Azər Qaraçənli
Biz təkcə yazılmış qanunlarla yaşamırıq, biz həm də yazılmamış qanunlarla yaşayırıq.
Qanunlar – istər yazılısı olsun, istər yazılmamışı – dəyişə də bilər, ancaq bu dəyişiklik mənəvi inkişafın xeyrinə olmalıdı, ziyanına yox.
Bizim yazılı qanunlarımızda da, yazılmamış qanunlarımızda da qadınla kişinin cəzalandırılması arasında fərq qoyulur.
Azərbaycanda ən ağır cəza ömürlük həbs cəzasıdı. Ancaq bu cəza yalnız kişilər üçündü. Azərbaycan dövləti qadına ömürlük həbs cəzası verməyi qadağan eləyir. Deməli, prokuror ittiham elədiyi şəxsə ən ağır cəzanın verilməsini təklif eləyəndə, hakim bu cəzanı vermək qərarına gələndə təqsirkarın təkcə əməlinə yox, cinsinə də baxmalıdı, bu, dövlətin hüquq sistemi qarşısında qoyduğu öhdəlikdi. Kişi-qadın bərabərliyi, cinsi ayrı-seçkilik salmamaq prinsipi burda keçmir. Ən ağır cəza məsələsində dövlət kişilərlə qadınlar arasında fərq qoyub və bu fərqi nəzərə almaq prokurorun da, hakimin də borcudu.
Azərbaycanda ömürlük azadlıqdan məhrum olunmuş qadın yoxdu. Bizim ölkəmizdə bu cəzanı yalnız kişilər çəkir.
Başqa cəzalara gələndə Azərbaycan qanunları cinsə fikir vermir. Qanunda cinayət törətmiş qadının hamilə olması cəzanı yüngülləşdirən hal sayılır. Ancaq bu, qadına yox, uşağa güzəştdi. Hamilə qadın, yaxud uşağı 14 yaşına çatmamış qadın azadlıqdan məhrum olunanda onun cəzasını çəkməsi təxirə salına, yəni o, həbsxanaya göndərilməyə bilər. Eyni möhlət 14 yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərə də aiddi. Uşaq 14 yaşına çatandan sonra belə kişilər və qadınlar həbsxanaya göndərilə bilərlər. Bütün bunlar güzəştin kişi, yaxud qadın üçün yox, uşaq üçün olduğunu, yəni güzəştin cinsi mahiyyət daşımadığını göstərir.
Ölkəmizdə məhkumun ictimai cəhətdən faydalı işlərə cəlb olunması kimi bir cəza növü var. Qanun hamilə qadının, yaxud himayəsində 3 yaşınacan uşağı olan qadının ictimai işlərə cəlb olunmasını qadağan eləyir. Bu yenə qadına yox, uşağa güzəştdi. 3 yaşınacan uşağı təkbaşına böyüdən kişilərin də ictimai işlərə cəlb olunması qadağandı.
Beləliklə, Azərbaycanın cəza sistemində cinsi ayrı-seçkilik yalnız ən ağır cəzaya aiddi. Ancaq bu yalnız yazılmış qanunlarda belədi. Yazılmamış qanunlarda başqa güzəştlər də var.
Biz heç vaxt qadının cəzalanmasıyla kişinin cəzalanmasına bir gözlə baxmamışıq. Cəza geniş anlayışdı, ona bir gözlə baxmamağın qadına ziyanlı tərəfləri də var. Bu yazı qadınla kişinin cəzalandırılması arasında qoyulan fərqin qadına xeyirli tərəfi haqqında olduğuna görə mövzunu bir az konkretləşdirək: söhbət yalnız həbs cəzasından gedir, başqa cəzalardan yox.
Biz heç vaxt qadının həbs olunmasıyla kişinin həbs olunmasına eyni gözlə baxmamışıq. Ancaq bunun – qadının həbs olunmasıyla kişinin həbs olunmasına eyni gözlə baxmamağın da qadın üçün ziyanlı tərəfləri var. Ona görə mövzunu bir az da konkretləşdirək. Biz həmişə iş həbs məsələsinə gəlib çatanda qadına güzəşt olunmasına tərəfdar çıxmışıq. Bu yazıda mövzumuz budu və yalnız budu: həbs məsələsində qadına güzəşt olunması.
Biz həmişə həbs məsələsində qadınla kişi arasında fərq qoyulmasını və qadının mümkün qədər, imkan çatan qədər, maksimum imkan çatan qədər həbsdən yayındırılmasını istəmişik. Bu baş verəndə, elə bir situasiya yarananda ki, qadın törətdiyi cinayətə görə həbs oluna da bilər, olunmaya da bilər, deməli, ona güzəştə getmək imkanı var, onda biz həmişə bu güzəşti eləməyin tərəfdarı olmuşuq, buna yaxşı baxmışıq, pis baxmamışıq. Əksinə, imkan ola-ola belə bir güzəştə getməməyə pis baxmışıq, özü də çox pis baxmışıq.
Adamı tutmaq səlahiyyəti olan adamlardan hansı biri qadının qadınlığını nəzərə alıb onu tutmaqdan imtina eləyibsə, biz bunu normal hal kimi qiymətləndirmişik, anormal hal kimi yox. Ona görə belə bir davranışdan vəcdə də gəlməmişik, çünki bu bizdən ötrü adi davranışdı, qeyri-adi davranış deyil, normadı, qəhrəmanlıq deyil.
Azərbaycanda qadınlara ömürlük həbs cəzasının verilmədiyini bilən bilir və bunu bilənlər heç vaxt bundan vəcdə gəlməyiblər, bununla öyünməyiblər. Eyni zamanda buna etiraz eləmək də kimsənin ağlına gəlməyib. Bilənlər bunu sadə qarşılayır, bilməyənlər də eşidib biləndə buna çox sakit yanaşırlar. Qadına belə güzəşt bizdən ötrü norma olduğuna görə o bizdə heç bir emosiya doğurmur, nə müsbət emosiya, nə də mənfi emosiya. Yəni nə sevinib vəcdə gələrik, nə də qəzəblənib etiraz eləyərik. Biz adi baxarıq belə şeylərə.
Yazılı qanunumuzda qadına güzəşt yalnız ən ağır cəzada olsa da, yazılmamış qanunumuzda belə güzəşt çoxdu. Bunu təsdiqləyən xeyli nümunə göstərmək olar. Cinayət törətdiyinə görə mühakimə olunan neçə-neçə qadın yalnız qadın olduğuna görə azadlıqda qalıb, kişi olsaydılar tutulacaqdılar. Son illərin ən hay-küylü cinayət işlərindən biri xüsusi xidmət orqanının bir qrup zabitiylə bağlı olub. İstintaq gedən müddətdə onların hamısı həbs olunub, yalnız bir nəfərdən başqa – o da qadındı. General rütbəsində olsa da, təkcə məsuliyyətə çəkilmiş general həmkarları yox, onun tabeliyində işləmiş aşağı rütbəli zabitlər barəsində həbs tədbiri seçilsə də, onun özünə münasibətdə bu tədbir başqa yerə getməmək haqqında iltizamla əvəz olunub. Sonda məhkəmə hökm çıxaranda qadın yenə həbsxanaya salınmayıb, ona azadlıqdan şərti məhrum olunma cəzası verilib. Məsuliyyətə cəlb olunmuş 20 zabitin iki ildən çox sürən istintaqında yalnız xanımın azadlıqda saxlanmasının, məhkəmə hökm verəndə azadlıqdan məhrum olunan generallardan yalnız onun azadlıqdan şərti məhrum olunmasının əslində ciddi bir hüquqi əsası yoxdu; bu, yazılı qanunun nəticəsi deyil, bu sırf yazılmamış qanunun nəticəsidi. Və bu çox gözəl örnəkdi. Belə də olmalıdı. Çünki biz təkcə yazılmış qanunlarla yaşamırıq, biz həm də yazılmamış qanunlarla yaşayırıq. Biz nə qədər mümkünsə bir o qədər qadının həbsdən yayındırılmasına tərəfdarıq. Buna pis baxmaq bizlik deyil, biz buna yaxşı baxarıq. Cəzalanan təhlükəsizlik zabitlərindən qadına olan bu güzəşt, həbs məsələsində qadınla kişi arasında qoyulan bu müsbət ayrı-seçkilik bizim mənəvi qanunlar külliyyatımıza tam uyğundu. Başqa işlərdə də bu ənənə maksimum dərəcədə qorunmalıdı.
Amma təəssüf. Bizim bu ənənə tez-tez pozulur, özü də son illərdə lap tez-tez pozulur. Ciddi zərurət olmaya-olmaya xanımlar saatlarla polis bölmələrində, aylarla istintaq təcridxanalarında, illərlə həbsxanada saxlanır. Düzdü, ənənə sıradan çıxmayıb, ancaq ondan çoxlu kənara çıxmalar olub – xüsusən son illərdə. İndi bu kənara çıxmalar yeni təhlükəli mərhələyə qədəm qoyub.
“Yeni təhlükəli mərhələ” sözü əvvəllər də təhlükəli mərhələlərin olduğundan xəbər verir və mən yeni mərhələdən danışmazdan qabaq köhnə mərhələlərə toxunmaq istərdim.
Neçə ildi Azərbaycanda müxalif siyasi qüvvələrin təqib olunması prosesinin gedişində xanımlar da həbs olunur, getdikcə bu həbslərin sayı da, müddəti də artırılır. Bu, birinci təhlükəli mərhələdi. Bu mərhələni hakimiyyət başladıb.
2011-ci ilin aprelində müxalifət paytaxtda mitinq keçirəndə müxalifət partiyalarından birinin üzvü olan siyasətçi xanıma 5 sutka inzibati həbs cəzası verilmişdi. Onda bu, Quzey Azərbaycan dövlət müstəqilliyini bərpa eləyəndən sonra baş vermiş ilk belə hadisəydi. Yəni 1991-ci ildən sonra ilk dəfəydi məhkəmə etiraz aksiyasında iştirakına görə xanıma həbs cəzası verirdi. İndi həmin siyasətçi xanım 3 illik həbs cəzasıyla həbsxanadadı. O, 2017-ci ilin mayında tutulub. Bu həbslərin hər ikisi – 5 sutkalıq həbs də, 3 illik həbs də “birinci təhlükəli mərhələ”nin tərkib hissəsidi. Mərhələ eynidi, sadəcə olaraq cəzanın dərəcəsi ağırlaşıb, həbs müddəti sutkalardan illərə keçib.
Bir xanımın bu iki həbsi arasında müxalif görüşlü daha bir neçə xanım həbsxanaya düşüb çıxıb və həmin həbslərin də hamısı “birinci təhlükəli mərhələ”yə aiddi. 2012-ci ilin sentyabrında ehtiyatsızlıqdan törətdiyi avtomobil qəzasına görə müxalifətçi xanım tutulub, 6 ay həbsdə saxlanıb; 2014-cü ilin mayında müxalifətin keçirdiyi etiraz aksiyasında siyasətçi xanım tutulub, 30 sutka həbsdə saxlanıb; həmin ilin iyulunda hüquq müdafiəçisi olan xanım tutulub, il yarım həbsdə saxlanıb; həmin ilin dekabrında jurnalist xanım tutulub, il yarım həbsdə saxlanıb… Bu həbslərin hamısı eyni prosesin, bir mərhələnin tərkib hissəsidi. Bu mərhələ davam eləyir.
Burda bir vacib məqamı qeyd eləmək gərəkdi. “Birinci təhlükəli mərhələ” dediyimiz proses heç də müxalifətçi xanımların həbs olunmasıyla başlamayıb. Bu proses müxalifətçi kişilərin gizli çəkilişlərlə şantaj olunması zamanı həmin çəkilişlərə düşmüş hansısa xanımların (özü də əvvəl-əvvəl siyasi cəhətdən neytral xanımların) şantajın qurbanına çevrilməsi şəklində başlayıb. Yəni xanımlara münasibətdə yazılmamış qanunlar əvvəlcə müxalifətçi kişilərin şantaj olunması prosesində pozulub. Müxalif kişiləri gizli çəkəndə hansısa xanımlar da (özü də qabaqca siyasi cəhətdən neytral xanımlar) istər-istəməz bu prosesin qurbanına çevriliblər. Sonra məqsədli şəkildə birbaşa müxalifətçi xanımların gizli video çəkilişlərlə şantaj olunmasına başlanıb. Sonra bu proses müxalifətçi xanımların həbs olunmasına keçib. Sonra da müxalifətçi xanımların həm şantaj, həm də həbs olunması şəklində davam eləyib və təkcə bu mərhələdə qalmayıb, başqa təhlükəli mərhələlərə adlayıb.
Həmin mərhələlərə keçməzdən qabaq onu da qeyd eləyim ki, bu yazı xanımlara münasibətdə yazılmamış qanunların şantaj yox, həbs formasında pozulması haqqında olduğuna görə mən gizli çəkilişlər, şantaj məsələsi üzərində geniş dayanmaq istəmirəm, eləcə bildirmək istəyirəm ki, mənəvi qanunlar birdən-birə pozulmur, addım-addım pozulur və hər pozucu addım ya hansısa yeni mərhələnin başlanğıcını qoyur, ya da artıq başlanmış bir mərhələnin dairəsini genişləndirir.
“Birinci təhlükəli mərhələ” adlandırdığımız pis mərhələnin bir yaxşı cəhəti də var, bu da ondadı ki, müxalifət və cəmiyyətin böyük hissəsi müxalifətçi xanımların, eyni zamanda müxalifətçi kişilərə görə hansısa xanımların şantaj və həbs olunmasına həmişə pis baxıb, bunu tək yazılı yox, həm də yazılmamış qanunlara zidd hadisə kimi qiymətləndirib, belə işlərə son qoyulmasını tələb eləyib. Deməli, yazılmamış qanun bir yandan pozulubsa, o biri yandan da müdafiə olunub, bu mənəvi dəyər yiyəsiz qalmayıb, onu yada salan, onu qorumağa çalışan olub. Bu, “birinci təhlükəli mərhələ” adlandırdığımız pis mərhələnin yaxşı üzüdü.
Müxalifət və cəmiyyətin bir hissəsi müxalif görüşlü xanımların və müxalifətçi kişilərə görə hansısa xanımların şantaj, həbs olunmasına indi də pis baxır. Düzdü, indi əvvəlki qədər pis baxa bilmir, zəifləmə var, amma mənfi yanaşma sıradan da çıxmayıb. “Mərhələ” davam elədiyi kimi ona mənfi münasibət, mənəvi müqavimət də davam eləyir.
Biz xanımların həm şantaj, həm də həbs olunması prosesində yazılmamış qanunların pozulması baxımından ikinci təhlükəli mərhələyə eyni hadisə çərçivəsində – 2012-2013-cü illərdə qədəm qoymuşuq. 2012-ci ilin sentyabrında hakimiyyətin adamı olan iki xanımın (onlardan biri deputat idi) deputat seçilmək istəyən bir kişiylə 7 il qabaq rüşvət sövdələşməsi apardığı barədə gizli video çəkiliş üzə çıxdı. Video ölkədə geniş əks-səda doğurdu, müxalifətin və cəmiyyətin böyük hissəsinin təzyiqi altında hakimiyyət könülsüz də olsa 2013-cü ilin fevralında siyasətçi (deputat) xanımı həbsxanaya saldı və o, 1 il 3 ayını həbsdə keçirdi. Videodakı o biri xanım da bu təhlükəli prosesin qurbanı oldu: o, videonun səs-küyü qalxandan sonra ölkədən qaçsa da, 2012-ci ilin dekabrında xaricdə dünyasını dəyişdi.
Bu təhlükəli mərhələnin təhlükəli cəhətləri ondaydı ki, ona qədər xanımların gizli çəkilişə məruz qalması, şantaj və həbs olunması məsələləri üzərindəki mənəvi moratoriumu – yazılmamış qanunla qoyulan yasağı hakimiyyət pozurdusa, buna cəmiyyətin kiçik bir hissəsi qoşulurdusa, bu dəfə prosesə müxalifət və cəmiyyətin böyük hissəsi qoşulmuşdu.
Ancaq “ikinci təhlükəli mərhələ” adlandırdığımız bu pis mərhələdə də bir yaxşı cəhət özünü göstərirdi. Bəzi hökumət adamları zəif də olsa xanımların şantaj və həbs olunmasının bizim milli adət-ənənəyə uyğun gəlmədiyini deməyə başlamışdı. İctimaiyyət arasından da belə işlərin yazılmamış qanunlara zidd olduğu barədə zəif sədalar eşidilirdi. Deməli, zəif də olsa yenə yazılmamış qanunları bir müdafiə cəhdi vardı, mənəvi dəyər tam başlı-başına qalmamışdı, az da olsa onu yada salan, onu qorumağa çalışan vardı. Düzdü, bunu eləyənlərin heç də hamısı mənəvi maraqdan eləmirdi, bəziləri bunu siyasi maraqla, hakimiyyətin marağıyla eləyirdi, ancaq motivi qarışıq da olsa, bəzisində saf, bəzisində məkrli də olsa (onsuz da həmişə belə olur, motivlərin qarışıqlığı başqa müdafiə cəhdlərinə də aiddi), hər halda ortada yazılmamış qanunu bir müdafiə cəhdi vardı.
İkinci mərhələ bizə təkcə bir xanımın həyatı, bir xanımın həbs olunması bahasına başa gəlmədi, o bizə bundan qat-qat baha oturdu. O, xanımların şantaj və həbs olunmasına qahmar çıxanların əhatə dairəsini genişləndirdi, müxalifəti və cəmiyyətin böyük hissəsini bu prosesə qatdı, yazılmamış qanunların daha iri miqyasda pozulmasına meydan açdı və təbii ki, bu çərçivədə də ilişib qalmadı, yeni təhlükəli mərhələni yetişdirdi.
Həmin yeni – üçüncü təhlükəli mərhələ özünü 2018-ci ilin iyununda tam aşkarlığıyla bəyan elədi. O ay paytaxtdakı uşaq bağçalarının birində tərbiyəçi işləyən bir xanımın uşaqlarla kobud davrandığı barədə video üzə çıxdı. Videonu kimlərin hazırladığı, mediaya niyə ötürdüyü bizə bəlli deyil. Videoda tərbiyəçinin müxtəlif vaxtlarda uşaqları hədələdiyini, vurduğunu əks elətdirən kadrlar toplanıb. Bu kadrlar bağçanın içindəki müşahidə kamerasının yaddaşından götürülüb. Videonu hazırlayanların məqsədi uşaqları qorumaq, yoxsa bağçanın müdirindənmi, tərbiyəçisindənmi qisas almaq olub – biz bunu bilmirik. Burda şantaj motivi varmı – bizə bəlli deyil. Həm bu haqda təsəvvürümüz olmadığına, həm də mövzumuz bu olmadığına görə biz hələlik belə məsələlərin üstündən keçək. Gələk həbs məsələsinə. Mövzumuz budu – xanımların həbs olunması, qadınlarla kişilərin həbs olunmasına eyni cür yanaşılmaması, iş həbs məsələsinə gələndə xanımlara güzəştə gedilməsi, qadınların mümkün qədər həbsdən yayındırılması, yalnız ən zəruri halda, başqa heç bir yol qalmayanda xanımın həbsinə qərar verilməsi və bütün bunların bizim yazılmamış qanunlarda olması.
Video cəmiyyətdə qızğın müzakirələrə səbəb oldu. İctimai qrupların xüsusən internetdə apardığı müzakirələrdə tərbiyəçi xanım kütləvi şəkildə qınandı, tənqid, hətta təhqir olundu və onun ən sərt formada cəzalandırılması məsələsi qoyuldu. Tərbiyəçi işdən çıxarıldı, bağça bağlandı, prokurorluqda cinayət işinə başlandı. Ancaq ictimai qəzəbin kükrədiyini görən hakimiyyət cəmiyyəti sakitləşdirmək üçün əlavə tədbirə də əl atmalı oldu: tərbiyəçi xanım istintaqın başlanğıcındaca həbs olundu.
Birinci mərhələdə xanımların həbsinə sifarişi hakimiyyət verirdi. İkinci mərhələdə bu işi müxalifətlə cəmiyyət bir yerdə görürdü. İndi üçüncü mərhələdi: cəmiyyət özü təkbaşına, heç bir siyasi qüvvənin köməyi, təşəbbüsü olmadan xanımların həbs olunmasını sifariş eləyir və istəyinə çatır.
O tərbiyəçi xanımı cəmiyyət tutdurub. O qadını ictimai rəy həbs elətdirib və bu, hüquqi yox (çünki hüquqi baxımdan əvvəllər də qadınlar həbs olunub), mənəvi baxımdan yeni hadisədi, yeni mərhələdi. İndiyəcən heç vaxt bizim cəmiyyət təkbaşına belə bir iş görməmişdi, heç vaxt belə bir işin şəriksiz təşəbbüskarı olmamışdı. Əvvəl (“ikinci mərhələ”də) onun müxalifət kimi şəriki vardı. İndi (“üçüncü mərhələ”də) onun şərikə ehtiyacı yoxdu. İndi o, hansısa qadını həbs elətdirmək üçün özü müstəqil şəkildə ayağa qalxmağa, özü öz qanunlarını tapdamağa qadirdi.
Yazılmamış qanunların ən böyük qoruqçusu cəmiyyətdi. Dövlət orqanları, siyasi qüvvələr bu qanunları pozanda cəmiyyət bunu pisləməlidi, qınamalıdı. Ancaq indi bizim yazılmamış qanunları cəmiyyətimizin özü pozur, heç bir ciddi zərurət olmaya-olmaya qadını həbsə göndərir. Hakimiyyət bu ictimai sifarişi dərhal yerinə yetirir, çünki o qadın hakimiyyətin adamı deyil və belə bir qadına görə ictimai rəylə toqquşmaq hakimiyyətin marağında deyil. Müxalifət qadının həbsinə etinasız yanaşır, çünki o qadın müxalifətin də adamı deyil və belə bir qadına görə ictimai rəylə toqquşmaq müxalifətin də marağında deyil.
O qadın siyasi baxımdan himayəsizdi, siyasi cəhətdən neytraldı, hansısa siyasi qüvvəni yox, birbaşa cəmiyyətin özünü təmsil eləyir. Ona həbs kimi yersiz bir cəzanı verdirməklə əslində cəmiyyət özünə zülm eləyir. Hakimiyyət qadınların həbsi məsələsində yazılmamış qanunu pozanda müxalifətin ziyanına pozur, müxalifət bu qanunu pozanda hakimiyyətin ziyanına pozur, bəs cəmiyyət kimin ziyanına pozur? Yalnız öz ziyanına.
Diqqət yetirsək, hüquqi baxımdan da tərbiyəçi xanımın həbsinə ciddi əsas olmadığını görərik. İşdən çıxarılıb? Çıxarılıb. Bağçası bağlanıb? Bağlanıb. Cinayət işi açılıb? Açılıb. İstintaq gedir? Gedir. Daha həbs nəyə lazım? Özü də istintaq müddətində həbs. Doğrudanmı bu elə cinayətdi ki, istintaq mütləq qadın həbsdə ola-ola aparılmalıdı? Özü də iki uşaq anası olan cavan bir qadın. O, azadlıqda qalsa istintaqı aparmaq mümkün olmayacaqmı? Olacaq. Bəs niyə həbs olunur? Çünki güclü ictimai sifariş var. Çünki o qadının həbsinə mane olmaq heç kimin ictimai-siyasi-hüquqi marağında deyil. Bu həbsə yalnız mənəvi maraqla mane olmaq olar, o maraq da çoxumuzda öləziyib. Mənəvi marağı müdafiə eləyən ziyalıların səsi eşidilmir, danışanda onları hoydu-hoyduya götürürlər. Ziyalılar mənəvi marağı yalnız hansısa başqa marağın, tutalım, ictimai, siyasi, hüquqi, iqtisadi marağın, yaxud dövlət marağının kölgəsində müdafiə eləyəndə az-çox qəbul olunurlar, eşidilirlər; sırf mənəvi marağı müdafiə eləyəndə və bu xalis mənəvi maraq ictimai, siyasi, hüquqi, iqtisadi maraqlara, dövlət marağına zidd gələndə ziyalını rədd eləyirlər. Hamı rədd eləyir – hakimiyyət də, müxalifət də, cəmiyyət də. Çünki mənəvi marağı anlamaq başqa maraqları anlamaq qədər asan deyil. Mənəvi maraq faydası bir az çətin anlaşılan maraqdı.
Tərbiyəçi xanımın həbs olunması bizim mənəvi marağımza ziddi. İctimai, hüquqi marağımıza, ya başqa maraqlarımıza ziddi, ya yox, bunu o qədər də dəqiq bilmirəm, amma mənəvi marağımıza ziddi, bunu dəqiq bilirəm, buna zərrə qədər şübhəm yoxdu. Bir də onu dəqiq bilirəm və ona zərrə qədər şübhəm yoxdu ki, biz mənəvi marağı pozanda hər cəhətdən – ictimai, siyasi, hüquqi, iqtisadi cəhətdən də ziyana düşürük. Belə ziyanı aradan qaldırmaq sonra çox çətin olur. Mənəvi marağın ictimai, siyasi, hüquqi, iqtisadi şirnikləndirmələrlə pozulması daha təhlükəlidi, çünki belədə mənəvi maraq həvəslə pozulur, özünə çoxlu tərəfdar toplayır, ancaq biz bilməliyik ki, bu marağın pozulması hesabına əldə olunan iqtisadi, siyasi, hüquqi, ictimai faydalar sonradan irin olub burnumuzdan gəlir, bizə çox baha oturur.
Elə “birinci təhlükəli mərhələ”, “ikinci təhlükəli mərhələ” dediyimiz mərhələlərdə mənəvi marağın başqa maraqlarla pozulması buna bir sübutdu. Həmin mərhələlərdə pozulan mənəviyyat bizi yeni – “üçüncü təhlükəli mərhələ”yə gətirib çıxarıb. Bir vaxt xanımların həbsi məsələsində yazılmamış qanunu (mənəvi qanunu) pozanları qınayan cəmiyyət indi özü həmin qanunu pozan qüvvəyə çevrilib. İndi bizim cəmiyyətin özü öz təşəbbüsüylə, heç bir kənar təşəbbüsün təsiriylə yox, özü müstəqil şəkildə xanımların həbsinə sifariş verir. Bu, yeni, həm də daha təhlükəli, daha dəhşətli bir mərhəlidi.
Bu elə bir mərhələdi ki, onun yaxşı tərəfi yoxdu. Əvvəlki iki mərhələdə olan yaxşı cəhətlər bu mərhələdə gözə dəymir. Ya yerli-dibli yoxdu, ya da o qədər zəif, öləzimiş formadadı ki, yoxa bərabərdi.
Bayaq dedik bizi üçüncü mərhələyə əvvəlki iki mərhələdə pozulan mənəviyyat gətirib çıxarıb. Bunlar üçüncü mərhələni yetişdirən əsas səbəblərdi. Üçüncü mərhələnin yetişməsində rol oynayan əlavə səbəblər də var. Bu səbəblərin birindən danışmağı vacib sayıram. Söhbət kişi-qadın bərabərliyi haqda düşüncələrdə baş verən dəyişiklikdən gedir. Zaman dəyişir, düşüncələr dəyişir, kişi-qadın bərabərliyi haqda düşüncələr, bu bərabərliyi qavrama tərzi də dəyişir.
Kişi-qadın bərabərliyi ideyası bərabərsizliyin qadına vurduğu ziyanı aradan qaldırmaq üçün düşünülüb. Sonradan (çox sonradan) bərabərliyi – bərabərsizliyin qadına verdiyi xeyirdən imtina eləmək yoluyla da qurmaq düşüncəsi ortaya çıxıb. Çünki bu düşüncənin tərəfdarları bərabərsizliyin qadına verdiyi xeyri də mahiyyətcə qadının ziyanına sayırlar. Həqiqətən də bərabərsizliyin qadına verdiyi bəzi faydaların mahiyyətcə qadının ziyanına işlədiyini görmək olar. Ancaq belə yanaşmada ifrata varmaq düzgün deyil. Bərabərsizliyin qadına verdiyi xeyirlərin heç də hamısı ziyanlı deyil. Bunların arasında sözün əsl mənasında, yəni təkcə zahirən yox, mahiyyətcə, məzmunca da qadına xeyirli olanları var. Mövzumuz həbs olduğuna görə mən başqa məsələlərin yox, yalnız bu məqamın üzərində dayanacam. Həbs məsələsində qadınla kişi arasında fərq qoyulması, qadına güzəştlə yanaşılması qadının xeyrinədi, ziyanına deyil. Yazılmamış qanunumuzun bu hissəsi (başqa hissələrdən danışmıram, yazılmamış qanunlarımızın çox mənfi, rədd olunası tərəfləri də var, mən yalnız həbs məsələsindən danışıram) doğrudan da yaxşı bir prinsip üstündə qurulub, onu dəyişməyə, ondan imtina eləməyə ehtiyac yoxdu. Yazılmamış qanunumuzun bu hissəsi həqiqətən də əxlaqa söykənir, mənəviyyatdan qaynaqlanır, mənəviyyatı ifadə eləyir, onu pozmağa ehtiyac yoxdu. O, mənəvi dəyərdi, ondan çıxmağa gərək yoxdu.
Ancaq təəssüf ki, bəzi adamlar qadın-kişi bərabərliyinə ifrat yanaşırlar, istisna halları tanımaq istəmirlər. Yeri gəlmişkən deyim ki, istisnalar təkcə qadınların xeyrinə yox, həm də ziyanına olan hallardan ibarətdi və qadının ziyanına olan elə istisnalar var ki, onları da pozmağa ehtiyac yoxdu, ancaq bu ayrı yazının mövzusudu, hazırkı yazıda bizim mövzumuz qadının xeyrinə olan istisnalardı, həm də onun hamısı deyil, biridi – həbs məsələsindəki istisna. Mövzumuza qayıdaq.
İnternet çıxandan ictimai rəyin formalaşmasına təsir göstərən adamların sayı artıb. Həm kişilərin sayı artıb, həm də qadınların. Üstəlik, belə kişilərin və qadınların arasında feminist düşüncədə olanların sayı artıb (kişi-qadın bərabərliyi üçün bərabərsizliyin qadına verdiyi xeyirdən də imtina eləməyə yaxşı baxanlara çox vaxt feministlər deyirlər). Onların ictimai səviyyədə, xüsusən internet vasitəsilə apardığı təbliğat, daha dəqiqi, bu təbliğatda yol verdikləri ifratçılıq qadınların həbs olunmasıyla kişilərin həbs olunması arasında qoyulan fərqə, bu fərqi yaşadan qanuna – yazılı qanunumuza yox, yazılmamış qanunumuza mənfi təsir göstərir. Azərbaycanda xanımların həbs olunmasına həssas münasibətin əvvəlki illərlə müqayisədə xeyli zəifləməsində bu təbliğatın da rolu var.
Bir qadının cinayət əməli müzakirəyə qoyulanda feminist düşüncənin daşıyıcıları onun qadın olduğunu nəzərə almadan mövqe bildirirlər. Tərəfdarları onların təsirinə düşür, bəzən hətta bu düşüncənin əleyhdarları da onların təsirinə qapılır, nəticədə əməli müzakirəyə çıxarılan və cəzalandırılması tələb olunan adamın qadınlığını nəzərə almaq, məsələyə ehtiyatla münasibət bildirmək, ortaya ölçülü-biçili mövqe qoymaq meyli unudulur. Bu özünü “üçüncü təhlükəli mərhələ” adlandırdığımız mərhələdə daha qabarıq göstərdi. Tərbiyəçinin qadınlığını nəzərə almaq nəinki yada düşmədi, hətta bunu yada salmağa pis bir iş kimi baxıldı. Bu tendensiya “ikinci təhlükəli mərhələ”də də vardı, “birinci təhlükəli mərhələ”də də olub. Ancaq birincidə az, ikincidə nisbətən çox olub, üçüncüdə lap çoxdu. Deməli, tendensiya güclənə-güclənə gedir. Hazırda bu tendensiya qadınların həbs olunmasını nəinki asanlaşdıran, nəinki buna ictimai zəmin yaradan, hətta bunu qatı ictimai zərurətə çevirən bir gücdədi.
Nəticə belədi: bizim qadınların həbs olunmasını çətinləşdirən, buna pis baxan ənənəmiz, əxlaqımız, düşüncəmiz zədələnib. İndi biz neyləməliyik? Bu ənənədən, əxlaqdan, düşüncədən imtina eləməliyik, yoxsa onu qorumalıyıq? Mən qorumağın tərəfdarıyam. Onu qorumağın mümkünlüyünə də inanıram.
Əvvəla, ənənə zəifləyib, amma heç də sıradan çıxmayıb. O, yaşayır. Özü də bütün istiqamətlərdə yaşayır – dövlətdə də, hakimiyyətdə də, müxalifətdə də, cəmiyyətdə də.
Dövlət siyasətində bunu ən ağır cəza məsələsində qadınlara verilmiş güzəşt yaşadır. Başqa istiqamətlərdə də müsbət nümunələr görmək olar. Elə yazının əvvəllərində misal gətirdiyimiz general xanıma münasibəti incələsək, bunu bir daha görərik. Xanımın həbs olunmaması hakimiyyətin göstərdiyi müsbət nümunədi. Ancaq məsələ bununla bitmir. Müxalifət heç vaxt həmin xanımın həbs olunmasına çağırış eləməyib, əksinə, müxalifət deyib ki, belə məsələlərdə ayrı-seçkilik salınmamalıdı, bütün xanımlarla, o cümlədən müxalifətçi xanımlarla da bu cür davranılmalıdı. Bu da müxalifətin göstərdiyi müsbət nümunədi. Cəmiyyətdən də həmin xanımın həbs olunmasına ciddi çağırış olmayıb. Əksinə, ictimai müzakirələrdə də qınağa çevrilən əsas məsələ general xanımın həbs olunmaması yox, belə yanaşmanın bütün xanımlara münasibətdə olmamasıdı. Bu da ictimaiyyətin göstərdiyi müsbət nümunədi. Beləliklə, bir hadisə ətrafında bütöv bir müsbət davranışlar, müsbət nümunələr toplusu var.
Bu bir yandan haqqında danışdığımız ənənənin bütün səviyyələrdə yaşadığından xəbər verirsə, o bir yandan da onu qorumağın, nəinki qorumağın, həm də dirçəldib daha da çiçəkləndirməyin mümkünlüyündən xəbər verir. Elə bu yazıdakı təhlil-tənqiddə də məqsəd belə bir dirçəlişə stimul verməkdi. Ancaq vəziyyət çox təhlükəli həddə çatdığına görə təkcə təhlil-tənqidlə kifayətlənmək olmaz. Təklif də olmalıdı.
Təklif eləyirəm ki, qadınların həbs olunmasıyla kişilərin həbs olunması arasında qoyulan fərq cinayət qanunvericiliyimizdə ən ağır cəzaya tətbiq olunduğu kimi başqa cəzalara da tətbiq olunsun. Yəni cinayət qanunvericiliyimiz dəyişdirilsin, orda başqa cəza növlərində də qadınlara güzəştlər verilsin.
Qanuna qadınların istintaq müddətində həbs olunmasını, məhkəmə hökmləri zamanı azadlıqdan məhrum olunmasını çətinləşdirən maddələr salınsın.
Bizim vətənimizdə hətta qadının törətdiyi cinayətə görə kişinin gedib həbsxanada yatması hadisəsi də olub. Qadın cinayət törədib, bunu polis də, prokuror da, məhkəmə də, cinayətdən zərər çəkən tərəf də bilib. Amma qadının ailə üzvü olan kişi cinayəti öz üstünə götürüb, cəzanı o çəkib. Çünki bu elə bir cinayət olub ki, onun cəzası mütləq həbsxanada çəkilməliydi. Kişinin cinayəti öz üstünə götürməsində məqsəd də qadını həbsxanadan yayındırmaq olub. Hamı bunu bilib, amma heç bir tərəf də bundan şikayət eləməyib. Qadının həbsxanaya düşməməsi naminə cinayətin cəzasının bu formada çəkilməsinə hamı razılaşıb.
Özümü belə bir məsələnin bizim cinayət qanunumuza salınmasını təklif eləməkdən saxlaya bilmirəm. Məncə, ölkəmizdə yazılmamış qanunlar o qədər biabırçı şəkildə pozulur ki, onu qorumaq üçün hətta hüquqi baxımdan paradoksal tədbirlərə də əl atmaq olar. Cəzası mütləq həbsxanada çəkilməli olan bəzi cinayətlərin cəzasını həbsxanada qadının yox, onun ailə üzvü olan kişinin gedib çəkməsinə imkan verən (təbii ki, könüllü surətdə, kişi bunu istəyirsə, buna razıdısa) müddəaların da qanuni yolla tətbiqinə start verilməlidi.
Bütün bu təkliflər mənim ağlıma yazılmamış qanunlar pozulduğuna, daha doğrusu, bu pozuculuq çox təhlükəli həddə çatdığına görə gəlir. Vəziyyət belə təhlükəli həddə çatmasaydı bəlkə belə təkliflər də olmazdı. Bunu yaxşı başa düşürəm. Amma yazılmamış qanunları yazılmamış formada qoruya bilmiriksə, onda həmin qanunları yazılı qanunlara çevirməkdən effektli bir yol tanımıram. Biz xanımların həbs olunması məsələsinə münasibətdə yazılmamış qanunlarımızı yazılı qanunlara köçürməliyik. Bu, ciddi qarantiyadı. Yazılı qanunlar da pozulur, aydın məsələdi. Amma orası da var ki, Azərbaycanda ömürlük azadlıqdan məhrum olunmuş qadın yoxdu. Ona görə yox ki, biz yazılmamış qanunlarla yaşayırıq, ona görə ki, biz həm də yazılmış qanunlarla yaşayırıq.