Yaddaşımın küncündə bu anlar da yaşayır… (8)
Şakir YAQUBOV
Bir az əvvəl toylardan söz salmışdım. Bu mövzuda özümlə bilavasitə bağlı olan bir-iki faktı da qeyd eləməyi zəruri sayıram.
Azərbaycanda, xüsusən də Bakıda may ayında toy eləmək o qədər də “mod deyil”. Bunun yüz cür izahı var. Bəzi inanclara görə, may ayında toy olmamasının səbəbi yasəmənin bu vaxt çiçək açmasıdır. Yasəmən qədimdən bəri uğursuzluq simvolu sayılır. Bunu isə gülün adı ilə bağlayırlar. Necə deyərlər, yasəmən çiçəyinin mənası “ya sən, ya mən” deməkdir. Yəni həmin vaxtda toy eləsən, ya sən qalarsan, ya mən…
May ayında xeyir-bərəkət olmadığı da sadalanan səbəblər sırasındadır. Fikir vermisinizsə, xüsusən kənd yerlərində insanlar toyu payız aylarına, məhsulun bol vaxtına salırlar. Bu da toyun ucuz başa gəlməsi, qurulan ailənin ruzili-bərəkətli olmasına hesablanıb.
Ən əsası da rusların belə bir fikri ilə buna bəhanə gətirirlər ki, guya may ayı “myamlit” eləmək, yəni acizlik etmək, ağzıboşluq göstərmək, süstlük göstərmək, tərəddüd etmək ayıdır.
Bu hesabla mən düz 40 ildir “tərəddüd edirəm”, çünki toyum… mayın 1-də olub. Bunun qəribə səbəbi var.
Atam yataq xəstəsi idi və mən həmin ilin aprelində kənddə olanda bir növ ailə həkimimiz şahağaclı Avtandil (o, orta məktəbdə tarix müəllimim olmuş Tofiq Əsədovun qardaşıydı, Şiyəkəranda işləyirdi və başlıcası, savadlı oğlan idi) növbəti müayinədən sonra məni kənara çəkib kişinin uzağı bir-iki həftəlik ömrü qaldığını bildirdi.
Başqa əlac qalmamışdı: hələ “Azərbaycan gəncləri”ndə maaşlı işdə çalışmamağıma baxmayaraq gözləməyə dəyməzdi – mən də, qız da artıq neçənci il idi Bakıda kirayənişin ömrü yaşayırdıq və irəliləyişə heç bir güman görünmürdü; üstəlik, bunun aralıq bayramları və bu bayramlarda Astaradan Tovuzacan getmək, bayramlaşmaq problemi vardı (biz 76-cı ilin oktyabrında nişanlanmışdıq).
O basabasda azı 5 min rubl (o vaxt manat deyirdik) tapmaq, Tovuzda qız toyu eləmək, sonra gəlini Astaraya aparmaq və orada oğlan toyu eləmək lazım idi!
Sağ olsun dostlar, yaxın tanışlar! Kömək elədilər. Mən burada ovaxtkı Tibb İnstitutunun komsomol komitəsi katibinin (indi tibb elmləri doktoru, professor Surxay Musayevin) müavini Zabil Ələkbərovun ad-soyadını xüsusi qeyd etməliyəm: tibb elmləri namizədi olaraq uzun müddət Moskvada yaşayıb-işləyən bu gəncəli balası dünyanın düz vaxtında komsomolun üzvlük haqqından 3 min rublu uf demədən mənə borc verdi; bu, hər oğulun hünəri deyildi. Zabil bunu elədi və sonralar da bir çox məsələdə təmənnasız yardım əlini mənə uzatdı…
Daha bir maraqlı məqam gəlini Astaraya gətirdiyimiz vaxt baş verdi. Cəmi iki minik maşınıyla Tovuz-Kirovabad (Gəncə)-Yevlax-Bərdə-Ağcabədi-İmişli-Puşkin (Biləsuvar)-Cəlilabad-Astara marşrutu ilə qayıtdığımız vaxt hər ikimizin SOVET pasportunda nikahımız barədə qeydiyyat olmasına baxmayaraq, gərək ki, Bəhramtəpədə sovet sərhədçiləri gəlini Astaraya buraxmaq istəmədilər.
Əslində, onların buna tam haqqı vardı: o illərdə bizim tərəflərə – cənub bölgəsinə şose (maşın) yolu ilə Salyanın Şorsulu kəndi ərazisində, qatarla da təxminən elə o ərazilərdə qadağan zonası qoyulmuşdu; maşınla gedənləri Şorsuludakı sərhəd postunda düşürdüb növbəti maşınla geriyə yola salırdılar; qatarla gedənləri isə pasportlarını aldıqdan sonra səhər saat təxminən 9-da Lənkəranda düşürüb komendanturaya doldurur, o ərazidə hansısa qohumu peyda olanda qohumlarına təhvil verir, heç kimi olmayanları isə axşam saat təxminən 10-da yenidən qatara oturdub geriyə – Bakıya göndərirdilər.
Sovet hökumətinin qoyduğu sərhədyanı zona qadağası belə idi və bu qadağa barədə təlimat elə sovet pasportunun sonuncudan əvvəlki səhifəsində çap olunurdu; yerdə “zırpı” vəzifə sahiblərindən savayı heç kimin də bu qadağanı pozmağa səlahiyyəti çatmırdı. Biz belə bir vəziyyətdə ilişmişdik. Ona görə yalvar-yaxar, xahiş-minnətlə məsələni birtəhər rüşvətsiz (!) yoluna qoyduq. Kəndimizə isə aprelin 30-da axşam yetişdik.
Bu halda toyun may ayına düşdüyü barədə fikirləşməyə bir kimsənin heyi qalmamışdı… (Onu da deyim ki, Avtandil həkimin öncəgörməsi düz çıxmadı: atam deyiləndən düz dörd ay da artıq yaşadı…)
***
Toyumuzdan 3-4 gün sonra yaxın-uzaq kəndlərdən ayrı-ayrı tanışlar, qohumlar bizi – məni və gələcək uşaqlarımın anasını evlərinə, necə deyərlər, ayaqaçdıya dəvət eləməyə başladılar. Belə dəvətlər kifayət qədər yaddaqalan və macəralı oldu.
Məsələn, paytaxtdan səmimi münasibətdə olduğum görkəmli sənətkar, hazırda Azərbaycandan daha çox qardaş Türkiyədə tanınan əməkdar incəsənət xadimi, pedaqoq və teatr rejissoru Əflatun Nemətzadənin rayon mərkəzi xəstəxanasında cərrahiyyə şöbəsinin müdiri işləyən qardaşı Tofiq Nəhmətovun indiki Ərçivan qəsəbəsindəki evinə gedərkən Bakı-Astara magistral yolunun Pensər kəndindən keçən hissəsindəki sərhəd postunda saxlanılmağımız və doktor Tofiqin bizi “xilas etməsi” unudulan deyil.
Şiyəkəran kəndinə, Rza müəllimgilə gedişimiz isə faciəvi məqamına görə yaddaşımdan əsla silinməyəcək.
…Əsil bahar havasıydı, həyətdə, ağacların altında stollar düzülmüş, süfrə açılmışdı. Məclisdə Rza müəllimin yaxın qohumları, o cümlədən özündən kiçik qardaşı, kənddəki sovxozda tərəvəzçilik üzrə briqadir işləyən Səbzəli də iştirak edirdi və hətta məclisin əsas yönətiçilərindən biri idi.
Süfrə başında oturanlar müxtəlif məsələlərdən, ən çox da könül açan şeylərdən danışa-danışa plovun verilməsini gözləyirdilər. Elə bu məqamda ev sahiblərinə də tanış olmayan boy-buxunlu iki nəfər stolumuza yanaşdı. Səbzəlinin qulağına nəsə dedilər, o da öz növbəsində böyük qardaşına nəsə pıçıldadı və ağacların birindən asdığı pencəyini əyninə keçirib mənimlə gəlinə yaxınlaşıb harasa getməli olması ilə bağlı üzrxahlıq elədi…
Sanki hamı, hətta belə işlərdə gen-bol həyat təcrübəsi olan Rza müəllim də donub qalmışdı. Heç nəyə etiraz-filan olmadı, hətta yığnağın nə məqsədlə düzəldildiyi, qonaqlardan birinin “Azərbaycan gəncləri” qəzetinin Bakıdan gələn müxbiri olduğu (bu, o dövr üçün çox ciddi bir fakt idi!), süfrəyə elə bu məqamda plov veriləcəyi və plovun dadına baxmamağın günah olduğu da dilə gətirilmədi. Və Səbzəli iki nəfərin müşayiətiylə “gedər-gəlməz”ə yollandı…
Bu “gedər-gəlməz”in nə olduğunu açmağın məqamıdır.
Mənim bildiyimə görə, sovet hakimiyyətinin son 28 ilində Astara rayonunda 1 nömrəli vəzifəyə yerlilərdən cəmi iki nəfər təyin olunub – biri yeni idarəçilik sisteminə keçidin başlanğıcında, o biri isə 80-ci illərin sonunda, sovet hakimiyyətinin axır günlərində.
Astara 6 yanvar 1965-ci ildən etibarən yenidən müstəqil rayon kimi fəaliyyət göstərməyə başlayanda rayonun iqtisadi həyatının quruluşu dəyişdirildi: kolxoz sistemi ləğv edildi və onun əsasında sovxozlar yaradıldı, faraş tərəvəzçilik iqtisadiyyatda başlıca məşğuliyyət sahəsinə çevrildi.
69-cu ilin ortalarında rayon istehsalat idarəsinin rəisi, əslən Təngərüd kəndindən olan aqronom Məmmədağa İbrahimov rayona rəhbər təyin edildi.
Aradan illər keçib, kimin haqlı, kimin haqsız olduğunu sübut eləməyə nə imkanım, nə də həvəsim olduğu üçün eləcə eşidib-bildiyim faktlarla kifayətlənəcəyəm.
70-ci illərdə Astara rayonu bütün Sovet İttifaqında (Moskvada nəşr olunan “Literaturnaya qazeta”nın sayəsində) “Pomidor işi” ilə məşhurlaşmışdı: guya uzun illər boyu rayondan boş vaqonları məhsul dolu vaqonlar kimi rəsmiləşdirib SSRİ-nin müxtəlif yerlərinə yola salır və banklardan çox iri məbləğdə pulları qamarlayırlarmış. Həm də rayon partiya komitəsinin birinci katibindən tutmuş sovxoz briqadirlərinə qədər – bütün vəzifə sahibləri guya bu işlə məşğul imiş!
80-ci illərdə Özbəkistanda Telman Qdlyanın apardığı “pambıq işi”ndə olduğu kimi, Astarada da SSRİ Prokurorluğunun böyük bir briqadası “işləyirdi”, yerli hüquq mühafizə orqanlarının əməkdaşları isə bu briqada üçün bir növ “işverənlik” edirdilər.
Səbzəlinin dalınca gələnlər də moskvalı briqadaya xidmət göstərən yerlilər idi. Dedilər ki, bizi Qamışovkada oturan müstəntiqlər göndərib və Səbzəlini tapıb tez onlara çatdırmalıyıq…
O plov heç kimin boğazından keçmədi.
Səbzəli o gedən oldu; 12 il iş aldı, bir də düz 10 ildən sonra yarımcan halında evinə qayıtdı…
Hər dəfə Səbzəlinin adı çəkiləndə mənə elə gəlir ki, onu sadəcə olaraq istintaqa aparmadılar, elə bizim o süfrənin başında güllələdilər – sorğusuz, sualsız!..
“Pomidor işi”ylə bağlı dodaq qaçıran bir məqam da yadıma düşür.
Deyilənə görə, bu adamlar, adətən, Ərçivan kəndində (indi qəsəbədir) bir evə yığışar və orada “gündəlik qazancı” 4-5 nəfər arasında bölüşərlərmiş. Bu işlə əlaqədar məhkəmədə həmin evin sahibəsini də dindirirlər. Yaşlı kənd qadını nə desə yaxşıdır: “Onlar evə yığışanda məndən onlara bir stəkan çay aparmağımı istəyərdilər. Təxminən bir saatdan sonra qapı açılar və onlar “Gəl, otağı yığışdır” – deyib çıxıb gedərdilər. Mən hər dəfə evi yığışdıranda otağa tökülmüş kağız-kuğuz qismində bir kisəyədək əsginaz toplayardım”…
…Burada bəlkə də mətləbə heç dəxli olmayan bir hadisə yadıma düşür.
Səkkizillik məktəbdə hansı sinifdə oxuduğumuzu xatırlamıram. Deyəsən, tənəffüs vaxtıydı, eyvandaydım. Bizimlə eyni sinifdə oxuyan Şəfiqənin qardaşı, alçaqboylu, zirəkliyiylə bütün məktəbdə ad çıxarmış Ramiz haradansa peyda oldu, mənə yaxınlaşıb sifətindən əskik olmayan gülüşlə “Atan çayxanadadır, sənə botinka alıb, deyir gəlib geyinsin…” – dedi.
O vaxta qədər mən yay-qış qaloş geyinərdim və bir sıra uşaqlardan üstünlüyüm qaloşlarımın yamaqlı olmamasıydı; Ramizin dediyi ayaqqabı isə çoxlarının həsəd apardığı üstü qəhvəyi brezentli, “zavodskoy” ayaqqabıydı.
Sinif otağıyla “Fərhadın çayxanası”nın arası, uzağı, 50 metr olardı. Fərhad kişi qonşu Kakalosdan idi, deyəsən, müharibə veteranı, həm də nəinki veteran, üstəlik də əlil idi – gərək ki, sol əlinin ovucu xəkəndaz formasındaydı: əlini stəkan-nəlbəkiyə uzadanda bu əşyalar öz-özünə ovcuna “oturardı”.
Çayxana uşaq-muşaq yeri olmasa da şəxsən mənə (görünür, məktəb fəalı olduğum üçün) mehribancasına yanaşır, bəzən müştəri azlığı zamanı öz puluma (stəkanı 5 qəpikdən) çay da verirdi.
Başılovlu özümü çayxananın yay-qış açıq olan qapısına yetirib gözlərimlə atamı axtardım. Görməyəndə getdiyini düşünüb Fərhad kişiyə yanaşdım, atamı soruşdum.
Çayçı bir anlığa üzümə baxıb “Atan bu gün burda olmayıb” – deyə cavab verdi. Onun bu cavabına şübhəylə yanaşdığımı sezəndə isə bir daha dediklərini təkrarladı: “Yox, Hənifə bu gün bura gəlməyib”.
Ramizin məni doladığını anlayıb sanki içim boşaldı, ayaqlarımı sürüyə-sürüyə çayxanadan çölə çıxanda hərifin bir az aralıda dayanıb oğrun-oğrun hırıldadığını gördüm.
Ardınca götürüldüm və elə çayxananın qabağında, məktəbin həyətini kəndarası yoldan ayıran arxın üstündəki körpücükdə artıq çatmayacağımı gördükdə arxadan ona bir təpik atdım. Zənn edirdim ki, təpiyim onu tutacaq və bu, Ramizə yaxşıca dərs olacaq. Ancaq mən elə bu fikirdəykən təpiyim boşa çıxdı və özümü saxlaya bilməyib təxminən metr yarım hündürlükdən arxa yıxıldım…
(Ardı var)
“Yaddaşımın küncündə bu anlar da yaşayır…” silsiləsinin əvvəlini bu linklərlə oxumaq olar:
1 2 3 4 5 6 7