Ülkər Natiqqızı
İyulun 3-ü bütün ölkə işıqsız qaldığı gün Gəncənin icra başçısı Elmar Vəliyevin və mühafizəçisinin güllələnməsi xəbəri yayıldı. Hadisə barədə dəqiq məlumatlar və detallar hələ heç kimə bəlli deyildi. Buna baxmayaraq bir neçə saat sonra icra başçısının öldüyü barədə məlumatlar dolaşmağa başladı. Bu məlumatı bəzi media qurumları da dərc etdi.
Başçının ölüm xəbərini faktsız, doğru olmayan xəbərlər paylaşan media qurumlarından biri deyil, hər zaman rəsmi xəbərləri dəqiq çatdıran xəbər agentliklərindən biri dərc etmişdi.
Həmin media qurumu xəbəri dərc etdikdən sonra mən özüm də onlara istinad etməklə məlumatı ingilis dilində “Gəncənin icra hakimi Elmar Vəliyev öldü” şəklində sosial şəbəkə hesablarımda paylaşdım. Məlumatın mənbəyini soruşan şəxslərə də saytın ünvanını göndərirdim, amma bir neçə dəqiqə keçmədi ki, xəbərin başlığından “ölü” sözü silinərək “yaralı” sözü ilə əvəz olundu.
Xəbərə birdən-birə edilən dəyişiklikdən sonra digər media qurumları da xəbəri silməyə və ya “ölüm” sözünü “ağır yaralı” sözü ilə əvəz etməyə məcbur oldu. Amma yenə də mediada iki müxtəlif variant dolaşırdı. Yaralı, ya ağır yaralı?
Hələ Vəliyevdən qabaq mühafizəçisinin öldüyü barədə də xəbər yayılmışdı. Saytlar bu yanlış xəbəri öz “etibarlı” mənbələrinə istinadla dərc etmişdi. Mühafizəçi “ölü”, icra başçısı “ağır yaralı” və ya “yaralı”… Düzgün məlumatı haradan və necə əldə etməli? Kimə istinad edərək düzgün məlumatı yazmalı?
Güc orqanlarının hadisə barəsində rəsmi məlumat verməməsi sosial şəbəkələrdə və mediada müxtəlif versiyaların səslənməsinə gətirib çıxartdı. Bir TV rəhbərinin “Mən şəxsən Elmar Vəliyevlə danışdım, dedi ki, hər şey qaydasındadır” deməsi isə icra başçısı haqqında dolaşan fərziyyələri daha da artırdı.
Rəsmi mənbə olmadan ölüm xəbəri yaymaq nə dərəcədə etikdir – bu ayrı sual doğurur. Etibarlı media qurumu bu xəbərdə ilkin mənbə olmuşdusa, ən azından xəbərin yanlış olduğunu biləndən sonra onu silmək əvəzinə düzəliş etdiyini oxucularına çatdırmalı idi. Axı oxucular media qurumunun yayımladığı hər xəbərə etimad göstərir. Bu, tək oxuculara deyil, digər media qurumlarına da aiddir.
Bu həqiqətdir ki, bəzən media qurumları məsuliyyəti öz üzərindən atmaq üçün istinad etməyə üstünlük verir, amma ən azından onlar da bu xəbəri dərc etməmişdən öncə dəqiqləşdirməyə cəhd etməli idilər və yaxud məlumat haqqında rəsmi açıqlama gələnə qədər gözləməli idilər.
Gəl ki, rəsmi məlumatı yaymağa məsul dövlət qurumları susmağa üstünlük verir və bununla da icra başçısı haqqında müxtəlif fərziyyələrin dolaşmasına rəvac verirdilər (bəlkə də bu onların marağında idi). Məsələnin ikinci tərəfi isə Azərbaycanda azad medianın yoxluğudur.
Hadisənin səhəri saytlar artıq Elmar Vəliyevdən üzrxahlıq etməyə başladı. Amma təəssüflər olsun ki, məsələ ölüm xəbəri ilə başa çatmadı. Daha sonra icra başçısının “dünya səyahətinə” çıxması haqda xəbərlər peyda olmağa başladı:
“Vəliyev Bakıya gətirildi”;
“Vəliyev Gəncə xəstəxanasındadır”;
“Vəliyev Almaniyaya aparıldı”;
“Vəliyevi məşhur türk həkimi Gəncə xəstəxanasında əməliyyat etdi”;
“Vəliyev iflicdir”;
“Vəliyev İsraildədir. Bu barədə media qurumumuza Vəliyevin yaxınları məlumat verib”.
Amma bəzi mənbələr icra başçısının öldüyünü hələ də yazmaqda davam edirdi. Bundan sonra belə bir sual yaranır: Vəliyev əslində haradadır və vəziyyəti necədir? Hər saytın bu barədə özünəməxsus məlumatı və açıqlaması var idi. Axırda isə yenə mediada deyil, sosial şəbəkədə Elmar Vəliyevin İsraildəki xəstəxanaların birində müalicə aldığını əks etdirən fotoşəkil yayıldı.
Baş vermiş hadisə ilə bağlı internetdə axtarış verəndə insanın qarşısına çıxan xəbərlər çaşqınlıq yaradır.
Yuxarıda qeyd etdiyim kimi, bunun əsas səbəbi ölkədə azad medianın olmamasıdır. Artıq hadisənin səhəri medianın böyük bir qismi icra başçısının güllələnməsi hadisəsindən cəmiyyətin fikrini yayındırmaq üçün “boss”larından aldıqları tapşırıqları yerinə yetirərək gündəmə müxtəlif versiyalar atmağa başladılar. Hadisənin hansı zəmində baş verməsi, əsl səbəblər faktiki olaraq hələ də qaranlıqdır. Media qurumlarının isə rəsmi məlumatları yaymaqdan başqa çarəsi qalmır. Çünki onların ikinci bir variantı da yoxdur.
Müəllifin başqa yazıları:
Paylaşılan materialı nə zaman silməli?
Media Bakı-Vyana marşrutu üzrə sərnişin qatarını necə yaratdı?
NASA-ya dəvət alanlar, yalançı müsahiblər və ixtiraçılar
Proqnozlaşdırma jurnalistikası
Şəxsi həyat və media