Ülkər NATİQQIZI
Hələ 2 il əvvəl Azərbaycanın media portalları və televiziya kanallarında “Mələk beyni” adında elmi əsər yazaraq NASA-ya təcrübəçi kimi qəbul olunduğunu iddia edən 20 yaşlı azərbaycanlı gəncin müsahibəsi yayımlanmağa başlandı. İnsanlar bu “şad” xəbəri “NASA təcrübəçisi dərsə getmir”, “NASA üçün “Mələk beyni” hazırlayan azərbaycanlı” və digər başlıqlarla sosial şəbəkələrdə paylaşaraq “NASA qəhrəmanı”nın sevincinə şərik olmağa çalışdılar. Bir neçə gün keçməmiş “NASA azərbaycanlı gəncin fırıldaqçı olduğunu təsdiq etdi”, “NASA deyir ki, elə bir adam qeydiyyatımızda yoxdur” başlıqlı xəbərlər yalanı üzə çıxardı. Amma ortada dəyişməyən bir fakt – həmin gəncdən alınan müsahibələr, paylaşılan uğur hekayətləri var idi: 20 yaşlı gənc Azərbaycan mediasını heç kim hiss etmədən “barmağına” dolamağı bacarmışdı. Yaxşı ki, sonda kimsə məsələni rəsmi mənbədən soruşub dəqiqləşdirmək qərarına gəldi.
“NASA ABŞ vətəndaşı olmayan şəxsləri yalnız o zaman təcrübəçi kimi qəbul edir ki, onun yaşadığı ölkədəki tədqiqat institutu ilə müqaviləmiz olsun. Hazırda bizim Azərbaycanla razılaşmamız yoxdur. Buna görə də oradan təcrübəçi qəbul edə bilmərik” – NASA məsələylə bağlı AZƏRTAC-ın sorğusuna belə cavab verib.
Təəssüflər olsun ki, bu, mediada baş verən ilk və son hadisə deyil. Oxşar hadisələrdən biri də 2015-ci ildə Bakıda Avropa Oyunları keçirilən zaman “Lider TV”nin azərbaycanlı gənci “Ceyms” adlı ingilis turist kimi təqdim edərək ondan aldığı müsahibəni yayımlaması olub. Amma indi sosial media dövrüdür, insanlar bir-birini rahat tapa bilir. Elə o “ingilis” turistin kimliyi də “Facebook” vasitəsilə üzə çıxarıldı, onun ingilis deyil, azərbaycanlı olduğu anlaşıldı.
“Facebook”dakı tənqidlərdən sonra “Lider TV” açıqlama yayaraq yol verilmiş səhvi bu cür kütləvi tədbirlərdə jurnalistlərin “analiz” aparmağa vaxt sərf edə bilməməsi ilə əsaslandırmağa çalışdı. “Analiz”ə həqiqətən vaxtı olub-olmadığını isə azərbaycanlını ingilis turist kimi qələmə verən jurnalist daha yaxşı bilir.
Buraxılan səhvlər bəzən auditoriyanın itirilməsi bahasına başa gələ, yaxud insanların hissləri ilə oynamaq kimi nəticələnə bilər. Artıq neçə aydır Azərbaycan mediası davamlı olaraq itkin düşən alpinitstlərlə bağlı məlumatlar dərc edir. Arada “Space TV” Xınalıq kənd sakinindən götürdüyü müsahibəyə istinad edərək itkin düşən alpinistlərdən birinin tapıldığı haqda xəbəri efirdə yaydı. Xınalıq sakininin müsahibəsində verdiyi qeyri-dəqiq məlumatı rəsmi qurumlarla və yaxud ikinci mənbədən yoxlamağa yəqin ki, o süjeti hazırlayan jurnalistlərin vaxtı çatmayıb. Bu cür xəbəri bir mənbəyə istinadən yaymaq yalnız qeyri-peşəkarlığın göstəricisi sayıla bilər. Xəbəri yayanlar ən azından itkin düşən alpinistlərin televiziya qarşısında əyləşən ailə üzvlərini və yaxınlarını nəzərə almalı idilər. Bir neçə dəqiqə sonra “Space TV”nin aparıcısı alpinistlərdən birinin tapılması xəbərini təkzib etsə də, dəyişməyən bir fakt var idi: əvvəlki məlumat yoxlanmadan efirə verilmişdi.
NASA məsələsinə oxşar hadisələrdən biri də bir neçə gün əvvəl “Xəzər TV”də baş verib. Azərbaycanlı gənc kanala müsahibə verərək İKT sahəsində yeniliyə imza atdığını, çoxfunksiyalı, enerji yığmaq və ötürmək xüsusiyyətinə malik bel çantası ixtira etdiyini deyib. Məsələ sosial şəbəkədə paylaşılandan sonra məlum olub ki, iddia edilən çanta “AliExpress” onlayn alış-veriş saytında satışda var, qiyməti də 50 dollardır.
Müsahiblər heç də həmişə doğru danışmırlar, ona görə də bəzən onların ötürdüyü informasiyanı yoxlamadan yaymaq – dərc etmək, efirə vermək media qurumuna problem yaradır.
Etikaya əsasən, jurnalistin birinci vəzifəsi mənbənin verdiyi informasiyanın nə dərəcədə doğru olub-olmamasını yoxlamaqdır. Jurnalist “iki və ya daha çox mənbə” anlayışı ilə çalışmalıdır. “Məlumatı ikinci mənbədən yoxlamaq lazımdır” fikri boşuna deyilməyib.
Əgər bu hadisələr kompüter, telefon olmayan vaxtlarda baş versəydi, demək olardı ki, informasiyanı yoxlamaq çətin olub, ya da “analiz”ə vaxt çatmayıb. NASA haqqındakı xəbəri və ixtiraçı olduğunu iddia edən gəncin dediklərini yoxlamaq elə də çətin deyildi. NASA haqqında xəbəri yaymazdan əvvəl məsələni NASA ilə dəqiqləşdirmək, ixtiranı tapmaq üçünsə “Google” axtarış sistemində azacıq vaxt sərf etmək kifayət idi. İtkin düşən alpinistlərlə bağlı xəbərə gəldikdə isə, “iki və ya daha çox mənbə” anlayışı ilə hərəkət etməyə ehtiyac var idi.
Müəllifin başqa yazıları:
Paylaşılan materialı nə zaman silməli?
Media Bakı-Vyana marşrutu üzrə sərnişin qatarını necə yaratdı?