənənəvi mediada dövlətin təqdim etdiyi bəlli media quruluşları var, kabel televiziyası nəzarətdədir, alternativlər yoxdur. Belə olan halda, nəyi qiymətləndirəcəklər?
Kommunikasiya
Burada ölkədə medianın durumu ön plana çıxır. Media azad və müstəqil deyil. Ənənəvi media, əsasən elektron media tam nəzarətdədir. Bu tip media vasitəsilə kommunkasiya da mümkün deyil, belə ki, alternativ fikirlərə də belə TV-lərdə yer verilmir.
Bu 4 vəziyyətin özünü analiz etdikdə Azərbaycan əhalisinin ən yaxşı halda özünü ifadə etdiyi, öz problemlərini gördüyü və real vəziyyəti analiz etdiyi yer sosial mediadır. O da hər zaman təhlükəsiz deyil. Belə ki, “KİV haqqında” qanuna görə internet KİV hesab olunur, üstəlik, Cinayət Məcəlləsində böhtan və təhqirə görə məsuliyyəti nəzərdə tutan maddələrinə internetdəki böhtan və təhqirlər də əlavə edilib. Halbuki ölkədə diffamasiya haqqında qanunun qəbul olunacağı gözlənilirdi. Bu isə başqa yazının mövzusudur.