Görkəmli Azərbaycan şairi Əli Kərimin oğlu, filologiya elmləri doktoru Paşa Əlioğlu prezident İlham Əliyevə müraciət edib.
Müraciət Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin təşəbbüsü ilə rayon mərkəzindəki Əli Kərim parkının adının dəyişdirilərək “Şəhər parkı” qoyulması məsələsi ilə bağlıdır.
Paşa Əlioğlu qeyd edib ki, icra başçısı Əli Kərimin parkdakı qəbrini də oradan götürmək fikrindədir.
Novator.az xəbər verir ki, Paşa Əlioğlu icra başçısının bu addımını Azərbaycan poeziyasının inkişafında mühüm xidmətləri olan, həyatdan vaxtsız getmiş şairin xatirəsinə hörmətsizlik kimi dəyərləndirib. O, az qala bütöv bir nəslin Əli Kərimin “Qaytar ana borcunu” şeiri ilə böyüdüyünü vurğulayıb: “Bu gün belə bir şairi qəbirdə də rahat yatmağa qoymurlar. Kimlərinsə parka gözü düşüb, oranı əyləncə yerinə çevirmək istəyirlər. Mənəvi dəyərləri pula qurban vermək olmaz”.
Paşa Əlioğlu bildirib ki, Əli Kərim adına park hələ sovet dövründə, Heydər Əliyevin birinci hakimiyyəti zamanı Nazirlər Sovetinin qərarı ilə salınıb: “Nə haqla Göyçay rayonunun icra başçısı belə bir hərəkətə yol verir? Şairin parkın girəcəyində qoyulmuş heykəli götürülərək parkın küncünə atılıb. Xatırladıram ki, parka Əli Kərimin adının verilməsi də, orada qəbrin yerləşməsi də həmin qərarda var”.
Paşa Əlioğlu sonda haqqın öz yerini tutacağına, Azərbaycanın milli-mənəvi dəyərlərinə xüsusi həssaslıqla yanaşan prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın məsələyə müdaxilə edəcəyinə, ədalətin bərpa olunacağına inandığını vurğulayıb.
Mehdi Səlimzadə 2016-cı ilin iyunundan Göyçay Rayon İcra Hakimiyyətinin başçısıdır.
Əli Kərim (Əli Paşa oğlu Kərimov) 1931-ci il martın 18-də Göyçay şəhərində anadan olub. 1955-ci ildə M.Qorki adına Moskva Ədəbiyyat İnstitutunu bitirib. Bakıya qayıtdıqdan sonra “Azərbaycan” jurnalının redaksiyasında işləyib, şeir şöbəsinin müdiri olub.
İlk kitabı 1958-ci ildə Moskvada rusca çıxıb: “Два влюбленных” (“İki sevgi”). Sonralar “Həmişə səfərdə” (1963), “Qızıl qanad” (1965), “Qaytar ana borcunu” (1970), “Uşaqlar və ulduzlar” (1971), “Səfərdən sonra” (1972), “Pillələr” (1978), “Цветы и хлеб” (rusca, 1978), “Seçilmiş əsərləri” (I cild, 1974, II cild 1975), “Qayıt” (1983), “Pillələr” (1987), “Seçilmiş əsərləri” (2 cilddə, 1991), “Mavi nəğmənin sahilində” (1991), “Neyləyim, şeirlə dərd söyləyirəm” (1999) və başqa kitabları nəşr edilib.
Şairin əsərlərindən bir çoxu ölümündən sonra işıq üzü görüb.
Əli Kərimin həyat və yaradıcılığının tədqiqi sırasında Feyzi Mustafayevin “Dinmə, ey kədər”, Elza Kərimin “Nə xoşbəxt imişəm”, Altay Məmmədovun “Tanıdığım Əli Kərim” xatirələr kitablarını, Cavanşir Yusiflinin “Azərbaycan poeziyasında Əli Kərim mərhələsi”, “Əli Kərim üslubu, yaxud fərdi yaradıcılıqdan ədəbiyyat tarixinə baxış”, Sona Xəyalın “Əli Kərim” adlı bir sıra monoqrafiya və məqalələri misal çəkimək olar.
Əli Kərim 1969-cu il iyunun 30-da Bakıda vəfat edib, Göyçayda dəfn edilib. Şairin xatirəsini əbədiləşdirmək məqsədilə onun məzarı ətrafında park salınıb, parkda heykəli ucaldılıb.
Bakı, Göyçay, Sabirabad şəhərlərində Əli Kərimin adını daşıyan küçələr, Sumqayıtda Əli Kərim adına poeziya klubu var. Xocalı rayonunun Başkənd tam orta məktəbi Əli Kərimin adını daşıyır.
Əli Kərim ədəbiyyata özünəməxsus üslubu ilə gəlmiş, ilk şeirlərindən parlaq istedadı ilə şeirsevərlərin diqqətini cəlb etmiş, özündən sonra gələn bir sıra şairlərə güclü təsir etmiş görkəmli sənətkarlardandır.