Ülkər Natiqqızı
Bizim azadlığımız mətbuatın azadlığından asılıdır
və məhv edilmədən məhdudlaşa bilməz.
Tomas Сefferson (1786)
Azad medianın olması hökumətin işində şəffaflığa, korrupsiya riskinin azalmasına və demokratik cəmiyyətin formalaşmasına gətirib çıxarır. Eyni zamanda jurnalist araşdırmaları cəmiyyətdə olan haqsızlıqları görməyə və onun qarşısını vaxtında almağa kömək edir.
Bəs, görəsən özünü azad adlandıran media qurumları azaddırmı?
Hazırkı dövrdə Azərbaycanın mətbuat orqanlarının ən böyük problemlərindən biri azadlıqlarının əlindən alınması, maliyyə müstəqilliyi və sahibinin gizliliyidir.
Kimdir bu “bosslar”?
Bu “bosslar” media qurumuna maliyyə ayırır və ona istənilən zaman biznes və siyasi mühitdə müəyyən şəxslərin (onlara xoş olmayanların və ya rəqiblərinin) “vurulması” üçün bir vasitə kimi baxır. Eyni zamanda bu “bosslar”a görülən işlərin hansı maliyyə hesabına başa gəldiyi, dövlətə nə qədər vergi ödəndiyi və s. barədə sual da verilmir.
Belə saytların redaktorları da sahiblərinin verdiyi əmrlərə uyğun hərəkət edir və “yuxarıda” olanlarla iş birliklərinə görə media azadlığını öz mənfəətlərinə qurban verirlər.
Həmçinin onlar media qurumlarına hər hansı qadağa tətbiq olunanda səssiz qalırlar. Qısaca desək, cəmiyyətin problemlərinin işıqlandırılmasından daha çox “bossları”nın imicinə xələl gəlməsi üçün çalışmış olurlar.
Problemi işıqlandırmaq, göstəriş gələnə qədər iqtidar nümayəndələrini hədəf almaq olmaz. Ümumi məsələləri işıqlandırmaqda isə heç bir problem yoxdur.
Belə olan halda cəmiyyətdə nə baş verir?
Əgər qediyyatdan keçmiş 5 min qəzet, saytlar, televiziya və radiolar cəmiyyətdəki problemləri düzgün və qərəzsiz çatdıra bilmirsə, demək ki, mətbuat öz funksiyasını yerinə yetirmək əvəzinə “bossları”na xidmət edir.
Beləliklə, heç bir mənfi münasibət görmədən, hər hansı tənqidə məruz qalmadan onlar öz işlərindədirlər. Redaktor yerinə yetirdiyi göstərişdən şəxsi mənfəət qazanır və öz “rəhbəri”nə də mənfəət qazandırmış olur. Atalar demişkən, əl əli yuyur, əl də üzü.
KİV-in azad olmadığı cəmiyyətdə isə insan həqiqətdən uzaq olur.
Müəllifin başqa yazıları:
Paylaşılan materialı nə zaman silməli?
Media Bakı-Vyana marşrutu üzrə sərnişin qatarını necə yaratdı?
NASA-ya dəvət alanlar, yalançı müsahiblər və ixtiraçılar
Proqnozlaşdırma jurnalistikası
Şəxsi həyat və media
“Yaralı”, “ağır yaralı”, ya da “ölü” başçı