İlham İsmayıl
Türkiyədə prezident və parlament seçkilərinə 4 gün qalıb. Bu, ölkənin siyasi tarixində bəlkə də ən taleyüklü seçimlərdir.
Seçkilər öz yerində, amma bu günlərdə ölkənin sərhədləri yaxınlığında strateji hədəfləri nəzarətə götürməsi, hazırkı və perspektiv problemləri kökündən həll etməsi Türkiyə dövləti adına daha vacib, daha uğurlu addımlar oldu. Suriya ərazisində beynəlxalq güclərin dəstəyi ilə kürd muxtariyyətinin yaradılmasının qarşısı tamam alındı. Neçə vaxtdan bəri Münbiçdə amerikalıların dəstəyi ilə kök salmış kürd silahlı dəstələrinin məsələsi həll olundu. Münbiçdən və Hələbin şimal-şərqindəki ərazilərdən kürdlərin “Xalq özünümüdafiə dəstələri”(YPG) çıxarıldı.
Yaxın həftələrə kimi kürdlər dünyanı inandırmağa çalışırdı ki, Ankaraya sevinmək imkanı verməyəcəklər. Amma “dəyirman bildiyini etdi” və davamlı ABŞ-Türkiyə danışıqları, görüşləri nəticəsində kürdlər Münbiçi tərk edib Fəratın şərq sahilinə keçdilər. Yəni kürdlər türklərlə razılaşdılar.
Amma bu yalnız danışıqların nəticəsi deyil. Türkiyə böyük dövlət olsa da, kürdlər zəif qüvvə deyil, xüsusilə ABŞ və onun müttəfiqlərinin dəstəyini hiss etdiklərindən illərdir muxtariyyət savaşı aparırlar.
Bu məqamı xatırlamaqda məqsəd diqqəti yenə öz dərdimizə, Qarabağa yönəltməkdir. Erməni separatçıları da Rusiyanın birbaşa dəstəyi ilə Azərbaycan torpaqlarını 30 ildir işğal altında saxlayırlar. Bu gün də Rusiyaya arxalanırlar, yenə də apardıqları siyasətlə (xüsusilə Ermənistandakı son hakimiyyət dəyişikliyindən bəri) özlərini həm Qərbə, həm Rusiyaya Azərbaycandan yaxın bilir və işğalı ürəklə davam etdirirlər. Amma bu o demək deyil ki, Azərbaycan əlini-qolunu sallayıb durmalı, dayanmalı, erməninin arxasında dayanan böyük güclər qarşısında təslim olmalıdır. Türkiyə Suriya ətrafında uğura həm hərbi gücü, həm diplomatiyasının səmərəli fəaliyyəti ilə nail oldu. Qarşısında ABŞ-ın da durduğunu bilir, Rusiyanın ikili oyununu da görürdü, amma siyasi iradə və qətiyyət ortaya qoydu və sərhədlərindən kənarda yaradılan perspektiv təhlükə mənbəyini məhv etdi.
Diplomatiya öz yerində, amma öncə hərbi gücünü “Fərat qalxanı”, sonra “Zeytun budağı” əməliyyatları ilə sübut etməsəydi, diplomatiyanın təsiri olmayacaqdı. Biz Türkiyə gücündə deyilik, amma erməni də ABŞ deyil. Biz də hərbi gücümüzü düşmənə göstərməsək, onsuz da zəif olan diplomatiyamız danışıqlarla heç nəyə nail olmayacaq.
Ümidini Paşinyan-Putin qarşıdurmasına bağlayanlar və onu təbliğ edənlər yanılırlar. Belə bir qarşıdurma gözlənmir, ən azı yaxın illər üçün. Nə ermənilər bu həddə çatdıracaqlar, nə də Putin buna gedəcək. Rusiya nəzarətini edir, bəlli cizgilərin keçilməməsini çoxdan və açıq şəkildə erməni dostlarına çatdırıb, ermənilər də bunu yaxşı bilirlər. Qırmızı xəttin keçilməsi Ermənistana parlament gülləbaranı ilə başa gəlmişdi və Paşinyan da belə bir tale yaşaya biləcəyini yaxşı bilir. Hakimiyyətini, daha çox isə dövlətini sığortalamaq məqsədilə həm Qərblə açıq əməkdaşlığını inkişaf etdirir, həm Rusiya ilə. Bir ayağı da Qarabağdadır. Bu sürpriz düşmən liderdən Qarabağ məsələsində yeni, gözlənilməz hərəkətlər olacağı istisna deyil.
“Rosselxoznadzor”un Ermənistandan gətirilən heyvanlara tətbiq etdiyi qadağalar və məhdudiyyətlərlə özlərinə təsəlli verənlər, cəmiyyətin başının altına yastıq qoyanlar, az qala bunu Qarabağın qaytarılmasının əlamətləri kimi təqdim edənlər düşmənin əlinə oynadıqlarının fərqində deyillər.
Düşmən faktiki olaraq fövqəladə hal rejimində işləyir. Diqqət edin, qarşıdakı bir həftədə Ermənistan prezidenti Armen Sərkisyan dünyanın üç siyasi mərkəzinə səfər edəcək: öncə əvvəllər vətəndaşı olduğu Böyük Britaniyaya, sonra Parisə, ardınca Vaşinqtona gedəcək, Ermənistan Respublikasının 100 illiyini Ağ evdə siyasilərin qatıldığı tədbirdə qeyd edəcək (Yeri gəlmişkən, Cümhuriyyətin 100 illiyi bizdə çox sönük qeyd olundu).
Paralel olaraq düşmən ölkənin yeni xarici işlər naziri də yerində saymır. Qarşıdakı həftədə o da Brüssel, Berlin, Minsk səfərlərində olacaq.
Yeni müdafiə naziri isə təhlükəsizlik xidmətinin rəhbəri ilə “ön xətti” müzakirə edir.
Cəmiyyətin fəallığı təkcə hakimiyyət dəyişikliyinə nail olmaqla bitməyib, vətəndaş cəmiyyəti indi ən toxunulmaza – dini lider katolikosa qarşı çıxır, onu keçmiş hakimiyyətlə əlbir olmaqda suçlayır, onun istefasını tələb edir.
Göründüyü kimi, düşmən fəaldır. Bu fəallığın fonunda bizim də passivliyimizin çox açıq göründüyünü təəssüflə qeyd etmək lazımdır. Qarşı tərəfin rəsmilərinin Qarabağ, Avropa, ABŞ səfərləri, korrupsiya ilə mübarizə həm daxildə cəmiyyəti uğurlu perspektivə inandırmağa, həm də xaricdə etibarlı dayaqlar qurmağa xidmət edir. Və bütün bunların hamısının başında Qarabağ siyasəti dayanır. Ermənistan xarici və daxili siyasətinin prioriteti Qarabağdır.
Qardaş Türkiyədə, düşmən Ermənistanda baş verənləri təsadüfən qeyd etmədik. Dosta-düşmənə baxıb öz maraqlarımız uğrunda özümüzü oda yaxmasaq “qaranlıqlar aydınlığa”, Qarabağ azadlığa çıxmayacaq. Deyilənlərdən bir nəticə çıxarmalıyıq: öncə hərbi güc nümayiş etdirməsək, heç kəs bizimlə masa arxasına orurmayacaq. Otursa da xeyri olmayacaq.
Belə getsə, danışıqlar prosesinin ən yaxın perspektivi belə görünür: hələ yaydır gözləyin, payızdır gözləyin Ermənistan seçki keçirsin, hakimiyyət formalaşsın, arada Minsk qrupu növbətçi gəliş-gedişini etsin, sonra gözləyin bizdə də siyasi tədbirlər (məsələn, vaxtından əvvəl parlament seçkisi) keçirilsin, nəhayət, ən yaxşı halda gələn yazda danışıqlar başlaya, ya başlamaya. Düşmənə də bu lazımdır. Düşmən yüz il danışıqlar aparılmasının tərəfindədir, necə ki 25 ildir aparır. Bu 25 ildə tikib-qurduğunun növbəti 25 ildə yüz qatını quracaq, danışıqlar aparıb bu işin sülh yolu ilə çözülməsindən, sərhədlərin açılmasından danışacaq, arada Bakıya hansısa erməni gətiriləcək ki, bəs bunun babası Zavağzalnıda yaşayıb, indi babasının keçmişini araşdırır, sonra da telekanallar həvəslə ondan Bakının gözəl şəhər olduğu barədə fikirlərini alacaq. Gələn erməni heç vaxt deməyəcək ki, Qarabağ sizin torpaqdır. Qarabağı yalnız virtual təsəvvür edən nəslə də efirdən təsəlli veriləcək, necə ki indi “Rosselxoznadzor”un erməni heyvanlarının girişinə qoyduğu məhdudiyyətlə camaata yalan təskinlik verilir.
Adətən cəmiyyət gözlədiyini rəsmilərdən almayanda, görməyəndə özü irəli durub tələblə çıxış edər. Təəssüf ki, cəmiyyətimiz heydən salınıb, o, Qarabağla nəfəs almaq yerinə şou ruhu ilə bəslənməyə məhkum edilib. Bu ruhda isə Qarabağa yer yoxdur.