Qarabağ ili – Azərbaycan dərdi (5)
“KQB-MTN… Görünən dağın bələdçiliyi” silsiləsinin əvvəlki bölümləri:
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17
İlham İSMAYIL
1989-cu il iyulun 16-da vacib siyasi hadisə baş verdi: Azərbaycan Xalq Cəbhəsi yaradıldı. İstər Gəncədə, istər Xanlarda Xalq Cəbhəsinin üzvləri ilə çox yaxın münasibətlərim vardı. Hətta bəzi məsələləri gəlib məsləhətləşirdilər də.
Cəbhəçilərdən Mürşüd Məmmədli ilə daha rahat danışıqlarımız olurdu. Ziyalı, qaragüruhçuluqdan uzaq, savadlı bir şəxsiyyət idi.
Xanlarda cəbhəyə Əli Nadirov rəhbərlik edirdi. İdeyadan çox ambisiyalı biriydi və digər cəbhəçilərlə intriqası vardı. Bu, xüsusi xidmət orqanı üçün münbit şərait demək idi…
Xanlar cəbhəçilərini radikal addımlardan, qaragüruhçu hərəkətlərdən çəkindirməyə müvəffəq olmuşdum, tək-tək hadisələr istisna olmaqla.
Avqustda daha ciddi hadisə baş verdi. Qorelovski İvan İvanoviç DTK sədrliyindən azad edildi. Vaqif Əlövsət oğlu Hüseynov sədr təyin edildi.
Vaqif Hüseynovun adı əksəriyyətimizə tələbəlik illərindən tanış idi. Respublika komsomolunun birinci katibi, Bakı Şəhər Partiya Komitəsinin birinci katibi, Vəzirov respublika rəhbərliyinə gələndən sonra Mərkəzi Komitənin təşkilat şöbəsinin müdiri kimi hamımız onu tanıyırdıq.
Partiya orqanlarından DTK rəhbərliyinə siyasi fiqurların təyinatı yeni məsələ deyildi. Bu, SSRİ-də də vardı, xarici ölkələrdə də tətbiq olunan praktikadır.
Hüseynovun necə rəhbərlik edəcəyini tam bilməsək də, onu bilirdik ki, Azərbaycanı bilən şəxsdir və yüz faiz Qorelovskidən yaxşı olacaqdı.
Payız çox ağır hadisə ilə başladı. 16 sentyabrda Tbilisi-Ağdam avtobusu Xanlar rayonunun ərazisində, Gəncəyə lap az qalmış partladıldı. 5 nəfər həlak oldu, xeyli adam yaralandı. Erməni terroru Qarabağ sərhədlərini aşıb respublikanın içərilərinə girməyə başlamışdı.
Xanlar rayonunun ərazisi olduğu üçün mənim işim bir az da çətinləşməyə başladı. Əməliyyat işi aparmaq da çətin idi. Sərnişinlərlə söhbət, sürücülərlə aparılan əməliyyat işi nəticə vermirdi. Qərara alındı ki, Tbilisiyə getmək lazımdır. Şöbədən Rəfail Mirzəyev, mən sürücüləri də götürüb Tbilisiyə yollandıq.
Tbilisidə, DTK-nın binasında sürücülərlə gürcü müstəntiqə tərcüməçilik etdim.
Rəfail əslən gürcüstanlı olduğundan gecə Marneuliyə getdi. Sürücülər və mən dəmiryolu mehmanxanasında yanaşı otaqlarda qaldıq. Bu, əvvəlcədən düşünülmüş əməliyyat planı idi. Sürücülərin otağına texnika yerləşdirmişdik. Mən öz otağımda onların danışıqlarına rahat qulaq asırdım. Məqsədimiz şübhəli gələ biləcək bir söz, bir ip ucu məlumat əldə etmək idi.
Sürücülər bir az otaqda oturandan sonra Tbilisidəki çoxdankı qadın tanışlarının yanına getməyə qərar verdilər və mehmanxananı tərk etdilər. Əməliyyat planı pozuldu. Gürcü kolleqalarımıza vəziyyəti dedim. Onların qaldıqları yeri, tanışlarını müəyyən etdilər. Yerdə qalan əməliyyat tədbirlərini gürcü tərəf həyata keçirəsi oldu. Biz Gəncəyə qayıtdıq.
Bu hadisəni ona görə xatırladım ki, bir baş əməliyyat müvəkkili kimi o günlərdə gecəm-gündüzüm həqiqətən yox idi. Evə yatmağa gələndə sevinirdilər. Hadisələr bizi bərkə-boşa salmışdı. Xalq bizi hər gün görürdü və bilirdi ki, onun yanındayıq, onun marağını gözləyirik, qoruyuruq.
Xalqın bizə olan sayğısı da öz mahiyyətini dəyişirdi. Dünənə kimi bizə yalnız orqan işçisi kimi, çəkindiklərindən, qorxudan hörmət göstərirdilərsə, ölkənin ağır günlərində bizləri yanlarında görəndə, məhz ədalətli mövqe tutduğumuza görə (bütün əməkdaşlara aid olmasa da) və ekstremal situasiyalarda qorxmadan ən çətin yerlərə baş vurduğumuza görə həqiqi istəklərini bildirirdilər. Bunları görmək, öz şəxsində duymaq çox xoş idi. Qazanılan bu nüfuz həm də təşkilatın adına idi, təəssüf ki, son illər bəzilərinin xüsusi xidmət orqanı adına yaraşmayan əməlləri, siyasəti canımız, bəzi əməkdaşlarımızın qanı bahasına əldə olunmuş nüfuzu xeyli aşağı saldı.
Payız başlayandan respublikada vəziyyət sürətlə gərginləşir, Bakıdan çox rayonlarda siyasi durum hər gün idarə olunmayan hala gəlirdi. Vəzirov ümidini Moskvaya bağlamaqda davam edir, Moskva isə Ermənistandan soydaşlarımızın kütləvi şəkildə qovulmasına göz yumur, Azərbaycanda antierməni çıxışlara sərt reaksiya verirdi.
Cəlilabadda, Lənkəranda, Neftçalada, Gəncədə, Xanlarda hadisələr daha çox yerli rəhbərlərin – katiblərin, prokurorların, milis rəislərinin istefasını tələb etməklə müşayiət olunurdu. Rayon rəhbərləri mövcud vəziyyətdə adekvat hərəkət edə bilmədiklərindən konservativ metodlarla hadisələrə uğursuz müdaxilələr edir, əsəbləri tarıma çəkilmiş millətin heysiyyətinə toxunur, kütlə ilə dil tapa bilmirdilər.
Belə bir vəziyyət Xanlarda da müşayiət olunurdu. Sentyabrın sonlarında Xanlar Rayon Partiya Komitəsində iclas oldu. Mən də dəvət olunmuşdum.
Çaykəndin köçürülməsinə mane olduğu gündən birinci katib Qərib İsgəndərovla münasibətlərimiz xeyli soyumuşdu. İclasda bildirildi ki, erməni kəndlərinə – Çaykəndə, Martunaşenə, Kuşşi Armavirə nümayəndələr getməli, onları köçməməyə inandırmalıdır. Daxili İşlər Nazirliyinin məsul işçisi, 1983-84-cü illərdə Xanlar Rayon Milis Şöbəsinin rəis müavini olmuş Mübariz Ağayev, raykomun katibi, erməni Henrix və mən Kuşşi Armavirə yollandıq, birinci katibsə milis rəisi ilə Çaykəndə, Martunaşenə getdi.
Kuşşi Armavir (Kiçik Armavir, indiki Quşçu) Çaykənddən hündürdə yerləşən kiçik bir dağ kəndidir. Kənd əhalisi kluba toplaşıb bizi gözləyirdi. Erməni katib də, Ağayev də ermənilərə təbliğ edirdilər ki, köçmək lazım deyil. Mən danışmadım, axı onların köçməsini istəyirdim. Kəndin bütün əhalisi, sovxoz direktoru artıq qərarlarını verdiklərini, Ermənistanda İcevan rayonunun bir azərbaycanlı kəndi ilə anlaşdıqlarını, bir həftəyə köçəcəklərini qəti şəkildə bildirdilər.
Bir erməni kişi getməyin əleyhinə olduğunu deyəndə kəndin arvadları onu az qala öldürməyə hazır idi. Bizə dedilər ki, bu kişi Şaumyan (kənd) rayonunda işləyir, orda onu Yerevandan gələnlər öyrədib bura göndərib. Sovxoz direktoru bildirdi ki, fermada inəklər neçə gündür sağılmır, gəlin təsərrüfatınıza sahib çıxın.
Hər şey aydın idi, kəndlər anlaşmışdı.
Günortadan keçmişdi, xudahafizləşib geri qayıdırdıq ki, axşam saat 6-da görüşlərin nəticələrini müzakirə edək. Sovxoz direktoru yaxınlaşıb dedi sizi buraxan deyiləm, evimdə hazırlıq görmüşəm, bizə gedəcəyik. Etiraz edəndə direktor “Mən bir də sizi görməyəcəyəm, heç bəlkə bir də azərbaycanlı ilə çörək yeməyəcəm, mütləq bizə gedəcəyik” dedi.
Bu sözlərdən sonra etiraz edə bilmədik. Bal, talaş, kabab…
Raykoma gəlib görüşün yekunlarını müzakirə etdik. İsgəndərov uğurlu görüş keçirdiyini, Çaykənd, Martunaşen (Qarabulaq) kəndlərinin köçməyəcəyini fəxrlə söylədi.
Mübariz müəllimə demişdim ki, mən danışsam, o elə biləcək qəsdən ermənilərin köçməsinə mane olmamışam (amma elə həqiqət belə idi), ona görə də erməni katib, bir də özü danışsın.
Mübariz Ağayev kəndin köçməkdə qərarlı olduğunu dedi.
Katib:
– Bəs, mən səni nəyə göndərmişdim ora? Niyə onları inandırmadın?
Mübariz Ağayev:
– Qərib müəllim, kəndlər razılaşıblar, iki-üç günə köçürlər.
– Ə, Henrix, sən nə dedin onlara?
Henrix:
– Qərib müəllim, mən hesab edirəm ki, siz özünüz onlarla danışsanız, bəlkə köçmədilər.
Erməni ki erməni, yolboyu bizə anekdot danışır, bu kəndin artıq qərar verdiyini və saxlamağın mümkün olmayacağını deyirdi, indi isə katibə diplomatik gediş edirdi.
Katib:
– Mən sizə görə (yəni bizim nümayəndə heyətinə) partbiletimi təhvil verə bilmərəm.
Sonra üzünü Ağayevə tutdu:
– Sənin nazirinə deyərəm, sənin dərsini verər.
Mübariz dözmədi:
– Siz kimsiniz ki, mənim nazirimə göstəriş verəsiniz? Nazirə nə baş verdiyini mən özüm deyəcəm. Mən zorla erməni saxlayan deyiləm.
Katib bu cür gözləmirdi, amma geri də çəkilmədi:
– Mən bilirəm, sənin də, İlhamın da fikrinizi yaxşı bilirəm. Mənə quyu qazmaq istəyirsiniz. Şəxsən Əbdürrəhman Xəliloviçə hər ikiniz barədə məlumat verəcəm ki, partiyanın mövqeyinə qarşı çıxırsınız.
Ayağa durdum:
– Siz nə istəyirsiniz deyin, biz də bildiyimizi rəhbərliyimizə çatdıracağıq.
Mübarizlə iclas zalını tərk etdik. Bu, Qərib İsgəndərovla son danışığım oldu. Kuşşi Armavir kəndi isə beş gün içində tamamilə köçdü, kənddə Ermənistandan gələn soydaşlarımız yaşamağa başladı.
Səhərisi gün rəisimiz Rəhman müəllim məni kabinetinə çağırıb İsgəndərovun şikayət etdiyini dedi. Mən dünənki görüş və nəticələri barədə yazılı arayışı təqdim edib rayondakı vəziyyətdən onsuz da xəbərdar olan rəisə katibin düzgün olmayan qərarlarının ağır nəticələr verəcəyini söylədim.
Rəis birinci katibin təzə sədrə – Vaqif Hüseynova şikayət etməyindən ehtiyatlandığını söylədi, münasibətləri kəskinləşdirməyin mənasız olduğunu tapşırdı.
Oktyabr ayından başlayaraq Çaykəndə Ermənistandan vertolyotlar gəlməyə başladı. Gələnlərin silah və “saqqallılar” gətirdiyini öyrəndik. Ermənilər Hacıkənddən sonra gedən yola gecələr silahla nəzarət etməyə başladılar. Artıq Göygöl yolu ermənilərin nəzarətinə keçirdi.
1989-cu ilin son günləri daha ağır, gərgin, qarşıdurmalarla müşayiət olunurdu. Respublikanın elə bir bölgəsi, rayonu yox idi ki, orda yerli hakimiyyət orqanları ilə əhali arasında qarşıdurma yaranmasın. Xanlar bu gərginliyin episentri idi desəm, inanın.
Düzdür, ilin son günü Naxçıvanda SSRİ-İran sərhədinin sökülməsi çox ciddi hadisə idi. Bu xəbəri alanda şöbədə əməkdaşlarımızın yekdil rəyi belə oldu ki, provokasiyadır və nəticəsi ağır olacaq. Bu məsələdə Cənubi Azərbaycanla birləşmək, sərhədi götürməklə guya, nəhayət, həsrətə son qoyulacaq kimi diletant fikirlərdən uzaq idik.
Yeni ili çox qayğılı qarşılayırdıq, daha pisi hələ qarşıdaydı.