Ülkər Natiqqızı
“Nazirlik oğurlanıb zorlanan müəlliməni sevindirdi – İstədiyi yerdə işləyəcək”. Bu xəbər başlığını görəndə bir anlıq düşünməyə başladım ki, xəbərdə vacib olan informasiya hansıdır? Bir qadının zorlandıqdan sonra işlə təmin olunması, yoxsa nə? Müəllimə nəyə sevinməlidir? İşlə təmin olunmasına, ya belə təqdimata? Bu xəbəri oxuyandan sonra onun reaksiyası necə olacaq?
Xəbərin belə başlıq altında yayılmasına şərait yaradanların əsas məqsədləri nədir? Bu, jurnalistin media etikasına əməl edərək öz işini peşəkarcasına görməsidirmi?
Etiraf etmək lazımdır ki, jurnalist ömrünün sonuna qədər peşə etikasına riayət edə bilmir. Müəyyən məqamlar və ya elə dilemmalarla qarşılaşırıq ki, bəzən həqiqətən də o etik prinsipləri pozmalı oluruq. Amma bu xəbərdə məsələ fərqlidir. Müəyyən məqam və ya çətin dilemma yoxdur. Sadəcə media etikası çox kobud formada pozulub. Sosial mediada xəbərin başlığına edilən tənqidlərdən sonra başlıq dəyişdirilərək daha “abırlı” formaya salındı.
Xəbər başlıqlarıyla bağlı məsələlərdən yazmağa başlasam, gərək günlərlə davam edim. Bir neçə il bundan əvvəl “Kleopatranın arxası yanır” başlığı ilə dərc olunan xəbər hələ də yadımdadır. Xəbərin məğzi isə tamamilə başqa idi, “Kleopatra” restoranının arxa hissəsi yanmışdı.
Şəxsi həyat, yoxsa çoxlu oxucu?
Öz Facebook səhifəmdə tez-tez “Bakıda oğlanla qız parkda sevişdi”, “Bakıda küçənin ortasında seks” başlıqlı xəbərlərlə qarşılaşıram. Adətən belə xəbərlərə fikir vermədən digər xəbərlərə keçirdim. Heç bir yük daşımayan bu cür xəbərləri medianın hansı səbəbdən davamlı işıqlandırdığını çox zaman anlaya bilmirəm. Amma bir neçə gün əvvəl paylaşılan xəbər bu günə qədər olanlardan daha fərqli idi.
“Günün günorta çağı Bakıda BİABIRÇILIQ – Qızla oğlan eyvanda… (18+) FOTO”. Xəbərin başlığı belə idi.
Bu da xəbərin özü:
“Binanın 6-cı mərtəbəsinin eyvanında ətrafa məhəl qoymadan sevişən gənc qız və oğlan Milli.Az-ın kamerasına tuş gəlib. Təxminən 40 dəqiqə hərəkətlərinə fasilə vermədən davam edən gənclərin sərbəst davranışları kameranın obyektivindən qaçmayıb. Milli.Az sözügedən biabırçı kadrlardan bəzilərini təqdim edir”.
Bu xəbər mənə bir anlıq Türkiyə paparassilərini xatırlatdı. Türkiyə telekanallarında belə xəbərləri tez-tez müğənnilərlə bağlı görmək olur. Deyəsən, Azərbaycanın bəzi “jurnalistləri” Türkiyədə müğənnilərə qarşı yönələn paparassiliyi öz ölkələrində adi insanların eyvanlarında etdiyi hərəkətləri video və fotoya çəkməklə sınamaq istəyiblər.
Paparassi nə üçündür? Paparassilik adətən tanınmış insanlar, o cümlədən ictimai xadimlərlə bağlı olur. Paparassi adi insanları öz eyvanlarında videoya çəkmək üçün deyil. Paparassi işini adi insanların davranışını izləmək üzərində qurmur.
Azərbaycan Konstitusiyasının 32-ci maddəsində deyilir ki, hər kəsin şəxsi və ailə həyatının sirrini qorumaq hüququ var. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.
Jurnalistlər bəzən şəxsin özəl həyatına aid məlumatları bunun ictimai faydasının yüksək olduğu qənaətinə gələrək yayımlayırlar. Adətən bu tip məlumatlar ictimai fiqurlara aid olur.
Bəs ictimai fiqur kimdir?
Şəxs ictimai fiqura çevriləndə onun fəaliyyətinin, həyat tərzinin cəmiyyət üçün maraqlı olacağını, insanların onun ictimai və özəl həyatına maraq göstərəcəyini bilir.
İnsanın şəxsi həyatının 3 başlıca sahədən formalaşdığı qəbul edilir: a) şəxsin ümumi həyat sahəsi; b) şəxsin özəl həyat sahəsi; c) şəxsin gizli həyat sahəsi.
Şəxsin ümumi həyat sahəsinə başqaları tərəfindən bilinməsi mümkün olan bilgilər daxildir. Yəni şəxsin kinoya getməsi, parkda əyləşməsi və s. bu siyahıya daxildir. Şəxsin özəl həyat sahəsinə şəxsin özəl əlaqələri, ailəsi, tanışları, yaxınları və s. barədə paylaşdığı bilgilər aiddir. Gizli həyat sahəsi isə şəxsin başqaları tərəfindən bilinməsini, öyrənilməsini istəmədiyi davranış və hadisələrdir.
Yuxarıda toxunduğum “sevişmə” səhnəsi ictimai yerdə baş verib. Amma kiminsə eyvanını izləmək və hətta bunu 40 dəqiqə dayanmadan videoya çəkmək şəxsin özəl həyat sahəsinə müdaxilə etməkdir.
Eyvandakı iki gəncin etdiyi hərəkətlərin nə dərəcədə ictimai faydası olduğunu isə bunu yazan və tirajlayanlar bilər.
Günün istisində özünə əziyyət verib kameranı 40 dəqiqə əlində saxlayan və tanımadığı (həmçinin ictimaiyyətin tanımadığı) iki nəfəri izləyən jurnalistin yəqin nə konstitusiyadan, nə də etikadan xəbəri var. Amma bəlkə də bu xəbərin cəmiyyət üçün hansı dərəcədə maraqlı olmasına dair tutarlı cavabı var.
Müəllifin başqa yazıları:
Paylaşılan materialı nə zaman silməli?
Media Bakı-Vyana marşrutu üzrə sərnişin qatarını necə yaratdı?
NASA-ya dəvət alanlar, yalançı müsahiblər və ixtiraçılar
Proqnozlaşdırma jurnalistikası