Qarabağ ili – Azərbaycan dərdi (2)
“KQB-MTN… Görünən dağın bələdçiliyi” silsiləsinin əvvəlki bölümləri:
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14
İlham İSMAYIL
Şuşaya heç vaxt qışda gəlməmişdim. Qarlı dolamaları çıxdıqca mənzərəyə baxır, amma narahatlığım ləzzət almağa qoymurdu. Birbaşa milis şöbəsinə gəldim. Rəis yox idi, birinci katib Niyaz Hacıyevin də Stepanakertdə iclasda olduğunu bilirdim. Şəhərdə sakitlik idi, adi gününü yaşayan kimi görünürdü və açığı, bu sakitlik məni əsəbiləşdirirdi. Camaatın aşağıda – Stepanakertdə nələr baş verdiyindən xəbərimi yoxdur?
1983-cü ildə tanış olduğum İlhami Cəfərsoylunu axtardım, milis işçilərindən biri evini tanıdığını deyib məni ora gətirdi. Qapını döydüm, İlhami qapını açanda yarıyuxulu vəziyyətdə idi. Yarızarafat, yarıciddi “Şuşanı Ermənistana veriblər, sən də yatırsan?” dedim.
İlhamini də götürüb mədəniyyət evinin qabağına – meydana gəldik. Artıq adamlar burda da topa-topa yığışırdı. Dünənki mitinqdən, daha çox Moskvanın nə deyəcəyindən danışılırdı. Açığı, o zaman hamı Moskvanın ağzına baxırdı və ümidli idi ki, Moskva Qarabağı verməz.
Camaatın içindən bir nəfərin bərkdən dediyi sözlər indiki kimi yadımdadır: “Ə, kim qorxursa getsin girsin arvadının tumanının altına, mənim bir baltam var, onu da götürüb gedirəm aşağı”.
Məni camaatı sakitləşdirməyə göndərmişdilər, amma bu sözlər mənə ləzzət elədi, camaatın da səsi bərkdən çıxmağa başladı. Başıma xeyli adam toplaşmışdı, Stepanakertdən, büro iclası getdiyindən danışırdım. Açıq deyə bilmirdim ki, camaat etiraz mitinqi keçirməlidir.
Bu vaxt bir oğlan yaxınlaşdı: “İlham müəllim, bəlkə uvertüranı səsləndirim, camaatda bir ruh qalxsın?”
Ürəyimdən olsa da, “Özünüz bilərsiniz” dedim.
Bu vaxt birinci katib Niyaz Hacıyev gəldi, camaat onun ətrafına yığışanda katib büro iclasından gəldiyini, Moskva ilə danışıldığını və heç bir torpaq verilməsindən söhbət belə getmədiyini deyib toplaşanları sakitləşdirirdi ki, milis rəisi Ələmdar Tağıyev meydana gəldi, katibi görmürdü, camaata səslənib “Dağılışın, dağılışın” dedi.
Yavaş-yavaş adamlar çəkilirdilər. Ələmdar müəllimə yaxınlaşıb özümü təqdim etdim, şöbəyə getdik. Qaranlıq düşmüşdü. Vəziyyətdən, baş verənlərdən danışıb milis işçilərini topladıq, bəzi tapşırıqlar verib Malıbəyli kəndinə getməyi qərara aldıq. Məlumat gəlmişdi ki, ermənilər kəndə hücum etmək istəyirlər.
Malıbəyli mənim üçün doğma kənd sayılırdı. Birinci sinifdə mənə əlifba öyrədən müəllimim Bəşir Teymurov bu kənddən idi, ən əsası tələbə yoldaşım, dostum, Malıbəylidə toyunda olduğum Vasif Quliyevin kəndi idi. Ələmdar müəllim həm də məktəb direktorunun axşama yemək hazırlığı gördüyünü dedi.
Kəndə yaxınlaşanda əlisilahlı kənd cavanları bizi saxlatdı. Yerə düşüb söhbət etməyə başlayanda bir oğlan “İlham, qardaş, sən nə gəzirsən burda?” soruşdu. Tanıdım, əlində təklülə tüfəng tutan oğlan Vasifin qardaşı Ziyad idi. Camaatın ayıq-sayıqlığı mənə xoş gəldi.
Gecə İlhamigildə qaldım. Ertəsi gün günortaya yaxın Şuşanı tərk etdim. Nə biləydim ki, Şuşanı uzun müddətə – ən azı bu sətirləri yazana qədər bir daha görməyəcəm. Şuşanı görmək ümidi ilə yaşayır, Şuşa uğrunda döyüşmək istəyi ilə qocalıram. Şuşanı alacağıqmı, Şuşa bizim olacaqmı? Olacaq! Bu ümidlə ölə də bilərəm. Bir gün də Şuşanı əbədi itirməyimizə inanmıram!
Dolamalarda içi milis işçiləri ilə dolu olan avtobuslar vardı. Maşınlar da, içindəkilər də çox tanış idi. Gəncə milis işçiləri üç avtobusla dolamalarda idilər. Çox sevinirdim, maşından enib Gəncənin Nizami Rayon Milis Şöbəsinin rəisi İbrahim Quliyevlə görüşdüm. İbrahim müəllimin üzündəki təlaş, həyəcan heç vaxt yadımdan çıxmaz: “Qardaş, sizdə məlumat olmamış deyil, doğrudan Qarabağı verəcəklər?”
Mən axşam Moskvadan gələn xəbəri, Bakının da, Vilayət Partiya Komitəsi Bürosunun da torpaq verilməsinin əleyhinə olduğunu danışdım. İbrahim müəllim “Vallah, əmr versinlər, bu saat bunları qovub çıxaraq” deyib bir az sakitləşdi.
Biz o vaxt dəmiri isti-isti döyə bilmədik.
Stepanakertə gedib Nəriman İmranovla görüşdüm, ümumi məlumat verdim. Gəncəyə qayıtmağımı tapşırdı. Çox narahat idi, elə mən də.
Gəncəyə gələndə möhkəm soyuqlamışdım. Şuşanın sərt havasına alışqan olmadığım özünü göstərdi.
İki gündən sonra işə çıxdım. Ermənistandan ilk qaçqınlar düz şöbəmizə gəlmişdilər. İki qadın qohum-əqrəba ilə canlarını birtəhər qurtardıqlarından danışırdı. Bu, başlanğıc idi.
Fevralın 19-da Bakıda mitinqin olması bizi sevindirirdi. Miqyası Xankəndidəki erməni millətçilərinin keçirdiyi mitinqdən kiçik olsa da, bu, bir tərpəniş idi.
İlk kütləvi etiraz elə Qarabağda – Ağdamda oldu. Fevralın 22-də Bərdədən, Tərtərdən Qarabağın başqa rayonlarından Ağdama xeyli insan toplaşmışdı. Toplaşanlar Əsgəran istiqamətində hərəkət edəndə bizim şöbəyə xəbər gəldi ki, Gəncədən də Ağdama gələnlər olsa qarşısı alınsın. Rəisimiz vəziyyəti izah edəndə üzünü mənə tutdu:
– Sən bilərsən, Bərdə camaatı belə aqressivdir yəni? Yüzdən çox maşın, 7 “İkarus“ adam təkcə Bərdədən gedib.
– Bərdəlilərin əksəriyyətinin əsli-kökü Şuşadandır. Yəqin bu da rol oynayır.
Həmin gün Stepanakertə üz tutan camaatın qarşısını dövlət orqanları çətinliklə ala bilmişdilər. Raykomun birinci katibi Sadıq Murtuzayev Seyid Lazım ağanı çağırıb kömək istəmişdi. Xuraman Abbasovanın yaylıq atması da rol oynamışdı. Xuraman xanımın bu yaylıq atması Moskva mətbuatında xeyli yazıldı. Bir neçə ay keçmişdi, “Literaturnaya qazeta”da Yevgeni Yevtuşenkonun şeirlərindən biri də Xuraman xanımın yaylıq atmasına həsr olunmuşdu. Şeirin məzmunu belə idi: “Xanım, at örpəyini Fələstinlə İsrail arasına, at örpəyini Nikaraquaya, at örpəyini bu dünyaya. Bu dünyanın sənin örpəyinə ehtiyacı var”…
Qarabağ camaatının ilk kütləvi etirazının olduğu elə həmin gündən sonra respublikada kütləvi etirazlar başladı, böyüyüb milli azadlıq hərəkatına çevrildi.
Prokurorluq, məhkəmə, milis orqanlarından olan qarabağlı dostlarımla hər gün işdən sonra görüşüb vəziyyəti müzakirə edirdik. Stepanakertdə deputatlar vilayətin Ermənistanla birləşməsinə qərar vermişdilər. Səhərisi gün Siyasi Büro bu qərarı pislədi, respublika ərazilərinin dəyişdirilməsinin qəbuledilməzliyini bildirməklə yanaşı vilayətin inkişafı üçün əlavə tədbirlər görməyi vacib hesab etdi.
Sumqayıtda baş verən hadisələr günü Gəncədə də kütləvi iğtişaşlar başladı. İlk olaraq cavanların çoxluq təşkil etdiyi kütlə dəmiryolu vağzalı yaxınlığında marşal Baqramyanın büstünü söküb maşının arxasına bağladı. Büstün içi boş olduğundan asfalta dəyib gurultu qoparırdı.
Şəhərin küçələrində etiraz edənlərin sayı artırdı, ermənilərin kompakt yaşadığı “vtoroy çast” deyilən hissəyə, xüsusilə erməni kilsəsinə gedən yollara hərbiçiləri, milis qüvvələrini yerləşdirib təxribatların qarşısını almağa çalışırdıq. Gecə saat 10 radələrinə baxmayaraq sakitləşmə hiss olunmurdu. Təxminən iki min nəfər Lenin meydanının qarşısından keçəndə heykəlin postamentinə çıxıb “Ay camaat, Sizə vacib xəbərim var” qışqırdım. Kütlə bu sözə bəndmiş kimi heykəlin ətrafına cəmləşməyə başladı.
Şəhər komsomolunun birinci katibi, bir neçə partiya məmuru da orda idi. Üzümü onlara tutub təklif etdim ki, kütləni sakitləşdirmək üçün çıxış edin. Hamısı imtina etdi.
Əlimdə “Azərbaycan” jurnalının 2-ci nömrəsi vardı. Jurnalı Bəxtiyar Vahabzadə və tarixçi alim Süleyman Əliyarlının birgə yazdığı məqaləyə görə götürmüşdüm. Məqalə Aqanbekyana cavab kimi yazılmışdı və o dövr üçün sıradan bir yazı deyildi. Jurnal əlimdə postamentə çıxıb birinci özümü təqdim etdim ki, heç kəsdə başqa fikir yaranmasın. Sonra Qarabağı heç zaman verməyəcəyimizdən, Bəxtiyar Vahabzadənin məqaləsindən danışıb əlavə etdim: “Bizdə məlumat var ki, hərbiçiləri, tankları, əsgərləri şəhərə yeridəcəklər. Mən istəmirəm ki, gənclərimiz qurban olsunlar. Sakit olun, respublikanın rəhbərliyi hər şeyə nəzarət edir”.
Son sözlərimi yalan deyirdim. Tanklar çıxası deyildi, vəziyyətə də nəzarət itirilmişdi.
Ekstremal situasiyada şəhər rəhbərliyi də nə edəcəyini bilmirdi. Mən sözümü bitirəndə məscid tərəfdən kimsə uşaqları səslədi, əksəriyyəti yeniyetmə olanlar “ura” deyib səs gələn tərəfə qaçdılar.
O günləri yada salanda hərdən deyirəm ki, Gəncədə ilk mitinqin təşkilatçısı, çıxışçısı mən olmuşam, həm də təkcə Gəncənin yox.
(Ardı var)