İlham İSMAYIL
Məzuniyyətdən qayıdıb işə çıxdığım ilk gün Qazax rayonunda iğtişaşlar baş verdiyi məlum oldu. Rəisimiz Qazaxda idi, zəng edib məni və baş əməliyyat müvəkkili Vaqif Həsənovu da Qazaxa çağırdı.
Məlum oldu ki, Qazaxın Kəmərli, Qaymaqlı kəndlərinə məxsus, Ermənistanla sərhəd olan 10 min hektar torpağı Ermənistana veriblər. Camaat da bu məsələyə etiraz edib Ermənistanın və Azərbaycanın rəsmi dövlət nümayəndələrini döymüşdü.
Azərbaycan DTK-nın sədr müavini general-mayor Bahadur Hüseynov və bir neçə əməliyyat işçisi də Qazax rayon bölməsinin binasında idilər. Hüseynov kənddən informasiyanın az olduğunu, etiraz edənlərin nələr planlaşdırdığından məlumat olmadığını söyləyib maksimum informasiya toplamağı tapşırdı. Kimin nə dərəcədə imkanı olduğunu soruşdu. Kəmərli kəndinin adını eşidəndə universitetdən qrup yoldaşım Mahmud Ləzgiyevin o kənddən olduğunu və onun ailəsinin məni tanıdığını deyib kəndə getməyimdə problem olmadığını dedim. General təcili kəndə getməyimi tapşırdı.
Vaqif Həsənovla Kəmərliyə getdik. Yolda guya Tiflisdən gəldiyimi, təsadüfən də Kəmərliyə dönüb hal-əhval tutmaq istədiyimi bəhanə kimi istifadə edəcəyimi fikirləşdim. Kəndə çatıb Mahmudgilin evini soruşdum, darvazanın qarşısına çatanda Mahmudun özünü gördüm və çox sevindim.
Hal-əhval tutduqdan sonra hər şey təbii şəkildə davam etdi. Mahmud qardaşı Nəsiminin gələn həftə toyu olacağını, ona görə kəndə gəldiyini dedi (Növbəti həftə mən toya gəlib iştirak etdim). Çolpalar kəsildi, zoğal arağı açıldı, bir neçə saat qonaq qaldıq.
Mahmudun qohum-əqrəbası da bizimlə görüşə gəldilər. Kəndin girəcəyində niyə milis postunun qoyulması ilə maraqlananda baş verən bütün hadisə danışıldı. Məlum oldu ki, Azərbaycan Nazirlər Sovetinin sədr müavini Rasizadə Ermənistana gedib, Yerevandan erməni həmkarı ilə birlikdə Qazaxın Kəmərli kəndinə gəlib və 10 min hektarın Moskvanın qərarı ilə Ermənistana verildiyini əhaliyə çatdırıb. Camaat kəndə hay salıb, Batdaqlı bulağın yanında bunların qarşısını kəsib, Şayəstə adlı bir qadın çomağı erməninin ağzına soxub, dilimizdə danışa bilməyən Rasizadəyə də “torpaq satan köpəyoğlu” deyib əzişdirib, hər ikisini pəyəyə salıblar.
Sonra milis gəlib, zorla camaatı sakitləşdirib, pəyədəkiləri azad edib. İndi camaat etiraz edir ki, torpaq vermirik, respublikanın rəhbərliyi də deyir ki, Moskva verib, biz heç nə edə bilmərik. Kənd camaatı nə edəcəyini bilmirdi, bir tərəfdən də bəzi fəalları tutub aparmışdılar.
Kəmərlidən geri qayıdanda iş yoldaşım da, mən də çox pərt idik. Bu torpaqlar niyə erməniyə verilməlidir axı? Canımıza torpaq verilməsinin istiliyi kənd camaatıyla söhbətdən sonra keçirdi. Fikirləşirdik ki, bu etirazdan sonra yəqin torpaqlar verilməz. Rayona çatıb vəziyyəti məruzə edəndə Bahadur Hüseynov əlini stola vurub acıqla: “Günah Rasizadədə deyil, onu ora göndərəndədir. Başqasını tapa bilmirdilər? O hansı ağılla Yerevana gedib ordan gəlib?” dedi.
General bizə təşəkkür edəndə mən ürəkləndim: “Bahadur Mamedoviç, bu etiraza görə yəqin torpaqlar verilməz…”
General bir az təəccüb, bir az təəssüflə “Vse uje reşeno” deyib əlini yellədi.
Bu hadisə bizim gələcək torpaq itkilərimizin siqnalı ola bilmədi. Respublika rəhbərliyi heç bir müqavimət göstərməmişdi. Ermənilərin əlinin Kremldə uzun olduğu bəlli idi, amma o zaman Heydər Əliyev də Siyasi Büronun üzvüydü və ola bilməzdi ki, Kamran Bağırov bu məsələni ona çatdırmayaydı. Niyə buna mane ola bilməmişdilər?
Ağzı qana batan erməninin iştahasını hələ sonra görəcəkdik. Həmin il bir şəxs torpaqların erməniyə verilməsinə Bakıda, “Neftçi”nin oyunu zamanı stadionda plakat qaldırıb etiraz etmişdi. Kəmərli camaatı tək qalmışdı. Fakt bu idi ki, ölkədə milli ictimai-siyasi şüur səviyyəsi hədsiz aşağı idi.
Sonralar Mahmuda vəziyyəti açıb danışdım, amma əlimizdən heç nə gəlmədiyini etiraf etdim. İş-işdən keçmişdi. Respublika rəhbərliyi ziyalıları bu işə cəlb edə bilməmişdi, erməni tərəf istər Qarabağ, istər digər milli məsələlərdə həmişə erməni ziyalılarını qabağa verirdi. Moskvadan olan təpkilərdə erməni rəhbərliyi arxa planda qalsa da, işin baş rejissoru onlar idi.
Ziyalılarımız ictimai proseslərdə yalnız çapan çalan kimi istifadə olunmuşdu, milli məsələlərdə irəli duranı da millətçi damğasıyla təqib etmişdilər. İllər keçib, amma… çapan davam edir və mən yenə o qənaətdəyəm ki, ictimai-siyasi şüur səviyyəmiz qonşu Gürcüstandan, düşmən Ermənistandan yuxarı deyil.
1984-cü ilin payızında Xanlar rayon rəhbərliyi dəyişildi. Murad Aşurov Şərabçılıq Komitəsinə sədr təyin olundu, yerinə ikinci katib Qərib İsgəndərov qoyuldu. Sonrakı illərdə bu uğursuz dəyişikliyin ağır nəticələrinin şahidi olacağıq.
1985-ci il gəldi. Martın əvvəlində Baş Katib Çernenko öldü. Sovet adamları dövlət başçılarının ölümünə adət etmişdi.
Mixail Qorbaçov Baş Katib seçildi. Ölkədə yeniliklər olacağı tədricən hiss edilirdi. SSRİ-də yeniliklər faktiki Andropovla başlamışdı, Qorbaçovla iş sürətləndi. İlk qərarlar “sərxoşluq və alkoqolizmlə mübarizə”dən başladı. Saltıkov-Şedrinin müdrik kəlamı var: “Mən yuxuya gedib yüz ildən sonra ayılası olsam və məndən soruşsalar Rusiyada nə baş verir, həmən cavab verərəm ki, yenə içirlər və talan edirlər”. Görünür, Qorbaçov da bu ümummilli bəlanın qarşısını almaq üçün inzibati tədbirlərə əl atmağı ilk mərhələ hesab etmişdi.
Azərbaycan isə bu qərarın ən pis tərəflərindən yapışdı – çoxillik üzüm plantasiyaları ləğv edilməyə başladı. Toylarda içki qadağan oldu, hərçənd mineral butulkalarda süfrəyə araq qoyulması adi hal almışdı, spirtli içkilər satılan ticarət obyektləri azaldıldı.
Bu ərəfədə DTK-nı saxtakarlığa məcbur etdilər. Bizə göstəriş verildi ki, Moskvaya bu qərarın bəyənilməsi haqqında zəhmətkeşlərin teleqramlarını təşkil edin. Bu işin nədən rayon partiya komitələrinə deyil, bizə tapşırıldığını soruşanda rəis müavini Mayis Ələkbərov “Əmr müzakirə olunmur, yerinə yetirilir” dedi.
Təbii, biz onsuz da bu saxtakarlığı yenə raykomlara tapşırırdıq və bu bizi nüfuzdan salan hərəkət idi – xüsusi xidmət orqanı yalana şərik olurdu, hətta təşəbbüsçü idi.
1985-ci ilin yayında nişanlandım, növbəti ildə toyumuzun olacağını planlaşdırmışdım. Həyat yoldaşım olacaq Gülnarə öz qohumlarımızdan idi, universitetin biologiya fakültəsində oxuyurdu. 1986-cı ilin aprelində toyumuz olmalıydı. Bu ərəfədə, aprelin 16-da ailəmizdə faciə baş verdi. Qardaşımın böyük oğlu, Xarici Dillər İnstitutunun ikinci kurs tələbəsi Azər avtomobil qəzasında həyatını itirdi. Bu faciədən hamımız sarsılmışdıq. Toy təxirə salındı.
Qardaşım Yusifin həyatı bununla da alt-üst oldu və iki ildən sonra iki dəfə infarkt keçirdi.
Məzuniyyət götürüb qardaşımın yanında oldum. İşə başlayanda mayın sonu idi, bir neçə gündən sonra rəis çağırıb mənim Moskvaya bir aylıq ezamiyyətə getməli olduğumu söylədi. Moskvada Xoşməramlı Oyunlar keçiriləcəkdi. Düzü, bir qədər fikrimin dağılması üçün bu, yerinə düşən ezamiyyət idi. Şöbədən mən və Vahid Hüseynov Moskvaya ezam olunduq.
“KQB-MTN… Görünən dağın bələdçiliyi” silsiləsinin əvvəlki bölümləri:
1 2 3 4 5 6 7 8 9 10