Seymur KAZIMOV
Bu gün dünyaya demokratiya örnəyi sayılan Qərb ölkələrinin mediası indiki zirvəsinə asanlıqla çatmayıb. ABŞ-da nəşr olunan ilk qəzetin ilk nömrəsi həm də onun son nömrəsi olmuşdu, çünki dörd səhifəlik qəzetdə hinduların problemlərinin qabardılması kimlərinsə xoşuna gəlməmişdi.
Fransada nəşrə başlayan ilk qəzet birinci nömrəsində krala təşəkkür edirdi. Bir müddət sonra isə kralın razılığı olmadan qəzet çıxarmaq yasaqlanmışdı. Bu ölkədə müxalif fəaliyyətinə görə onlarla jurnalist qətlə yetirilmişdi.
Almaniyada əsas senzorlar kilsə və yerli hakimiyyət idi. Buna görə də qəzetlər, indiki dillə desək, “siyasətə qarışmırdılar”. Həm Almaniyada, həm də Fransada rəsmən senzura komitələri fəaliyyət göstərirdi.
Faşist diktaturası dövründə İtaliyada azad mətbuat tamamilə sıradan çıxmışdı. İtaliya qəzetləri başqa ölkələrdə gizlincə nəşr olunurdu. Amma onların hamısını İtaliyaya gətirmək olmurdu.
İngiltərədə senzura tətbiq olunmuşdusa da, parlament sonradan “Bill haqqında qanunlar”ı qəbul etdi. Bu, senzuranın tamamilə ləğv olunması demək idi. İlk dəfə bu sənəddə “söz azadlığı” ifadəsi işləndi. Onlar xalqın, dövlətin inkişafı üçün söz azadlığının zəruri olduğunu dərk etmişdilər. Beləliklə, İngiltərə avtoritar nəzəriyyədən libertarian nəzəriyyəyə keçmiş ilk dövlətdir.
Azərbaycanda medianın durumu haqda çox danışılıb, yazılıb, təkrar etməyəcəyəm. Amma bütün problemlərə, çətinliklərə baxmayaraq optimist olmaq lazımdır.
Jurnalistika bəlkə də yeganə peşədir ki, bütün istiqamətlərdən sıxılır. İctimai-siyasi durum, jurnalistlərin peşə fəaliyyətinə görə təzyiq və təqibə məruz qalmaları, iqtisadi vəziyyətin ürəkaçan olmaması, hətta sosial statusun aşağı olması. Təbii ki, bütün bunlar əsl jurnalistlərə aiddir. Qiymətli hədiyyə və mükafat alanlar öz həyatlarından razılıq etməkdə sərbəstdirlər.
Bu peşəyə çox böyük axın var. Şərt deyil ki, mütləq hansısa ali məktəbin jurnalistika fakültəsinin tələbəsi olsun, təbii ki, onlar da bizim üçün dəyərlidir, amma qeyri-ixtisas sahibi olan gənclərin jurnalist olmaq arzusu, təlimlərə qatılmaları göstərir ki, qazancımız çox böyükdür. Onlar gələcəkdə hansı şərtlər daxilində işləyəcəklərini gözəl anlayırlar. Bilirlər ki, çox pul qazanmayacaqlar, əvəzində bol təzyiq görəcəklər. Amma yenə də bu sahəyə meyl edirlər.
Jurnalistikanın heç zaman “qızıl dövrü” olmayıb. Əsas məqsədi ictimaiyyəti məlumatlandırmaqdır. Qədim zamanlardan bu günədək eyni məqsədə xidmət edib, sadəcə hər dövrə uyğun vasitələri dəyişib.
2017-ci il Azərbaycan mediası üçün o qədər də əhəmiyyətli il olmadı. Başqa sözlə, bu il də özündən əvvəlki illərdən fərqlənmədi. Həbslər, media qanunvericiliyinin, media ilə bağlı digər qanunların sərtləşdirilməsi, bəzi jurnalistlərin səyahət azadlığının məhdudlaşdırılması və s. Bu il həm də Milli Mətbuat Günündə 255 jurnalistə prezidentin ev hədiyyə etməsi ilə yadda qaldı. Hələ üçüncü binanın tikintisinin müjdəsi də verildi.
Yaxşı informasiya ilə təmin olunmuş cəmiyyət vətəndaş cəmiyyətinin əsasını təşkil edir. Güclü, eyni zamanda da obyekiv media bəzən böyük dəyişikliklər etməyə qadirdir. Əsas məqsəd sağ qalmaqdır. Qərbdə münaqişə zonalarında işləyən jurnalistlərə ən çox verilən tövsiyə budur: “Materialı elə hazırla ki, özün materiala çevrilməyəsən, çünki ölü jurnalist xəbər verə bilməz”.
Müəllifin başqa yazıları:
Jurnalistika fakültəsi və “qabiliyyətli” tələbələr
Ədəbi dil normalarına əməl etməklə yalan danışmaq olarmı?
Jurnalist seçim qarşısında: vicdan, yoxsa pul?
Medianın yaratdığı “qəhrəman” və “düşmən” obrazlarının cəmiyyətə təsiri
Sosial medianın ənənəvi media üzərində qələbəsinin əsas səbəbləri
Azərbaycanda media niyə biznesə çevrilə bilmir?