İlham İSMAYIL
Nazirlikdə işə çıxdığım gün 4 oktyabr 1994-cü il idi. Tariximizə Surət Hüseynovun Gəncədə ikinci qiyamı kimi düşən həmin gün nazirliyin əksər əməkdaşı əlisilahlı Prezident Aparatının qarşısına cəlb olunmuşdu. Bizim şöbə – inspeksiya nazirlikdə növbə çəkirdi. Sakitliyə öyrəşməmişdim, ekstremal situasiyada hadisələrin mərkəzində olmağa adət etdiyimdən “arxa cəbhədə” oturmaq məni sıxırdı.
Gəncədə Surətin boy göstərmə cəhdi, mən buna qiyam deməzdim, iflasa uğradı. Dövlət idarələrinin, o cümlədən MTN-in binasının tutulması, sonda azad edilməsi, hərbi qarşıdurma, bir neçə adamın ölümü və bu işlərin arxasında Surət Hüseynovun adamlarının dayanması hər kəsə məlum oldu. 4 iyun 1993-cü il hadisələrinin nəticələri Surət Hüseynovu şirnikləndirmişdi, hesab edirdi ki, Elçibəy kimi Heydər Əliyevə də asanlıqla qalib gələcək. Heç bir siyasi dəstəyi olmayan, bir neçə hərbiçiyə və kriminal elementlərə arxalanıb Gəncədə başladığı qanunsuz hərəkətlər elə Gəncədə də boğuldu.
Heydər Əliyev Surət Hüseynovu baş nazir vəzifəsindən azad etdi. Bundan sonra nə oldusa Gəncəyə, gəncəlilərə oldu. Surət Hüseynovun adamı, yaxını bəhanəsi ilə xeyli gəncəlini polis zoruyla incitdilər. Gəncəlilər tarixən imkanlı olublar. Bu imkanı Surət Hüseynovla bağlamaq, guya son bir ildə var-dövlət yığmaq adı altında çox ailəyə divan tutuldu, əmlakları, mülkləri əlindən alındı. İçərilərində mənim də tanıdığım gəncəlilərin bir neçəsinin həmin vaxtlar Gəncədən Bakıya, ölkənin başqa yerlərinə köç etdiklərini indi də xatırlayıram.
Şöbədə tabeliyimdə 7 əməkdaş vardı, bir neçə yer də vakant saxlanırdı. Sərhəd Qoşunlarından başqa bütün strukturların xidməti fəaliyyətini təftiş, nəzarət funksiyasını yerinə yetirirdik.
Bir neçə gün mərkəzi aparatın iş rejiminə alışmaq çətin oldu. Son üç ildə sərbəst rəis idim, işimi, vaxtımı özüm müəyyənləşdirdiyimdən gəlib idarə rəisinin tabeçiliyinə düşmək və tam müstəqil olmamaq diskomfort yaradırdı, amma tədricən öyrəşməyə başladım.
İlk həftəni başa vurmuşduq ki, Namiq Abbasov məni kabinetinə çağırdı. Qayğılı görünüşü yaxşı heç nə vəd etmirdi:
– Zabit heyətinin iclası keçiriləcək. Son hadisələr, izolyatordan qaçış, İmranovun tutulması və başqa məsələlərə münasibət bildirilməlidir. Mən istəyirəm ki, sən də çıxış edəsən. İmranovu tənqid etmək (bu sözü deyəndən sonra üzümə yox, pəncərəyə baxaraq davam etdi), tənqid yox e, ifşa etmək lazımdır. Sənin də yerini o dəyişib, onu da əlavə edərsən. Sən jurnalistsən, sənə asandır, bu birilərini öyrətmək çətin olacaq. İmranovu biabır etməlisən, o, düşməndir.
Bunu deyib üzümə baxdı.
Mən:
– Namiq Rəşidoviç, mütləq mənmi çıxış etməliyəm?
– İstəmirsən ki?
– İstəmirəm. İmranovu müzakirə etmək də biz zabitlərə yaraşan iş deyil. Siz özünüz onu əsaslandırıb tənqid edə bilərsiniz, amma zabitlərin müzakirəsinə vermək arxaca danışmaq kimi başa düşüləcək. Biz kolxoz üzvləri deyilik ki, sədri də iclasa qoyub müzakirə edək. Biz zabitik. İmranov tutulub, cəzasını alacaq. Bu, pis ənənə formasını ala bilər.
– Mən də elə bilirdim ki, ən yaxşı sən danışacaqsan. Sən hələ yetişməmisən. Biz siyasi təşkilatıq, siyasi hadisələrə də qiymət verməliyik. Çıx get, İmranovun müdafiəçisi də olarmış.
– Mən onu müdafiə etmirəm. O, cəzasını alacaq. Zabitlər arasında pis bir ənənə yarana bilər.
Üzümə baxmadan əli ilə qapını göstərib “Çıx” dedi.
Namiq Abbasovla münasibətlər korlandı deyə bilərdim.
İclas oldu. Bir neçə zabit çıxıb bəlağətlə respublikada sabitliyin pozulmasında maraqlı qüvvələrdən, o cümlədən İmranovun da belə birisi olduğundan danışdılar. Bir zabitin – 9-cu şöbənin Elçin adlı bir əməkdaşının çıxışı isə lap biabırçı oldu. Zabit dedi: “Mən hesab edirəm ki, İmranov ermənidir. Erməni bizə pisliklər edib, İmranov ermənidən də çox pislik edib, o, ermənidən də pisdir”.
Bu çıxışa zabitlərin çoxu başını aşağı salmaqla kifayətləndi. Namiq Abbasov və qəribə olsa da çıxış edən əməkdaş özü bərkdən əl çalmağa başladılar. Bu, 37-ci ilin siyasi iclaslarına bənzəyirdi.
(Ardı var)