Yaddaşımın küncündə bu anlar da yaşayır… (9)
Silsilənin əvvəli: 1 2 3 4 5 6 7 8
Şakir YAQUBOV
…Yenə 67-ci ilə qayıdıram. İyun arxada qaldı, iyul yarılandı, lakin mənim orta məktəb attestatımdan soraq çıxmadı. Uşaqların hamısı attestatını almış, təhsilini davam etdirmək istəyənlər sənədlərini nəzərdə tutduqları texnikum və institutlara vermişdilər.
Gərək ki, iyulun 28-i, ya 29-da atam əsəbi halda evə gəlib direktor Nəsrulla müəllimin kənd tibb məntəqəsinə zəng vurduğunu və attestat almaq üçün mənim Maarif Nazirliyinə getməli olduğumu üzrxahlıq edə-edə bildirdiyini söylədi…
Əlac yox idi. Axşamı qatarla Bakıya yola düşdük.
Dəmiryol vağzalı meydanından gözlə görünən Hökumət evinə piyada gəldik. Nazirlikdə elə birinci kabinetdə nə üçün gəldiyimizi biləndə kimə müraciət eləməli olduğumuzu dedilər – orta məktəblər üzrə nazir müavini filankəs yoldaşa…
Qəbul otağında beş-on dəqiqə gözlədikdən sonra nazir müavini bizi qəbul elədi. Haradan gəldiyimizi və ad-soyadımı bilən kimi stolun üstünə iki qovluq qoydu.
– Heç güman eləməzdim ki, sizdə uşaqların da işinə bir belə qarışırlarmış, – nazir müavini sözə başladı. – Burda 100-dən çox məktub var, hamısının da məzmunu budur ki, Şakir Yaqubovun atası məktəb direktoruna filan qədər pul verib ki, oğluna medal alsın…
Biz burda sənədləri diqqətlə yoxlamışıq. Məlum olub ki, direktorun heç bir müdaxiləsi olmadan bu uşağa qızıl medal düşür. Üzr istəyirəm, elə geyim-keciminizdən də görünür ki, siz bu məktublarda deyilən məbləğdə pulu vermək gücündə də deyilsiniz…
Maraqlısı o idi ki, erməni olan – indi adını-soyadını unutmuşam, məlumat xarakterli mənbələrdə nə qədər axtarsam da, rast gəlmədim – bu nazir müavini bizimlə təmiz Azərbaycan dilində danışırdı, görünür, kənddən gəldiyimizi əsas götürərək hətta rus dilində danışmağı da yersiz sayırdı:
– Biz burda belə qərara gəldik ki, bu məktub müəlliflərini susdurmaq üçün sizin yazılı imtahan qiymətlərinizə əl gəzdirək… Baxın, burda Azərbaycan dili və ədəbiyyat fənnindən və riyaziyyatdan yazılı imtahan qiymətinizi 5-də 5-dən 4-də 4-ə endirmişik ki, sizə medal verməyək. Bununla da bu donos həvəskarlarının ağzını yummuş oluruq…
Qaldı ki, sizin attestat məsələniz. Attestatı burda yazıb doldurmuş və möhür vurmuşuq, bircə imzalanması qalır. Buyurun, götürüb gedin rayona, imzalatdırın və istədiyiniz instituta verin, yaxşı ki, hələ iki gün vaxtınız var…
Mübahisə-müzakirə açmağın, etiraz eləməyin yeri deyildi: nazirliyə qarşı yeganə iradımız vaxtla bağlı ola bilərdi ki, bu da indiki halda heç nəyi dəyişdirmirdi.
Atam hansısa otaqda attestatı aldığı barədə uçot kitabına qol çəkdi və biz suyu süzülə-süzülə Hökumət evini tərk etdik.
Nə etməli? Bütün günü gözləyib gecə qatarla rayona qayıtmalı və attestatı məktəb direktoruna, 2-3 müəllimə imzalatmalımı, yoxsa?!. Əslində qiymətlərin yazıldığı və Maarif Nazirliyinin (!) möhürü ilə təsdiqləndiyi attestatda orta məktəb direktorunun və müəllimlərin imzalarının olub-olmaması heç nəyi dəyişdirmirdi. Ona görə də mən ömrümdə ilk və yeganə saxtakarlığı elədim: atama dedim ki, direktorun da, müəllimlərin də əvəzinə attestata özüm imza ataram və problem də bununla həll olunar…
…Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) birinci mərtəbəsində, giriş qapısından sağda və solda sənəd qəbulu üçün yerlər vardı. Həmin gün sənəd qəbulu pəncərələrinə yaxınlaşmağın özü də bir hünər tələb edirdi. Və mən – adətən utancaq, hər cür fiziki çətinliyin qarşısında mübarizəyə qoşulmadan geri çəkilən oğlan birdən-birə qəhrəmana döndüm: özümə söz verdim ki, bu gün sənədlərimi hökmən təqdim edəcəyəm. Ancaq hara, hansı fakültəyə?..
Humanitar fakültələr üzrə sənəd qəbulunun təxmini rəqəmlərini öyrəndikdən sonra… sənədlərimi tarix fakültəsinə verməyi qət elədim. Güman eləyirdim ki, burada imtahanlardan keçərəm…
Uzun prosesin yekununu qeyd eləməyi vacib sanıram: mən tarix fakültəsinə sənəd verən 978-ci abituriyent (bu rəqəm indiyəcən yadımdan çıxmır) oldum, üstəlik də burada 25 qəbul yerinə 18 nəfər iddiaçı-medalçı vardı. Yekunda tarixdən “4” və qalan fənlərdən “5” olmaqla topladığım 19 bal heç nəyə yaramadı.
Belədə kəndə qayıtmaq mənim üçün böyük rüsvayçılıq olardı. Cəmi bir fəndən – ədəbiyyat yazılı imtahanından “5” arzusuyla ali məktəbə hazırlaşan mən niyə jurnalistikaya deyil, tarixə sənəd verdiyimi heç kimə izah edə bilməzdim…
Bünyad Sərdarov küçəsiylə üzüaşağı, Kommunist (indiki İstiqlaliyyət) küçəsinə doğru addımlayarkən o vaxt İranın Bakıdakı konsulluğuyla üzbəüz həyətdəki Plan-Uçot Texnikumunun önündən keçəndə diqqətimi qəbul elanındakı bir şərt cəlb elədi: 8 illik təhsil üzrə şəhadətnaməsində bütün qiymətləri “əla” olanlar texnikuma imtahansız qəbul olunurlar…
Yadıma düşdü ki, mənim də 8 illik təhsil üzrə şəhadətnaməm özümdədir və bütün qiymətlərim də “5”dir. Ani olaraq bu məqamdan istifadə etmək ağlıma gəldi və fikrimi atama söylədim. Yazıq kişinin mənimlə razılaşmaqdan savayı özgə əlacı qalmamışdı…
Beləliklə, 67-ci il sentyabrın 1-dən mən Bakı Plan-Uçot Texnikumunun tələbəsi oldum. (İş elə gətirdi ki, aktiv istehsalat fəaliyyətimin son on ilini iqtisadiyyatla bağlı olan işdə – Auditorlar Palatasında, həm şöbə müdiri, həm də “İqtisadiyyat və audit” elmi-praktik jurnalının məsul redaktoru vəzifəsində keçirməli oldum. Onda ərki çatan tay-tuşlar iqtisadi sahədə biliklərə harada yiyələnməyimlə bağlı yersiz sual verəndə mən məhz texnikum faktını xatırladırdım.)
Sentyabrın 5-dən noyabrın 5-dək pambıq yığımında olduq – Bərdə rayonunun Mustafaağalı kəndində. Sonrası isə 40 nəfərə qədər çox maraqlı uşaqlar və müxtəlif xasiyyətli, müxtəlif bilikli müəllimlərlə dərs ilini başa çatdırdıq.
Onu da deyim ki, tələbə yoldaşlarımızın azı 15 nəfəri orta təhsilli məzunlar idi. İndi onlardan bəzilərini adbaad xatırlayıram: biləsuvarlı Səmidəli, Masallıdan Rəzzaq, qazaxlı Bahar, Qərbi Azərbaycandan Nərgiz, qubalı Əzim, dəvəçili Həqiqət… Onların çoxu elə 68-ci ilin may-iyun aylarında müxtəlif ali məktəblərin axşam və qiyabi şöbələrinə daxil oldular (universitetin və institutların qiyabi və axşam şöbələrinə qəbul imtahanları o vaxtlar məhz iyun-iyul aylarında keçirilirdi), texnikumda ikinci kursda oxuya-oxuya ali təhsil almağa başladılar.
Texnikumdakı bir illik təhsil məni qəzetlərə bağladı, teatr və kino vurğunu elədi. Təsəvvür edin: hər gün dərslər başlanmamışdan öncə 1 nömrəli poçt şöbəsinin yanındakı kioskun qabağında növbə tutar, yanaqlarından yağ daman əlil erməni Edikin səxavətiylə ən azı iki qəzeti alandan sonra dərsə qaçardım, orada isə mən və Səmidəli ilk iki dərsi altdan-altdan qəzet oxumağa sərf edərdik.
İki teatra – Akademik Dram Teatrına və Gənc Tamaşaçılar Teatrına uşaq abonement bileti almışdım: bu o demək idi ki, hər şənbə və bazar günləri bu teatrlarda hökmən bir tamaşaya baxa bilərdim. Ancaq bununla da kifayətlənmir, ən anşlaqlı axşam tamaşalarına da ayrıca biletlə getməyi özümə şərəf sanırdım. Belə tamaşalardan biri – Həsən Turabov və Amaliya Pənahovanın iştirakıyla İlyas Əfəndiyevin “Unuda bilmirəm” pyesi əsasında hazırlanmış tamaşa heç yadımdan çıxmır: təxminən bir ildən sonra həmin tamaşaya bir də baxanda “Araz səhnəsi”nin ixtisar edildiyinə əmin oldum; halbuki birinci il bu tamaşa məhz həmin səhnəyə görə inqilabi səciyyə daşıyırdı…
Kinoteatrlarda hər həftənin bazar ertəsi qarşıdakı 7 günün afişası asılırdı. Artıq elə bir vəziyyət yaranmışdı ki, növbəti bazar ertəsi kinoteatrları (“Azərbaycan”, “Araz”, “Vətən” və “Nizami”) gəzib repertuarda hansı filmlərin olacağını və hansına baxıb-baxmadığımı müəyyənləşdirirdim. Adətən kino və teatrlara tələbə yoldaşlarımdan birini “bişirib” gedirdim – ən çox da Səmidəlini, yaxud qonşu Şahağac kəndindən olan Məharəti və ya Sərək kəndindən olan adını unutduğum 8-ci sinif məzununu.
Texnikumda keçirdiyim bir il ərzində rastlaşdığım qəribə əhvalatlardan biri heç yadımdan çıxmır.
Ailə albomumda həmin əhvalata dəlalət edən iki fotoşəkil də var: çəkilib düz 68-ci il iyulun 5-də, indiki Fəvvarələr meydanında – o vaxtkı Karl Marks bağında, el dili ilə desəm, Parapet bağında.
Təxminən 5-6 nəfərlik skamyada oturublar: ağsulu balası, Bico kəndinin yetirməsi olan həmişəşən cavan oğlan, əsgərlikdən qayıtmış göyçaylı Vaqif Rəhimov, sinif nümayəndəsi Rəzzaq, Mehdiqulu müəllim, qrupda hamıdan yaşlı (yəqin ki, 40-a yaxın yaşı) olan ağdaşlı Məhəmməd və onun yanında adını unutduğum, yanvardan sonra bizə qoşulan cavan oğlan; skamyanın arxasında ayaq üstə dayanıblar: adını unutduğum qusarlı oğlan, Məharət, mən və yardımlılı Şərif.
O vaxt heyvandarlıqdan dərsimizin bir qismi praktik məşğələlərdən ibarət idi və bu məşğələləri də Buzovna südçülük sovxozunun fermasında keçməliydik. Bax elə bu şəkli də səhər-səhər, Buzovnaya yola düzəlmək ərəfəsində çəkdirmişik, görünür, uşaqların digər dəstəsini gözləyirik…
Kimlər gəldi, kimlər gəlmədi – önəmli deyil indi. Amma yadımdadır ki, ümumi dəstədə azı 6 qız da vardı – ikinci fotoşəkildə Mehdiqulu müəllimin yanında oturmuş Rəzzaq həmin qızları sinif jurnalında qeyd edir (fotoşəkildə yan-yana oturmuş üç qızdan sonra mən qərar tutmuşam: qızların biri qazaxlıdır, – gərək ki, Gülbadam, – nişanlısı Məmmədhüseyn də bizim qrupda oxuyurdu; üçüncü qızın soyadı Quliyevadır və o, Dübəndidən gəlirdi; ortada oturmuş qız isə – gərək ki, adı Ofeliyadır – orta təhsillilərdən idi, amma nə soyadı yadımdadır, nə də haradan olması).
Buzovna südçülük sovxozunun fermasına nəylə və necə getdik, fermada məşğələmizin mahiyyəti nədən ibarət oldu – bunlar indi o qədər də maraqlı deyil, maraqlısı odur ki, göydən alov yağdığı saatların birində Mehdiqulu müəllim təklif elədi ki, yaxınlıqdakı çimərliyə enib yüngülcə sərinlənək. Etiraz edən olmadı.
Onu da deyim ki, təxminən 60-65 yaşı olan, eni ilə uzunu tən gələn Mehdiqulu müəllim, rəhmətlik Səyavuş Aslan demişkən, subay idi və yanınca gəzdirdiyi çantasında bir günlük yemək-içməyi, o cümlədən Çin istehsalı olan 1 litrlik termosda hazır çayı da olardı. Ona görə də bu istidə dənizdə “nəfəs almaq” onun üçün lap göydəndüşmə bir şey idi…
Sahildəki qumsallıqda hamımız soyunmağa başladıq – qızlar bir tərəfdə, oğlanlarsa Mehdiqulu müəllim qarışıq o biri tərəfdə. Bu zaman heç gözləmədiyimiz hadisə baş verdi: müəllimimiz hətta alt tumanını da çıxarıb lüt-üryan qaldı!..
Özünün bu qeyri-adi hərəkətinə sanki haqq qazandırırmış kimi onun guya üstüörtülü dediyi sözləri mən indi də olduğutək yazmağa cürət etmirəm. Hər halda Mehdiqulu müəllimin bizi nudizmə təhrik etməsinin cavabı gözlənilən oldu: qızlı-oğlanlı hərə bir yana götürüldü – çimərlikdə bir özü qaldı, bir də yaşlı tələbə yoldaşlarımızdan kimlərsə…
(Ardı var)