Noyabrın 17-si mərhum jurnalist Zabil Müqabiloğlunun doğum günüdür.
Zabil Müqabiloğlu 1977-ci il noyabrın 17-də Zəngilan rayonunun Babaylı kəndində anadan olub. Bakı Asiya Universitetinin jurnalistika fakültəsini bitirib. 1996-1998-ci illərdə hərbi xidmətdə olub. 1998-ci ildən mətbuatda çalışıb. “525-ci qəzet”də, “Avropa”, “Tərcüman”, “Yeni Müsavat” qəzetlərində işləyib. Son iş yeri təsisçisi olduğu Gunxeber.com saytı olub.
Zabil Müqabiloğlu 2017-ci il fevralın 26-da vəfat edib.
Novator.az jurnalist Şəmşad Ağanın Zabil Müqabiloğlunun 40 illiyinə yazdığı xatirə yazısını təqdim edir.
Nədənsə son vaxtlar Zabili tez-tez xatırlayıram.
Səbəbini bilmirəm, amma hər söhbət düşəndə bir ucunu Zabilə bağlamaq sanki öhdəliyə çevrilib.
Bu gün o dəlisov, çılğın, mərd, sözü üzə deyən, amma bir o qədər də kövrək adamın 40 yaşı tamam olur.
Zabil haqqında qısaca onu demək olar ki, o, doyunca və ürəyincə yaşaya bilmədi…
Dünyada öz faciəsini dərk etmədən yaşayan çox adam var, hətta saysız-hesabsız.
Zabil isə öz faciəsini dərk edib yaşayan adam idi. Ona görə də faciəsini dərk edən adamlar haqqında “niyə tez öldü” fikrini səsləndirmək də absurddur.
Zabilin çox yaşamayacağını hələ bir neçə il öncə hiss etmişdim. Müsavatın qurultayından çıxıb çay içməyə getdik. Həmin gün mənə çox şey danışdı…
Arada onu danlayırdım, amma o söhbətlər yadıma düşəndə hiss edirdim ki, Zabil kimi adamlar çox yaşaya bilməz…
Tez-tez “Nəsimi” filmindəki bir epizodu xatırladır və yarı zarafat, yarı ciddi deyirdi: filan qədər filankəsin, filan qədər filankəsin zindanında (qəzetində) işlədim, o illəri ayrıca hesabla, yaşımın üstünə gəl, gör neçə il edir…
Öz faciəsini son yazısında – “Son zəng”də ürək ağrısı ilə təsvir edirdi: “Mən 11-ci sinfi 5-6 məktəbdə oxumuşam. Bir dəfə “Gənclik” metrosunda bir sinif yoldaşımla rastlaşdım, beş dəqiqədən sonra başqa bir sinif yoldaşım yaxınlaşdı. Amma onlar bir-birini tanımırdı, hər ikisi sinif yoldaşım idi. Hərəsi ilə bir məktəbdə oxumuşdum. Bu mənim istəyimdən məktəb dəyişmək yox, bir insan faciəsi, hələ də çoxlarının anlaya bilmədiyi, onların həyat tərzinə heç bir aidiyyəti olmayan bir mənzərə idi”.
Zabil Zəngilanı da, oxuduğu məktəbi də belə tərk etmişdi və bir ömür də bu ağrı ilə yaşadı, bu ağrıdan içdi, bu ağrı ilə də öldü: “1993-cü ildə kəndimizin məktəbinin 11-ciləri bizlər, yəni mənim oxuduğum sinif olmalıydı. Məktəbdə hərbi qərargah yerləşirdi və son anadək mən orda oldum. Erməni tankları həmin əraziyə girməyə az qalmış çıxdıq və mən ikinci mərtəbəyə qalxıb, pilləkənin sol tərəfindəki, çoxdandır çalınmayan zəngi basıb, elə də qoyaraq binadan çıxdım. Hələ o zaman, dünyanı o qədər də dərk eləmədiyim zamanda bilirdim ki, bu mənimçün son zəngdir. Amma o zaman, hələ bu əcəl zəngi deyilmiş…”
Məncə, bu yazı Zabilin ölümündən az öncə özü haqqında yazdığı nekroloq idi, misralarının əksəri rabitəsiz olan şeirləri də Zəngilansızlığa, bu yaşantılara və özünə epitafiya…
Unutmadıq.
Doğum günün qutlu olsun, dost!
Şəmşad Ağa
Arqument.az,
17 noyabr 2017
Zabil Müqabiloğlunun “Sonuncu zəng” yazısı
Zabildən qalan baməzə söhbətlər…