Rusiya Federal Statistika Xidməti 2018-ci ilin ilk beş ayı üzrə doğum göstəriciləri açıqlayıb. Novator.az xəbər verir ki, hesabata əsasən, yanvar-may aylarında Rusiyada doğum sayı 2017-ci ilin ilk beş ayı ilə müqayisədə 3,6% azalıb.
Hesabata əsasən, yanvar-may aylarında Rusiyada 651 min 100 uşaq doğulub. Bu, ötən ilin ilk beş ayına nisbətdə 28 min 100 uşaq az deməkdir.
Doğum göstəricisinin ən az Şimali Qafqaz dairəsində (2,3%), ən çox Şimal-Qərb federal dairəsində (5,5%) düşdüyü vurğulanır.
Federal Statistika Xidmətinin məlumatında ilk beş ayda Rusiyanın dörd bölgəsində doğumun artdığı qeyd edilir. Ən yüksək doğum göstəricisi Kalmık Respublikasında qeydə alınıb. Bu bölgədə 2017-ci ilin yanvar-may ayları ilə müqayisədə 2,7% çox uşaq doğulub.
İnquşetiyada doğum sayının 1,5%, Çeçenistanda 1,4%, Mordoviyada 0,9% artdığı bildirilir.
Səyidə Huseynova