Qarabağ ili – Azərbaycan dərdi (3)
“KQB-MTN… Görünən dağın bələdçiliyi” silsiləsinin əvvəlki bölümləri:
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15
İlham İSMAYIL
Qaçqınların sayı artırdı. Daha çox Xanlar rayonuna gəlirdilər. 1948-ci ildə Vedidən, Göyçədən zorla köçürülən soydaşlarımızın çoxu Xanlarda məskunlaşmışdı. İndiki qaçqınlar da o yerlərdən gələnlər idi və yerlilərinə, qohum-əqrəbalarına pənah gətirmişdilər. Hələ ki, gərginlikdən baş götürüb gələnlər birdəfəlik köçmək qərarında deyildilər, fikirləşirdilər ki, vəziyyət düzələcək, geri qayıdacaqlar. Amma vəziyyət hər iki respublikada yüksələn xətt üzrə gərginləşməkdə davam edirdi.
Xanlarda ilk günlərdən tam milli mövqeyim hamıya – məmurlara da, əhaliyə də bəlli idi. Hadisələr zamanı etiraz edənləri milisin tutmasına, hədələməsinə imkan vermirdim. Gənclərin hörmət etdikləri, eşitdikləri liderlərlə tez-tez görüşürdüm. Gəncədən sonra Xanlarda mitinq etmək istədiklərini məhz mənimlə məsləhətləşdilər. Vacibliyini deyib, yer kimi Rayon İcraiyyə Komitəsinin qarşısını göstərdim.
Fevralın sonuncu günü 500-ə qədər insan İcraiyyə Komitəsinin qarşısına toplandı. Sədr Ruben Daşyana mitinqçilərə görünməməyi deyib aksiyaya qoşuldum. Heç kəs çıxış etmir, birinci katibin gəlməsini, vəziyyət barəsində məlumat verməsini tələb edirdi. Birinci katib gələnə qədər mitinqçilərin qarşısında 10 dəqiqə çıxış etdim. Son sözlərim belə oldu: “Bu yolda ölüm varsa öləcəyik, birinci də mən olacam”.
Xeyli alqışdan sonra birinci katib Qərib İsgəndərovun gəldiyini və çıxış etmək istədiyini dedilər. Katib binanın eyvanından xalqlar dostluğundan, kəndlərindəki Yequş adlı erməni arvadın toylarda necə oynamağından danışıb dağılışmağa çağırdı. Mitinq təşkilatçıları mənə baxanda başımı tərpədib razılığımı bildirdim. Aksiya dağıldı.
Katib təkəbbürlə necə çıxış etdiyini soruşanda raykom işçilərindən biri “Tarixi çıxış oldu” deyib miskin bir görkəm aldı. Erməni Daşyan isə düzünü dedi: “Ara, İlham müəllim olmasa, onlar gedən deyildi”.
Səhərisi gün rayon prokurorluğunun müstəntiqi, əslən ağcabədili Şəmşir Əliyevlə (bu yaxşı insanın taleyi faciəli oldu, Samux rayonuna prokuror təyin olunan Şəmşir müəllimi güllə ilə vurdular), sovxoz direktoru, əslən ağdamlı Şəmil Mustafayev (bir ara baş naziri əvəz etmiş Feyruz Mustafayevin qardaşı) mənimlə görüşdülər. Şəmil müəllim: “Sənin dünənki çıxışını mənə gəlib dedilər, Şəmşirlə danışdım ki, mütləq səni görməlyəm. Sənin kimi yerlimizlə fəxr edirik” dedi. Şam etdik, xeyli dərdləşdik.
Bunu ona görə yazıram ki, DTK işçisi çətin vəziyyətlərdə xalqın yanında olanda, milli mövqeyini açıq bildirəndə təkcə özünə yox, təmsil etdiyi təşkilata da hörmət gətirirdi. DTK işçilərinin kosmopolit, quru, xalqdan uzaq olması barədə cəmiyyətdə formalaşmış fikirlər, stereotiplər o dövrdə tək mənim yox, bir çox əməkdaşımızın konkret əməllərində dağılırdı.
Sumqayıt hadisələrindən sonra Moskvanın bir qədər sərt tədbirləri, bir neçə nəfərin həbs edilməsi nisbi sakitlik yaratmışdı. Ermənistandan isə ara-sıra qaçqınlar gəlməkdə davam edirdi.
Mayın 18-də Bakıda izdihamlı mitinq oldu. Tələbə gənclərin bu etirazı millətdə yeni ruh yaratmışdı. Cəmi üç gün sonra respublika rəhbərliyi dəyişildi. Əbdürrəhman Vəzirov Mərkəzi Komitənin birinci katibi oldu. Bu, sadəcə, Kamran Bağırovun işdən azad edilməsi deyildi, 20 illik kadr siyasətinin, ictimai münasibətlərin dəyişməsi, yeni mərhələnin başlanğıcı idi.
Kadr dəyişikliyi özünü çox gözlətmədi. Partiya məmurları ilə yanaşı DTK rəhbərliyi də dəyişildi. Avqust ayında 8 il Azərbaycan DTK-nın rəhbəri olmuş general-leytenant Ziya Yusifzadə vəzifəsindən azad edildi. Ziya Yusifzadə işdən çıxanda büroda bu sözləri demişdi: “Qarabağ hadisələrinə görə məni ittiham edib çıxarmaqda səhv edirsiniz. Ox yaydan çıxıb, Qarabağ məsələsi kadr dəyişikliyi ilə həll olunmur, təəssüf ki, bu çox çəkəcək”.
Bu məlumatı rəisimiz söhbət zamanı bizə demişdi.
Moskva Azərbaycan DTK-ya İvan İvanoviç Qorelovskini sədr göndərdi. Qorelovski peşəkar çekist olsa da, Azərbaycana hədsiz yad adam idi, xüsusilə milli məsələlərin həssas dönəmində bu, düzgün təyinat deyildi. Qorelovski mitinqdə çıxış edən Azərbaycan şairinin, ziyalısının xalq arasında hansı nüfuza malik olduğunu haradan biləydi? Onun nəzərində Bəxtiyar Vahabzadə də, Ermənistandan qovulan qaçqın da təxribatçı idi. Zaman, hadisələr elə sürətlə dəyişirdi ki, bu adamın bizi tanımağına vaxt yox idi.
Qorelovski şəxsən mənim yadımda heç nə ilə qalmayıb, çünki hansısa təşəbbüs, erməni separatizminə qarşı kəskin addım, mövqe belə nümayiş etdirə bilmədi. Onun Azərbaycandakı fəaliyyəti sanki qısa müddətə ezamiyyətə gəlmiş adamın işi təsirini bağışlayırdı. Yadımda onunla qaldı ki, Gəncəyə gələndə şöbənin bufetində nahar etdi və nahar hesabını cibindən 1 rubl 20 qəpik çıxarıb özü ödədi. Bu bizdə xoş təəssürat oyatmadı, əksinə, süni təsir bağışladı.
***
Sentyabrda məzuniyyətə çıxdım. Yaltada, Moskvada olduq. Ölkədə ərzaq və başqa malların qıtlığı başlamışdı. Normal sabun tapmaq problem idi. Geri qayıdan vaxt Moskvadan xeyli sabun alanda satıcı qadın: “Yoxsa müharibə başlayır?” deyib təəccüblə üzümə baxmışdı. Hələ SSRİ mövcud idi və cəmi 3 ildən sonra dağılacağını nə satıcı qadın, nə də mən ağlımıza belə gətirmirdik.
Moskvada olanda SSRİ DTK sədrinin dəyişildiyi xəbəri verildi. Birinci Baş İdarənin, yəni Xarici Kəşfiyyat İdarəsinin rəisi Vladimir Kryuçkov yeni sədr təyin edilmişdi. Kadrlar da, ölkə də sürətlə dəyişirdi.
1988-ci ildə payızın ortalarında yalnız Ermənistandan deyil, Qarabağın özündən, konkret olaraq Stepanakertdən soydaşlarımızın qovulmasının yeni dalğası başlandı. 1988-ci ilin 17 noyabrında Bakıda başlamış fasiləsiz mitinqlər dekabrın 4-dək davam etdi. Bu mitinq həqiqətən millətin dirçəlişi idi. Bakıdakı prosesləri Gəncədən izləyirdik. Hələ ki, Gəncədə heç bir kütləvi tədbir keçirilmirdi. Düzü, bu məni çox əsəbləşdirirdi. Niyə Gəncə də ayağa qalxmır? Elə bu fikirlərlə şəhərin mərkəzi poçtuna gəlib Bakı meydanına teleqram vurdum, həmrəy olduğumu bildirdim.
Açığı, indi o çılğınlığıma bəraət qazandırmıram. Mənim statusumda olan xüsusi xidmət orqanı işçisi bunu açıq etməməli idi, amma millətin o günlərdə yaşadıqlarına, baş verən hadisələrə soyuqqanlı qala bilmirdim və artıq əməliyyat müşavirələrində belə Moskvanın ermənipərəst mövqeyini tənqid edirdim. Rəisimiz artıq mənim mövqeyimə adət etmişdi, dediklərimin özünün də ürəyindən olmasına baxmayaraq hər dəfə sözümü kəsirdi.
Bir dəfə də məni tək qəbul edib dedi: “Elə bilirsən mən nəyin düz, nəyin əyri olduğunu bilmirəm? Nə hər dəfə “Moskva düz eləmir” deyirsən? Yanında da Moskvanın adamları oturub”.
O, iki rus əməkdaşımızı – Fatkin və Vasilyevi nəzərdə tuturdu.
Teleqramın səhərisi günü rabitə sisteminə kuratorluq edən əməkdaşımız Azər Əliyev kabinetimə gəldi. Teleqramı qarşıma qoyub: “Mən səni başa düşürəm, amma məsləhət bilmirəm” dedi.
Teleqram göndərilməmişdi, amma iş yoldaşım bu barədə heç kimə danışmadı.
(Ardı var)