Mərhum şair Əli Kərimin oğlu, filologiya elmləri doktoru Paşa Əlioğlu noyabr ayının sonunda prezident İlham Əliyevə müraciət edərək Göyçayda atasının adını daşıyan parka başqa ad verilməsi məsələsindən şikayət etmişdi. Paşa Əlioğlu qeyd etmişdi ki, Əli Kərimin parkın girəcəyində qoyulmuş heykəli götürülərək parkın küncünə atılıb. Şairin oğlu vurğulamışdı ki, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə Əli Kərimin qəbrini də parkdan köçürmək fikrindədir.
Əli Kərim (Əli Paşa oğlu Kərimov) 1931-ci il martın 18-də Göyçay şəhərində anadan olub. O, 1969-cu il iyunun 30-da Bakıda vəfat edib, Göyçayda dəfn edilib. Sovet dövründə şairin xatirəsini əbədiləşdirmək məqsədilə onun məzarı ətrafında park salınıb, parkda heykəli ucaldılıb.
Dekabrın 4-də AZƏRTAC belə bir məlumat yayıb ki, Göyçayda Əli Kərim adına şəhər parkı əsaslı şəkildə yenidən qurulur və iş yekunlaşmaq üzrədir. Xəbərdə qeyd olunub ki, parkın ərazisində göyçaylı şairlər Əli Kərim, İsgəndər Coşqun və Əli Səmədlinin məzarları bərpa olunub, ətrafı abadlaşdırılıb, Əli Kərimin heykəli parkın mərkəzinə gətirilərək ətrafına mərmər döşənib.
Novator.az dekabrın 5-də Paşa Əlioğlu ilə əlaqə saxlayıb. Paşa Əlioğlu bildirib ki, parkdakı son durumla bağlı məlumatlı deyil: “Gündə rayona gedib-gəlmək imkanım yoxdur. Axıncı dəfə noyabrın 25-də rayonda olmuşam, gördüyüm mənzərənin hamısını lentə alıb gətirmişəm. Qəbirlərin üstü örtülmüşdü. Əli Kərimin heykəlinin yeri dəyişdirilib və bu, parkda attraksion qurmaq məqsədilə edilib. Qəbrin həmin ərazidən götürülməsi planı da vardı.
Cənab prezidentə şikayətimdə onu da bildirmişdim ki, park Əli Kərim adına olsa da, orada bunu təsdiqləyəcək heç bir yazı yoxdur, sadəcə “Göyçay şəhər parkı” yazılıb. AZƏRTAC-ın yaydığı məlumatdan, ümumiyyətlə son günlərdəki vəziyyətdən isə xəbərsizəm, nə dəyişiklik olduğunu gedib görmək lazımdır”.
Qeyd edək ki, AZƏRTAC-ın yaydığı xəbərdə park “Əli Kərim adına şəhər parkı” kimi təqdim olunur. Amma fotoşəkillərdə bunu təsdiqləyən bir əlamət yoxdur. Əksinə, parkın girişindəki otluqda iri ağ hərflərlə belə yazılıb: “Göyçay şəhər parkı”. Bu, Əli Kərim adına şəhər parkı deməkdirmi? Üstəlik, fotolar Əli Kərimin heykəlinin parkın mərkəzinə gətirildiyi xəbərini təkzib edir. Heykəlin harada olduğu şəkillərdən aydın görünür…