Şakir YAQUBOV
Dünyayı verelim çocuklara
hiç değilse bir günlüğüne…
Böyük Nazim Hikmətin bu misraları yayın ilk günündə daha aktual səslənir. Bu da səbəbsiz deyil: məhz bu gün dünyanın əksər ölkələrində Beynəlxalq Uşaqlar Günü (İnternational Children”s Day) qeyd olunur. Keçmiş SSRİ ərazisində, o cümlədən bizim respublikada həmin gün Beynəlxalq Uşaqların Müdafiəsi Günü kimi tanınır.
Tarixə keçməzdən öncə bu günün dilimizdə səsləndirilməsi (yazılışı) barədə bir-iki kəlmə deyim. Lap dünən axşam televiziya kanallarından birində, bu gün isə rəsmi qəzetlərdə bayramı belə təqdim elədilər: “Uşaqların beynəlxalq müdafiəsi günü”. Bu yanaşma uzun illər boyu bütün digər “gəlmə” adlara, söz birləşmələrinə münasibətdə də özünü göstərir. Deyək ki, mən o qədər də qısa olmayan ömrüm boyu bircə dəfə də olsa uşaqlarla bağlı bu bayramın adının düzgün yazılışına (deyilişinə) rast gəlməmişəm – kim necə istəyirsə, elə də deyir və yazır. Halbuki bu adda bir xırda nüans var: o da Günün mahiyyəti ilə bağlıdır. Mahiyyətcə, bu, nə günüdür? Uşaqların müdafiəsi günü. Elə bu ifadədəki ilk iki sözü düzgün işlətmirlər, daha çox “uşaqları müdafiə” kimi işlədirlər. Doğrudur, bu halda da məna anlaşılır, ancaq bu, “türkün təmiz ana dili”ndə olmur, yəni Azərbaycan dilinin bütün qayda-qanunlarına uyğun gəlmir.
Ən dəqiqi “uşaqların müdafiəsi” variantıdır. Beynəlxalq miqyasda işlədildiyi üçün bu kəlmələrin əvvəlinə “beynəlxalq” ifadəsi də əlavə edilir və beləliklə, bu bayram özünün əsil Azərbaycan ifadəsini əldə etmiş olur: BEYNƏLXALQ UŞAQLARIN MÜDAFİƏSİ GÜNÜ. Burada “beynəlxalq” ifadəsi uşaqlara deyil, onların müdafiəsinin miqyasına aiddir.
İndi də bu bayramın tarixi barədə. Belə bir günün qeyd olunması barədə qərar 1925-ci ildə Cenevrədə uşaqların əmin-amanlığı, firavanlığı məsələlərinə həsr edilmiş konfransda qəbul olunub. Bayramın niyə məhz iyunun 1-də keçirilməsinin nə ilə bağlı olduğuna dair hansısa bir mənbə yoxdur. Bir versiyaya görə, 1925-ci ldə Çinin San-Fransiskodakı konsulu bir qrup yetim çinli uşağı toplayıb onlar üçün Duan-tsze (“Əjdaha qayıqlar” festivalı) adlı bayram təşkil edib və bu bayram məhz Cenevrədə uşaq məsələlərinə dair konfransın keçirildiyi iyunun 1-nə təsadüf edib.
Uşaqların əmin-amanlığının və salamatlığının böyük aktuallıq kəsb etdiyi İkinci Dünya müharibəsindən sonra – 1949-cu ildə Parisdə qadınların konqresi keçirilib və burada uşaqların xoşbəxtliyinin yeganə təminatı kimi möhkəm sülhün təmin edilməsi uğrunda yorulmadan mübarizə aparmağa and içiblər. Elə həmin il Beynəlxalq Demokrat Qadınlar Federasiyası Şurasının Moskva sessiyasında federasiyanın 2-ci konqresinin qərarlarına uyğun olaraq bugünkü bayram təsis olunub. Bir il sonra – 1950-ci il iyunun 1-də ilk Beynəlxalq Uşaqların Müdafiəsi Günü keçirilib.
Maraqlıdır ki, bu bayramı elə birinci dəfədən sosialist inkişaf yolunu seçmiş ölkələr rəğbətlə qarşılayıblar: keçmiş SSRİ-də iyunun 1-də bir qayda olaraq məktəblilərin yay tətilinə start verilərdi. Uşaqların Müdafiəsi Günü təkcə uşaqların özləri üçün şən bayram deyil, həm də uşaq hüquqlarını müdafiə etmək zərurəti barədə cəmiyyətə xatırlatmadır.
Maraqlıdır ki, 1982-ci il avqustun 19-da BMT Baş Assambleyası hər il iyunun 4-nü Beynəlxalq Təcavüz Qurbanı Olan Uşaqlar Günü (İnternational Day of İnnocent Children Victims of Aggression) kimi qeyd etmək barədə ES – 7/8 nömrəli qətnamə qəbul edib. Bununla da BMT bir daha xatırladıb ki, müharibələrdə təkcə əsgərlər həlak olmurlar.
BMT Baş Assambleyasının elan etdiyi Ümumdünya Uşaq Günü hər il noyabrın 20-də qeyd olunur. Məhz həmin gün 1959-cu ildə Baş Assambleya bütün dünyada uşaqlar arasında qarşılıqlı anlaşmaya həsr olunmuş uşaq hüquqları haqqında bəyannamə və 1989-cu ildə uşaq hüquqları haqqında konvensiya qəbul edib.
Ən azı Xocalı soyqırımı kimi sağalmaz müsibətə düçar olmuş Azərbaycan Respublikası son iki günü qeyd etməsə də 1992-ci ildə beynəlxalq konvensiyaya qoşulub və 1998-ci ildə uşaq hüquqları haqqında qanun qəbul edib.
Müəllifin başqa yazıları:
Allah sənə rəhmət eləsin, Dədə Məmməd!..
Üzündə göz izi var…
“Yaddaşımın küncündə bu anlar da yaşayır…” silsiləsi:
Yaddaşımın küncündə bu anlar da yaşayır… (1)
Yaddaşımın küncündə bu anlar da yaşayır… (2)
Yaddaşımın küncündə bu anlar da yaşayır… (3)
Yaddaşımın küncündə bu anlar da yaşayır… (4)
Yaddaşımın küncündə bu anlar da yaşayır… (5)
Yaddaşımın küncündə bu anlar da yaşayır… (6)
Yaddaşımın küncündə bu anlar da yaşayır… (7)
Yaddaşımın küncündə bu anlar da yaşayır… (8)
Yaddaşımın küncündə bu anlar da yaşayır… (9)
Yaddaşımın küncündə bu anlar da yaşayır… (10)