Bayıl yamacında, Bakı Televiziya Qülləsinin yaxınlığında yaranmış sürüşmə təhlükəsi ilə bağlı yeni açıqlama yayılıb. Səbail Rayon İcra Hakimiyyəti bildirir ki, mütəxəssislərin apardıqları yoxlamalar nəticəsində sürüşmə təhlükəsi olan ərazidə 103 ev müəyyənləşdirilib: “Müəyyən olunub ki, burada tikilmiş evlərin 89,9 faizi 2000-ci ilə qədər olan dövrün, o cümlədən 25 faizi ötən əsrin 60-70-ci illərinin tikililərdir. Son 3 il ərzində isə burada yalnız 4 mövcud tikiliyə əlavələr edilib və hər bir fakt barədə materiallar hüquq mühafizə orqanlarına təqdim olunub, araşdırılır.
Bir neçə evi çıxmaq şərti ilə yamacda tikilən fərdi yaşayış evlərini əsas etibarilə aztəminatlı insanlar və məcburi köçkünlər 1 gecə ərzində inşa edib, onlar möhkəm özülü, dayağı olmayan, birmərtəbəli qeyri-qanuni tikililərdir. Belə tikililərin torpağın sürüşməsinə təsiri yox dərəcəsindədir.
Sürüşmə ilə bağlı araşdırmalara cəlb olunmuş xarici mütəxəssislərin verdiyi ilkin rəyə görə, burada baş verən proseslər xarici deyil, daxili tektonik proseslər olaraq aktiv fazanın ilkin hissəsidir. Proseslərin dərinləşməməsi üçün təkliflər paketi hazırlanaraq dövlət qurumlarına təqdim olunacaq.
Ərazidə inşa olunmuş tikililərin böyük hissəsinin birmərtəbəli və yüngül konstruksiyalı olması, ən yaxın çoxmərtəbəli binanın tikintisinin 5-6 kilometr kənarda, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi icazəsi ilə aparılması xarici amilin təsiri sualını aradan qaldırır.
Hazırda ərazidə aparılan araşdırmalar başa çatmaq üzrədir. Tikililərin gələcək taleyi hüquqi müstəvidə həll olunacaq”.
Bakıda sürüşmə: son vəziyyət necədir?
Sürüşmə zonasından köçürülən 80 ailəyə kirayə haqqı ödənəcək