İlham İSMAYIL
Həyat davam edir, şöbədə işlər öz axarıyla gedirdi. Yenidənqurmanın ikinci mərhələsi – “zəhmətsiz gəlirlərlə mübarizə” qərarı qəbul olunmuşdu. Respublikada bu istiqamətdə imitasiya xarakterli kampaniya aparılır, amma real mübarizə hiss olunmurdu. Zəhmətsiz gəliri iri miqyasda əldə edənlər yenə də öz işlərində idilər. DTK-ya real göstəriş, real tapşırıq faktiki olaraq verilmirdi.
Amma Moskva mətbuatında – “Oqonyok” jurnalında, ”Komsomolskaya pravda” qəzetində, ”Literaturnaya qazeta”da fərqli yazılar, araşdırmalar, tənqidi materiallar çoxaldıqca ölkədə ab-havanın dəyişdiyi açıq görünür, ideoloji baxımdan narazılıq bildirən adamların artdığını əməliyyat məlumatlarından hiss edirdik. Amma bu hələ oyanış deyildi.
Ölkədə ilk təlatüm 1986-cı ilin sonunda Qazaxıstanda baş verdi. Dinməhəmməd Kunayevin yerinə Qazaxıstan KP MK-nın birinci katibi vəzifəsinə Gennadi Kolbinin təyin edilməsi Qazaxıstanda kütləvi etirazla qarşılanmışdı. “Vremya” proqramında xəsisliklə verilən informasiya öz işini görmüşdü. Sovet cəmiyyətinə yad olan kütləvi etiraz baş vermişdi. Bu, başlanğıc idi, SSRİ-də mərkəzi hakimiyyətin – Moskvanın qərarına qarşı ilk kütləvi etiraz idi.
Qazaxıstan hadisələri həm siyasi, həm milli xarakterdə idi. Həmin hadisələrdən sonra SSRİ DTK 5-ci idarəsinin bizə gələn məlumatlarından məlum oldu ki, hadisələr zamanı 3 nəfər ölüb, min nəfər məsuliyyətə cəlb olunub. Ölkə dəyişirdi.
1987-ci il gəldi. Yanvarda illik regional hesabat yığıncağı Gəncədə keçirilirdi. DTK sədrinin müavini Namiq Abbasov hesabatlara qulaq asır, tənqidi qeydlərini söyləyirdi. Sonda Xoşməramlı Oyunlarda vəzifə borcunu layiqincə yerinə yetirdiyimə görə SSRİ DTK sədri Çebrikovun əmri ilə “Təşəkkür” elan olunduğunu söyləyib vəsiqəni mənə təqdim etdi.
Mayın əvvəlində şöbədə fövqəladə hadisə baş verdi. Ayın 3-nə keçən gecə saat 2-də ev telefonu zəng çaldı, rəisimiz idi və məni təcili şöbəyə çağırdı. 10 dəqiqəyə şöbədə oldum, rəisin otağına girəndə daha iki işçimiz orda idi.
Rəis Tsilibin və Rıbakovun avtoqəzada həlak olduqlarını dedi.
Bu iki əməliyyat işçisi şöbəmizə təzə xidmətə gəlmişdilər. Gəncə şöbəsində hər zaman iki rus, bir erməni əməliyyat işçisi olurdu. Sovet sisteminin müttəfiq respublikalarda apardığı siyasət idi bu – Mərkəzi Komitədə də, DTK-da, onun strukturlarında da.
May bayramını bizim rus əməkdaşlar sovet ordusundan olan kolleqalarımızla Xüsusi Şöbənin zabitləriylə keçirməyə, Kürün sahilində, Mingəçevir su anbarına balıq tutmağa gediblər. Mindikləri hərbi yük maşınının tormozları xarab olub, yüksəklikdən dərəyə aşıblar.
Tsilibin 10 yaşlı oğlunu da özü ilə balıq tutmağa aparıbmış, maşın dərəyə aşanda oğlunu xilas etmək üçün onu sinəsində sıxıb, zərbəni özü qəbul etmişdi.
Rıbakov da yerində həlak olmuşdu.
Gecə məlumat çatanda hələ düşdükləri dərədən meyitləri çıxara bilməmişdilər. Rəis, mən, mayor Əli Quliyev rəisin maşınıyla hadisə yerinə yollandıq. Gecə saat 3-də birtəhər hadisə yerini tapdıq. Hərbiçilər texnikanın köməyi ilə maşını və meyitləri çıxarırdı. Dəhşətli mənzərə idi.
Səhərə yaxın şəhərə qayıtdıq. Rəis Rəhman müəllim ən çətin vəzifəni – həlak olanların ailəsinə xəbər verməyi öz üzərinə götürdü və necə çətin olduğunu da dilə gətirdi.
Axşam əməliyyat müşavirəsi çağırıldı. Rəis Tsilibinin meyitini vətəninə – Perm şəhərinə aparmağı mənə həvalə etdi.
Rıbakovun meyitini Belqoroda aparmaq mayor Elbrus Nəzərova həvalə olundu.
Səhəri gün Tsilibinin həyat yoldaşı, oğlu və mən təyyarə ilə əvvəl Moskvaya, sonra Permə uçduq.
Tsilibinin atası, anası DTK-nın Perm Şəhər İdarəsinin əməkdaşları bizi qarşıladı. Səhər dəfn mərasimi oldu, qəbiristanlıq şəhərdən xeyli kənarda, Kama çayını keçəndən sonra bir meşəlikdə idi. Mitinq oldu və mən də çıxış etdim.
Qəbiristanlıqdan şəhərə qayıdanda birbaşa kafeyə getdik, yas adamları yemək yedilər və araq içdilər. Tsilibinin həyat yoldaşı mənə yaxınlaşıb üzr istədi ki, bu onlarda adətdir və bizim yaslardan xəbəri olduğu üçün mənim içməyəcəyimi mərhumun ata-anasına çatdırdı.
Perm Ural sayılır və burdan Şərqə – yəni Sibirə ilk və hələlik bu günədək son səfərim olaraq qalır.
Perm deyəndə yəqin əksəriyyətimizin yadına poçt konvertləri gəlir. Məktub konvertlərində “Пермская фабрика Гознак” yazıları vardı. Permdə vaxtilə Minskdə oxuduğum zabitlə görüşəndə həmin fabrik haqqında soruşmuşdum. Gülüb demişdi ki, o fabrik əsasən sovet kağız pul əsginazlarını, digər dövlət sənədlərini hazırlayır. Əlavə etmişdi ki, 1983-cü il sentyabrın 1-də vurulan Cənubi Koreya təyyarəsinə əvvəlcə iki raket atılıb, raketlər partlamayıb. Həmin raketlər Permdə hazırlanıb. Bu hadisədən sonra Moskvadan komissiya gəlib və nəinki zavodun rəhbərliyini, DTK-nın, şəhərin də rəhbərlərini işdən çıxarıblar.
Maraqlı faktlar idi.
İki gündən sonra Gəncəyə qayıtdım. Mayın sonunda DTK sədri Ziya Yusifzadə Gəncəyə gəlib əməliyyat müşavirəsi keçirdi. Sədr hər kəsin kabinetinə baş çəkib tanış olur, sorğu-sual edirdi.
Mənim kabinetimə daxil olanda özümü təqdim edəndən sonra rəis Permə mənim getdiyimi, dəfndə iştirak etdiyimi dedi. Yusifzadə Azərbaycan dilinə keçib xüsusi maraqla suallar verdi. Valideynləri səni necə qarşıladı? Yerli DTK ölümlə bağlı səni sorğu-sual etdimi? Bizim ünvanımıza kəskin sözlər işlətmədilər? Bu tipli sualları oldu. Cavablarım onu qane etdiyindən təşəkkürünü bildirdi.
Yusifzadə Gəncədə əməliyyat müşavirəsi keçirəndən sonra tələsik Bakıya döndü. Nə olduğunu bilmədik. Rəisimiz də bir söz demədi.
Axşam səbəb hamıya məlum oldu. SSRİ-ni şoka salan hadisə baş vermişdi. 19 yaşlı həvəskar alman təyyarəçi Matias Rust öz kiçik təyyarəsi ilə Qırmızı meydana enmişdi, bütün sovet hava hücumundan müdafiə sistemlərini keçməklə. Bu hadisə SSRİ-yə şapalaq idi. SSRİ zəiflədikcə onun sağ əli DTK da zəifləyir, əvvəlki nüfuzunu itirirdi.
***
İyunda toy hazırlıqları ilə məşğul idim. İyunun 27-də kənddə, həyətimizdə toy şənliyi oldu. O vaxtlar dövlət qulluqçuları toy mərasimlərini bir qədər sönük, az adamla qeyd edər, material yazılmasından, şikayətdən, anonimdən çəkinərdilər. Heç nədən çəkinmədim, imkanımdan da artıq, sağ dişli, sol dişli, bəy tərifli toy etdim. Ürəyimdən keçən hamını da toya dəvət etmişdim.
Bunu təmtərağa görə yox, ailəmizdə son 5 ildə baş verən itkilərdən (anam, dayım, qardaşım oğlu), yaslardan çıxmaq, evimizə, nəslimizə şənlik bəxş etmək üçün edirdim.
Toyu atamın, anamın adından edirdim, onlar sonbeşik toyu görmədilər.
Subaylıq bitdi. Artıq Gəncədə ikiotaqlı xidməti mənzil verilmişdi, təmir edib köçmüşdüm yeni mənzilimə.
Toydan bir həftə sonra Leninqrada getdik. Leninqradı ona görə seçmişdim ki, orta məktəbdə oxuyanda təhsil şöbəsindən respublikanın bir qrup şagirdini yay tətilində ora göndərmişdilər və mən bu şəhərə vurulmuşdum. Tələbə vaxtı da bu şəhərə gəzməyə getmişdim. Muzeylərlə zəngin bu şəhərdən aldığım zövqü həyat yoldaşımla bölüşmək istəyirdim.
Leninqraddan gəlib Şuşaya getdik, qardaşım Şuşada istirahət edirdi. Həmin yay qardaşımın “Şuşa və şuşalılar” yazısı çıxdı. Qardaşım yazıda Şuşanın Dağlıq Qarabağ Muxtar Vilayətinin tabeliyindən çıxarılıb birbaşa Bakıya tabe edilməsi məsələsini qoymuşdu. Hələ Qarabağ hadisələri başlamamışdı.
***
Məzuniyyət bitdi, iş başladı.
1987-ci ilin oktyabr ayının 21-də Heydər Əliyev Siyasi Bürodan, SSRİ hökuməti başçısının birinci müavini postundan azad edildi. Respublikada vəziyyət dəyişməyə doğru gedirdi.
Moskvada isə mətbuat sürətlə dəyişir, gizli saxlanılan keçmiş sovet eybəcərliyi açılıb tökülürdü. Artıq “Vzqlyad” verilişi fərqi ortaya qoymuşdu. Moskvada sürətli dəyişiklik hiss olunurdu.
Axtarışa baxan əməliyyatçı kimi mənə göndərilən informasiyalarda xaricdə yaşayan xeyli adamın axtarışı dayandırıldı. 140 nəfər dissident həbsdən, düşərgələrdən azad edildi. Bu adamların içində azərbaycanlı yox idi.
“KQB-MTN… Görünən dağın bələdçiliyi” silsiləsinin əvvəlki bölümləri:
1 2 3 4 5 6 7 8 9 10 11 12