Günel ƏHMƏDOVA
Media və PR üzrə baş məsləhətçi
Keçən il olduğu kimi bu il də dünyada ən çox müzakirə edilən mövzulardan biri “saxta xəbərlər” (fake news) məsələsi oldu. Myanmadan tutmuş Donbasa qədər, Zimbabvedən tutmuş Manhettenə qədər saxta xəbərlər “ayaq tutdu, yeridi”.
Məsələ o qədər aktuallaşdı ki, hətta Britaniyanın məşhur “Collins” lüğəti “saxta xəbər” söz birləşməsini 2017-ci ilin sözü elan etdi. Əslində problemin miqyasını və coğrafiyasını ifadə etməyə heç bu iki söz də yetərli deyil. Saxta xəbərlər medianın və söz azadlığının “onkoloji şiş”inə çevrilib.
Dünyada saxta xəbərlər
2017-ci ildə saxta xəbərlər sürətlə qabaran sunami dalğası kimi əsasən inkişaf etmiş, demokratik ölkələri “vurdu” və başlıca məqsəd seçicilərə təsir göstərmək idi. Fransa, Britaniya və Amerikanı misal göstərmək kifayətdir. 2017-ci ildə də saxta xəbərlərlə alışıb-yananlar siyahısında ABŞ prezidenti Donald Trampı, Britaniyanın Leyboristlər Partiyasının rəhbəri Ceremi Korbini və başqalarını görmək olardı.
2017-ci ildə “saxta xəbər” ifadəsini ən çox işlədən də Amerika prezidenti olub. Amerikalı hüquqşünaslar dəfələrlə Trampın medianı tənqid edəndə və mətbuata “saxta” damğası vuranda sübut təqdim etməməsindən narazılıq bildiriblər. Tramp digər siyasi liderlərə yanlış xəbərləri dəlil-sübutlarla “bəzəyib” təkrarlamaq üzrə bir örnək də oldu. Halbuki o, dünyanın ən güclü ölkəsinin lideri kimi doğru məlumatları yanlış məlumatlardan ayırmaq, dezinformasiyanın qarşısını almaq işində yardımçı da ola bilərdi. Lakin Tramp bunu etmədi.
Saxta xəbər sınağı
Saxta xəbərlərin hüquqi və etik tərkibi olduqca müxtəlifdir. Hardan və necə bilmək olar ki, xəbər saxtadır? Xəbərin saxta olduğuna kim qərar verməlidir? Jurnalistlər bu barədə nə etməlidir?
Qayıdaq ilin əvvəlinə…
2017-сi il başlayanda “Reuters” Media İnstitutu media sferasına aid araşdırma yaydı. 2016-cı ilin dekabrında aparılmış qapalı sorğuda 24 ölkənin 150-yə yaxın media rəhbəri, menecerləri və redaktorları iştirak etmişdi. Araşdırma müəllifləri belə qənaətə gəlmişdi ki, 2017-ci ildə narahat ola biləcəyimiz ən vacib məsələ – texnoloji yeniliklərin informasiyanın keyfiyyətinə və demokratiyanın vəziyyətinə təsiri olacaq.
Daha sonra deyilirdi ki, saxta xəbərlərin (fake news) qarşısını almaq üçün nəşrlər və sosial platformalar bəzi addımları atsa da, ictimaiyyətin etibarını geri qaytara bilməyəcəklər. Ona görə də faktların yoxlanması (fact checking) adlı yeni xidmətlər ön plana çıxacaq. Bu belə də oldu.
2017-ci ilin dekabrında “Facebook”, “Google” və “Twitter” bəyan etdi ki, “Trust Project” ilə birgə layihə hazırlayır. Avtomatlaşdırılmış sistem vasitəsilə istifadəçilərlə bölüşdükləri hər məlumatın yanında “həqiqət göstəriciləri” adlı bir bölmə də olacaq. Lakin görünən odur ki, bu alqoritmlər vasitəsilə internetə sel kimi axan məlumatların doğru və ya yalan olduğunu ayırd etmək elə də asan olmayacaq.
Faktların yoxlanması xidmətlərinə daha bir misal “Wikipedia” və qlobal redaktorlar şəbəkəsinin birgə layihəsi olan “WikiTribune”dur. Layihədə 6000 müəllif və redaktor xəbərlərin doğruluğunu yoxlayır.
Qəlp xəbərlər ən çox “Facebook” və “Google” platformalarında yayılır. Bir çoxları hər iki şirkəti açıq-aşkar yalan və yanıldan məlumatların axtarışına görə məsuliyyəti öz üzərlərinə götürməyi təklif edir. Bu problem hətta Dünya İqtisadi Forumunda da qaldırılmışdı. Lakin görünən yenə o oldu ki, bu bəlanın qarşısını almaq elə də asan deyil.
Yalan məlumat əksər halda linqvistika baxımından cəlbedici sözlərlə bol olur və buna görə də elə sürətlə yayılır ki, onun qarşısını almaq çətinləşir. Necə deyərlər, içi boş olsa da, üzü xoşdur…
“Reuters” Media İnstitutu öz araşdırmasında daha bir qənaətə gəlib ki, seçicilərə təsir göstərən saxta məlumatların sürətlə yayılması dünyanın demokratik ölkələri üçün bir sınağa çevrilir.
Azərbaycanda saxta xəbərlər
Azərbaycanlılar da Yer kürəsinin digər sakinləri kimi, hətta digərlərindən daha çox bu cür xəbərlərlə qarşılaşıblar və qarşılaşmaqda davam edirlər. Problemin kökündə sosial mediadan qabaq ənənəvi media dururdu, sosial media isə xəbərin yayılmasını daha da asanlaşdırdı. Tamamilə və ya qismən təhrif edilmiş “xəbər” axınına daxil olmaq üçün bəzən hər hansı yerli televiziya kanalına baxmaq da kifayət edir.
2017-ci ildə Azərbaycanın ictimai həyatına təsir edən saxta xəbərlərdən 7-sini seçib təqdim edirik. Onların əksəriyyəti yaradıcıları tərəfindən təkzib olunmayıb.
1. Bakıda suriyalı terrorçu xəbəri
Yanvarın 3-də Qafqazinfo.az saytı “Hamam Times” adlı “Facebook” səhifəsində paylaşılmış fotolara istinadən, Suriyanın Hələb şəhərindən Azərbaycana şübhəli şəxsin daxil olduğu haqda məlumat yaymışdı. Sayt bu məlumatı hüquq mühafizə orqanları ilə dəqiqləşdirdiyini də yazmışdı. Lakin yanvarın 4-də Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Sadiq Gözəlov rəsmi açıqlama verib bildirdi ki, həmin şəxs Özbəkistan vətəndaşıdır və itkin düşmüş adam kimi axtarışa verilib.
2. Cəbhədə dörd Azərbaycan əsgərinin həlak olması xəbəri
İyunun 22-də Ermənistan mətbuatı separatçı Dağlıq Qarabağ rejiminin “müdafiə nazirliyi” adlandırdığı quruma istinadla məlumat yaydı ki, iyunun 21-dən 22-nə keçən gecə Azərbaycanın xüsusi təyinatlıları cəbhə xəttini keçməyə cəhd göstərib. Nəticədə guya 4 hərbçi həlak olub və Azərbaycan tərəfi itki verdiyinə görə geri çəkilib. Azərbaycanın Müdafiə Nazirliyi bu məlumatı təkzib etdi, onu uydurma və yalan adlandırdı.
3. Əli Həsənovun nəvəsinin törətdiyi avtomobil qəzası haqda xəbər
Avqustun 4-də PrimeTime.az saytı Bakının Heydər Əliyev prospektində baş vermiş avtomobil qəzasında baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin yaralandığını və vəziyyətinin ağır olduğunu yazdı. Sonradan məlum oldu ki, yaralanan Türkiyə vətəndaşları Mutallib Tekiş və Songül Tekişdir. APA bildirdi ki, hadisə zamanı Nail Allahverdiyevin dünyasını dəyişməsi haqda deyilənlər həqiqəti əks etdirmir. Ancaq agentliyin xəbərində Nail Allahverdiyevin qəza törətmiş avtomobildə olması da təkzib edilirdi. Halbuki sonradan Nail Allahverdiyevin həmin avtomobilin sükanı arxasında olduğu üzə çıxdı.
4. Lütfi Zadənin ölüm xəbəri
Avqustun 13-də bir sıra saytlar Amerikada yaşayan azərbaycanlı alim Lütfi Zadənin vəfat etdiyi haqda məlumatlar yaydı. Lütfi Zadə ailəsinin yaxın dostu, Amerikada olan Azərbaycan Texniki Universitetinin professoru Şahnaz Şahbazova Azvision.az saytına açıqlamasında məlumatı təkzib etdi: “Yalan məlumatlardan artıq bezmişik. İndi yanından gəlirəm. Dörd dəfə yemək yeyib, meyvə şirəsi içib. Səhhəti normaldır. Lütfi Zadənin vəfat etməsi ilə bağlı yayılan məlumatlar yalandır”.
Avqust ayında yayılan bu xəbər yalan çıxsa da, azərbaycanlı alim Lütfi Zadə sentyabrın 6-da Kaliforniya vaxtı ilə səhər saat 7:30 radələrində dünyasını dəyişdi və sentyabrın 29-da Bakıda dəfn edildi.
5. NASA-dakı konfransa qatılan azərbaycanlı qız
Avqustun 31-də özünü nanotexnologiya mühəndisi adlandıran Aytək Məmmədli adlı azərbaycanlı qız NASA-nın (ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi) keçirdiyi beynəlxalq konfransda iştirak etdiyi haqda sosial mediada xəbər paylaşdı. Aytək elmi layihələrin idarə olunması və maliyyə hesabatlarının aparılması məsələlərinə həsr edilmiş konfransda patentini aldığı elmi araşdırmasını təqdim etdiyini bildirdi. Bu barədə məlumat sosial mediada, xüsusilə “Facebook”da sürətlə yayılmağa başladı və onu yalan məlumat yaymaqda ittiham edənlər də oldu.
Həmin konfransda çıxış edən şəxslərin adı NASA-nın rəsmi səhifəsində göstərilib. Aytək Məmmədlinin adı o siyahıda yoxdur. Məsələni araşdıran yerli media nümayəndələrinin sualına cavabında Məmmədli orada çıxışçı yox, sadəcə iştirakçı olduğunu, konfransa qatılmağının birdən-birə alındığını dedi.
6. Yeni təhsil nazirinin təyin olunması
Dekabrın 8-də Movqe.az saytı prezident İlham Əliyevin Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusif Məmmədəliyevi təhsil naziri təyin etdiyi haqda “rəsmi məlumat” yaydı. Təxminən 1 saat sonra məlumat saytdan silindi. Sayt bununla bağlı heç bir açıqlama vermədi. Movqe.az-a istinadla xəbəri səhifələrində yerləşdirən digər saytlar da onu sildilər. Xəbərin yalan olduğu, dövlət başçısının belə bir sərəncam imzalamadığı, bu barədə rəsmi məlumatın olmadığı üzə çıxdı.
7. Bakıda uşağı it dişləməsi xəbəri
Dekabrın 5-də “Bakıda uşağı it dişləməsi” haqda sosial şəbəkələrdə xəbər yayıldı. Hətta “Xəzər TV”nin efirində gedən və digər yerli kütləvi informasiya vasitələrində də “Bakının mərkəzində uşağı it dişlədi” başlığı ilə yayılan xəbərin yalan olduğu üzə çıxdı. Müzakirə edilən video “Youtube”a 2012-ci ilin oktyabr ayının 10-da yüklənibmiş və həmin hadisə də İsveçin Höteborq şəhərində baş veribmiş.
Jurnalistikada “xəbər” əslində nədir?
Doğrusunu desəm, bu suala dəqiq cavab vermək mümkün deyil. Uzun illər jurnalist kimi çalışdım, amma bu suala cavab tapa bilmədim. Xəbərlər nəzəriyyə və elmdən daha çox emosiyalara aid bir məsələdir. Yalnız ömrünün bir neçə ilini bu peşəyə həsr edəndən sonra nədən xəbər yarada biləcəyini, nəyin isə xəbər olmadığını hiss etməyə başlayırsan.
İnformasiya o vaxt xəbər olur ki, o, dəyişiklikdən bəhs edir, reallığın bir fraqmentini əks etidirir, ictimaiyyət üçün aktual və dəyərli sayılır, gündəmdəki məsələyə aid olur.
Jurnalistika insanlar üçün əhəmiyyətli, qiymətli məlumatları yaymaq üçündür.
Dəqiq xəbər – ilkin mənbədən və daha bir neçə mənbədən yoxlanmış, qərəzsiz xəbərdir.
Medianın borcu yalan yox, dəqiq xəbər yaymaqdır.
Və ümid, deyəsən, yenə də ayrı-ayrı kütləvi informasiya vasitələrinin etibarına, jurnalistlərin dürüstlüyünə, informasiyanı qiymətləndirməyi bacaran təcrübəli peşəkarlara qalır.