İlham İsmayıl
Hər il olduğu kimi bu martda da Qarabağa getmişdim…
Çox yekə çıxdı, eləmi? Qarabağın böyük bir hissəsi 26 ildir işğal altındadır. Qarabağın 18 rayonundan 12-si düşmən əlindədirsə, mənim ”Qarabağa getmişdim” deməyim təsəllidən o yana deyil.
Deyirlər şükür et ki, kəndiniz Sarıcalı, rayonunuz Tərtər işğal olunmayıb, hər il atanın, ananın, doğmalarının qəbirlərini ziyarət edə bilirsən, doğma kəndinizi görürsən. Atanın, ananın, özünün əkdiyin ağacların altında oturub çay içə bilirsən. Şükür et!
Özümə qalanda fərd kimi şükranlıyam. Bəs Şuşa? Bəs bütöv Qarabağ? Mən Qarabağı itirib, yalnız kəndimizə sahib olmaqla şükranlıq edəcəmsə, deməli, mən Azərbaycana əsl sahiblik hissini itirmiş olaram. Sahiblik hissi evindən başlayıb vətənin sərhədində bitmirsə, bir gün vətənin sınırlarını, sonra da evini əlindən alacaqlar. Necə ki alıblar. Ona görə ki, millət olaraq biz olan-qalan dəyərlərə – başda vətən olmaqla – sahib çıxa bilmirik.
Sahiblik hissini itirməklə bağlı kiçik bir müqayisə aparım. Kəndimiz Sarıcalı Azərbaycan tarixində böyük rol oynayan sarıcalıların yurd yerlərindən biridir. Qarabağ xanlığının əsasını qoyan Pənahəli xan Sarıcalı Cavanşir öz zamanında dünyaya meydan oxuyan Nadir şahın hakimiyyət qılıncının altından keçməyib Qarabağ xanlığını yaradıb. Qarabağın sahibi olan sarıcalılar zaman-zaman məhrumiyyətlər yaşayıb.
Sarıcalı Qasım bəy Zakir ona görə yazırdı:
Sarıcalını qoyma eyləsin fərar,
Yüzillik əmlakı tökülüb qalar;
Gedən tək olara qızılbaş yazar
On tümən məvacib, o da lavüsul…
Biz bu gün də məhrumiyyətlər yaşayırıq. Kəndimizdə olanda bir arayış lazım idi. Məlum oldu ki, Sarıcalı kəndinin icra nümayəndəliyi yoxdur, kəndin icra strukturu ləğv olunub, başqa kəndə verilib. Bələdiyyəni xəbər aldım, dedilər bələdiyyəmiz də ləğv olunub, başqa kəndin tabeliyinə verilib. Səbəbini soruşanda kəndlilərimizdən biri dedi ki, kəndin sahibi yoxdur.
Kəndimizin yaşı 250 ilə yaxındır. Sovet dövründə kəndimizdə cəmi 80 ev olanda qonşu iki kənd də bizim sovetliyə tabe idi, çünki tarixi bir keçmişi vardı və bu keçmişlə hesablaşırdılar.
Müstəqilliyin ilk illərində bələdiyyəmiz də vardı. İndi kənddə 200-dən çox ev var, amma hər iki qurum ləğv olunub. Tərtərlə Bərdənin arasında, Tərtərçayın sol sahilindən 18 kilometr məsafədə cəmi iki kənd vardı – Nəcəf bəy Vəzirovun kəndi Zümürxaç (indi sahibsizlikdən, ya bilməzlikdən səhv olaraq bu kəndin adını Zümürxan yazırlar), bir də Sarıcalı bəyləri Xanlar bəy, Cümşüd bəy Hüseynbəyov qardaşlarının (Sarıcalinski soyadı da onlara məxsusdur) kəndi Sarıcalı.
Tarixə ekskurs etməyimin səbəbi bu gün sahiblik hissini itirən camaatımızın qədim tarixi olmalarına rəğmən elinin-obasının şərəfli, şanlı keçmişinə adi məsələlərə belə sahib çıxa bilməməsini göstərməkdir. Sahiblik hissi itiriləndə evindən də olursan, kəndindən də, Qarabağdan da. Sözüm birtəhər çıxmasın, elə Azərbaycandan da!
Qarabağa sahib olmağın birinci şərti qarabağlıların əlindədir. Sadəlövh deyilik, Rusiya imperiyasının Cənubi Qafqaz siyasətini, Ermənistanı müdafiə edən dünya güclərini, dəfələrlə hakimiyyət uğrunda Qarabağın güdaza verilməsini, bir sözlə, daxili və xarici faktorları başa düşürük. Bununla belə, yenə də dəqiq qənaət budur ki, torpağın əsl sahiblərindən – Qarabağ camaatından bu məsələdə çox şey asılıdır.
Ürək göynədən odur ki, düşmən işğalına görə tarixi torpaqlarını tərk etmiş qarabağlılar niyə səlahiyyətli qapıların ağzını kəsib soruşmurlar ki, bu 25 ildə nə dövlətsən, nə hakimiyyətsən ki, torpaqları azad edə bilmirsən!?
Bu tələbi, bu sorğunu edə bilmiriksə, demək, torpağımızın sahibi olmaq istəyi öləziyib. Hər kəs öz vətəninin sahibi olduğunu hiss etməsə heç bir vətənpərvərlik olmayacaq, biganəlik baş alıb gedəcək, necə ki gedir.
Müavinətin, güzəştlərin tələbini qışqırmaqla Qarabağ alınmayacaq. Yataqxana şəraitini yaxşılaşdırmaq tələbi ilə uzaqbaşı hansısa çöl-biyabanda “qaçqın şəhərciyinə” sahib olmaq olar, Qarabağa yox. Hələ demirəm ki, onu da rüşvət verməsən ala bilməzsən.
Qasım bəy Zakirin “yüz illik əmlakı tökülüb qalar” deməsi bu gün üçün yazılıb. Aldığın cüzi müavinət – “on tümən məvacib”, yüz illərin mal-mülkünə, Qarabağ cah-calalına bərabərdirmi? Beş-üç paraya görə məddahlıq növbəsinə düzülənlər, babanız Zakir bunu sizə yazıb!
İşğaldan bəri Qarabağa sarı neçə addım atılıb? Bunu etməli olanlar utanmırlar. Bəs Qarabağ camaatı necə? Sonsuza qədər “qaçqın, köçkün” kimi aşağılayıcı adlar altında yaşamaqdan utanmırıqmı?
Hələ 1905-ci ildə Qarabağın başının üstünü alan təhlükəni görən Əhməd bəy Ağaoğlu yarımhərbi bir təşkilat yaradıb düşmən erməni ilə açıq savaşa girmişdi. Sorbon Universitetində təhsil alan Əhməd bəy Tiflisə gedib çar idarələrinin birində məmur ola bilərdi, olmadı, millətini düşündü. Biz (mən) niyə Əhməd bəy ola bilmirik?
Hər bir vətəndaş özünü bu vətənin sahibi bilməyəndə, düşünəndə ki, vətənin “adı mənim, dadı da dadını eninə-uzununa çıxaranlarındır”, o zaman Qarabağın alınacağına inanmaq sadəlövhlük deyil, nədirsə, daha betərindəndir. Dad sahibləri də özünü görməzliyə, bilməzliyə qoymasın, “tələ yiyəsi, sahibi bir gün gəlib çıxacaq” və hesab sorulacaq. O tələ yiyəsi, sahibi sən özünsən – Qarabağlı! Qarabağı ermənidən, Minsk qrupundan, Avropadan, Amerikadan yox, bu gün vətəninə sahiblik hissini itirmiş millətdən, dadını çıxaran sahibi-ixtiyarlardan tələb edəcəksən. Bu tələbin ən bərk bağıranı, hayqıranı sən olacaqsan – Qarabağlı! Başqa yol yoxdur! Yoxsa sabah Qarabağı qol çəkib verərlər. O zaman haray salmağın daldan atılan daş olacaq, “qapı bağlanacaq”.
Qarabağa yol şərəfimizə sahib olmaqdan keçir. O yol balaca yolağasından icazə ilə keçilən hansısa stadiondan keçmir. O yol özümüzdən keçir, “o yol sən özünsən, o yol səndən keçir”.
Sahib çıxaq! Tapdanmış ləyaqətimizə sahib olaq, bax onda Qarabağa da, bütöv Azərbaycana da sahiblik hissimizi qaytaracağıq.