Dünya çempionatı: B qrupunun təqdimatı
- 06 İyun 2018
- comments
- Səidə Hüseynova
- Posted in AktualManşetŞərh
Novator.az futbol icmalçısı Rasim Mövsümzadənin 2018-ci ilin dünya çempionatı ilə bağlı növbəti təqdimatını diqqətə çatdırır.
Çempionat iyunun 14-dən iyulun 15-dək Rusiyada keçiriləcək.
32 komanda 8 qrupa bölünüb. Növbəti raunda hər birində 4 komanda olan qruplarda ilk iki yeri tutanlar adlayacaq.
B qrupu
2 dəfə Avropa, 1 dəfə dünya çempionu olduqdan sonra DÇ-2014 və Avro-2016-da uğursuz çıxış edən İspaniya millisi yeni baş məşqçisi Xulen Lapoteginin rəhbərliyi ilə keçirdiyi 19 oyunun heç birində məğlub olmayıb: 13 qələbə, 6 heç-heçə. Martda Argentina ilə yoldaşlıq görüşündəki 6:1 hesablı qələbə, ötən il isə İtaliyaya 3:0 hesabı ilə qalib gəlmələri ispanların gücündən xəbər verir.
İspaniyanın qrupda liderlik uğrunda əsas rəqibi hesab olunan Portuqaliya komandasına həm Avro-2012-də, həm də DÇ-2010-da 1:0 hesabı ilə qalib gəlməsini də xatırlatmaq yerinə düşər.
Portuqaliya isə Rusiya mundialına Avropa çempionu kimi gələcək. Amma portuqallar, çətin ki, qitədən sonra dünyada da birinci olmağı bacaran Almaniya (1972-1974) və İspaniyanın (2008-2010) uğurunu təkrarlaya bilsinlər.
Komandanın yenə əsas ümidi Kriştiano Ronaldodur. Onunla portuqallar ən yaxşı halda DÇ-2006-da 4-cü yeri tutublar. Ümumiyyətlə, bundan əvvəl 3 mundiala qatılan portuqaliyalı futbolçunun şəxsi statistik göstəriciləri belədir: 13 oyun, 3 qol, 2 sarı vərəqə. Yeri gəlmişkən, dünya çempionatlarının seçmə turnirində 30 qol vuran Ronaldo bu göstəricidə avropalılar arasında rekordçudur.
Mərakeş millisi, yəqin ki, çoxlarının yadında Braziliyanın 1998 mundialında gözlənilmədən Norveçə uduzaraq (1:2) qrupdan çıxmasına imkan vermədiyi komanda kimi qalıb. Həmin haqsızlıq mərakeşlilərə necə təsir etmişdisə, növbəti dörd dünya çempionatına qatıla bilməmişdilər.
İndi isə təxminən bir ildir məğlubiyyət nə olduğunu bilməyən “Atlas aslanları” DÇ-86-dakı uğurlarını (1/8 final) təkrarlamağa çalışacaqlar. Heyətlərində də “Real” (19 yaşlı müdafiəçi Əşrəf Hakimi), “Yuventus” (müdafiəçi Mehdi Benatia), “Qalatasaray” (yarımmüdafiəçi Yunis Belhanda) kimi klubların futbolçuları var.
İran komandası bizim üçün həmişə heyətindəki güney azərbaycanlı futbolçuların çıxışı baxımından maraqlı olur. 2018 Rusiya mundialında isə əfsanəvi Əli Daeinin kəşf etdiyi və vaxtilə onun xələfi adlandırılan, Ərdəbil doğumlu Kərim Ansarifardın oyununu izləmək imkanımız olacaq. 2017-ci ildən “Olimpiakos”un şərəfini qoruyan 28 yaşlı hücumçu ötən mövsüm 17 qolla Yunanıstan çempionatının ikinci bombardiri olub. Kərim bir müddət “Traktorsazi”də də oynayıb, İspaniyada “Osasuna”nın formasını geyinib.
2009-cu ildən İran millisində çıxış edən azərbaycanlı futbolçunun bu komandanın heyətində təxminən son il yarım ərzində cəmi 2 qol vurması da diqqəti çəkir.