Ülkər Natiqqızı
1) Sumqayıtda yolu keçən qadını maşın vuraraq öldürüb;
2) Beyləqanda ər arvadını kəndirlə boğaraq öldürüb;
3) Rəfiqəsini öldürəndən sonra doğrayan qadının məhkəməsi başlayıb;
4) İmişlidə minik avtomobili aşıb, ölən və yaralananlar var;
5) Lənkəranda yol qəzası baş verib, 3 nəfər xəsarət alıb;
6) 86 yaşlı qadının paltarı alışdı, yanaraq öldü;
7) Bakıda maşın körpüdən aşdı;
8) İmişlidə avtomobil aşıb – Ölən və yaralananlar var…
Gündəlik həyatımızın çox hissəsini belə xəbərləri oxumaq və izləməklə keçiririk. Yuxarıda başlığını qeyd etdiyim 8 qəza və cinayət hadisəsi iyul ayının 10-da yayılan bu tip xəbərlərin yalnız bir qismidir.
Bəs görəsən media qurumları xəbər blokunun böyük hissəsini cinayət və qəza xəbərlərinə niyə ayırır və insanların bu tip xəbərlərə ehtiyacı varmı?
Bu mövzu ətrafında müzakirə zamanı insanlar iki qrupa bölünür: belə xəbərlərin dərc olunmasını normal qarşılayanlar, cəmiyyətin ölkədə baş verən hadisələri bilmək haqqından danışanlar və buna əks olanlar. Müzakirədə hələ üçüncü tərəf də var: bu tip xəbərləri dərc etməyənlər.
Kriminal və qəza xəbərlərini necə işıqlandırmalı?
Azərbaycan mediasını monitorinq edən zaman kriminal xəbərlərin daha çox reytinq xətrinə paylaşıldığı mənzərəsi formalaşır. Bu xəbərləri yayan bəzi media qurumlarının müxtəlif başlıqlarla oxucunu aldadıb “tıklama” toplamağa çalışdığını da demək olar. Nəticədə xəbərin cəmiyyət üçün vacibliyi və təsir gücü tamamilə arxa planda qalır.
Bu mövzuya aid bir misal çəkmək istəyərdim: Amerikada qız maşınla gedərkən idarəetməni itirir və yol kənarında kanala düşür. Qızın 911 xidmətinə zəng etməsinə baxmayaraq işçilər onun yerini müəyyən edə bilmir və qız telefonda danışa-danışa boğularaq həyatını itirir.
Hadisə mediada işıqlandırıldı? Jurnalistlərdən biri həmin səs yazısını tapır və onu radio xəbərlərində paylaşır. Bu xəbər qısa müddətdə böyük müzakirələrə səbəb olur. Bir çoxları jurnalisti qızın çığırtılarını paylaşmaqla insanlara psixoloji zərbə vurmaqda qınasa da, jurnalistin araşdırması 911 sisteminin kökündən dəyişməsinə səbəb olur. Jurnalist öz araşdırması zamanı 911 xidmətində olan problemi tapır. Sonda 911 sistemi kökündən dəyişir.
Görəsən bu hadisə bizdə olsaydı necə işıqlandırılardı? Yəqin ki, “Kanalda batan qısın son sözləri belə oldu – ŞOK SƏS YAZISI”, “Kanalda batan qız: Yalvarıram məni xilas edin” və s.
Azərbaycan mediasına aid digər bir misal: “Lerikdə məmur qohumu 13 yaşlı məktəblini dəfələrlə zorladı – Qız 4 aylıq hamilədir” bu başlıqdan da göründüyü kimi məmur qohumunun qızı zorlamasını önə çəkməklə daha çox oxunma sayı toplamağa çalışırlar.
Zorlama hadisəsində zorlayanın kim olması önəmli deyil, önəmli olan bu cür halların təkrarlanmaması üçün medianın hadisənin ağırlığını cəmiyyətə çatdırmasıdır.
Ona görə də cinayət və ya hansısa hadisə ilə bağlı xəbər paylaşarkən, media qurumları hadisənin cəmiyyətə təsiri və əhəmiyyəti barədə düşünməlidir.
4 il bundan əvvəl Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli ApaTv-yə müsahibəsi zamanı kriminal hadisələrin çoxluğunun insanlarda psixoloji narahatlıq yaratdığını vurğulayıb: “Televiziya kanalları kriminal xəbərləri verməklə sanki cəmiyyət qarşısında işlərini görmüş hesab edirlər, amma digər tərəfdən də cəmiyyətdə nə qədər insanın bundan əziyyət çəkdiyini görmürlər. Biz şura olaraq onlarla davamlı olaraq bu işi aparırıq”.
Amma ortada dolaşan bir yanaşma da var: “Tamaşaçılar, oxucular bunu görmək istəyirlər, biz də dərc edirik”.
Tamaşaçı və dinləyicilərin cinayət xəbərlərinə hansı səviyyədə maraq göstərdiyi göz önündədir. BBC-nin bir jurnalisti digər iş yoldaşları ilə aralarında olan debatdan sonra 2008-ci ildə “Crime interest” adlı bloq yazısı hazırlayıb və ortaya belə bir sual qoyub: “Cinayət elə bir şeydir ki, ondan heç zaman uzaq olmaq mümkün deyil. Medianın da əlində bunu həll etmək üçün bir vasitə yoxdur. Yoxsa var?”
Medianın cinayət və qəza xəbərlərini dərc etməməsi özünüsenzuradırmı?
Azərbaycanda medianın bugünkü vəziyyəti hər kəsə aydındır. Sosial problemləri işıqlandıra, bu mövzular ərtafında müzakirələr yarada bilməyən media daha çox kirminal, hadisə və şou biznes xəbərləri ilə oxucu kütləsi toplamağa çalışır. Ona görə də xəbər blokunun böyük hissəsini məhz bu xəbərlər tutur.
Bu halda özlərinə haqq qazandırmağı da unutmurlar: “Auditoriya ən çox belə xəbərləri oxuduğu üçün işıqlandırırıq”.
Indepenent.co.uk, BBC.com və başqa bu kimi məşhur media qurumlarında da xüsusi “Crime news” adlı bölmə var və onlar da Azərbaycanın media qurumları qədər olmasa da cinayət xəbərləri dərc edir. Bu cür xəbərləri nə çox yaymaq, nə də onları tamamilə qırağa qoymaq lazımdır.
Yazını elə BBC-nin bloqçusunun verdiyi sualla bitirmək istəyirəm: “Cinayətdən qaçmaq mümkün deyil. Medianın da əlində bunu həll etmək üçün bir vasitə yoxdur. Yoxsa var?”
Müəllifin başqa yazıları:
Paylaşılan materialı nə zaman silməli?
Media Bakı-Vyana marşrutu üzrə sərnişin qatarını necə yaratdı?
NASA-ya dəvət alanlar, yalançı müsahiblər və ixtiraçılar
Proqnozlaşdırma jurnalistikası
Şəxsi həyat və media
“Yaralı”, “ağır yaralı”, ya da “ölü” başçı
Azərbaycan mediası və onun “bossları”