İsmayıl Rafiqoğlu
Dünyada televiziyadan pis və ya yaxşı nəsə tapmaq çətin məsələdir. O həm maraqlı, həm də çox şeyi maraqsız edən bir sənət növüdür. Bu möcüzəli ekranla dünyanın hər nöqtəsinə gedib çatmaq da olar, qayıtmaq da. Televiziya bir növ sehrli qutuya bənzəyir, qapağını açdınsa, deməli, ömürlük onun əsirinə çevriləcəksən. Televiziya əməkdaşlarının əksəri çalışdığı televiziya kanalında qalmaqdan ötrü hər çətinliyə dözməyə hazırdır.
Bu ecazkar aləmdə çox qəribə hallar olur, gülən gülür, ağlayan ağlayır, dalaşan dalaşır. Teleməkana ağıllı adamlar da gəlir, ağılsız da, mərifətlisi də sevir buranı, mərifətsizi də. Evə gəldinsə, pultu alıb əlinə nəsə bir maraqlı veriliş, ya kino axtaracaqsan. Əlin öyrəşib deyə.
Televiziyanın coğrafiyası indi xeyli genişlənib. Əlli il öncə insanlar televiziya obyektivinə düşməyi arzu edirdilərsə, hazırda bundan qaçırlar, çünki günümüzdə telekameralar evlərə gəlir, qapımızı döyür, aparıcılar qır-saqqız olub bizdən əl çəkmirlər. Toyu da, yası da televizordan izləyirik. Nə kinoya gedirik, nə də teatra, elə əlimizdəki pultun düyməsində hər növ əyləncə var. Televizor bizi öldürə də bilər, dirildə də. Havasız yaşayarıq, amma televizorsuz yox.
Televiziyanın yorucu, iyrənc xüsusiyyətləri də az deyil. Azərbaycan kanallarına baxan insanlar bunu yaxşı bilir. Axı “Zita və Gita”, “Qisas və qanun”, “Əlibaba və qırx quldur”, “Fillər mənim dostumdur” filmlərinə nə qədər baxmaq olar? Özü də kanallar elə bil aralarında razılığı gəliblər. Biri “Zita və Gita”nı bazar ertəsi, digəri cümə günü, qalanları isə şənbə-bazar göstərir. Nə vaxt televizoru qoşsan, ötən əsrin kino ulduzu Hema Malini bu filmdə rəqs edir. “Zita və Gita” olmasa da, digər filmlərdə onu görə bilərik.
Ötən əsrin 80-ci illərində Bakıya bir səs-küy düşmüşdü. “Sovetski” deyilən ərazidə bir qəribə insan holoqramı əmələ gəlirdi. İnsanlar da qaranlıq düşən kimi o zonaya axışırdılar. Şəhərə bir vəlvələ düşmüşdü, gəl görəsən! Elə bu axının qarşısını almaq üçün Azərbaycan Televiziyası dalbadal bir neçə gün gecə seansında Hindistan filmlərini nümayiş etdirdi. Bir daha maraqla “Zita və Gita”ya baxdıq. İndisə bilmirik canımızı bu filmin əlindən necə qurtaraq. Əslində, “Zita və Gita” tək deyil bu siyahıda, telekanallar xarici filmlərdən daim “Taksi”, “Forsaj”, Azərbaycan filmlərindən “Uzaq sahillərdə”, “Şərikli çörək”, “Görüş” və digərlərini dayanmadan efirə verirlər.
Rusiyanı Birinci kanalının rəhbəri Konstantin Ernst müsahibələrinin birində maraqlı fikir bölüşmüşdü. Ernstin fikrincə, televiziya sevimli əsərlərdən həddən artıq yararlandığından onları faktiki məhv edir: “Bu səbəbdən televiziyaya nifrət edirəm. Buna görə mən də məsuliyyət daşıyıram. Di gəl, 20 saat efir vaxtı varsa, həmişə ehtiyatda olan həmin cokeri, deyək, “Brilyant əl”i istifadə etmək istəyi var. Nəticədə tamaşaçılar bundan bezir, əvvəl sevdiklərinə nifrət edirlər”.
Azərbaycan televiziyasının film siyasətini anlamaq çətin deyil, efiri doldurmaq, vəssalam. Yeni maraqlı filmi tərcümə etmək baha başa gəlir, işi çox, pulu isə azdır. Hər kanal da bacardığı kimi boşluğu doldurur, bircə biz tamaşaçını fikirləşən yoxdur. Bəs bu uşaqlar yazıq deyil? Rus, türk, ingilis dillərində animasiya və bədii filmə baxmaqdan öz doğma dillərini unudublar. Ana dilində baxdıqları “Zita və Gita”ya isə hamılıqla nifrət edirlər.
Ola bilər bu yazıdan sonra kanallar bir qədər “Zita və Gita”ya fasilə verib “Avara” və ya “Cənab 420”yə üz tutsunlar. Amma bunu etməsələr yaxşıdır. Heç olmasa uşaqlıqdan bir yaxşı xatirə qalardı.
İnsanın uşaqlıqda baxdığı filmlər onun gələcək həyatını formalaşdırır. Azərbaycan dilində fərli-başlı tərcümə, bol seçim yoxdursa, elə cocuqlar xarici filmlərlə, xarici dillərin təsirində böyüyüb başa çatacaq, bir gün də elə xaricə üz tutub gedəcəklər bu ölkədən. Heç “Zita və Gita”ya baxan da olmayacaq.
Müəllifin başqa yazıları:
“Brendlərimiz”
Smartfonun sönübsə…
“Qwerty” və ya “123456”?
Müsəlman olmağın çətinliyi
Qaranlıqdan aydınlığa yönəldən azanın səsi
Qorabişən ayın abqorası
İngilisin dilini öyrənə bilirikmi?
Donald Tramp: Made in USA, bir də yetimə gəl-gəl deyən çox olar
Həm var, həm də yox…
Yeddidən biri
Düşünürük, bizdən yan ötəcək…