Ailə büdcəsində “dəb” xərcləri
“Dəb”də olmayan, ümumiyyətlə, heç kimin heç vaxt toxunmadığı mövzular var. Bunlardan biri də ailə büdcəsi barədədir. Bizdə nadir hallarda bunu kimsə düşünər, xərclərini gəlirləri ilə uzlaşdırar, yəni loru dillə desək, ayağını yorğanına baxıb uzadar.
Əlbəttə, ailə büdcəsi barədə nəsə bilənlər, xərclərini gəlirlərinə uyğun planlaşdıranlar da var. Amma bütünlükdə ailə büdcəsi anlayışı, yumşaq desək, o qədər də doğma mövzu deyil. Bəzən isə büdcə sözünü eşidəndə məsxərəyə də qoyan tapılır ki, qadan alım, bir az aşağı en, büdcə məsələsi dövlətə aiddir, bunun ailəyə nə dəxli var ki?! Ailə 3-4 nəfərdən ibarətdir, büdcəsiz də ötüşər. Kişi qazanacaq, arvad xərcləyəcək, külfət də yeyəcək. Amma əksər ölkələrdə ailə büdcəsi çox ciddi müzakirə olunan ən aktual mövzulardandır. Alimlər araşdırır, iqtisadçılar müzakirə edir və təkliflərini verirlər.
Hər xalqın özünəməxsus qənaətcilliyi və fərqli bədxərcliyi var. Hərə ailə büdcəsini bir cür tutur. İnkişaf etmiş ölkələrdə ailə büdcəsinin tərtib edilməsinə və onun planlı qaydada aparılmasına ciddi fikir verilir, baxmayaraq ki, onların arasında da fərqlər mövcuddur. Lakin bütün hallarda inkişaf etmiş ölkələrdə əksəriyyət öz pullarının xərclənməsinə qənaətlə yanaşır, qəpiyin qədrini bilir, artıq heç nə almır.
Avropa ölkələrində və ABŞ-da “ailə mühasibatı” deyilən bir anlayış var. Amerika ailələri xərclərini ciddi nəzarətdə saxlayır, analiz edir, səhvlərini düzəldirlər. Hətta balaca uşaqları da elə öyrədirlər ki, mühasibatlığın aparılması onlar üçün vərdişə çevrilsin. Ailənin bir büdcəsi də ola bilər, ər-arvad qazanc və məsrəflərini ayrılıqda da hesablaya bilərlər. Ailə büdcəsində ər-arvad arasında narazılıq ola bilər, amma hər kəs pulunu necə xərcləyəcəyinə özü qərar verəndə büdcə üzündən söz-söhbət və çəkişmələr olmur.
Ən maraqlısı almanlardır. Tələbə yataqxanasında İqor adlı rus və Didmar adlı almanla bir otaqda qalırdıq. Mənə Bakıdan tez-tez bağlama göndərərdilər. Qutunun ağzını açıb tökərdik stolun üstünə, yığışardıq və bir-iki saata nə varsa axırına çıxardıq. Didmara da bir boşqabda sovqatdan pay verərdik və sonra da buna peşman olardıq. Çünki o boşqabı qoyardı çarpayısının yanındakı pəncərənin altına və hər axşam yatanda bir-iki dənə qoz-fındıqdan qırıb yeyərdi… ta evdən bizə növbəti bağlama gələnə kimi. Bezərdik, qeyzlənərdik ki, bizim çərəzimiz çoxdan qurtarıb, bu alman isə hələ də hər axşam bizə acıq verir.
Bir dəfə dözməyib dirəndik ki, Didmar, niyə belə edirsən? Tövrünü pozmadan alman soyuqqanlılığı ilə dilləndi ki, bədxərcsiniz, sabahı düşünmürsünüz…
Onu anlamazdıq, bir az da xəsis sayardıq. Didmarın pul qabında təxminən 10-a qədər arakəsmə var idi, təqaüdünü alan kimi pulları səliqə ilə bölüb bu arakəsmələrə yığırdı, siqaret, yemək, istirahət, kitab pulu və s. üçün. Çalışırdı mümkün qədər hər şeyə qənaət etsin. Ayın axırında xərcləmədiyi pulları atırdı başının altına, yəni yığırdı. Hər semestrdə Almaniyadan özü ilə 5-6 baton servilad kolbasası gətirərdi, səhər tül kimi nazik dilim kəsər, çörəyin üstünə yağ çəkib kolbasa ilə yeyərdi. Bu da ona növbəti dəfə Almaniyaya gedənə kimi bəs edirdi.
Özü də Didmar tək deyildi. Elə almanlar var idi ki, yayda tələbə-inşaat dəstələrinə gedər, yaxşı da pul qazanardılar. Hətta ali məktəbi başa vurub vətənlərinə dönəndə qənaət etdiyi pullara “Jiquli” də alan olurdu.
Danışdıqlarım bu günün, dünənin söhbəti deyil. Ötən əsrin 70-ci illərinin xatirələridir. O vaxtdan az qala yarım əsrə yaxın vaxt keçib, amma hərdən yığışıb tələbə dostlarımızla o hadisələri xatırlayırıq, yenə də Didmara lağ etməkdən qalmırıq. Bu isə o deməkdir ki, hələ də ailə büdcəsinin nə demək olduğunu tam dərk etmirik.
Almanlar isə dünyada ailə büdcəsinə diqqətlə yanaşan ən qənaətcil xalq kimi qalıb. Onlar bir paltarı illərlə geyinər və bundan sıxıntı keçirməzlər. İndi gəl bunu hər toya təzə paltar üçün dəridən-qabıqdan çıxan xanımlarımıza de, bax gör ağ gününü necə qara edəcəklər!
Dostum Almaniyadan arvadı İneslə gələndə birlikdə bazara dəydik. Alman xanımı elə köhnə, didilmiş çanta çıxardı ki, bizdə heç kim onu əlinə almağı özünə rəva bilməzdi. Xəcalətimdən 40 qəpiklik yaraşıqlı paket aldım ki, birdən tanışa, qohuma rast gəlsək, biabır olmayaq. Bunu görən İnes ərinə nə isə dedi. Tərcüməsi təxminən belə idi: “Sonra da gileylənirsiniz ki, pulunuz çatmır, belə də bədxərclik olar?! Elə buna görə də kasıbsınız!”
Alman qənaətcilliyinin həddi-hüdudu yoxdur. Bayırda 10 dərəcə soyuq olsa, alman sobanı qalamaq əvəzinə corab geyib yatacaq, paltaryuyan maşını da işığın qiyməti düşəndə – gecə vaxtı işə salacaq. Əvəzində istirahət üçün pul xərcləməyə qənaət etmirlər.
Fransızlar isə pulun qədrini nə qədər bilsələr də, yeməyə gələndə bədxərcdirlər. Məsələn, ərzaqdan savayı nəsə almalıdırlarsa, kataloqları axtarır, endirimləri səbirsizliklə gözləyirlər. Ərzağa gəldikdə tam əksinədir. Fransanın məşhur keçmiş prezidenti de Qoll deyərdi ki, sizə 300 pendir növü olan bir xalqı idarə etmək o qədər də asan gəlməsin!
Gəlirlərinin 60 faizini dövlət büdcəsinə vergi kimi ödəyən isveçlilər hamıdan seçilirlər, yəni onlar istəməsələr belə, qənaətcil olmağa məcburdurlar. Bazarlıq zamanı onlar da endirimlərə üstünlük verirlər. Hətta uşaqlarını elə tərbiyə edirlər ki, paltarlarını səliqəli geyinsinlər… sonra onları sata bilmələri üçün.
ABŞ-da isə hər bir uşağı pul qazanmaq sarıdan kiçik yaşlarından yalnız öz gücünə güvənməyə alışdırırlar.
Əksər ölkələrdə ailələr həmişə gəlirlərinin bir qismini nəyin bahasına olursa-olsun, əmanət kimi saxlamağa çalışırlar. Amma dar günü yaponlar kimi heç kim fikirləşmir. Onlar aylıq gəlirlərinin az qala beşdə birini arxaya atırlar. Yaponiyada ailə büdcəsini və kişinin gündəlik cib xərclərini qadın təyin edir.
Ruslarda da kişi pulu araq şüşəsinə qurban verməyə hazır olduğu üçün maliyyə məsələlərində qadınlar hökmranlıq edir, ərin də cibinə işə gedəndə nahar pulundan savayı bir şey qoymurlar. Çünki sovet vaxtındakı məşhur “soobrazim na troix” ifadəsi qonşu ölkədə bu gün də qüvvədədir.
İndi gələk yazımızın əvvəlinə, yəni özümüzə. Azərbaycanda bu məsələdə genetik yaddaşımızdan, islam əxlaqından sızan qaydalar hələ az-çox qalır. Belə ki, maliyyə məsələlərində ən məsuliyyətli şəxs ailə başçısıdır və bütün yük onun boynundadır. Kasıba əl tutmaq, zəkat vermək, qurban kəsmək, sədəqə paylamaq, yaşlı valideynin bütün qayğılarını çəkmək ailənin yazılmayan qanunlarıdır. Evin qazanan əli himayəsində kim varsa, hamısının xərcini çəkməlidir. Əxlaqımız belədir: qazanc ailənin güzəranı üçündür. Ümumiyyətlə, ömrümüzün mənası övladlarımızın ayağa qalxmasındadır. Qohumcanlı, təəssübkeşik və ölənə kimi uşaqların üstündə əsirik.
Lakin bu cür əvəzsiz adətlərimizlə yanaşı illərlə həyat tərzimizə oturub iliyimizə yeriyən saxta və gərəksiz adətlərimiz də var. Onlar ağır biyar kimi ailə büdcəsini elə dağıdır ki, bunu düşmən belə istəsə də edə bilməz.
Bizim toy və hüzn məclislərimiz büdcəmizə divan tutur. Hətta o dərəcədə ki, həmin mərasimlərdən sonra illərlə özümüzə gələ bilmirik. Şadlıq sarayları qiymətləri elə düzüb qoşur ki, toy sahibi Allahdan yalnız bir şeyi rica edir: “Təki başa-baş qurtaraq, sarayın borc tələsinə düşməyək”.
Amma bununla da iş bitmir. Toydan sonra çağırdığın adamlar səni öz xeyir işlərinə dəvət edirlər. Dəftərini açırsan, atılan məbləği qaytarırsan.
Və bu zəncir qırılmır ki, qırılmır! Orta səviyyəli gəliri olan ailə ildə toylara 4-5 min manat pul xərcləyir! Toya borc alıb gedənlər də olur. İndi gəl bu toy karuselində ailə büdcəsini idarə et, nə isə artır, gərəyin olan nəyi isə al.
Digər tərəfdən, üçü, yeddisi, qırxı, əlli ikisi, qarabayramları və hətta islamın dəfn qaydalarına zidd olaraq böyük pula başa gələn qəbirüstləri də ailə büdcəsinə dəmir qayda kimi oturub. Bütün bu xərclər ailənin dincliyini, istirahətini, hətta gələcək planlarını belə əlindən alır. Ailə büdcəsi mərasim xərclərinə çevrilir və beləliklə biz həyatımızı yaşamaq əvəzinə, günümüzü yalnız təyinatından asılı olmayaraq mərasimləri yola verməklə keçiririk.
Bahadur İMANQULİYEV
“Azərbaycan” qəzeti, 5 noyabr 2017