Bu il martın 14-də yazıçı-publisist Qurban Yaquboğlunun 50 yaşı tamam olur.
Yubileyi ərəfəsində Qurban Yaquboğlunun “Mən yoxam” adlı kitabı işıq üzü görüb.
Bu, müəllifin ilk kitabıdır.
“Qanun” Nəşrlər Evinin buraxdığı kitaba roman və esselər daxil edilib.
“Mən yoxam” romanı ağrıların gözəl qadın, unudulmaz sevgi, toran keçmiş, yurd bağlılığı, nəsil buxovu, irsi mənsubiyyət, uzaq kənd, yad və təsadüfi adamlar kimi çeşidli qaynaqlarına baş vurur. Sadalananlar insan taleyini və onun aqibətini müəyyənləşdirən “kainat oyunu” kimi nəzərə çarpır.
Romanın sirri həm də onun son cümləsindədir. Son cümləni oxuyan mətni başdan oxumağa məhkumdur: “İnsan heç vaxt sonu bilmir…”
Bədəlov Qurban Yaqub oğlu 1968-ci ildə Şamaxının Çöl Göylər kəndində anadan olub. Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirib.
Mətbuatda ilk iş yeri “Ədalət” qəzeti olub. 1990-cı ildə “Ədalət”də korrektor kimi işə başlayıb. 1991-1993-cü illərdə “Xəzər” jurnalı və “Yol” qəzetində ədəbi redaktor və şöbə redaktoru işləyib.
Müxtəlif kütləvi informasiya vasitələrində, o cümlədən “525-ci qəzet”də (1994-1996) müxbir, “Rezonans” (1996-1998), “Bu gün” (1998-99), “Şans” (1999-2000), “Avropa” (2001-2003) qəzetlərində redaktor vəzifələrində çalışıb.
2005-ci ildən “Gün səhər” qəzetinin redaktoru olub. 2012-ci ildən “Gündəlik Teleqraf” media holdinqində işləyir, hazırda Teleqraf.com saytının redaktorudur.
1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
2000-ci ildə gənc şair kimi prezident təqaüdü alıb.
2015-ci ildə jurnalistikadakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.
Ailəlidir, iki övladı var.