İyulun 17-si mərhum jurnalist Elmar Hüseynovun doğum günüdür. 1967-ci ildə Bakıda anadan olan Elmar Hüseynov jurnalistikaya 1990-cı illərin əvvəllərində gəlib. Bir neçə rusdilli media quruluşunda çalışan Elmar Hüseynov sonra “Monitor” jurnalını təsis edib, onun baş redaktoru olub. Elmar Hüseynov 2005-ci il martın 2-də Bakıda odlu silahla qətlə yetirilib. İndiyədək qətlin üstü açılmayıb, cinayətin sifarişçiləri və icraçıları həbs edilməyib. Jurnalist Bakıdakı Qurd qapısı qəbiristanlığında dəfn olunub.
Bu, çox ağır hissdi: öldürülən jurnalistin həmkarı olmaq. Döyülən, söyülən, həbs olunan jurnalistin həmkarı olmaq yenə az-çox asandı: tutulan jurnalist azadlığa çıxar, sənin də məhbus jurnalistin həmkarı olmaq vəziyyətinə son qoyular. Döyülmə, söyülmə də geridə qala bilər. Ancaq ölən dirilmir, ona görə də öldürülən jurnalistin həmkarı olmaq daimi hissdi. Ona görə də ağır hissdi.
Salatın Əsgərova, Çingiz Mustafayev, Alı Mustafayev və başqa jurnalistlərimiz cəbhə xəttində həlak olanda mən onların həmkarı yox, həmvətəniydim, onların ölümü məni öldürülən jurnalistin həmkarına yox, həmvətəni şəhid olan adama çevirirdi. Biz oturmuşduq yerimizdə, birdən vətənimizə hücum çəkdilər, torpağımızı işğal elədilər, adamlarımızı qırdılar, bizi – sağ qalanları həmvətənləri şəhid olan adama çevirdilər.
Bizim həmvətənlərimiz yüz illər boyu şəhid olub, amma bunu bir tarixi keçmiş kimi miras almaq yenə az-çox asandı, bir də var sən şəhidin yaşıdı olasan, həmvətənlərinin qətlə yetirilməsinin canlı şahidi olasan. Şəhid vermiş nəslin nümayəndəsi olmaq – bu, daha ağırdı.
Həmvətənlərim mən doğulana qədər də şəhid olmuşdular, mən həmvətənləri canını fəda eləmiş adamın hissini indiki Ermənistan-Azərbaycan müharibəsi başlayana qədər də keçirmişdim. Amma bu müharibə başlayandan, gözümüzün qabağında qırğın törədiləndən sonra mən bu hissi qat-qat artıq yaşadım, demək olar ki, həmvətənləri şəhid olmuş adamın əsl vəziyyətinə bu qırğından sonra düşdüm və daha bu vəziyyət dəyişən deyil; indən belə mən ömrümün axırınacan həmvətənləri şəhid olmuş adamam.
Elmar Hüseynova qədər də Azərbaycanda jurnalistlər öldürülüb, tək bu tayda yox, o tayda da öldürülüb. Ancaq məni həmvətənləri şəhid olmuş adama bu taydakı müharibə, Azərbaycanın mən görən, mən yaşayan hissəsindəki itkilər çevirdiyi kimi, məni həmkarı qətlə yetirilmiş jurnalistə də daha çox jurnalistlik elədiyim məkandakı və jurnalistlik elədiyim dövrdəki itki çevirib. Məni öldürülən jurnalistin həmkarına daha çox Elmar Hüseynovun ölümü çevirib.
Salatın Əsgərovanın, Çingiz Mustafayevin, Alı Mustafayevin və müharibədə həlak olmuş başqa jurnalistlərimizin itkisini mən daha çox həmvətəni şəhid olmuş azərbaycanlının ağrısıyla yaşayıram. Elmar Hüseynov itkisinisə mən daha çox həmkarı öldürülmüş jurnalistin ağrısıyla qəbul eləyirəm.
Bu ağrıların hansısa böyük, hansısa kiçik ola bilərmi? Yox, çünki söhbət insan ölümündən, özü də öldürülən insanın ölümündən gedir. Düzdü, məni həmvətəni şəhid olmuş adama çevirən itkinin təsir dairəsi daha genişdi, o mənim həyatımın, demək olar, hər sahəsinə nüfuz eləyir. Həmkar itkisinin bu qədər geniş dairəni əhatə eləmək imkanı yoxdu. Amma məsələ bundadı ki, Elmar Hüseynovu da elə şəhid eləyiblər, onu da geniş motivlə öldürüblər, ona görə onun ölümü də tək bir sahəylə – jurnalistikayla çərçivələnmir, ayrı-ayrı sahələrə təsir göstərir. Bu, sırf həmkar itkisi deyil, həm də həmvətən itkisidi. Yəni mən jurnalist olmasaydım da bu ölümün mənə aidiyyəti olacaqdı. Ancaq indi lap çox aidiyyəti var.
Ölüm məni çox tez, özü də çox yerdən dövrəyə alıb.
Mən oturmuşdum yerimdə, gəldilər torpağımı işğal elədilər, məni həmvətənləri şəhid olmuş azərbaycanlıya çevirdilər.
Mən oturmuşdum işimdə, gəldilər həmkarımı öldürdülər, məni həmkarı öldürülmüş jurnalistə çevirdilər.
Şəhidin həmvətəni, öldürülən jurnalistin həmkarı olmaq… Həyat mənə başqa hansı ağrıları hazırlayıb?
Bilmirəm…
Azər Qaraçənli
Mediaforum.az,
7 iyun 2011-ci il