Prezidentin təyin etdiyi məmurların tənqidi – olarmı, olmazmı?
Xalid Ağalıyev
media hüquqçusu
“Prezidentin təyin etdiyi məmurları tənqiq etmək olmaz”. Son günlər bu cümlə mediada xeyli təkrarlandı. Jurnalist Əvəz Zeynallını Baş Prokurorluğa çağırmışdılar. Çağırışdan sonra Əvəz Zeynallı mediaya açıqlamasında demişdi ki, prokurorluğun yüksək pilləsində duran rəsmi şəxs ona belə söyləyib: “Prezidentin təyin etdiyi məmurları tənqiq etmək olmaz”.
Dogrudanmı, yüksək pillədə dayanan rəsminin dediyi kimi, məmurları tənqid etmək olmaz? Yazıda bu suala Avropa İnsan Hüquqları Məhkəməsinin ifadə azadlığı ilə bağlı təcrübəsinin işığında cavab verməyə çalışacağıq.
İctimai funksiyaları yerinə yetirən qurumların, ictimai şəxslərin tənqidinin hüdudları digər şəxslərlə müqayisədə daha genişdir. Bu, demokratik toplumun idarə olunmasında və inkişafında ifadə azadlığının oynadığı mühüm rolla bağlıdır.
Ümumiyyətlə, milli hökumətlər ifadə azadlığını məhdudlaşdırarkən, jurnalisti ifadələrinə görə cəzalandırarkən məhkəmələr “başqa şəxslərin nüfuzunun və hüquqlarının qorunması” məqsədinə tez-tez istinad edir. Çox vaxt da bu vasitəyə siyasətçiləri və dövlət vəzifəlilərini tənqidlərdən qorumaq üçün əl atırlar. Bu, yalnız Azərbaycana xas olan təcrübə deyil, Avropa İnsan Hüquqları Məhkəməsində onlarla ölkədən daxil olmuş eyni məzmunlu işlərə baxılıb, qərar verilib. Belə işlərdə Avropa Məhkəməsi həm ayrı-ayrı şəxslərin, həm də özəlliklə mətbuat və jurnalistlərin ifadə azadlığı hüququnu yüksəkdə tutub.
İctimai iş görənlərin tənqidi
Avropa Məhkəməsi “Lingens Avstriyaya qarşı” işində media azadlığı ilə məmurun – yüksək vəzifəli rəsmi şəxsin nüfuzunun qorunması arasında balansı araşdırdı.
Bu məhkəmə işində söhbət nədən gedirdi – Avstriyada seçkilər olmuşdu, seçkidən sonra jurnalist yeni seçilmiş ölkə başçısını tənqid edən iki məqalə dərc etmişdi. Jurnalist yazılarında ölkə başçısını nasist keçmişi olan şəxsin rəhbərlik etdiyi partiya ilə koalisiya qurduğuna görə tənqid etmiş, onun addımlarını “mənəviyyatsız”, “ləyaqətsiz” və “ən aşağı səviyyəli opportunizm” kimi qiymətləndirmişdi. Ölkə başçısı onu məhkəməyə vermişdi. Yerli məhkəmələr jurnalistin ifadələrini təhqiramiz sayaraq onu cəzalandırmışdılar. Məhkəmələr jurnalistdən tələb etmişdi ki, ölkə başçısının addımının “ən aşağı səviyyəli opportunist” hərəkət olduğunu sübut etsin. Jurnalistin ifadə azadlığına müdaxilə ölkə başçısının nüfuzunun qorunması ilə əsaslandırılmışdı.
Avropa Məhkəməsi bu işə baxarkən bildirdi ki, siyasətçilər medianın tənqidlərinə daha geniş dərəcədə dözümlü olmalıdırlar.
“Mətbuat azadlığı siyasi liderlərin ideyaları və baxışları barədə rəylərin aşkara çıxması və formalaşması üçün toplumu ən yaxşı vasitələrdən biri ilə təmin edir. Özəl şəxsə nisbətən siyasətçiyə münasibətdə tənqidin yolverilən həddi daha genişdir. Özəl şəxslərdən fərqli olaraq siyasətçilər bilə-bilə və qaçılmaz olaraq sözlərini və hərəkətlərini jurnalistlərin və geniş toplumun yaxından çək-çevir etmələrinə açıq tuturlar. Bu səbəbdən də onlar belə çək-çevirlərə qarşı daha böyük dərəcədə dözüm göstərməlidirlər”.
Avropa Məhkəməsi diqqəti həm də müzakirə edilən məqalənin yazıldığı siyasi şəraitə çəkib dedi ki, etiraz edilən ifadələrə seçkilərdən sonra qızışmış siyasi mübarizənin fonunda baxmaq lazımdır, bu mübarizədə hər kəs ixtiyarında olan silahdan istifadə etmişdi və kəskin siyasi diskussiya zamanı bunda qeyri-adi heç nə yox idi… Məhkəmə yekunda hesab etdi ki, jurnalistin hüquqları pozulub.
İctimai iş görənlərin tənqidi ilə bağlı örnək yerli məhkəmə qərarları da var. “Azadlıq” qəzeti İmişli Rayon Dəmiryol İdarəsinin rəisi Fəyyaz Xankişiyevin korrupsiya ilə əlaqəli olmasından yazmışdı. F.Xankişiyev “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidə qarşı xüsusi ittiham qaydasında şikayət vermiş, onun həbsini tələb etmişdi. Yasamal Rayon Məhkəməsi hazırlıq iclasında şikayəti rədd etdi. Məhkəmə öz qərarında qeyd etdi ki, Azərbaycan Avropa Konvensiyasının iştirakçısıdır, Avropa İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır və Azərbaycan məhkəmələri milli qanunvericiliklə Avropa Məhkəməsinin təcrübəsinə də istinad etməlidir. Yasamal Rayon Məhkəməsi Avropa Məhkəməsinin qərarlarına istinadla qeyd etdi ki, ifadə azadlığı demokratik cəmiyyətin əsaslarını təşkil edir. Rəsmi şəxslərin tənqidinin dairəsi adi şəxslərdən daha genişdir, onlar tənqidə daha dözümlü yanaşmalıdırlar.
Rəsmi şəxsləri tənqid etmək
Rəsmi şəxslərin tənqidi ilə bağlı başqa bir işdə – “Torgeyrson İslandiyaya qarşı” işində də məhkəmə mətbuatın azadlığını dəstəkləyir.
Bu işdə mövzu gündəlik qəzetdə polisin qəddarlığından bəhs edən iki məqalə idi. Birinci məqalə ədliyyə nazirinə ünvanlanmış məktub formasında idi. Jurnalist naziri polisin qəddarlığı barədə artan şayiələri araşdırmaq üçün komissiya yaratmağa çağırmışdı. Jurnalist polis qəddarlığının qurbanı olduğunu düşündüyü bir şəxsi misal göstərmişdi. Polis əməkdaşlarını və onların davranışını təsvir edərkən jurnalist bu ifadələrdən istifadə etmişdi: “şəhərin gecə həyatının cəngəlliklərində sakitcə və ya səs-küylə dolaşan uniformalı vəhşi heyvanlar”, “insanları ehmalca və diqqətlə yaxalamaq əvəzinə polislərə və yekəpərlərə daim bunu qəddarlıqla etməyin öyrədilməsi və bundan amansız özbaşınalıqla istifadə edilməsi nəticəsində əqli səviyyələri yeni doğulmuş uşağın səviyyəsinə enmiş şəxslər”, “öz iyrənc cəhətlərini göstərərək qəddar və sadist hərəkətlərə yol verən adamlar”…
Jurnalistə polis işçilərini nüfuzdan salmağa görə cərimə cəzası verdilər. Milli məhkəmə öz qərarını onunla əsaslandırdı ki, jurnalist polislərin “nüfuzunun” qorunması üçün məhkum olunub və polisə qarşı yol verilən tənqidin hüdudları yalnız siyasi nitqlər zamanı geniş ola bilər.
Avropa Məhkəməsi isə dedi ki, məhkəmənin siyasi müzakirə ilə toplumun marağında olan məsələlərin müzakirəsi arasında fərq qoyulduğunu deməyə əsas verən hər hansı presedenti yoxdur. Məhkəmə xüsusi vurğuladı ki, dövlət qulluqçuları da tənqidə siyasi şəxslər kimi dözümlü yanaşmalıdır.
Ancaq o da qeyd olunmalıdır ki, məhkəmə dövlət qulluqçuları ilə siyasi şəxslərin tənqidində çərçivənin fərqli olduğunu ifadə edir. “Toma Lüksemburqa qarşı” işdə jurnalist Su və Meşə Komissiyasının bütün məmurlarının son nəfərinə qədər korrupsiyaya uğradığını demişdi. Məhkəmə bu qədər sərt ifadəyə rəgmən, jurnalistə haqq qazandırdı. Dedi ki, yazıdakı mövzu geniş debatlara çıxarılıb, ümumi maraq doğuran olub. Rəsmi şəxs qismində fəaliyyət göstərən dövlət qulluqçuları da siyasətçilər kimi adi şəxslərə nisbətən daha geniş tənqid oluna bilərlər. Lakin bu o demək deyil ki, dövlət qulluqçuları tənqid olunarkən onlara da siyasətçilərdə olduğu ölçüdən yanaşılmalıdır.
Hökumətlərin tənqidi
Məhkəmə hökumətin tənqidi ilə bağlı işlərin əksəriyyətində də jurnalistin hökuməti tənqid etmək azadlığını dəstəklədiyini vurğulayıb.
“Sürək və Özdəmir Türkiyəyə qarşı” işində məhkəmə bildirdi ki, hökumətə qarşı tənqidin yolverilən hüdudları adi vətəndaşa, yaxud hətta siyasətçiyə nisbətən daha genişdir. “Kastells İspaniyaya qarşı” işində bu fikri təkrarlayan məhkəmə xüsusi vurğuladı ki, hökumətlərin hərəkətləri və ya hərəkətsizliyi təkcə qanunverici və məhkəmə hakimiyyəti orqanlarının deyil, həm də mətbuatın və ictimai rəyin ciddi nəzarətinə məruz qalmalıdır.
Nəticə
İctimai iş görən qurumların, siyasi və rəsmi şəxslərin fəaliyyəti ilə bağlı tənqidlər ictimai mənafeyə yönəlik ifadələr hesab olunur. Belə şəxslərin, qurumların tənqidinin yolverilən hədləri adi şəxslərə nisbətən daha genişdir. Həm də siyasi şəxslərin tənqidinin hədləri dövlət və digər publik qurumların qulluqçularına nisbətən daha genişdir.
Şəxsin siyasi və ictimai çəkisi, ictimai proseslərə təsir imkanları, tutduğu vəzifəsi nə qədər böyükdürsə, onun tənqidə dözümlülük dərəcəsi də bir o qədər geniş olmalıdır.
Ona görə arın-arxayın söyləyə bilərik ki, ölkə başçısının təyin etdiyi məmurları, ümumiyyətlə təyin olunmuşları rahatca tənqid etmək olar. Qanunlar, hüquq tənqid edənlərin yanındadır.