Gülnar Səlim
Jurnalistikanın fundamental prinsipləri – həqiqətə xidmət göstərmək və ictimaiyyətin məlumat əldə etmək hüququnu tanımaqdır.
Bugünkü Azərbaycan mediası isə bizə tamam fərqli bir görüntünü sərgiləyir. Rəqəmsal texnologiyanın aktuallığını nəzərə alıb, əsasən onlayn media üzərində dayansaq, xəbər saytlarına göz gəzdirsək, hansı saytın kimin “marionet kuklası” olduğunu təxmin etmək çətin olmaz.
Bu yazıda Mətbuat Şurasının hər il payladığı pul mükafatları və ya jurnalistlərə verilən mənzillərdən bəhs edilməcəyək. Bu, kifayət qədər müzakirə olunub. Burada istinad mədəniyyətinə xələl gətirən, “kannibalizasiya” adını alan tendensiyadan da danışılmayacaq, hərçənd bu da jurnalist etikası qaydalarına daxildir. Bu yazıda üzərində dayanmaq istədiyim məsələ ölkəmizin mediasında geniş yayılmış tərəfkeşlik cəhdləridir.
İlk olaraq qeyd edim ki, jurnalist etikası qaydaları əslində bir qanun da deyil, bu, daha çox jurnalistə yol göstərən bir mayakdır.
Beynəlxalq səviyyədə medianın bütün subyektlərinin etik qaydaları rəhbər tutmaq prinsipi ətrafında birləşməsi prosesinə möhürünü ilk dəfə 1947-ci ildə Azad Mətbuat Komissiyası (və ya Hutchins Commission) vurub. Bu, jurnalistləri daha məsuliyyətli olmağa bir çağırış idi.
Məlumdur ki, jurnalistin ictimaiyyət qarşısında məsuliyyətli olması həm də qələm sahibinin dürüst olması deməkdir. Azərbaycan mediasında isə bunu çox nadir hallarda görürük. Hakimiyyətyönlü xəbərçilərdə səbəblər adətən maliyyə durumuna bağlı olur.
“ – Ailəlisiniz?
– Yox.
– Hə, onda başa düşmək olar”.
Gəncədən reportajdan Bakıya qayıdanda vağzalda təsadüfən qarşılaşdığım bir “jurnalist” mənə belə demişdi. Mövzu isə gəlir gətirə biləcək bəzi məqamlara göz yummaq, yalan xəbər yaymaq və ya ümumən o haqda yazmamaq idi. Həmin şəxs bu fikirləri ilə ailəsini saxlamağa çatmayan maaşından əlavə “çax-çux” etməsinə bəraət qazandırırdı. İnanıram ki, o, bunları həm də öz gözündə özünə bəraət qazanmaq üçün deyirdi.
Etiraf edirəm ki, mən də vaxtı ilə pərdəarxası dayağı olan, məmurun maliyyələşdirdiyi bir qəzetdə çalışmışam. Yazdıqlarımın heç biri senzuraya məruz qalmasa da, rahatca işləyə bilsəm də, redaksiyada jurnalistlərə yalnız havadan-sudan yazmağa mövzular veriləndə senzuralı günlərin yaxınlaşdığını duyub iş yerimi tərk etdim.
Bu qəbildən olan hakimiyyətyönlü media orqanlarının yürütdüyü siyasət, düşünürəm ki, hamıya məlumdur – hər şey yaxşıdır, arada problem olursa, kiminsə işinin yağ kimi getməsi üçün nəsə fərqli bir materialı manşetdə görməyə gözümüz öyrəşib.
Müxalifyönlü xəbər portallarında isə diqqətçəkən məqam bir az fərqlidir. Ümumiyyətlə xəbərlər Azərbaycanın xəbər agentliklərində vərdiş olunduğu kimi – əsasən press-reliz üzərində yazılmamalıdır. Xəbərçinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis olmadığını da unutmaq lazım deyil. Xəbər həmişə hər hansı bir konflikt üzərində qurulur. Ölkədə olan problemlərdən dolayı mövzu qıtlığı da yoxdur. Lakin bəzən spesifik mövzunu qabartmaq üçün uyğun respondentlərin axtarışı barədə tapşırıqlar obyektivliyin üzərindən xətt çəkir, mövzunun birtərəfli işlənməsinə səbəb olur. Ən əsası isə jurnalistin özü belə bu tapşırıqla yönləndirilmiş olur. Xüsusilə jurnalistikaya yenicə qədəm qoyan gənc ilk gündən artıq səhv istiqamətdə işləməyə başlayır, işin məhz belə görülməli olduğunu düşünür. Müəyyən bir vaxtdan sonra, fərqinə belə varmadan onun işlədiyi xəbər portalının müxalifətin bir alətinə çevrilmə ehtimalı da artır.
Məlumdur ki, jurnalistikada başqa peşələrin sahibləri də çalışa, yazıb-poza bilər. Obyektivliyi qorumağın jurnalistikanın əsas sütunlarından biri olduğunu hamı bilir. Lakin bayaq qeyd etdiyimiz səbəblərdən jurnalist səhv istiqamətə sürüklənə də bilər. Ona görə əsl redaktor jurnalistika sahəsində ali təhsili olmayana ilk növbədə media etikası qaydalarını öyrətməlidir. Bu yolla sərbəst düşünən, sualını çəkinmədən verə bilən jurnalistlər yetişdirmək, nəticədə mediamıza çox dəyərli töhfə vermək olar.