Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi münasibətilə Yazıçılar Birliyinin üzvü, “Xəzan” ədəbi-bədii jurnalının baş redaktoru Əli Bəy Azərinin redaktorluğu ilə tərtib edilmiş “Seçilmiş povestlər” toplusunun təqdimatı keçirilib.
Novator.az xəbər verir ki, tədbirdə topluya daxil edilmiş əsərlərin müəllifləri, şairlər, yazıçılar, tənqidçilər, jurnalistlər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Təqdimat tədbiri şair, el ağsaqqalı, ehtiyatda olan polis polkovniki Əjdər Yunis Rzanın giriş sözü ilə başlayıb. Natiq Xalq Cümhuriyyətinin fəaliyyəti barədə iştirakçıları geniş məlumatlandırıb. Sonra söz topluya daxil edilmiş “Səbət” povestinin müəllifi Natəvan Dəmirçioğluya verilib. Natəvan Dəmirçioğlu Xalq Cümhuriyyətinin fəaliyyətində müəyyən mühüm məqamlara toxunub və povesti barədə bəzi incəlikləri açıqlayıb.
Ondan sonra söz ədəbi mühitdə daha çox müasir detektiv povestlər müəllifi kimi tanınan Qafar Cəfərliyə verilib. Topluya daxil edilmiş “Namus yarası” povestinin müəllifi Qafar Cəfərli Azərbaycan reallığında cinayətkar aləmə qarşı mübarizənin sivil yollarını bədii formada oxucuya çatdıra biləcək əsərlərin yaranmasının vacibliyindən danışıb və belə səpkidə iyirmiyədək əsərə imza atdığını vurğulayıb.
Növbəti çıxışçı Sənəm Səbayel olub. Topluya daxil olunmuş “Şahanə” povestinin müəllifi öz çıxışında ölkənin ağrılı yeri olan Qarabağ (Azərbaycan-Ermənistan münasibətlərinə) mövzusuna toxunaraq azərbaycanlıların açıqürəkliyindən və qonaqpərvərliyindən, ermənilərin isə riyakarlığından və xəbis xislətli olmalarından geniş bəhs edib. Povesti qələmə alarkən dəfələrlə cəbhə bölgəsinə yollandığını, yerli əhali ilə ünsiyyətdə olaraq vacib məqamları araşdırdığını vurğulayıb.
Tənqidçi Vaqif Yusifli çıxış edərək povest janrı barədə geniş məlumat verib. Topluya daxil olan imzalara toxunub, Natəvan Dəmirçioğlu, Qafar Cəfərli, Rəşid Bərgüşadlı, Sənəm Səbayel, Sultan Mərzili, Əli Bəy Azəri imzalarını tanıdığını, onların yazı üslubu ilə qismən tanışlığını bildirib. “Seçilmiş povestlər” toplusunu oxuyacağını, rəy bildirəcəyini vurğulayıb.
Adil Həsənoğlu, Fərhad Əsgərov, Xeyrulla Ağayev, Əlisahib Əroğul, Balayar Sadiq, Nemət Bəxtiyar və başqaları Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından və fəaliyyətindən bəhs ediblər, Cümhuriyyətin yaradılmasının 100 illiyi münasibətilə tərtib edilmiş topluya daxil olan əsərlərin müəlliflərini təbrik edib onlara yeni yaradıcılıq uğurları arzulayıblar.
Topluya daxil olunmuş “Şəhərli qızın dəli sevgisi” povestinin müəllifi Əli Bəy Azəri, “Depressiya” povestinin müəllifi Şiringül Musayeva, “Qoz ağacı” povestinin müəllifi Nazir Çərkəzoğlu, “Gözü yolda qalan var” sənədli povestinin müəllifi Ramiz İsmayıl və “Elçi zanbaqlar” povestinin müəllifi İlahə İmanova öz əsərlərindən danışaraq, niyə məhz povest janrını seçməkləri barədə tədbir iştirakçılarını məlumatlandırıblar.