Yaddaşımın küncündə bu anlar da yaşayır… (2)
- 01 Noyabr 2017
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Şakir YAQUBOV
…Ağarza müəllimin dediyi oldu və mən 57-ci il sentyabrın 1-də məktəbə getdim. Altı yaşımda məktəbə çağırılmağımın hansı zərurətdən yarandığını və ya kimin təşəbbüsü olduğunu bilmirəm, dediyim odur ki, anamın sözünə görə bir il də gec gedə bilərdim məktəbə. Ancaq məhz anamın əlinin yüngüllüyündən azı 20 yaşıma qədər ailədə, qohumlar arasında “Şair” adıyla tanınmağım qanımın arasına girdi – ibtidai təhsilli anam, zənnimcə, şairlərin kim olduğunu təxmini bilirdi, ona görə də həmin il “Şair bala”sının məktəbə yolunu kəsmədi…
Yeri gəlmişkən, anamın şeirlərini də əzbər bildiyi tək bir şair vardı – sovet illərində çox məşhur olan “Kirpi” jurnalında sərasər 33 il işləyən, korrektorluqdan baş redaktorun müavini vəzifəsinə qədər yüksələn satirik şair və dramaturq Rüfət Əhmədzadənin atası, “Kommunist” qəzetində mənim iş yoldaşım olan şair-jurnalist Zülfüqar Rüfətoğlunun isə babası Zülfüqar Əhmədzadə.
Dövrünün görkəmli şairi, publisisti, tərcüməçisi, həm də ictimai-siyasi xadimi olan Zülfüqar Əhmədzadə, bildiyim qədər, tək bircə beyti: “Lenin çəmə rəhbəre // Bə dınyo bərobəre” – “Lenin rəhbərimizdir // Dünyaya bərabərdir” beyti ucbatından (talış dilində “bə dınyo” ifadəsi “o dünyaya” kimi də tərcümə edilə bilər) repressiya qurbanı olmuşdu.
Ailə qayğılarından azad vaxtlarında anam ibtidai (dörd sinifli) məktəbdən – 1930-cu illərdən yaddaşının küncündə Zülfüqar Əhmədzadədən ilişib qalan şeirləri bizə – balalarına söyləyər (o şeirlərin çoxu indiyəcən mənim də yaddaşımda yaşayır) və bununla sanki bilik sarıdan heç də savadsız olmadığını nümayiş etdirərdi…
***
Birinci sinfə kiminlə getdiyim yadıma gəlmir – hər halda atamla getməmişəm, o həmin vaxtacan əlifbanı mənə öyrətmişdi, dovşan, pişik şəkli çəkməyi öyrətmişdi, amma məktəbə aparmamışdı; zənnimcə, atasından, yəni babam Yaqubdan irsən ona keçmiş mülkiyyət üzrə adicə kolxoz arabaçısı olan atam üçün iş mövsümünün qızğın çağında kolxoz işi övladını məktəbə aparmaqdan daha üstün olmalıydı, həm də kənd yerində belə bir adət də yoxdu ki, kimsə övladını yanına salıb məktəbə aparaydı; üstəlik də 50-60 evlik balaca kəndimizdə məktəblə evimizin arası uzağı 300 metr ola, ya olmaya idi. Olsun ki, məni birinci sinfə babam və nənəmlə yaşayan böyük bacım Məqbul aparmışdı – həmin il o, 7-ci sinfə gedirdi.
O ilin bəzi ştrixləri yadımda qalıb; belə ki, onda yeddiillik təhsil səkkizilliyə çevrilmiş, Azərbaycan əlifbasında növbəti dəfə islahatlar aparılmışdı: həmin dərs ilinin əvvəlindən kiril əlifbasında işlədilən “я” (yəni “ya”), “e” (yəni “yo”) və “ю” (yəni “yu”) hərfləri – yəqin ki, iki səsdən ibarət olduğu üçün bizim əlifbada “j” (indi “y”) hərfiylə əvəzlənmişdi, “й” hərfi bütünlüklə əlifbadan çıxarılmış, “э” hərfi isə “e” ilə əvəz edilmişdi.
Sinifdə cəmi 12-13 nəfər idik. Xətrini elə Şuşa qədər istədiyim şuşalı həmkarım Hikmət Sabiroğlu “Qarabağ söhbətləri” kitabında (Bakı, 2007) yazır ki, “Biz xeyrə-şərə bir gedirik – 33 ilin sinif yoldaşları. Ad günlərimizi bir keçiririk. Hələ evlənməyənlərimizi bir yerdə danlayırıq. Bu da elə bir döyüşdür”.
Xoş halına, Hikmət! Mən isə indi özümə zülm verərək ilk sinif yoldaşlarımı adbaad xatırlamağa çalışıram: Akif, Gülsara (o vaxt elə sadəcə Sara), Allahverən (o vaxt isə sadəcə Sakit), Gülzar, Şəfiqə, Raya (o vaxt isə Rəhilə), Fitnə, Rəvayət, Nisbət, Ağamirzə, Firuzə, Ağakərim və mən.
Sinif yoldaşlarımdan bəzilərinin adını iki variantda çəkməyim mənim təqsirim deyil: sadəcə olaraq, jurnalda həmin uşaqları ailədə – evdə-eşikdə adlandırıldıqları təki qeyd eləmişdilər və uzun müddət, təxminən 7-8-ci sinfə qədər onlar bu adları ilə tanınırdılar. Bunun bir səbəbi də oydu ki, bu uşaqların çoxu vaxtında doğum haqqında şəhadətnamə almamışdılar və ad-soyadları da ata-analarının diktə elədikləri şəkildə yazılırdı.
Bu uşaqlardan ilk üç nəfəri Qamışovka stansiyasından gələnlərdi, üstəlik, Gülzarla birlikdə türk əsilli uşaqlardı, qalanlar isə talışlardı.
Talış uşaqların, o cümlədən özümün Azərbaycan dilini necə öyrəndiyimizi heç cür xatırlamıram. Orası dəqiq yadımdadır ki, bütün respublikada olduğu kimi, ikinci sinifdən etibarən biz də artıq tədris proqramında nəzərdə tutulan rus dilini (indiki meyarla – xarici dili) əməlli-başlı öyrənir və mənimsəyirdik…
Bir-iki kəlmə müəllimlərimiz barədə. O vaxtacan kəndimizdən ali və orta ixtisas təhsili alanlar demək olar ki, olmadığına görə müəllimlərin də böyük əksəriyyəti qonşu kəndlərdən gələnlərdi. Yerlilərdən ən yaşlısı və tanınmışı görünüşcə məşhur fransız komiki Lui de Fünesi xatırladan ibtidai siniflərdə dərs deyən Tağı müəllim idi. Onun barəsində lətifə qoşmuşdular, guya ki, o, bədən tərbiyəsi dərsi keçərkən uşaqlara sağ-solu öyrətmək üçün “yerli mənbə”lərə isnad edir: “sağa dön” demək əvəzinə yaxınlıqdakı badımcan kollarını nəzərdə tutaraq “badımcana dön”, “sola dön” demək əvəzinə qonşuluqdakı evin sahibini nəzərdə tutaraq “Əbdüləliyə dön” deyirmiş…
Tağı müəllim qonşuluğumuzda, küçənin o biri tayında yaşayırdı və sanki özünü hər çür gözlənilməzliklərdən sığortalamaq üçün (ya da bəlkə xasiyyəti beləydi) qabağına çıxan böyük-kiçiklərin hamısıyla hal-əhval tutur, ərki çatanlarla hətta zarafatlaşırdı da.
Üçüncüdən başlayaraq əsas dərsləri bizə Xuda müəllim deyərdi. Şiyəkəran kəndindən gəlirdi, yetərincə sərt və eyni zamanda, mehriban adam idi, amma hər şeyin həddini bilirdi. Bir dəfə xəstələndiyimə görə başı-gözü sarıqlı halda atam məni Lənkərana – həkimə aparmışdı və buna görə bütöv bir gün dərsdən qalmalı olmuşdum, üstəlik də nə direktordan, nə də Xuda müəllimdən icazə almamışdım. Sabahısı dərs danışmaq üçün məni ayağa qaldıranda və cavablarımın müqabilində heç bir bəhanə tapıb irad bildirə bilməyəndə o, dünən dərsə gəlməməyimi “gözümə soxdu”: “Atana deynən səni arvadfason bəzəyib ora-bura az aparsın…”
Hiss olunurdu ki, məsələdən xəbərdardır, sadəcə, sayılmamağı ona toxunub…
Rza Rzayev Xuda müəllimin həmkəndlisi idi, təbiət-coğrafiya dərslərinin hamısı onun öhdəsinə düşmüşdü – düz dörd sinifdə bu tipli dərslərin hamısını o aparırdı. Rza müəllim haqqında 1977-ci ildə “Azərbaycan gəncləri”ndə böyük bir oçerk dərc etdirmişəm. Burada o, təkcə məktəbimizin adlı-sanlı, hörmət-izzətli müəllimi kimi deyil, həm də qohumumuz kimi – qardaşım Fikrətin qayınatası kimi təqdim olunub. Rza müəllim cavan vaxtlarında məktəbin həyətində dağı, okeanı, çayları, adaları, körfəzi, şəlaləsi və s. olan coğrafiya meydançası düzəltmişdi (beləsini bir də 25 ildən sonra SSRİ-nin əməkdar müəllimi Zahid Şöyübovun direktor olduğu Yevlax rayonunun Xaldan qəsəbə orta məktəbində gördüm) və hər səhər növbəti gün üçün dərsə gələndə bu meydançaya baş çəkər, bir körpə təki üzərində əsərdi. Gərək ki, 7-ci sinifdə zoologiya dərsində onun diri qurbağanı sinfə gətirib “çarmıx”a çəkməyi və adi ülgüclə onu “operasiya” eləyib “iç dünyası”nı bizə nümayiş etdirməyi o illərin kənd məktəbləriyçin görünməmiş faktdı…
Rza müəllimin söylədiyi bir fikir: uşaqlıq və yeniyetməlik çağlarında qızlar oğlanlara nisbətən daha sürətlə böyüyür; siz bunun səbəbini yuxarı siniflərdə biləcəksiniz…
Nəinki “yuxarı siniflərdə”, heç ömrümün yuxarı çağında da nə məsələnin bu şəkildə qoyuluşuna, nə də izahına rast gəldim… Rza müəllim düz deyirdi, şübhəniz varsa, böyür-başınızdakı qız uşaqlarına göz qoyun və böyük Müəllimin ən azı bu məsələdə gənc ürəklərə səpdiyi şübhə toxumunun əbədi yaşarılığıyla barışın…
Vahab müəllim kəndin 2-3 varlı-hallı kişilərindən olan Əhməd İbadovun oğluydu, erkən cavanlıqda “çox yerlər dolaşaraq”, nəhayət, məktəbdə əmək təlimi müəllimi kimi işə başlamışdı: insafən işinin öhdəsindən pis gəlmirdi; xüsusən praktik dərsləri lap nümunəvi aparırdı. Onun dərsindən yadımda qalan lobzik deyilən alət olub: bu incə mişarla faner taxta üzərində ən mürəkkəb quruluşa malik ornamentlər açmağı öyrənirdik.
Bizim hamımızın “Korə Bayram” (“Kar Bayram”) deyə çağırdığımız, Fikrətlə bir sinifdə oxuyan qonşu uşağının dost-doğmaca dayısı Calal müəllim motorollerlə qonşu Şahağac kəndindən gəlirdi, 4-5-ci siniflərdə riyaziyyatdan dərs deyirdi. Əsas riyaziyyat müəllimi isə 6-7 kilometr aralıdakı Pensər kəndindən gələn (o da motorollerlə!) son dərəcə ciddi, zabitəli, təxminən 30-35 yaşlı İltifat Nəsirovdu.
Kakalosdan olan İbrahimağa müəllim rus dilini tədris edirdi. Dolu bədənli bir adamdı, acığı tutduğu uşaqları ovcunun arxasıyla vururdu; Allahın nə işiydisə, adətən, abır-həyalı olan bizim sinfin uşaqları da onun dərsində “cavanlıq eləmək” həvəsinə düşürdülər. Xüsusən qızlar…
Buradaca xatırladım ki, 1965-ci ilin yazında faşizm üzərində qələbənin 20 illiyi ərəfəsində İbrahimağa müəllimin cəbhə şücaətləri barədə “Kommunist” qəzetinə bir yazı yollamışdım. Yazım oxucu məktublarının xülasəsində xatırladılmışdı. On dörd yaşlı uşaq üçün bu, çox böyük uğur idi. Təbii ki, mən də bu faktdan istifadə edib qəzetin həmin nömrəsini “hamının gözünə soxurdum”.
Direktor Cəbrayıl müəllim Mahmudov bu uğura görə məni təbrik elədi və sonrakı əlli ildə heç vaxt unutmadığım bir tövsiyəsini də bildirdi: “Yazı yazan neytral, kənar şəxs olmalı, eyni təşkilatda çalışırlarsa, vəzifə və mövqecə yazdığı şəxsdən üstün olmalıdır. Haqqında yazılan şəxsin həyatında elə fakt, hadisə ola bilər ki, o, yalnız həmin yüksək vəzifəli şəxsə məlum olar və bu da yazını yazıb-yazmamaq üçün ciddi əsas verə bilər”.
Düz sözə nə demək olar?
***
Qalan müəllimlər barədə yeri gələndə söz açaram.
Amma ən əsası bizə qələm tutmağı, “a” hərfini yazmağı, “ana” söyləməyi öyrədən birinci sinif müəllimimiz Zəhra müəllim barədə.
Türk əsilli Zəhra müəllim zabitəli, qaradinməz, elə o çağlardan çalsaçlı İzzət müəllimin mehriban, həlimdən də həlim həyat yoldaşı idi. İzzət müəllim barədə kənddə geniş yayılmış, təsdiqlənməmiş fikir bundan ibarətdi ki, o, “nemes plenində”, yəni 1941-1945-ci illər müharibəsi vaxtı alman əsirliyində olub – qaradinməzliyi də bununla izah edilirdi. Bizə – mənə və məndən sonra məktəbə ayaq açan qardaşlarım Fikrətlə Ağaverdiyə qarşı münasibətdə onun bu keyfiyyətləri əsla özünü büruzə verməzdi, əksinə, kəndarası yolda, yaxud məktəbin həyətində üz-üzə gələndə salamımızı alandan sonra hökmən kefimizi, atamızı xəbər alardı.
İzzət müəllimlə Zəhra müəllim kəndimizdə məskən salanda Səmayə adında yekə bir qızları da vardı və bu qız sonralar Lənkəran tibb məktəbini bitirdikdən sonra elə kəndimizdəki tibb məntəqəsində işləyirdi. Biz birincidə oxuyanda – adətən ikinci dərs vaxtı, təxminən saat 9-da Səmayə hələ bir yaşı olmayan qardaşı Əhmədağanı …əmizdirilmək üçün məktəbə, anasının yanına gətirərdi; Zəhra müəllim sinfə nəsə bir tapşırıq verər, bizim başımız ona qarışdığı vaxt oğlunu əmizdirər və qızının gətirdiyi səhər yeməyini – adətən, qayğanağı yeyərdi.
Yeri gəlmişkən, Əhmədağa sonralar məhbus həyatı da yaşadı, azadlığa buraxıldıqdan bir müddət sonra isə rəhmətə getdi. Düşünürəm ki, o vaxt birgə oxuduğumuz uşaqların çoxu körpə ikən onun əmizdirilməyə gətirilməsini heç xatırlamır da. Mən isə elə o vaxtdan belə qəribə şeylərin müşahidəçisi olmuş, bunları yaddaşıma həkk eləmişəm…
İzzət müəllim və ailəsi ilə bağlı bir xoş xatirəm də var. 1967-ci ilin yayında – artıq orta məktəblə üzülüşməkdəykən İzzət müəllim məni evlərinin təxminən metr yarım hündürlüyündəki eyvan-məhəccərinə buraxmış və mən ömrümdə ilk kərə televizorla o vaxt (və sonralar da uzun müddət) ölüsü olduğum futbol matçına tamaşa eləmişdim: Bakının “Neftçi” komandası Moskvanın OMİK-i (Ordu Mərkəzi İdman Klubu) ilə oynayırdı. 4:0 hesabıyla meydan sahiblərinin xeyrinə bitən (vallah, adamın heç inanmağı gəlmir, ancaq olub, futbolumuzun tarixində belə şeylər də olub!) həmin oyundan ən çox yadımda qalan məqam 18 yaşlı Rafiq Əlizadənin özündən bir baş hündür olan rəqib müdafiəçisini – SSRİ yığma komandasının və ordu idmançılarının kapitanı olan mərkəz müdafiəçisi, cəmi 8 gün əvvəl 26 yaşı tamam olmuş Albert Şesternyovu, sözün əsil mənasında, barmağına dolamasıydı.
Rafiq həmin oyun stilini sonrakı illərdə də əsasən qoruyub saxladı, amma “Neftçi” ölkə futbolunun güclülər dəstəsində sürünməkdə olduğu illərdə – 80-ci illərin əvvəllərində başabəla məşqçilər daha çox onun yalandan penalti qazanmaq “məharəti”ndən istifadə eləməyə çalışırdılar və bəzi hallarda buna da nail olurdular…
(Ardı var)