Seymur KAZIMOV
Sosial media alətləri inkişaf etdikdən sonra onun ənənəvi mediaya rəqib olacağı, hətta klassik medianı tam sıradan çıxaracağı ilə bağlı müzakirələr, debatlar keçirilirdi.
Ötən əsrin birinci yarısında radionun, televiziyanın ixtirasından sonra “teatrlara gedən olmayacaq” tipli fikirlər də çox səsləndirilib. İnternet yaranandan sonra da qəzet dövrünün başa çatdığını elan edənlər oldu. Göründüyü kimi, qəzetlər işıq üzü görür, radio və televiziyalar fəaliyyətini davam etdirir, üstəlik, insanlar teatra da, operaya da gedirlər. Amma qəzetlərin, radio və televiziyaların əhəmiyyəti əvvəlki kimi deyil. İnternet və multimedia elementlərinin inkişafı bütövlükdə ənənəvi medianı kölgədə qoyub.
7-8 il öncə “bloqçu jurnalistdirmi” sualı ətrafında da xeyli debat keçirilirdi. Sosial şəbəkələrin inkişafından sonra bloqlar bir platforma kimi arxa plana keçdi və jurnalist-bloqçu müzakirəsi də bununla bitdi. Sosial şəbəkələrin ənənəvi medianı sıxışdırması isə reallaşdı. Bu gün istənilən operativ informasiyanı Facebook, Twitter-də yazılmış statuslardan almaq mümkündür.
Bunun həm obyektiv, həm də subyektiv səbəbləri var.
Sosial media ənənəvidən fərqli olaraq auditoriya ilə ünsiyyət, əməkdaşlıq, icmanın yaradılması və əks əlaqə elementləri ilə daha zəngindir.
Kommunikasiya sistemi hər an dəyişir və yeniliklərlə ayaqlaşmaq üçün kommunikasiya alətlərinə uyğunlaşmalıyıq. Sosial media mütəxəssislərinə görə, dünyada mədəni dəyişiklik əsasən 4 istiqamətdə gedib – şifahi nitq, sonra yazının meydana gəlməsi, daha sonra audio-videonun kəşfi, sonda isə kibernetika. İkinci dəyişiklik sosial dəyişiklikdir – kənd təsərrüfatı, sənaye və informasiya əsri. Bu da bir kollektivin əlində cəmlənmiş bütöv bir işin sonradan bir şəxsin ixtiyarına keçməsini sürətləndirən amildir.
Bu gün ənənəvi media özü sosial mediaya “təslim olmalıdır”. Çünki media istifadəçiləri dəyişib, onlar xəbərləri yeni media platformasına uyğun əldə etmək istəyirlər.
Normalda bütün ənənəvi media platformaları vətəndaş jurnalistikası strategiyasına malik olmalıdır. Ən əsası da həftənin 7 günü, sutkada 24 saat işləmək gərəkdir. Sosial şəbəkədə informasiyanın əsas hissəsini sürət təşkil edir ki, bu da informasiyanın qısa zamanda bütün dünyaya yayılmasını təmin edir. Həm də sosial medianın demoqrafik və coğrafi imkanları genişdir və bütöv hədəf qrupuna çatımlığı təmin edir. Bu siyahıya əlaqələrin qurulması, məlumatların mütəmadi yenilənməsini də əlavə etsək, o zaman ənənəvi medianın sosial mediaya inteqrasiyasının zəruriliyinin şahidi olarıq.
İkinci məqam isə subyektivliklə bağlıdır. Ənənəvi medianın müstəqil olmaması, peşə prinsipləri əsasında deyil, sifarişlə fəaliyyət göstərməsi, faktları, baş vermiş real hadisələri gizlətməsi, yalnız “xoş xəbərləri” yayması sosial mediaya uduzmasına səbəb olur. Sosial media bəzi qəzet və internet resurslarının, o cümlədən də bütün televiziya kanallarının vermədiyi məlumatları bölüşür, cəmiyyətdə rezonans yarada bilir. Belə olan halda klassik medianın sosial mediaya uduzması təbiidir. Baxmayaraq ki, ənənəvi medianın sosial şəbəkələrdə hesabları var, amma onlar da effektiv fəaliyyət göstərmədiyindən diqqətdən kənarda qalırlar. Görünən budur ki, qəzet və televiziyalar sosial media alətləri ilə rəqabət aparmadan onlara məğlub olur.
Medianın qeyri-peşəkarlığı, eyni zamanda da müstəqil olmaması sosial media vasitəsilə bir sıra dezinformasiyaların ayaq açmasına da səbəb olur. Əsasən də cəbhə xəttində vəziyyət gərginləşərkən səhv məlumatların sosial media səhifələrində yayılmasının şahidi oluruq.
Cəmiyyətdə qeyri-dəqiq məlumatların tüğyan etməsi, vətəndaşların aldadılması, həssas zamanlarda insanların gərginlik altında saxlanmasının əsas səbəbləri müstəqil medianın və mühitin yoxluğu ilə bağlıdır.
Müəllifin başqa yazıları: