Yaddaşımın küncündə bu anlar da yaşayır… (3)
Şakir YAQUBOV
Jurnalistlik damarım elə məktəbdə oxuduğum illərdə baş qaldırıb – bunu etiraf etməliyəm. 1961-ci ilin aprelində bütün qəzetlər kosmosa uçmuş ilk bəşər övladı Yuri Qaqarinin şücaətindən bəhs edərkən mən də bu cərgəyə qoşuldum və indi “Savalan” adıyla nəşr olunan “Azərbaycan pioneri” qəzetinə bir məktub yolladım. Gözləmədiyim halda, elə aprel ayında məktubum qəzetdə dərc olundu: “Mən də Yuri kimi olacağam!” (Bu hesabla, deməli, azı 55 ildir çap olunuram).
Daha sonra, – gərək ki, mayın axırlarında, – Ağakərim və Ağamirzə ilə tərəvəz sahəsini dövrələyən arxdan təzəcə kürüdən çıxmış bir neçə çömçəni tutub Xəzər dənizinə buraxmağımız haqqında məktubum dərc olundu. Sonrakı illərdə də beləcə…
Maraqlıdır ki, redaksiyadan müəlliflərə göndərilən təlimatda məktubu yazmazdan əvvəl müəllimlə məsləhətləşmək, məktubu yazandan sonra isə onu birlikdə oxuyub əyər-əskiyini düzəltmək tövsiyə olunurdu. Mən isə nədənsə bu tövsiyəyə əhəmiyyət vermir və istədiyim mövzuda yazını öz ağlım kəsən tərzdə yazıb heç kimlə məsləhətləşmədən redaksiyaya göndərirdim.
Yeri gəlmişkən, elə həmin vaxtlardan iki imzanı gözüm tutmuşdu: Vasif Səmədov və Zakir Bağırov. Biri Masallıdan, digəri Lənkərandan olan məktəblilər.
İş elə gətirdi ki, indi əməkdar jurnalist olan Vasiflə hətta bir müddət iş yoldaşı olduq, onun 90-cı illərin əvvəllərində çapdan çıxmış iki kitabına redaktorluq elədim, Zakir isə 70-ci illərdə uzun müddət ADU-nun “Lenin tərbiyəsi uğrunda” çoxtirajlı qəzetində və “Azərbaycan gəncləri” qəzetində fəal müəllifim oldu…
…Yaşımın bu çağında da peşə seçimi mənasında nail olduqlarıma görə özümü borclu sandığım insanlardan biri yeddinci sinifdə oxuduğum vaxt məktəbimizə pioner baş dəstə rəhbəri vəzifəsində işləməyə gəlmiş Fərbiyə Şabanovadır. Tanınmış yazıçı Fatma Həsənqızının dost-doğmaca bacısı, yaratdığı talış qızlar rəqs ansamblıyla hətta 80-ə yaxın yaşında da Bakı televiziyaları verilişlərinin qəhrəmanı olan Fərbiyə müəllim uzağı yüz şagirdi olan məktəbimizdə işə başladığı ilk gündən şagird həyatında elə bir ab-hava yaratmağa nail oldu ki, sorağı ən uca məclislərdən gəlməyə başladı.
Pioner təşkilatı nizamnamə tələbləri əsasında quruldu – drujina şurasının, yəni məktəb üzrə bütün qırmızıqalstukluların sədri mən özüm.
Yaşı çatmış məktəblilər komsomol sıralarına qəbul olundu və məktəbdə ilk komsomol təşkilatı yaradıldı. Şübhəsiz ki, təşkilatın da sədri Şakir Yaqubov idi.
Yeni il üçün tamaşa hazırladıq – baş rolda, yəni Şaxta baba rolunda bəndeyi-həqiriniz, Qar qız rolunda qardaşım Ağaverdiylə bir sinifdə oxuyan pənbə kimi ağappaq qız Fəxrəndə…
“Milisin gənc dostları” dəstəsi yaradılmışdı və dəstənin sədri olan mən rayondan daha iki nəfərlə birlikdə, gərək ki, 65-ci ilin aprelində respublika toplanışında iştirak elədim – bu, qatara mindiyim, Bakıya gəldiyim birinci dəfəydi.
Yeri gəlmişkən, həmin tədbirdə rəhbər işçilərdən yadımda qalan yeganə adam sonralar bir çox vəzifələrdə, o cümlədən müstəqilliyin ilk illərində Ali Sovetin sədri vəzifəsində işləyən rəhmətlik Elmira Qafarova olmuşdu…
Gərək ki, 64-cü ilin payızıydı. Bir dərs günü Fərbiyə müəllimlə Lənkərana, rayon komsomol komitəsinin plenumuna yollandıq.
60-cı illərin əvvəllərində bütün SSRİ-də 4-5 rayonun bir inzibati mərkəz ətrafında birləşdirilməsi baş vermişdi. O cümlədən Astara, Masallı, Lerik və Yardımlı rayonları 4 yanvar 1963-cü ildə Lənkərana birləşdirilmişdi, oradan idarə olunurdu. Lakin belə idarəetmə çox çəkmədi və Nikita Xruşşov SSRİ-nin ali hakimiyyətindən uzaqlaşdırılandan az sonra ləğv olundu. O cümlədən Astara da 6 yanvar 1965-ci ildən etibarən yenidən müstəqil rayon kimi fəaliyyət göstərməyə başladı…
Komsomolun yığıncağında bu beş rayonun böyüyü, o vaxtlar “bala Lenin” deyə ad çıxarmış Məmməd Məmmədov da iştirak edirdi. Necə oldusa, mənə də çıxış eləmək üçün söz verdilər: mövzu pionerə komsomol rəhbərliyi idi. Təbii ki, bir-iki kəlməlik girişdən sonra raykomun katibi konkret sualı cavablamağımı istədi: pioner təşkilatına komsomol rəhbərliyini hansı formada həyata keçiririk. Dedim ki, mən özüm həm komsomol təşkilatçısı, həm də pioner drujinasının sədriyəm – bunun özü pionerə komsomol rəhbərliyinin bir formasıdır; fəal komsomolçuları da pioner dəstələrinə sədr təyin eləmişik – bu da daha bir forma və s. və i.a.
Məmmədov dediklərimdən razı qaldı və bir “çox sağ ol”la məni yerimdə oturtdu.
Səhər dərsə gələndə Fərbiyə müəllim dedi ki, direktor səni axtarır. Təxminən 5-6 kilometr aralıdakı Pensər kəndindən gələn Cəbrayıl müəllim direktorluqla yanaşı dil-ədəbiyyat dərslərini tədris edirdi. Özünü əsil rəhbər kimi ağır aparır, nə sərtlikdə, nə də həlimlikdə şitini çıxarmırdı.
Məni mehribancasına qarşıladı: məlum oldu ki, rayon komsomol komitəsindən ona zəng vurub plenumdakı çıxışım barədə məlumat vermiş, üstəlik də yaxşı işimizlə bağlı təşəkkür etmişlər. Deyilənləri mənimlə bir daha təsdiqlədikdən sonra Cəbrayıl müəllim “belə də davam etməyimizi” istədiyini bildirdi…
Bu iclasdan təxminən bir ay sonra Astara şəhər mədəniyyət evində gənc musiqiçilərin konsertini dinləməyim də yadıma düşür. Bu günün meyarları ilə yanaşanda qeyri-adilik iştirakçılardaydı: ilk dəfə canlı çıxışını dinlədiyim müğənni-xanəndələr Zeynəb Xanlarova, Elmira Rəhimova, İslam Rzayev və kamançaçalan Şəfiqə Eyvazova yadımdan çıxmayıb…
***
“Yaddaşımın küncündən” daha bir epizod…
1965-ci il may ayının əvvəlləriydi, səkkiz illik məktəbli həyatımızın bitiminə təxminən bir ay qalırdı. Sinif uşaqlarından hər birinin may-iyun aylarından sonrakı taleyi də müəyyən dərəcədə irəlicədən məlum idi. Ona görə də özümüzü “dembel” əsgərlər kimi sərbəst, üz verən müəllimlərlə – belələri o qədər də çox deyildi – tay-tuş kimi aparırdıq, onlar da bəzi hərəkətlərimizin müqabilində çox da dərinə getmir, hərdən həddi aşmağımıza da göz yumurdular.
Beş-altı uşaq, gərək ki, divarları Gəncə tərəflərdə “ayı balası” adlandırılan çiy kərpicdən hörülmüş birmərtəbəli məktəb binasının həyətdən, uzağı, iki qarış hündürlüyündə olan torpaq döşəməli eyvanında, sinif otağımızın qarşısında riyaziyyat müəllimi İltifat Nəsirovun başına yığışıb, bir növ perspektivlərimiz barədə söhbətləşirdik. Daha doğrusu, İltifat müəllim nəsə soruşur, bizim də utancaq bir tərzdə verdiyimiz xəsis cavablara özünün münasibətini bildirirdi.
Söhbətin şirin məqamında sinif yoldaşlarımızdan biri – kifayət qədər imkanlı ailənin övladı olduğu üçün hamıdan yaxşı geyinib-kecinən və həm də özünü yetərincə yekəxana aparan birisi bizim yığnağa yaxınlaşdı, əlini İltifat müəllimin çiyninə qoyub: “Nə var, nə yox, necəSƏN, müəllim”, – deyə ilk baxışda adi, o qədər də nəzakətsiz görünməyən bir tərzdə hal-əhval tutmaq istədi…
İltifat müəllimin o silləsinin cingiltisi indiyəcən qulaqlarımdan getməyib. Bir də dediyi bu sözlər:
– Ə, biz səninlə nə vaxtdan tay-tuş olmuşuq ki, məni bu tərzdə sorğu-suala tutursan, əlini çiynimə qoyursan, mənə “sən” deyirsən? İkincisi də, tutaq ki, mən dedim vəziyyətim yaxşı deyil, özümü pis hiss edirəm… Sən kimsən, hansı səlahiyyətin sahibisən ki, bu halıma əncam çəkəsən?..
Bu gethagetdə əsil müəllim tədris elədiyi dərsə birbaşa aidiyyəti olmayan bir məsələdə də bizə dərs keçdi. Şəxsən mənim ömrüm boyu unutmayacağım bir həyat dərsi!..
***
Ailə albomumda əlli ildən çox yaşı olan bir fotoşəkil gördüm: üç-dörd qız və iki oğlan – Raya Məmmədova, Simuzər Həsənova, Sakit (Allahverən) Əsədullayev, Gülsara Məmmədova, mən, Şəfiqə Dadaşova və soyadını heç cür xatırlaya bilmədiyim Fitnə…
Şəkil çəkilib 1965-ci il mayın 17-də, bir neçə saat əvvəl keçirilmiş ümumməktəb toplanışından sonra.
Əsil mənada xatirə şəklidir. Fitnənin qucağında tutduğu gül dibçəyi də buna sübutdur. Qızların ikisi – Raya ilə Şəfiqə, oğlanlardan isə elə mən özüm boyca o biri qızların çiyinlərinə zorla çatırıq. Ələlxüsus bir sinif aşağıda – 7-cidə oxuyan Simuzərin; bizimlə oxuyan Akifin bacısı olan bu qız görkəmindən şəkildəki uşaqların hamısının anası təsirini bağışlayır.
Akif, Simuzər, Gülsara o vaxt Qamışovka stansiyası deyilən ərazinin lap sonunda yaşayırdılar; qonşu Siyavar kəndinə uzanan yolu kəsən və axıb yaxınlıqdakı Xəzər dənizinə tökülən Qamışovka çayı təkcə iki yaşayış məntəqəsini deyil, həm də iki rayonu – Astara ilə Lənkəranı bir-birindən ayırır. İndi evlərinin sayı çoxalmış Qamışovka stansiyası nəyə görəsə rəsmən qəsəbə adlanır.
Akiflə Simuzərin atası rəhmətə getmişdi, Gülsaranın isə ata-anası və özündən yaşlı bacıları vardı. Hər nəsə, bu uşaqların sümüklü-şaqqalı olması izahsızdı.
Təkcə Fitnənin bizə nisbətən cantaraq olmasının izahı vardı: o, artıq …nişanlı qızdı və qarşı tərəf, necə deyərlər, hörmət eləyib dərs ilinin başa çatmasını gözləyirdi. Şəkildəki Fitnənin simasından da nişanlı qız olduğu açıq-aydın bilinir – ilıq may günündə üstündə heç bir məktəbli paltarı olmamasından və düymələri geyindiyi donun parçalarına bürünmüş yaxalığının sonadək düymələnməsindən.
Bu şəkil məktəbin kiçik həyətinin qərb tərəfində, yaşıllıqlara bürünmüş çəpərin önündə, ağacların budaqlarının çətir kimi açıldığı yerdə çəkilib.
Çəpərin o tərəfi kimin həyətidir – xatırlamıram, ancaq bizdən sağ əldəki tərəf İskəndərov Şakirgilin həyətidir. Kasıb bir kişinin oğlu olan Şakir üçüncümü, dördüncümü sinifdə təkrar oxumaq “haqqı qazanmışdı” və buna görə bizim sinfə düşmüşdü.
Çox başıaşağı, ipə-sapa yatan uşaq olsa da, oxumaqla elə də arası yox idi – mən bunun səbəbini birinci sinifdən dərslərə alışdırılmamasıyla izah edirəm, yuxarı siniflərdə bu problemi həll eləmək çətindir.
Elə ilk gündən mənə isinişdi və ilıq münasibətlərimiz yarandı.
Gərək ki, səkkizincidə oxuduğumuz vaxt bir gün mənə yaxınlaşıb dərsdən sonra birlikdə Lənkərana getməyimi istədi.
Məktəbdən təqribən 100 metr şərqə tərəf, kənd mağazasının qarşısındakı meydançafason dairədə avtobusa minəndə Şakirin qoltuğunun altında bir toyuq gördüm. “Nədir bu belə” – deyə soruşanda “Bazarda satıb özümüzə yolpulu edərik” – cavabını verdi.
Təxminən yarım saatdan sonra artıq Lənkərandaydıq. Avtovağzal Lənkəranın ən adlı-sanlı məhəllələrindən olan Böyükbazarda yerləşirdi. Avtobusdan düşüb bazar küçəsinə dönəndə bir kişi qabağımızı kəsdi: ”Neçəyə verirsiniz?” Yadımda deyil, Şakir nəsə bir qiymət dedi, kişi çıxarıb pulu verdi.
Uzağa getmədik, elə yaxınlıqdakı yeməkxanada oturduq. Qalxanda avtovağzalla Böyükbazarı ayıran ikimərtəbəli “Mədəni mallar” univermağına girdik – mən özümə bir kitab, Şakir də kiçik qardaşına hansısa bir oyuncaq götürdü. Pulunu ödəyib univermağın arxasına – avtovağzal maşınlarının dayandığı meydançaya döndük…
İki gün sonra Şakir bir də Lənkərana getməyi təklif edəndə mən bu səfərdən xoş iy gəlmədiyini duyub “yox” cavabı verdim və sanki birinci dəfə yeməkxanada yediyimiz yeməyin uzun müddət boğazımda düyünlənib qalması duyğusu ilə yaşadım.
Şübhəsiz ki, birinci dəfə də toyuğun nə toyuq olduğu ilə və Lənkərana nə məqsədlə getməyimizlə maraqlanmaq lazım idi.
İndi haqq dünyasında olan adaşımın günahından keçirəm…
***
Ümumməktəb toplanışının sabahı günü rayon mərkəzində oxşar toplantı olmalı idi və biz də – Fərbiyə müəllim qarışıq təqribən 15 nəfər ora getməliydik. Ancaq fələyin yazdığı ssenari tam fərqli oldu: səhər təxminən 8-in yarısı üçün məktəbin həyətinə yığışanda məlum oldu ki, faciə baş verib – bizim evdən təqribən yüz metr aralıda təzə salınmış həyətdə və təzə tikilmiş evdə yaşayan Əsədulla müəllim özünü də, həyat yoldaşını da tüfənglə güllələyərək öldürüb…
Türk əsilli Əsədulla Səmədov ixtisasca ingilis dili müəllimi idi, dövrün kadr qıtlıqlarını nəzərə alsaq, nadir peşə sahibi kimi 3-4 məktəbdə dərs deyirdi. Bir neçə il qabaq Masallı rayonunun Qodman kəndindən – nədənsə, bu ünvan o vaxtdan bəri yaddaşımda möhkəm ilişib – evlənmişdi. Çoxu məktəb yaşına çatmayan dörd övladı qaldı. Faciə baş verən anda – səhərə yaxın uşaqlar hələ yuxudaymış.
Səbəb nəydi? O günlərdə müxtəlif versiyalar irəli sürülürdü, ancaq heç biri ağlabatan deyildi, yaxud biz bu versiyaları yaxına buraxmaq istəmirdik.
Əsədulla müəllim kəndin yeganə ali təhsilli gənciydi (sonrakı ilklər Baloğlanın oğlu Allahverən və mən olduq). Şərti mənada onu “kefli İsgəndər” də adlandırmaq, hesab eləmək olardı, ancaq heç yadıma gəlmir ki, kənddə kimsə Əsədulla müəllimin içkili olduğunu görmüş olaydı; bir-iki nəfərlə, özüylə nisbətən həmyaş olan əmək təlimi müəllimi Vahab İbadovla və dükançı Salmanla yoldaşlıq edirdi, dərsdən kənar vaxtlarda da ictimai yerlərdə onlarla birgə görünürdü. Yayda da, qışda da daim ütülü, tərtəmiz olan ağ köynək və qara kostyum geyinərdi.
Təxminən dörd il bizə dərs dedi, amma bircə dəfə də mətndən kənar nəsə danışdığı, zarafat elədiyi, kiməsə altdan yuxarı və ya üstdən aşağı baxdığı yadıma gəlmir.
Başqa müəllimlərlə müqayisədə çox sərt idi, o arıq-arğaz bədəniylə indi adını çəkmək istəmədiyim oğlanlara çəkdiyi sillələrin cingiltisi hələ də qulaqlarımdan getmir…
Bir cümləsi də yadımdadır: dərsdə barmağıyla burnunu qurdalayan Akifə belə də dedi: “Burnunu eş, neft çıxar!”…
Həmin dərs ilini ingilis dili müəllimi olmadan başa vurduq və bu hesaba səkkizillik təhsil haqqında şəhadətnaməmizdə “Xarici dil (İngilis dili)” qrafasında qiymət yazılmadı, orta məktəb attestatımda da həmin qrafa boş qaldı. İllərdir ki, yeri düşdükcə ingilis dilindən tərcümələri də redaktə edirəm, ancaq bunu havadan yox, rəhmətlik Əsədulla müəllimin qoyduğu özül üzərində, rəsmi dillə desək, şəxsi təhsil hesabına edirəm.
(Ardı var)