Seymur KAZIMOV
1983-cü il sentyabrın 1-də Cənubi Koreyaya məxsus sərnişin təyyarəsi Sovet İttifaqının hava məkanına icazəsiz daxil olur. Xəbərdarlığa məhəl qoymayan təyyarəni vurub, yerə salırlar. O vaxt qəzetlər bu məsələni belə işıqlandırır: “Sovet İttifaqının qırıcıları hava məkanımıza icazəsiz daxil olan təyyarəni göydə dayandırdı”. Sonuncu sözə fikir verin: “dayandırdı”. Yəni sovetlər o qədər ideal idi ki, onlar nəyisə partlada bilməzdi, çünki sovet vətəndaşı başqalarından mərhəmətli idi, onun analoqu yox idi… Təbliğat belə aparılırdı.
Reallıq isə belə idi: Cənubi Koreyanın Nyu-York–Seul reysi ilə uçan sərnişin təyyarəsində 269 nəfər sərnişin və ekipaj üzvlərinin hamısı həlak olmuşdu. Təyyarə naviqasiya sistemində yaranmış nasazlığa görə Sovet İttifaqının hava məkanına giribmiş.
İllər sonra “dəmir pərdə” çəkiləcək və dünyanın ən nəhəng dövlətinin sakinləri “öz balaca dünyalarında xoşbəxt olmadıqlarının” fərqinə varacaqlar. Nəticədə dağılacağına az adamın inandığı SSRİ aşkarlığın qurbanı olacaq.
Sovet dövründə Azərbaycanın dövlət agentliyi olmuş “Azərinform” (indiki AZƏRTAC) 1991-ci ilin noyabrında (oktyabrda Azərbaycan dövlət müstəqilliyini elan etsə də, bəlli olduğu kimi, SSRİ hələ ilin sonunda dağıldı) Ermənistan silahlı birləşmələrinin içərisində Azərbaycanın rəsmi şəxslərinin də olduğu vertolyotu vurmasını “dumana düşərək qayaya çırpılma” kimi çatdırıb. 1992-ci ilin fevralında baş vermiş Xocalı faciəsi haqda ilk məlumatında isə agentlik cəmi 4 nəfərin öldürüldüyünü yayıb.
Müasir dövrdə əksər media qurumlarının obyektivlikdən, peşəkarlıqdan uzaq, jurnalist etikasına zidd məlumatlar verdiyinin şahidi oluruq. Onların işıqlandırdığı problemlər “JEK səviyyəsini” aşmır. İctimai-siyasi məsələlərə, insan hüquq və azadlıqlarına, iqtisadi problemlərə balanslı baxış yoxdur. Belə ki, müasir Azərbaycan mediası əsasən bitərəf yox, birtərəflidir.
Azərbaycan müstəqillik qazansa da, bugünkü media menecerlərinin bir çoxu müstəqil ola bilmədilər, sovetin şinelində ilişib qaldılar. Çox az jurnalistika müəllimi və mütəxəssisi öz üzərində işlədi, yeniliklərlə ayaqlaşa bildi. Təəssüflər olsun ki, onların çoxu bu gün media sferasında fəal qərarverici deyil. Buna görə də, jurnalistika fakültəsində təhsil alan və yaxud təlimlərdə inkişaf edən tələbələrin əksəriyyəti hələ də sovet-kommunist ideyalarına sadiq media rəhbərləri ilə çalışmağa məhkumdur. Nəticədə neçə-neçə gənc jurnalist nəsli məhv olur. Kimisi bu “bataqlıqdan” tez çıxır, kimisi də ilişib qalır və hansısa qrupun “təbliğat maşını”nın bir parçasına çevrilir. Doğrudur, onlara alternativ təklif etmək imkanımız yoxdur, çünki partiya-nomenklatura xarakterli media və redaktorlar çoxluq təşkil edir. Amma bir məsələ ilə təsəlli tapırıq ki, indi sovet dövrü deyil və o dövrdən fərqli olaraq, alternativ informasiya mənbələri var. İnternetin mövcudluğu da gənc jurnalistlərlə bağlı ümid və gözləntilərimizin tamam məhv olmasına imkan vermir. 2000-ci illərin əvvəllində internetin yayılmağa başlaması, sonra sosial şəbəkələrin, bloqların meydana çıxması sovetdən qalma təfəkkürü düşündürməyə başladı. İlk illər bu kimi yeniliyə yaxın durmasalar da, sonradan öz platformalarını bu sistemə daşımağa başladılar. Dəyişən forma oldu, mahiyyət isə əvvəlki kimidir.
Gənc jurnalistlər təlimlərə qatılır, xarici dil bilgilərini artırır, dünyada trend olan media standartlarını mənimsəyir, faktların dürüstlüyü, mənbələrin dəqiqliyi, balans, obyektivlik, bitərəf qalmaq və başqa bu kimi ali dəyərləri öyrənir və qısa zaman ərzində təcrübədə sınaqdan keçirməyə çalışırlar. Çox sevincək və xoşbəxt halda redaksiyaya gəlirlər və burada xoş olmayan sürprizlə üzləşirlər. Onların öyrəndiyi dəyərlər burada lazım deyil, çünki onların menecerinin məqsədi həqiqəti axtarmaq yox, yalanı, riyakarlığı həqiqət kimi cəmiyyətə sırımaqdır. Əfsuslar olsun ki, belə “mətbuat qəssabları”na bu işdə dəyərli, gənc jurnalistlər kömək edəcəklər. Bu sətirlərin müəllifinin ətrafında belələri çoxdur. Savadlı, bilikli, məlumatlı gənclərdir, amma peşəkar ola bilmirlər, çünki buna imkan yaradılmır. Belə gənclərin çoxu zaman keçdikcə vəziyyətə uyğunlaşır və düşdükləri “bataqlıq” onlar üçün “gülüstana” çevrilir. Biz də onlara baxıb dərindən köks ötürməklə məşğuluq.
Bu gün Azərbaycan ictimaiyyəti doğru xəbər üçün “acdır”. Ona görə ki, onu bu xəbərlərlə təmin edəcək vicdanlı jurnalistlərdən məhrumdur. Gənclər, peşəkarlar redaksiyadan çox sallaqxananı xatırladan məkanlarda qurban olduqları üçün cəmiyyət məlumatsız qalır.
Odur ki, vicdanlı jurnalistlərin Azərbaycan mediasına verə biləcəyi ən böyük töhfə gənc həmkarlarımızı bu “qəssablardan” və onların “sallaqxanalarından” qorumaq olmalıdır. Nə qədər alınır, alınmır, gələcək göstərəcək.
Müəllifin başqa yazıları:
Jurnalistika fakültəsi və “qabiliyyətli” tələbələr
Ədəbi dil normalarına əməl etməklə yalan danışmaq olarmı?
Jurnalist seçim qarşısında: vicdan, yoxsa pul?
Medianın yaratdığı “qəhrəman” və “düşmən” obrazlarının cəmiyyətə təsiri
Sosial medianın ənənəvi media üzərində qələbəsinin əsas səbəbləri
Azərbaycanda media niyə biznesə çevrilə bilmir?
“Ölü jurnalist material hazırlaya bilməz”
İtkin düşən alpinistlər, mübahisə edən nazirliklər, susqun media və bloqçular
Peşəkar jurnalist olmağın yükü… Azərbaycanda
Azərbaycan televiziyalarının seçki reallıqları
Medianın “həqiqəti üzə çıxarmaq” problemi