Dağların harayı
- 04 Aprel 2018
- comments
- Səidə Hüseynova
- Posted in Şərh
“Vaşinqton tayms” qəzetində Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun Kəlbəcər rayonunun işğalının 25-ci ili ilə bağlı “Ulu dağlar: Azərbaycanın Qarabağa möhkəm bağlılığı münaqişənin nizamlanmasında mühüm əhəmiyyət kəsb edir” sərlövhəli məqaləsi dərc edilib. AZƏRTAC xəbər verir ki, müəllif ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə Ermənistanla Azərbaycan arasında danışıqların davam etməsinə baxmayaraq heç bir real uğura nail olunmadığını yazır. Diplomat qeyd edir ki, məhz irəliləyişin olmaması səbəbindən bir çox insan işğal olunmuş Azərbaycan torpaqlarını və Azərbaycanın mülki əhalisinin kütləvi şəkildə məcburi köçürülməsini mücərrəd termin və ifadələrdə təsvir etməyə meyllidir: “Lakin reallıq budur ki, Ermənistan Azərbaycanın beynəlxalq hüquqda tanınmış ərazilərini işğal edib və azərbaycanlıların bütöv bir nəsli köçkün həyat şəraitində böyüyüb. Azərbaycanın bu torpaqları erməni siyasətçilərinin əksər hallarda təkrarladıqları kimi danışıqlar üçün “alver mövzusu” deyil, məhz bir milyondan çox insanın Vətənidir”.
Elin Süleymanov qeyd edir ki, möhkəm sülhün qurulmasından ötrü münaqişənin hər hansı dinc yolla həlli təkcə qeyri-sabit status-kvonu əks etdirməməli, həmçinin regionun uzunmüddətli perspektivlərini nəzərə almalıdır: “Azərbaycanlılar üçün bu, Qarabağa sıx bağlılıqlarını etiraf etmək, həmçinin məcburi köçkünlərin doğma yurdlarına qayıtması deməkdir. Qarabağda yaşayan ermənilər üçün isə bu, özünüidarə imkanları və erməni icmasının özünü təhlükəsizlikdə hiss etməsinin vacibliyi kimi başa düşülür. Fəal inkişaf edən Azərbaycanla Ermənistanın getdikcə artan təcridi arasında parlaq seçilən fərq hətta regionda olan təsadüfi müşahidəçinin diqqətini çəkməyə bilməz.
Potensial güzəştlərdən danışarkən hər bir tərəfin yaşamaq və ləyaqət hüququnu tanımaq vacibdir. Azərbaycan bütün vətəndaşlarının, o cümlədən ölkənin işğal olunmuş ərazilərində yaşayan erməni əsilli vətəndaşların dini və etnik mənsubiyyətindən asılı olmayaraq bərabər hüquqa malik olduqlarını qəbul edir. Ermənistan isə öz işğalçı siyasəti ilə son iyirmi il ərzində nümayiş etdirdi ki, onun xəyalları etnik mənsubiyyətin dar sərhədlərindən kənara çıxmır”.
Səfir qeyd edir ki, danışıqların düyünə düşməsindən Azərbaycan xalqının narazılığının artması sirr deyil: “Ölkənin siyasi rəhbərliyi bu fakt barədə yaxşı məlumatlandırılıb. Bu barədə iki səbəbə görə həm erməni liderləri, həm də beynəlxalq vasitəçilər məlumatlandırılmalı idilər: əgər münaqişənin nizamlanmasında müəyyən irəliləyişə nail olunmasa, bu cür əhval-ruhiyyə dərinləşəcək və elə Ermənistanın inkişafının özü də bu münaqişənin nə dərəcədə tez həll olunmasından asılıdır.
Qarabağ Azərbaycanın ayrılmaz və milli identikliyinin ən ağrılı hissəsi olduğu kimi Kəlbəcər də mənim şəxsi identikliyimin bir hissəsidir. Qarabağ və ona bitişik torpaqlarla möhkəm şəxsi bağlılığı olan ermənilərdən qat-qat çox olan azərbaycanlılar var. Bu qədər insanın qəflətən doğma yerlərini yaddan çıxarmasını hesab etmək çox sadəlövhlükdür. Ermənistanın işğalı altında olan ərazilər hazırda əsasən boşdur, çünki Qarabağın çoxsaylı yerli azərbaycanlı icması öz torpaqlarından qovulub. Bu icmanın nümayəndələrinin qayıtmasının qarşını həmişəlik almaq mümkün deyil”.
1988-ci ilin fevralında Azərbaycanın Əsgəran, Hadrut, Mardakert, Martuni, Şuşa rayonları və Stepanakert şəhərindən ibarət Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat, hərbi təcavüz başlayıb. 1991-ci il sentyabrın 2-də ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib, işğalçı müharibə alovlanıb. 1994-cü ildə atəşkəslə dayanan müharibədə Ermənistan Dağlıq Qarabağ vilayətini və onun ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan rayonlarını tam, Ağdam, Füzuli, Cəbrayıl rayonlarını qismən), eləcə də Qazax rayonunun 7, Naxçıvan Muxtar Respublikasının 1 kəndini işğal edib.