Bizim təqsirimiz nədir, yaxud Rüstəm İbrahimbəyovun filmi haqqında
Ayaz Salayev
kinorejissor
Azərbaycan haqqında yazanlar çox vaxt bizim səriştəsizliyimizə və ya qətiyyətsizliyimizə ümid edirlər. Belələri düşünürlər: ya heç nə başa düşməyəcəklər, ya da cavab verməyəcəklər…
“Qafqaz üçlüyü” filminin (2015, rejissorlar – Eldar Şengelaya, Fuad İbrahimbəyov, ssenari müəllifi Rüstəm İbrahimbəyov) yaradılmasından iki il sonra mən bu filmi təsadüfən gördüm, başa düşdüm və cavab verirəm.
Filmin proloqunda uşaqlar qayadan suya tullanırlar. Onlardan biri – ən qoçağı qorxaq dostunu ürəkləndirir. Az sonra məlum olur ki, bu qorxaq azərbaycanlı, qoçaq, həm də filmin baş qəhrəmanı isə Bakı ermənisidir. O böyüyəcək, yüksək ixtisaslı, nəcib və gözütox həkim-oftalmoloq olacaq. O, öz həkimlik məharətini Moskvada nümayiş etdirir, onun oğlu, istedadlı aktyor isə Bakıda, ögey atanın ailəsində Azərbaycan soyadı altında yaşamaqda davam edir. O da Moskvaya köçüb getməyə hazırlaşır, bir tamaşada iştirak edir, bu tamaşa onun aktyor taleyini həll etməlidir. Nəcib həkimin miras alması üçün hansı səbəbdənsə çox vacibdir ki, onun bioloji oğlu təcili surətdə özünün əsl erməni soyadını qaytarsın.
Ən dəhşətli hadisələr bundan sonra başlanır.
Azərbaycanlı qəddar kənd uşaqları haradansa bu zavallı aktyorun etnik mənşəyi barədə öyrənərək onu itələyib quyuya salır və daşa basırlar – ekranda erməni ziyalıların qaniçən vəhşi türklərin əlindən çəkdiyi əbədi əziyyətlərin obrazı canlanır.
Oğlunun itməsindən xəbər tutan ata qəhrəmancasına sərhədi keçir və uşaqlıqda dostluq etdiyi aciz oğlanın yanına qonaq gəlir. Düzdür, artıq həmin oğlan böyük kişidir, Azərbaycanda neft ehtiyatlarının tükənməsi barədə uzaqgörənlik etdiyinə görə vəzifədən qovulub. Qəzəblənmiş azərbaycanlılar dərhal həmin nəcib erməninin gizləndiyi evin ətrafında toplaşır. Burada televiziya müxbiri də var – aydındır ki, o, erməni talanlarına həvəskar olan bakılıların quracağı linç məhkəməsini çəkmək üçün gəlib…
…Hər halda yaşlı bədbəxt həkimi döyə bilirlər. Sonda bunu sərhəd xidmətinin məmuru aeroportda edir. O, həkimi döyməkdən ləzzət alır, aşkar görünür ki, bu, onun çoxdankı arzusu imiş.
Bircə bunu əlavə etmək qalır ki, haqqında danışdığımız filmə erməni kinematoqrafçılarının heç bir aidiyyəti yoxdur. Bu “dostluq” filminin rejissoru gürcü kinosunun az qala klassiki sayılan və vaxtilə Bakıda 26 komissar haqqında filmlə yadda qalmış klassik Nikolay Şengelayanın oğlu Eldar Şengelayadır.
Bu rejissor Abxaziya mövzusunda heç vaxt buna oxşar film çəkməzdi. Amma onun özünə haqq qazandırması üçün bəhanəsi var – filmin ssenari müəllifi azərbaycanlı, məşhur yazıçı, dramaturq və ssenarist Rüstəm İbrahimbəyovdur.
Yeri gəlmişkən, filmdə döyülmüş aktyor məhz İbrahimbəyovun pyesi əsasında hazırlanan tamaşada oynamalıdır. Üstəlik, ssenari müəllifi Rüstəm İbrahimbəyov özü qəhrəmanlarından birinin dili ilə filmdə öz pyesini tərifləyir (yadımdadır, bir dəfə o, Bakıda keçirilən kinofestivalda özü özünə mükafat təqdim etmişdi).
Yazıçı İbrahimbəyovun mənsub olduğu xalq iyirmi beş ildir ki, işğal altındakı əzəli torpaqlarının qaytarılması arzusu ilə yaşayır. O, öldürülmüş, qanlı əllərini və ayaqlarını uzatmış azərbaycanlı uşaqların fotoşəkillərini görməyə bilməzdi. Bu gün yazıçı Rüstəm İbrahimbəyovu sənətkar kimi narahat edən bir problem var – erməninin Bakıda rahat və təhlükəsiz yaşaması.
Özü də filmdən göründüyü kimi, bu insan azərbaycanlıları o qədər də sevmir.
O, çılğın vəziyyətdə imzaladığı “antierməni məqaləni” lənətləyir. O, Bakıda özünü çox həyasızcasına aparır, çünki onun fikrincə, azərbaycanlılar aqressiv olsalar da qorxaqdırlar. Onlar hətta əllərinə düşmüş gürcünün də üstünə dəstə ilə hücum çəkir, digərləri döyülən qocanın yanından saymazyana ötüb keçirlər (yeri gəlmişkən, filmin finalında məlum olur ki, həmin gürcü döyülməkdən ölüb).
Filmdə hətta bir-birinə yaxın insanların münasibətləri də ən adi mənəviyyatdan və insaniyyətdən uzaqdır. Gənc aktyor bircə anda onu böyüdüb boya-başa çatdırmış, tərbiyə etmiş insanı satmağına görə demək olar ki, vicdan əzabı çəkmir, onun atalığı isə əsla təəssüflənmir ki, özünün oğlu hesab etdiyi oğlan birdən-birə təzə atasının tərəfinə keçib. Üstəlik, hətta buna sevinir də: “Axır ki, mənim oğlum müdafiə olunacaq”.
Həqiqətən, filmin müəlliflərinin bizə Azərbaycan kimi qələmə verdikləri – nazirdən başlamış aeroportdakı həyasız qeydiyyatçıya qədər hamının əclaf olduğu, ac qalmağa razı olduğu, amma təki qoca gürcünü dəstə ilə döyüb öldürmək imkanı verilməsini istəyən insanların dünyasında heç kəs müdafiə oluna bilməz.
…Bu filmdə yalnız bir insan haqqında yaxşı fikir söylənilir. Moskvada qoca erməni bizim qəhrəmandan soruşur: “Tamaşa necə adlanır?” – “İbrahimbəyovun “İlgək” pyesi”. “İbrahimbəyov? Məgər bu azərbaycanlıdır?”. Qəhrəmanımız baş barmağını yuxarı qaldıraraq deyir: “Bax, belə adamdır” (yəni qəribə də olsa yaxşı adamdır, başqaları kimi deyil).
Bu filmdə Moskva müqəddəs məkandır, orada bütün problemlər həll olunur, hamı xoşbəxtlik tapır. Finalda bu fikir bəsit müqayisə yolu ilə ifadə olunub: Bakıda sözlərinə əməl etməyən yaramazlar bədbəxt azərbaycanlının ofisini darmadağın ediblər (vəhşilər hətta sevimli oyuncağa da rəhm etməyiblər), Moskvada isə həmin dövrdə ağıllı tərpənib gedənləri böyük uğur gözləyir: tamaşaçılar pyesi gurultulu alqışlarla qiymətləndirirlər. Mənası aşkardır – istər Bakıda bağlanmış ofis, istərsə də Moskvadakı alqışlar – bütün bunlar sovet imperiyasının dağılmasına görə təəssüfləndiyini heç vaxt gizlətməyən müəllifin özünün həyatında baş verənlərdir.
Bəs gürcü rejissoru buna sövq edən nə olub?
Azərbaycanlıları yaramazlar və cəlladlar kimi göstərmək arzusu onun təhtəlşüurunun hansı guşəsində yaranıb (Gürcüstanın indiki prezidenti də Xocalı qurbanlarının xatirəsinə ehtiramını bildirməkdən imtina edib). Aşkardır ki, rejissor bu başdansovdu, açıq-aydın xaltura tipli işində öz qarşısına heç bir yaradıcı vəzifə qoymayıb, Puşkinin duel tapançası tipli operetta yaradıb. Film Azərbaycan dilini yaxşı bilməyən insanlar tərəfindən səsləndirilib (məsələn, rəsmi məmur “növbətçi” əvəzinə “dejurnA” deyir). Eybəcər sifətli bakılı millətçilərin rollarını gürcülər ifa edir, çünki bu filmdə ssenari müəllifinin ən yaxın qohumlarından başqa heç bir azərbaycanlı iştirak etmək istəməyib.
Filmdə personajlardan biri deyir: “Ermənilər bizim bir nömrəli düşmənlərimizdir”. Bax, burada müəllif Qarabağ münaqişəsinin başlıca səbəbini nədə görməsini aydın ifadə edir. Buna səbəb Azərbaycan torpaqlarının işğal edilməsi deyil, yeri gəlmişkən, filmdə bu barədə bircə kəlmə də deyilmir. İbrahimbəyovun fikrincə, buna səbəb azərbaycanlıların ermənilərə izahedilməz nifrətidir. Hazırda geniş yayılmış bu nöqteyi-nəzər Rusiya KİV-ləri tərəfindən səylə ictimai şüura yeridilir. Bu fikri azərbaycanlıdan eşitmək xüsusilə “qiymətlidir”. Aydın məsələdir ki, bunu təşəkkür almaq, filmdə göstərildiyi kimi, pyes müəllifinin alqışlanması üçün edirlər. Bu film Böyük Ağ Çarın qarşısında qulluq göstərmək cəhdi (özü də heç də birinci olmayan cəhd), yalnız özünü vəhşi həmvətənləri fonunda humanist və bu humanizminə görə qəhrəman kimi göstərmək istəyidir. Bunlar həmin “vəhşilər”dir ki, müəllif yaxın keçmişdə prezidentliyə namizədliyini irəli sürərək onlara rəhbərlik etməyə hazırlaşırdı.
Belə sənətkarlar sovet imperiyasının tipik məhsuludur. Onlar ümid bəslədikləri təşəkkürü alır və rəğbəti qazanırlar. Lakin bunlar həmişə ikrah doğurur. Bəs hələ də Bakıda mövcud olan və bu müəllifin hələ də nominal rəhbərlik etdiyi təşkilatın üzvləri hansı hissləri keçirirlər?
Yazı 2018-ci il mayın 23-də “Bakinski raboçi” qəzetində rus dilində dərc olunub. Azərbaycancaya tərcümə AZƏRTAC-ındır. Orijinalda məqalənin adı belədir: “Rüstəm İbrahimbəyov və onun ermənilərin müsibətlərinə görə “vəhşi” azərbaycanlıların təqsirkar olması haqqında filmi”