İlham İSMAYIL
İxtisasartırma dövrü yekunlaşırdı. Hiss edirdim ki, Minskdən ötrü darıxıram. Orda gözləri yollarda, qulaqları telefon zənglərində qalanlarla tezliklə görüşməyin həyəcanı da bir başqaydı.
Bakıdan Minskə mən, Sevlan, bir də Şahnazarov eyni gündə uçası olduq. Vaxtından iki gün əvvəl. Təyyarə hava şəraitinə görə Minskə enə bilmədi, Kiyevin Borispol hava limanına endik, xeyli gözlədik. Minskdə aeroportda qarşılamağa söz verən olduğunu bilirdim, təyyarə çox gecikəndə o qənaətdə idim ki, gözləyən də bezib gedib. Minskə enəndə 12 saatdan çox gözləyənim olduğu bilindi. Enəndə bu zərif xanıma:
– On iki saatdır aeroportda gözləyirsən?
– Yox, bir aydır gözləyirəm… Bakıya getdiyin gündən…
Belə-belə işlər… Mən indi də Minskdən ötrü darıxıram. Bu, ötüb keçən gəncliyimdən ötrü darıxmaqdır, o günlər qayıtmayacaq, amma o günləri elə Minskin özündə xatırlamaq o hissləri yenidən yaşamağa bərabər olardı.
İkinci semestr daha təcrübəli idik. Müəllimlərlə dost münasibət yaranmışdı. Əvvəl otaqda Penzadan, Voronejdən, Vilnüsdən olan üç rusla qalırdım. Heç xasiyyətimiz tutmurdu. Bu dəfə kursumuzun rəisi Vovk Pyotr İvanoviçdən xahiş etdim ki, məni qonşu otağa, ordakı leninqradlı Şibalovu da mənim otağıma dəyişdirsin. Rəis xahişimi yerə salmadı.
Yeni otaq yoldaşlarım gürcü Andro Londaridze, qazax Talqat Aydarbekov, rus Aleksandr Teplov idi. Əla uşaqlardı. Rəisimiz yerdəyişmədən sonra “Yəqin ki, üçünüz birləşib bu rusu incitməyəcəksiniz” deyə zarafat etdi.
Baxmayaraq ki, KQB məktəbiydi, burda millətçilik etmək olmazdı, internasional biri olduğunu göstərməliydin, yenə də rusların – hamısında olmasa da – millətçi hissləri, özlərini bizlərdən fərqli tutmaları başqa millətlərdən olanları əsəbiləşdirirdi. Açıq formada onlardan narazı olduğumuzu söyləyir, hansısa mübahisəli məsələdə bir-birimizin tərəfini tuturduq.
Bir neçə məqamı qeyd etmək yerinə düşərdi. Mən partiya üzvlüyünə Minskdə keçdim. Qrup iclasında ruslar çoxlu sual verir, istəyirdilər ki, qaytarıb yenidən hazırlaşmağıma qərar versinlər. Erməni Viktor Qalustov söz alıb xeyli məni təriflədi, ardınca gürcü Andro, tuvin Vladimir Ondar tərəfimi saxlayıb müsbət qərar qəbul olunmasını təklif etdilər və səs çoxluğuyla təklif keçdi.
Yeri gəlmişkən, o vaxt Tuvadan olan Volodyadan soyadının nə məna verdiyini soruşanda Ondarın “Öndər” olduğunu öyrəndim.
Yoldaşlarımızdan türkmən Allamurad Raxımov tətildə evlənib gəlmişdi. Hazırlıq dərsində Krasnoyarskdan olan Çetverqov soruşdu: “Murad, evlənməmişdən əvvəl könlündən qız keçəndə nə edirdin? Axı sənin dediyindən məlum olur ki, qızları sizdə çox qapalı saxlayırlar”.
Murad: “Problem yox idi. Ürəyimdən keçəndə şəhərə gedir, restoranda rus qızı tapır, onunla gəzirdim (Murad daha sərt demişdi)”.
Təsəvvür edin Muradın cavabı sual verəni və digər rusları necə pərt etdi. Andro özünü saxlaya bilməyib necə şaqqanaq çəkdisə, Muradı buraxıb onun üstünə düşdülər ki, utanmırsan gülürsən.
Hərdən Andro ilə söhbətlərimiz olurdu. Andro deyirdi: “İlham, bizim bir Qamsaxurdiya adlı yazıçımız var, çox millətçidir. “Dinamo” Tbilisi rus komandalarına uduzanda deyirmiş ki, mən başa düşə bilmirəm 11 rus 11 gürcünü necə uda bilər?”
Sonralar Konstantin Qamsaxurdiya haqqında oxudum, oğlu Zviad da təsadüfi deyildi ki, gürcü milli azadlıq hərəkatının lideri, sonra da Gürcüstanın prezidenti oldu.
Erməni Viktor Qalustov hər zaman bizim otağa gələr, hərdən mənə kəkotu göndərildiyini bildiyindən azərbaycanca “İlhamcan, kakotu var?” soruşardı. Olanda dəmləyib içirdik, içdikcə yanımızdakı rus Teplova:
– Ты не знаешь да какоту?
Saşa:
– Знаю, мята да?
Viktor üzünü mənə tutub:
– Ильхам, он и “Аршын мал алан” не видел, и хашлама не кушал, и какоту не пил, он несчастный человек – deyirdi.
Qalustov Üzeyir Hacıbəyovun əsərlərini çox sevdiyini, onun əsərlərinin dünya miqyaslı olduğunu söyləyərdi.
Ali Kursda müəllimlərimizin arasında o zaman və məkan üçün mütərəqqi fikirlilər, fərqli düşünənlər də vardı. Şarov familiyalı müəllimimiz bir müddət İsveçdə işləmişdi. Seminarda deyirdi ki, agentiniz gəlib sizə məlumat verəndə bəs hansısa iş yoldaşı “Azadlıq” radiosuna qulaq asır və Qərbi Avropada, Skandinaviya ölkələrində həyat tərzinin yüksək olduğundan danışır, o adam barədə tələsik qərar verməyə çalışmayın: “Birincisi, o, radioda veriləni deyir, ikincisi, bizimlə müqayisədə orda həyat səviyyəsi həqiqətən də yüksəkdir”.
Belə açıq danışmaq KQB məktəbində hər müəllimin işi deyildi. 5-ci xətt üzrə müəllim isə Soljenitsından, qadağan olmuş ədəbiyyatdan danışanda deyirdi: “Tədricən bu qadağaları yığışdırmaq lazımdır, əgər biz Stalin dövrünü tənqid ediriksə, Soljenitsını niyə qadağan edək, o da o dəhşətli siyasətdən, insanların sürgündə necə əzab çəkdiyindən yazıb”.
Saxarovdan danışanda isə onun KQB haqqında dediyi “KQB yeganə təşkilatdır ki, sovet korrupsiya sisteminə bulaşmayıb” sözlərini xatırladırdı: “Axı ölkədə həqiqətən böyük rüşvət sistemi var və onun kökünü kəsmək hələ mümkün deyil, çünki çox yuxarıdan başlayır. İşləyəndə görəcəksiniz, sizi rüşvətlə mübarizə aparmağa qoymayacaqlar”.
Bizi həqiqətən də rüşvətlə mübarizə aparmağa qoymadılar. Raykom katibindən komprmaterial gətirəndə deyirdilər: “Biz partiyaya qarşı mübarizə aparmırıq”. Sovetin dağılmasının səbəblərindən biri də bu idi.
Elmi kommunizm müəllimi sovet iqtisadiyyatının zəif yerlərindən danışırdı. Onun bu sözləri yadımdadır: “Təsəvvür edin ki, bir gün bütün əmanətçilər əmanət kassasına gəlir və əmanətlərini tələb edir. Ölkədə elə iqtisadi böhran başlayar ki, qarşısını almaq çətin olar”. Belə fikirlər bizim üçün təzə idi.
Ən maraqlı məruzələr, seminarlar millətçiliklə, dinlə bağlı idi. SSRİ-də millətçilik mövzusunda məruzələrdə və ədəbiyyatda Ukrayna millətçiliyi, erməni millətçiliyi, gürcü millətçiliyi, hətta qazax millətçiliyi ayrıca araşdırılırdı. Açığı, təəssüf edirdim ki, Azərbaycan millətçiliyi deyilən nə termin vardı, nə də ötəri olsa da adı çəkilirdi. Çox sadə bir səbəbdən – Azərbaycanda millətçiliyin heç bir təşkilatlanmış forması olmamışdı.
Amma 1937-ci il repressiyasından ən çox itki verən respublikalar içərisində Azərbaycanın adı ilk üçlükdə gəlirdi.
Baltikyanı respublikalardan danışanda millətçilikdən çox SSRİ-dən ayrılmaq üçün daxildən və xaricdən hansı fəaliyyətlərin olmasından kursantlara məlumat verilirdi.
Din barəsində danışanda birmənalı olaraq dini fəaliyyətin nəzarətsiz olmaması, dinin həssas sahə olması və hər zaman təhlükə yarada biləcəyi xüsusi vurğulanır, İran islam inqilabı və müxtəlif zamanlarda SSRİ-də dini zəmində baş vermiş kütləvi iğtişaşlar nümunə kimi göstərilirdi.
Müəllimimiz din adamları içərisindən informasiya mənbəyi seçməyin, yəni agent əldə etməyin çətinliyini qeyd edir, amma xristian ruhanilərdən fərqli olaraq islam nümayəndələrinin daha asan cəlb edilməsini də qeyd edirdilər. Orta Asiyadan, Tatarıstandan olan kursantlara və Azərbaycandan olan bizlərə informasiya mənbəyi əldə etməkdə çətinlik çəkməyəcəyimizi deyəndə buna inanmasam da, xidməti fəaliyyətimdə deyilənlərin həqiqət olduğu təsdiq olundu.
May ayında baş leytenant rütbəsi aldım. Maaşım 10 manat artıb 180 rubl oldu. Minskdə hərbi formamız rabitəçi nişanlarıyla gizlədilirdi, guya biz rabitəçiyik. Şəhərdə hərbi formada olanlara beloruslar xüsusi hörmət edirdilər.
Minsk Ali Kursunda dərslər yekunlaşırdı. Son iki ay praktik dərslərimiz daha çox idi. Kursda polkovnik Puşkaryovla xüsusi yaxınlığım vardı. 5-ci xüsusi ixtisas kafedrasının rəisi idi. Bir gün məni yanına çağırıb dedi: “Gəl səni burda, Minskdə Mərkəzi Aparatda işə düzəldim. Burda da evlənərsən, istəsən lap Kiselyovun (Belorusiya KP MK-nın birinci katibi) qızını sənə alarıq. Mən sənə hər cür kömək etməyə hazıram”.
Düzü, həyatını xüsusi xidmət orqanına həsr edən bir zabit üçün bundan yaxşı təklif olmazdı və karyera üçün əsil tramplin idi. Mən fikirləşmək üçün vaxt istədim, amma bu, nəzakət xətrinə idi. Bilirdim ki, mütləq Azərbaycana dönməliyəm.
Minsk Ali Kursu böyük məktəb idi. Dünən də, bu gün də oranı bitirənlər böyük vəzifələrdədir. Abxaziyanın, Cənubi Osetiyanın rəhbərləri bu məktəbi bitirib. Rusiya hökumətinin önəmli şəxsləri – Sergey İvanov, Nikolay Patruşev də Minsk Ali Kursunda oxuyublar, Miqrasiya Xidmətinin rəisi Romadanovski Konstantin Oleqoviçlə isə eyni vaxtda oxumuşuq. Federal Təhlükəsizlik Xidmətinin rəhbər heyətindən bir çoxları da Minsk Ali Kursunu bitiriblər.
Dövlətin idarə olunması, dövlətçilik, dövlətin qarşısında duran vəzifələr xüsusi xidmət işçilərinin beyninə yeridilir. Ekstremal situasiyada idarəetməni ələ almaq kimi vəzifələr mənim peşəmin önəmli cəhətlərindəndir. Düzdür, burda fərdi xarakter də vacib tərəfdir, amma məktəb başqa amildir. Mən bunu praktik fəaliyyətimdə bütün varlığımla hiss etdim.
Yay imtahanları başladı. Əvvəlki həyəcan yox idi. Bu dəfə asanlıqla üç imtahanın ikisindən 5, birindən 4 aldım. Təyinat Azərbaycana verildi.
Minskdən sonra Bakıya tələsmirdim. Minsk gəncliyimin gözəl bir səhifəsi olaraq ömür kitabıma yazıldı. Minski tərk etmək yalnız bir şəhəri tərk etmək deyildi, gəncliyin bəxş etdiyi gözəllikləri tərk edib xatirəyə çevirmək idi.
Aeroportda həsrətlə yol gözləyən məni yola salmağa gəlmədi, incimişdi, əvəzində məktub göndərdi. Vaxtilə Yesenindən ona oxuduğum şeirdən bir kupleti yazmışdı məktuba:
Я помню, любимая помню
Сияние твох волос.
Не радостно и нелегко мне,
Покинуть тебе привелось.
Bir aylıq məzuniyyətimi səmərəli keçirmək məqsədilə Vilnüsə gəldim. Polkovnik Puşkaryovun əlaqələri vasitəsilə mehmanxana problemim olmadı. Minskdən fərqli olaraq Vilnüsdə gəzməli, görməli tarixi yerlər çox idi. Dostum Andro bir gün sonra bacısı Liya ilə Vilnüsə gələcəyini demişdi. Andronu dəmiryolu vağzalında qarşıladım.
Çox yerləri gəzdik, amma ən maraqlısı Trakay oldu. Trakay göllərin əhatəsində olan bir adada muzey-qala, həm də bir qəsəbədir. Məlum oldu ki, trakaylılar Krımdan knyaz Vitautasın gətirdiyi türkdilli karaimlərdir.
Androgili axşam qatarla yola salandan sonra Vilnüsdə daha iki gün qaldım. Bir axşam taksiçidən Vilnüsün ən gözəl restoranını soruşdum. “Erfurtas” dedi və məni ora apardı. Bura Minsk restoranlarına bənzəmirdi, sakit, həzin musiqi, insanlar yavaş səslə danışır, rəqslər də adətən aşağı templi idi. Bir musiqi sifariş verdim. Saksafon çalan haralı olduğumu soruşdu və yerimə oturanda heç gözləmədiyim halda təmiz Azərbaycan dilində mənə müraciət edib mahnının şərəfimə səsləndiyini söylədi.
Vilnüsü tərk edib Kaunasa – Litvanın qədim paytaxtına getdim. Kaunas qatı millətçi bir şəhərdir. Demək olar ki, rus dilində sorğulara cavab vermirdilər. Burda bizim “Torqovı”nı xatırladan küçə “Azadlıq bulvarı” (Laysveys Alleys) adlanırdı. Bu şəhərdə sanki sovet hakimiyyəti yox idi. Baltikyanı respublikalar SSRİ-ni hamıdan tez tərk edəndə mən təəccüblənmədim.
Kaunasda dünyada yeganə “Şeytanlar muzeyi”, bəstəkar rəssam Çürlenisin muzeyi, 9-cu fort çox maraqlı idi.
Kaunasda qatara minib Minskə qayıtdım, təyyarə biletim Bakıya Minskdən idi. Minskə çatandan bir neçə saat sonra Bakıya uçdum.
“KQB-MTN… Görünən dağın bələdçiliyi” silsiləsinin əvvəlki bölümləri: 1 2 3 4 5 6 7 8