İşğalçı lider postdan getmək vədi verdi
- 12 İyun 2018
- comments
- Novator.az
- Posted in ManşetXəbər
Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki işğalçı rejimin başçısı Bako Saakyan iyunun 12-si Xankəndidə jurnalistlərə açıqlama verib. Novator.az-ın məlumatına görə, o, 2020-ci ildə keçiriləcək “prezident seçkisində” namizəd olmayacağını bəyan edib.
Bako Saakyan Azərbaycana qarşı işğalçı müharibənin qaniçən liderlərindən biridir. O, 2007 və 2012-ci illərin “ümumxalq seçkilərində” “prezident” seçilib.
Rejimin ötən il qəbul etdiyi yeni “konstitusiya” ilə Dağlıq Qarabağ “prezident respublikası”na çevrilib. “Ümumxalq seçkisi”ndə 5 il müddətinə seçilən “prezident” icra hakimiyyətinə rəhbərlik edəcək. Prezident və parlament “seçkiləri” eyni gündə keçiriləcək.
Bako Saakyanın səlahiyyət müddəti ötən ilin iyul ayında başa çatıb. Növbəti “parlament seçkisi” isə 2020-ci ildə olmalıdır. Bu məqama görə işğalçı rejim “ana qanun”da keçid müddəası nəzərdə tutub. Həmin müddəaya əsasən, ötən il iyulun 19-da Bako Saakyan “parlamentdə” yenidən “prezident” seçilib. Onun səlahiyyət müddəti 2020-ci ildə bitir.
1988-ci ilin fevral ayında ermənilər Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistanın tərkibinə verilməsi tələbi ilə separatçı hərəkata başlayıb. Bu hərəkat getdikcə vüsət alaraq Ermənistanın Azərbaycana açıq hərbi təcavüzünə çevrilib.
1991-ci il sentyabrın 2-də ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. Bunun ardınca işğalçı müharibə alovlanıb. 1994-cü ilin may ayında elan olunan atəşkəsə qədər Ermənistan Dağlıq Qarabağı və onun ətrafındakı 7 rayonu işğal edib.
1991-ci ildən bəri Dağlıq Qarabağ rejiminə Leonard Petrosyan, Artur Mkrtçyan, Georgi Petrosyan , Robert Köçəryan, Arkadi Qukasyan da rəhbərlik ediblər.