Biz nə bilirik?
- 21 Aprel 2018
- comments
- Novator.az
- Posted in AktualTribunaYazarlar
Bu məsələ mənim diqqətimi ilk dəfə 2005-ci ildə cəlb elədi. O vaxt iqtisadi inkişaf naziri Fərhad Əliyevin əleyhinə mətbuatda tez-tez yazılar gedirdi. Yazılarda onun işdən çıxarılacağı da deyilir, iqtisadi inkişaf naziri postuna təyin olunacaq adamların adları çəkilirdi. Fərhad Əliyevin işdən çıxarılacağı xəbəri özünü doğrultdu, onu hətta həbs də elədilər. Sözüm bunda deyil. Sözüm ondadı ki, iqtisadi inkişaf naziri vəzifəsinə adı heç vaxt bu vəzifəyə təyin olunacaq adamların arasında çəkilməyən Heydər Babayev təyin olundu.
Bir az sonra Heydər Babayevin də əleyhinə mətbuatda yazılar getməyə başladı, onun işdən çıxarılacağı, hətta həbs olunacağı xəbərləri yayıldı, iqtisadi inkişaf naziri postuna təyin olunacaq adamların adları sadalandı. Heydər Babayevin işdən çıxarılacağı xəbəri düz çıxdı, həbs olunacağı xəbəri yox. Sözüm bunda deyil. İqtisadi inkişaf naziri vəzifəsinə elə bir adam təyin olundu ki, onun adı heç vaxt iqtisadi inkişaf naziri təyin olunacaq adamların arasında çəkilməmişdi – Şahin Mustafayev.
Bilmirəm Azərbaycanda neçə ildi belə vəziyyətdi, amma dövlət, hökumət vəzifələrindən kimlərin çıxarılacağı xəbəri az-çox, gec-tez özünü doğruldur, çıxarılacaq adamların yerinə təyin olunacaq adamlar haqqında xəbərlərsə, demək olar, heç vaxt düz çıxmır.
Bu həftə ölkəmizdə Nazirlər Kabineti yenidən formalaşdırıldı, hökumət başçısı, hökumət üzvləri təyin olundu. Bir neçə yeni təyinat da oldu. Müdafiə naziri postuna Daxili Qoşunların komandanı Zakir Həsənov gətirildi. Müdafiə naziri Səfər Əbiyevin işdən çıxarılacağı çoxdan yazılırdı. Bu posta bəlkə də iyirmi adamın adı hallanıb mediada. Amma indiyəcən bircə dəfə hardasa yazılmışdımı ki, Zakir Həsənov da müdafiə naziri ola bilər? Yazılmamışdı. Zakir Həsənovun adı müdafiə naziri təyin oluna biləcək adamların arasında bir dəfə də olsun çəkilməyib.
İsmət Abasovun kənd təsərrüfatı naziri vəzifəsindən çıxarılacağını mətbuatda çox oxumuşam. Çıxarıldı. Amma indiyəcən bircə yerdə yazılmışdımı ki, o, baş nazirin müavini təyin oluna bilər? Yazılmamışdı. Yenə də çıxarılma xəbəri doğrulur, amma aydın olur ki, təyinatdan heç bir kütləvi informasiya vasitəsinin – heç bir qəzetin, jurnalın, televiziyanın, radionun, xəbər saytının, heç bir jurnalistin xəbəri yoxmuş. İsmət Abasovun kənd təsərrüfatı naziri vəzifəsindən çıxarılacağı xəbərlərində bu posta təyin oluna biləcək adamların adı az çəkilməyib. Amma bircə yerdə yazılmışdımı ki, Hesablama Palatasının sədri Heydər Əsədov da kənd təsərrüfatı naziri ola bilər? Yazılmamışdı. İndi kənd təsərrüfatı naziri Heydər Əsədovdu.
Hakim partiyanın sədr müavini Əli Əhmədov jurnalistlərlə az görüşmür. Üstəlik, Milli Məclisin üzvüdü, ölkənin ən informasiyalı jurnalistlərindən olan parlament jurnalistlərinin əhatəsindədi. Tez-tez çıxış eləyir, müsahibələr verir. Bu həftə Əli Əhmədov baş nazirin müavini təyin olundu. İndiyəcən mən bir kütləvi informasiya vasitəsində də oxumamışdım ki, Əli Əhmədov hökumət rəhbərliyinə gətiriləcək.
Bu ilin əvvəlində İsmayıllı rayonunda əhali ayağa qalxdı, toqquşmalar oldu. Rayonun başçısı işdən çıxarıldı. Ən azı həmin vaxtdan əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun adı mediadan düşmürdü, onun işdən çıxarılacağı yazılırdı. Çünki İsmayıllının işdən çıxarılan başçısı onun qardaşıdı, üstəlik, iğtişaşa səbəb olan sosial narazılıqda nazirin oğlunun da adı hallanır. Füzuli Ələkbərov doğrudan da işdən çıxarıldı. Əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə hökumətin bir başqa üzvü – Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov gətirildi. Sahələri çox yaxındı. Ən azı bu səbəbdən Füzuli Ələkbərovun işdən çıxarılacağı xəbərlərində onun yerinə təyin olunacaq adamların arasında Səlim Müslümovun adı çəkilə bilərdi. Çəkilibmi? Rast gəlməmişəm. Çəkən olubsa, bağışlasın, mən xatırlamıram.
Bunları niyə yazıram? Biz jurnalistlər hakimiyyət dairələrinin özlərinə lazım olan informasiyanı necə möhkəm qoruya bildiklərini görməliyik. Biz jurnalistlər hakimiyyət dairələrində baş verənlərdən nə qədər məlumatlı olub-olmadığımız məsələsi üstündə ciddi fikirləşməliyik.
Gəlin yada salaq: indi həbsdə olan Əli İnsanov (Allah qapısını açsın!) səhiyyə naziri işləyəndə onun haqqında nə qədər yazılıb. Onun işdən çıxarılacağı da dönə-dönə yazılıb, səhiyyə naziri postuna neçə adamın adı hallanıb. Amma bircə yerdə Oqtay Şirəliyevin də adı çəkilmişdimi? Çəkilməmişdi. Amma səhiyyə naziri Oqtay Şirəliyev oldu.
Rabitə Nazirliyi: Nadir Əhmədov çıxarılıb, Əli Abbasov təyin olunub. Əli Abbasov nazir təyin olunana qədər onun adı bircə dəfə bu mövzuda hallanmışdımı?
Xarici İşlər Nazirliyi: Vilayət Quliyev çıxarılıb, Elmar Məmmədyarov təyin olunub. Bu təyinata qədər bircə jurnalist eşitmişdimi ki, Elmar Məmmədyarov xarici işlər naziri təyin oluna bilər?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi: Əli Nağıyev çıxarılmış, Füzuli Ələkbərov təyin olunmuşdu. O vaxtlar Əli Nağıyev adı mətbuatda ən çox çəkilən nazirlərdən biriydi. Tez-tez işdən çıxarılacağı da yazılırdı. O yazılar doğruldu – sözüm bunda deyil. Sualım var: əmək və əhalinin sosial müdafiəsi naziri postuna Füzuli Ələkbərovun təyin olunacağını kimsə yazmışdımı?
Maliyyə Nazirliyi: Əvəz Ələkbərov çıxarılıb, Samir Şərifov təyin olunub. Həmin təyinatacan Samir Şərifovun maliyyə naziri vəzifəsinə gətiriləcəyi haqda hardasa xəbər oxuduğumu xatırlamıram.
Mədəniyyət Nazirliyi: Polad Bülbüloğlu çıxarılıb, Əbülfəz Qarayev təyin olunub. Polad Bülbüloğlu da adı mətbuatda çox hallanan, işdən çıxarılacağı xəbəri dolaşan nazirlərdən olub. O xəbərlər doğrulub – sözüm bunda deyil. Sözümün canı ondadı ki, Polad Bülbüloğlunun yerinə Əbülfəz Qarayevin gətiriləcəyi də yazılırdımı?
Hazırda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərovdu. Ondan əvvəl bu vəzifədə Hidayət Orucov işləyib, ondan da əvvəl Rafiq Əliyev. Amma mən – jurnalist nə Rafiq Əliyevin yerinə Hidayət Orucovun gətiriləcəyini eşitmişdim, nə də Hidayət Orucovun yerinə Elşad İskəndərovun gətiriləcəyini.
Təhsil naziri Misir Mərdanovun yerinə daha kimlərin təyin olunacağı yazılmamışdı? Amma bir yerdə Mikayıl Cabbarovun da adı çəkilmişdimi? İndi təhsil naziri Mikayıl Cabbarovdu.
Belə çıxmırmı ki, hakimiyyət dairələrindən jurnalistlərə kadr dəyişikləri haqqında əvvəlcədən hansısa xəbər sızırsa, deməli, sızmalıymış ki sızır, sızmalı olmasaydı sızmazdı və sızmalı olmayan da sızmır?..
Biz jurnalistlər, hər məsələdə demirəm, yeni kadr təyinatlarına hazırlıq məsələsində çox az məlumatlıyıq, demək olar ki, məlumatsızıq. Bunun kökündə duran əsas səbəb odu ki, ölkə avtoritar üsulla idarə olunur; açıqlıq, kadr təyinatlarına hazırlığın əvvəlcədən elan olunması, müzakirəyə çıxarılması, media vasitəsilə jurnalistlərin, cəmiyyətin bu hazırlıqlara münasibətinin öyrənilməsi yoxdu.
Bu məqamda “sözüm bunda deyil” yaza bilməyəcəm, çünki jurnalistlərin dövlət, hökumət orqanlarındakı kadr hazırlıqlarından bu qədər informasiyasız olması avtoritarizmlə o qədər bağlıdı ki, sözüm biz jurnalistlərin kimin hara təyin olunacağı məsələsindən çox xəbərsiz olduğumuzu həmkarlarımın diqqətinə çatdırmaq, ona görə belə xəbərləri verməmişdən ciddi-ciddi oturub götür-qoy eləmək, ümumiyyətlə bu məsələ – öz informasiyasızlığımız məsələsi ətrafında yaxşı-yaxşı düşünmək haqqında olsa da, bunun – informasiyasızlığın ölkədəki qapalı idarəçilikdən doğduğunu demək də çox vacibdi, əslində sözümün canı elə bundadı…
Azər QARAÇƏNLİ
23 oktyabr 2013-cü il,
Mediaforum.az
Hökumətin yeni rəhbəri – Novruz Məmmədov
Təzə kabinet: kim getdi, kim gəldi, kim qaldı, kimlər gözləyir?