Yenə tuta bilmədilər…
- 12 Dekabr 2017
- comments
- Novator.az
- Posted in Xəbər
Ukrayna müxalifətinin liderlərindən olan Mixail Saakaşvili azadlığa çıxıb. Novator.az-ın məlumatına görə, paytaxt Kiyevin Peçerski Rayon Məhkəməsi dekabrın 11-də prokurorluğun Saakaşvili barədə ev dustaqlığı tədbiri seçmək təqdimatını rədd edib. Müxalif lider məhkəmə zalından azadlığa buraxılıb.
Ukraynanın baş prokuroru Yuri Lusenko Peçerski Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti veriləcəyini bəyan edib.
Saakaşvili dekabrın 8-i axşam tutulmuşdu. Ona cinayətə cəhd, qabaqcadan əlbir olan bir qrup şəxsin cinayət törətməsi, cinayət təşkilatları üzvləri ilə davamlı işbirliyi və onların cinayət fəaliyyətini ört-basdır etmək ittihamları verilib. Baş Prokurorluğun iddiasına görə, Saakaşvilinin hökumətə qarşı aksiyalarını hazırda Rusiyada yaşayan sabiq prezident Viktor Yanukoviçin ətrafı maliyyələşdirir və məqsəd hakimiyyəti zorla ələ keçirməkdir.
Kiyevdə, Ukrayna Təhlükəsizlik Xidmətinin təcridxanasında saxlanan Saakaşvili tutulan gündən aclıq aksiyası keçirib.
Ukrayna Təhlükəsizlik Xidməti və Baş Prokurorluq əməkdaşlarının dekabrın 5-i Kiyevdə tutduğu Saakaşvilini tərəfdarları aparıldığı avtomobildən çıxarıb azad etmişdilər.
50 yaşlı Saakaşvili 2004-2013-cü illərdə Gürcüstanın prezidenti olub. 2013-cü ildə ölkəsini tərk edib. Gürcüstanda onun haqqında bir neçə cinayət işi qaldırılıb.
2015-ci ildən Ukraynada yaşayan sabiq prezident bu ölkədə vətəndaşlıq alıb, həmin il Odessa vilayətinin qubernatoru təyin edilib.
2015-ci il dekabrın 4-də Saakaşvili Gürcüstan vətəndaşlığından məhrum edilib. Buna əsas kimi Saakaşvilinin başqa ölkənin vətəndaşlığını qəbul etməsi göstərilib.
2016-cı il noyabrın 7-də Saakaşvili Ukrayna prezidenti Poroşenkonu korrupsionerləri himayə etməkdə günahlandıraraq Odessa qubernatoru vəzifəsindən istefa verib və noyabrın 10-da postundan azad edilib.
2017-ci il iyulun 25-də Poroşenko Saakaşvilini vətəndaşlıqdan çıxarıb. Buna Saakaşvilinin vətəndaşlıq alarkən anketdə həqiqətə uyğun olmayan məlumatlar göstərməsi əsas gətirilib.
Bir müddət Avropada dolaşan Saakaşvili Ukrayna vətəndaşlığından çıxarılması ilə barışmayıb. Sentyabrın 10-da Saakaşvili bir qrup tərəfdarı ilə Polşa-Ukrayna sərhədində sərhədçilərin və polis əməkdaşlarının qurduğu sipəri yararaq ölkə ərazisinə keçib.
O, Yeni Qüvvələr Hərəkatı yaradaraq Ukrayna hakimiyyətinə qarşı mübarizə aparır, növbədənkənar seçkilərə çağırır, Poroşenkonun istefasını tələb edir.