İlham İSMAYIL
Moskvaya getməzdən əvvəl kapitan hərbi rütbəsi aldım. Oyunların təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan DTK-dan xeyli əməkdaş ezam olunmuşdu. İyunun sonunda Moskvaya çatıb SSRİ DTK-nın Moskva Tədris Mərkəzində yerləşdirildik.
İyulun 5-də Lujnikidə təntənəli açılış oldu. 70 ölkədən 3000 idmançı iştirak edirdi.
Azərbaycan çekistlərinə Mir prospektindəki olimpiya qapalı stadionunun gimnastika zalının təhlükəsizliyi tapşırılmışdı. İdmançıların məşqindən əvvəl gəlir, bütün zal itlərlə axtarılır, giriş-çıxışlar milislərə təhvil verilir, tamaşaçıların girişinə, irihəcmli fotoaparatla daxil olanların, şübhəli görünə biləcək əşyaların yoxlanmasına nəzarət edirdik.
Stadion üç hissəyə bölünmüşdü – boks zalında gürcülər, üzgüçülükdə ermənilər, gimnastikada biz idik.
Məşhur idmançılar, gələn qonaqlar bizim üçün maraqlı idi. Ukraynadan gələn idmançı qızların məşqçisi məşhur futbolçu Oleq Bloxinin arvadı, dünya çempionu İrina Deryugina idi. Hər gün kompleksdə bütün idmançılarla görüşür, fasilədə kofe içir, söhbətləşirdik.
Bir dəfə də eyni masada kofe içəndə İrinaya 1978-ci ildə “Nedelya” qəzetinə 13-cü səhifənin qonağı kimi verdiyi müsahibəni xatırlatdım və jurnalistika fakültəsində müsahibə janrını öyrənərkən həmin müsahibəni sitat gətirdiyimi söylədim. Onu maraq götürdü və mən əhvalatı danışdım.
Müəllimimiz Nurəddin Babayev müsahibə janrının xüsusiyyətlərindən mühazirə deyirdi. Mühazirədə tələbələrin də fikirlərini soruşmaq, müzakirələr aparmaq Nurəddin müəllimin adətiydi. Mən mətbuatımızda müsahibələrin çox vaxt qabaqcadan hazırlanmış quru suallardan ibarət olduğunu, canlı, təbii olmadığından oxucunu bezdirdiyini, maraq oyatmadığını deyib İrina Deryuginadan alınan müsahibənin fərqli olduğunu nümunə kimi göstərmiş və fikrimi təsdiqləmək üçün müsahibədən jurnalistin İrinaya verdiyi bir sualı misal çəkmişdim:
Jurnalist: – Ирина, Вы знаете, что Вы красивая?
Ирина слегка смушавщая: – Ну, нормальная.
Nurəddin müəllim də dediyimi bir tərəfə qoyub elə mühazirədə “Qız yəqin sənin də xoşuna gəlib, ona görə sitat gətirirsən” demişdi.
Mən bunu İrinaya danışanda maraqla üzümə baxıb: “Никогда не подумала, что в каком-то университете, на занятиях обсудят мою интервью. Но благодаря Вас, это было. За это Вам спасибо”.
İrina söhbətdən məmnun ayrılıb masadan qalxdı, iki addım atandan sonra geri dönüb diqqətlə gözlərimə baxa-baxa: “Восем леть прошла, да. Теперь я задаю вопрос журналисту. Я еще красивая?“
Mən ayağa qalxıb qollarımı yana açdım: “Вы еще красивее стали и бог создал вас вечне красивым”.
İrina xanım bu sözlərdən sonra bir az da nazla kafeni tərk etdi.
Məşqlər təkcə idmançılar üçün deyildi, mükafatların təqdim edilməsi prosesi də əvvəlcədən məşq edilirdi. Qızıl medal alanlara mükafatı məşhur aktrisa Elina Bıstritskaya təqdim edirdi. “Sakit Don” filminin əvəzedilməz Aksinyası. İllər keçsə də aktrisanın gözəlliyi yerində idi.
Bir dəfə də yarış başlamazdan əvvəl sıraların arasında gəzişir, son yoxlamaları aparırdıq. Əməkdaşlarımızdan birinə öz dilimizdə nəsə dedim, bu vaxt bir xanım maraqla çevrilib bizə baxdı. Mən onu o saat tanıdım – Leyla Şıxlinskaya, “Gün keçdi”nin Əsməri. 14 yaşımda ilk dəfə baxdığım gündən çox sevdiyim bir filmin gözəl qəhrəmanı.
Heç tərəddüd etmədən yaxınlaşıb: “Siz Leyla xanımsız?” soruşdum.
O, rusca “hə” deyib, tez də yanında əyləşən kişini, yeniyetmə oğlan və qızı göstərdi: “Это мой муж, а они мои дети”.
Tanış olduqdan sonra burda ezamiyyətdə olduğumuzu, zalda təhlükəsizliyi təmin etdiyimizi, hətta operator heyətinin də AzTV-dən olduğunu Leyla xanıma söylədikdən sonra qısa kəsilmiş saçlarına işarə edərək “Leyla xanım, Sizin gözəl, uzun saçlarınız vardı…” dedim.
O, yenə həyat yoldaşının üzünə baxdı: “Он спрашивает мои волосы, а где я постригла? Aа, в Париже”.
Mən “Madam Defervakın vətənində” dedim.
Leyla xanım bu dəfə azərbaycanca: “Aa, Siz ona da baxmısınız?” deyib üzünə bir məmnunluq ifadəsi verdi.
Madam Defervak Stendalın “Qırmızı və qara” əsərində obrazdır. Gerasimovun çəkdiyi 4 seriyalı filmdə Leyla xanım bu obrazı yüksək ustalıqla, kübarcasına yaratmışdı.
Sonra Leyla xanım deyəndə ki, özü gimnastika mütəxəssisidir, yarışda iştirak edən və birinci yer tutan Druçinina da onun yetirməsidir, bu mənim üçün əsil yenilik oldu. Leyla Şıxlinskaya, kinomuzun kübar xanımı gimnastika üzrə məşqçiymiş. Səmimiyyətlə Leyla xanımla xudahafizləşib iş başına döndüm.
İyulun 20-də yarışların bağlanışı oldu. Moskva ezamiyyəti həm təcrübə, həm yeni tanışlıq, həm də istirahət idi. İşimizdə heç bir “ÇP” baş vermədi. Bakıya, oradan da Gəncəyə gəldik.
“KQB-MTN… Görünən dağın bələdçiliyi” silsiləsinin əvvəlki bölümləri:
1 2 3 4 5 6 7 8 9 10 11