Yaddaşımın küncündə bu anlar da yaşayır…
- 30 Oktyabr 2017
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Şakir YAQUBOV
Sayğıdəyər oxucular “Yaddaşımın küncündən…” kitabımı (Bakı, Azərnəşr, 2014) sırf xatirələr kimi qəbul edərək onun bir “çatışmazlığı”nı nəzərimə çatdırmağı “özlərinə borc” bilirlər: guya kitabda uşaqlıq və yeniyetməlik illərimlə bağlı demək olar ki, “bir kəlmə də yoxdur”…
Əslində birincisi odur ki, “Yaddaşımın küncündən…” sırf xatirələr kitabı deyil və mən yadıma düşdükcə ayrı-ayrı əhvalatlar, insanlar barədə söz açmışam; ikincisi də təsvir olunan əhvalatlarda mən passiv iştirakçı, bir növ seyrçiyəm və bunların bioqrafiyamla bağlanması əsla düzgün deyil.
Amma hər halda oxucular üçün maraqlı olacağını nəzərə alıb “çatışmazlığı” aradan qaldırmağı lazımlı bildim.
Aşağıdakı qeydlərin birinci variantını çəmi 50 nüsxəlik kitabça şəklində ötən il nəşr etdirdikdən sonra gördüm ki, yaddaşımın küncündə uşaqlıq, yeniyetməlik və erkən gənclik illəriylə bağlı çoxlu məqam yaşayır – həm də bir xeylisini alatoranda, bəzilərini isə gün kimi aydın şəkildə görürəm. Həmin olaylarla bugünkü mən arasında zaman fərqi bəzi hallarda 50-60 ilə çatsa da!..
1.
“Havanın necəliyindən asılı olmayaraq, Ağarza müəllim Rzayev hər gün – o vaxtkı dillə deyilsə – sovetliyin mərkəzi Kakalos kəndində dayılarımgillə qonşuluqdakı evlərindən bizim Balaca Şahağac kənd səkkizillik məktəbinə qədərki 4-5 kilometrlik yolu payi-piyada qət edirdi (yeri gəlmişkən, kəndimizin adının məhz bu cür deyil, “Bala Şahağac” olduğunu təzəlikcə bilmişəm: demə, nə vaxtsa kənd zəhmətkeşləri Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinə müraciət ediblər ki, kəndin adındakı “Balaca” ifadəsi o qədər də dilə yatmır, yaxşı olar ki, bu ifadəni dəyişdirib “Bala” eləsinlər və Ali Sovetin müvafiq komissiyası da bu təklifə ikiəlli tərəfdar çıxıb; beləliklə, 66 yaşlı mənim bütün dövrlərdəki sənədlərimdə, o cümlədən 1951-ci il 9 aprel tarixli doğum şəhadətnaməmdə, sovet pasportumda və indiki şəxsiyyət vəsiqəmdə doğum yerim “Balaca Şahağac kəndi” göstərilməsinə baxmayaraq 1960-cı ildən bəri respublikanın inzibati-ərazi sənədlərində kəndimin adı “Bala Şahağac” kimi qeyd olunur. Üstəlik də heç kim nəzərə almaq istəmir ki, bu kəndin adı orijinalda, yəni talış dilində “Qədə Şahağac” – “Balaca Şahağac”dır…). Nə vaxt, hansı yaşda haqq dünyasına qovuşduğundan xəbərim olmasa da Ağarza müəllim hafizəmdə ilk dəfə gördüyüm simadadır: deyək ki, ömrü boyu kənddə (və bir neçə il də Bakıdakı neft mədənlərindən birində) qara fəhləlik eləmiş atamla müqayisədə bir qədər yaşlı (bəlkə 5-10 il), bir qədər dolu bədənli, geniş alınlı, enlikürək, son dərəcə ciddi, zabitəli bir şəxs.
Hətta hansı fənni tədris etdiyini bu gün də düz-əməlli xatırlamadığım, lakin “dərs hissə müdiri” olduğunu dəqiq (bu, yüzdə-yüzdür!) bildiyim Ağarza müəllim sonrakı illərdə bizim kəndin də daxil olduğu sovxozun azad (maaşlı) partiya komitəsinin katibi işləyirdi, azad komsomol komitəsinin katibi isə məndən iki-üç yaş böyük olan Zakir Mirzəyevdi. Müəyyən müddətdən sonra Ağarza müəllim Kakalos kənd sovetinin sədri, Zakir isə sovxoz partiya komitəsinin katibi vəzifəsində işləmişdilər.
Zakirdən sonra sovxoz azad komsomol komitəsinin katibi vəzifəsi həvalə edilənlərdən biri də qardaşım Fikrət olmuşdu. Həmin illərdə rayona tez-tez getdiyimə görə Zakirlə rayon partiya komitəsinin qəbul otağında görüşüb hal-əhval tutardıq. Hətta 88-ci ilin aprelində, dəmiryolunda elektrik işləyən qardaşım Ağaverdi birinci dəfə istehsalat qəzasına məruz qalanda (ikinci dəfədə bu hadisə faciəylə bitmişdi – Ağaverdi rəhmətə getmişdi) bu xəbəri də mənə hamıdan qabaq Zakir çatdırmışdı: “Ağaverdini indicə xəstəxanaya qoyduq, təcili özünü çatdır” – demişdi. Onda mən “Kommunist” qəzetində işləyirdim…
…Ağarza müəllimin adını əvvəllər də eşitmişdim, məktəbdə mahiyyətini bilmədiyim hansı vəzifəni daşıdığından da xəbərim vardı. Ona görə bir yay günü – heç şübhəsiz ki, 57-ci il avqust ayının son günlərindən birində, yanında daha bir nəfər olmaqla, məndən bir yaş böyük, Xanağa kimi tanıdığım, əsil adı isə Süleyman kişinin oğlu Zülfüqar olan qonşumuzun evimizlə üzbəüzdəki həyətlərindən, iki həyəti bir-birindən ayıran alçaq çəpərə yaxınlaşıb: “Ay adam, kim var evdə?” – deyə çağırdığını və çağırışına 6-7 yaşlı bir uşağın, yəni bəndənizin həyətdəki ləmədən – mətbəx rolunu oynayan, evdən bir qədər aralıda tikilmiş təxminən 8-10 kvadratmetrlik artırmadan çıxıb cavab verdiyini, evdə özündən və daha kiçik yaşlı iki qardaşından savayı heç kimin olmadığını söyləməsi bu dəqiqə də gözümün önündən (və qulaqlarımdan) getmir.
Ağarza müəllim (o, özünü belə nişan verdi) əlindəki dəftərə baxıb: “Sənin adın Şakirdi də” – deyə növbəti sualını verib “Hə” – cavabını alanda hökm elədi: “Atana deyərsən Ağarza müəllim gəlmişdi, dedi ki, sentyabrın 1-də səni məktəbə gətirsin”.
Sonra da gəldiyi səmtə dönüb bir qədər qabağa tərəf əyilmiş vücudu ilə yerişinə davam elədi…
Axşam, yəqin ki, saat 8-də və ya 9-un yarısında kolxozda çəltikçi işləyən anam biçindən qayıdanda və mən məktəbə dəvət almağım barədə xəbəri sevinclə ona bildirəndə onun Allah-təalanın ümidinə buraxıb evdə tək qoyduğu üç, beş və altı yaşlı üç balasının – üç oğlan uşağının sağ-salamat olduğuna şükür elədiyi məqamda bu xəbərdən tutulub: “Sən məktəbə getsən, bəs bu balaları kim saxlayacaq?” – deməsi də sanki dünən olub.
***
“Usta Hüseynin kiçik qızı” olan anam o vaxt cəmi 32 yaşında olsa da, həyatın çox çətinliklərini görmüşdü: erkən yaşda anasız qalmış, 11-12 yaşından cüssəsiz çiyinlərini ağır fiziki əməyin altına vermişdi.
Mən bu gün də 14 yaşlı qız uşağının naxırçılığını təsəvvürümə gətirə bilmirəm. Ona görə yox ki, qız uşağına yaraşan iş deyil; ona görə ki, ümumiyyətlə, öhdəsindən qız uşağının gələ bilməyəcəyi ağırdan ağır işdir, əzabların əzabıdır naxırçılıq. Doğma kəndlərindən xeyli aralıda yerləşən Kələdəhnə kəndinin çöllərində… çobanlıq eləməsi, kolxozun naxırını otarması və elə oralarda, 1944-cü ildə ilk məhəbbətinə qovuşması – atama rast gəlməsi həyat faktıydı.
Ailə-məişət problemlərinin yanında bunlar nə idi ki?!
İlk övladından – bacım Məqbuldan sonra dünyaya gətirdiyi birinci oğul balasından təkcə adı – Qafur ona qalmışdı. Sonra mən dünyaya gəlmişdim, daha sonra Fikrət, Ağaverdi, İldırım, Şəmşir (yəni Fərzulla), Mehparə və Məzahir…
Bütün bunlara baxmayaraq o həm də kolxozun üzvü idi, ilin azı altı ayı işdə olurdu, üstəlik də atam kimi heç nədə güzəştə getməyən tündməcaz adamın həyat yoldaşı missiyasını yerinə yetirməli olurdu, atabir, ana ayrı qardaşları – Məmməd, Rza, Mirzə və Tofiqin, doğmaca böyük qardaşı, müharibədən qayıtmamış Hacıbabanın oğul yadigarı Rahimin bütün qayğılarını üzərinə götürürdü; hərçənd daha yaşlı, evli-eşikli iki bacısı da vardı – Masallının məşhur Ərkivan kəndində ərdə olan Xatun və evimizdən, uzağı, iki yüz addım aralıda yaşayan Ruqiyyə…
Ailə-məişət problemləri dedim; əslində, bunlar nisbətən cavan ərlə arvad arasındakı əbədi anlaşılmazlıqlar, narazılıqlar idi. Mən “… Bizim səfər haçandı?!” sənədli povestimdə (Bakı, 2001) anama xitabən bunlardan birini misal gətirmişəm: “Xörək vaxtında hazır olmadığı üçün atam ocağın üstündəki qazanı aşırmış və… səni evdən qovmuşdu. İki yaşında olan Ağaverdini də qucağına alıb 200-300 metr aralıda yaşayan Ruqiyyə xalamgilə “qaçmışdın”. Orada neçə gün qaldığını deyə bilmərəm, ancaq hər gün Fikrətlə sənin yanına gəldiyimiz yaxşı yadımdadır. O da yadımdadır ki, bir dəfə çəkinə-çəkinə mənə dedin: “Atanla danış, de ki, anamızı istəyirik. Qoy icazə versin, mən də evə qayıdıb sizə baxım… Ancaq bax ha, hələm-həlbət, icazə al, sonra mənə xəbər elə…”
Atama heç nə demədim, daha doğrusu, buna cürət eləmədim və təbii ki, icazədən də söhbət gedə bilməzdi. Növbəti görüşümüzdə soruşdun: “Atanla danışdınmı?” Cavabımı gözləmədən ikinci sualı verdin: “Hə, razı oldumu?” Hansı hissinsə təsiri altında inamla: “Hə” – dedim. O dəqiqə yığışıb evimizə gəldik.
Şər qarışanda atam işdən qayıtdı və… Hıçqırıqlar içində dediyin: “Axı mən haranın daşını başıma salım? Balaların istədilər, mən də qayıtdım” – sözlərin təqribən 40 il sonra da qulaqlarımda səslənir. Sən daha heç yerə getmədin”…
Bu bəlkə də ərinə, balalarına, isti ocağına tükənməz sevginin təzahürüydü!..
Sənədli povestimdə belə bir parça da var: “77-ci ilin yay ayları idi. Artıq bir ildən də çox vaxt ərzində xəstəxanalar sakini olmuş atam üçün hündür eyvanda yer salmışdılar. Bir tərəfi ağrıyanda o biri tərəfi üstə uzandırırdılar. Sən yatağın yanında oturmuşdun, atam isə özünün xəstəlik, ağrılar dünyasındaydı. Gözləri yarıyumulu halda zarıldadı, “Ay ana, ölürəm…” – dedi.
Qulağım sənin hıçqırığını aldı: “Səndən sonra mən necə yaşaya bilərəm, Hənifə?” – deyə inildədin.
Məni görmürdün. Bəlkə də görürdün, amma lap yaxında olan dərd mənim varlığımı unutdurmuşdu sənə. Hər halda ağlım kəsəndən mənim yanımda nə sən ona nəvaziş göstərmişdin, nə də o sənə”…
Əslində, anamın atama nəvaziş göstərməsi bəlkə də ağlabatan iş olardı, lakin atamın belə edəcəyi heç ağlabatan deyildi. Həmin “…Bizim səfər haçandı?!” sənədli povestimdə bununla bağlı belə sətirlər də var: “Niyə axı sən bu qədər mağmın, məzlum insan oldun həyatda, ay ata? Niyə ömrün boyu “çöl işi”nin əsiri olduğuna görə evdə üzün danlandı? Niyə çarpayı dustağı olanda da traktorun dərdini çəkirdin, hissələrini kiminsə pay-mal edəcəyindən qüssələnirdin? Atalar övladlarına var-dövlət, mal-mülk vəsiyyət edəndə sən niyə partbiletin dərdini çəkmisən, özün olmayandan sonra onu hara, kimə təhvil vermək lazım olduğunu inadla Ağaverdiyə “başa salmağa” çalışmısan? Halbuki uzun illər ərzində sən adi traktorçuluğuna baxmayaraq üzvlüyünü nüfuz işi saydığın kommunist partiyasının sıralarına daxil olmağa hazırlaşarkən, rəsmi dairələrin qınaq hədəfinə çevrilərək: “Atası sovet hökumətinə güllə atıb” – ittihamıyla “qapı dalında” saxlanılırdın…
Ömründə cibində beş rubldan artıq pulun olmadı, amma ömründə bir kimsənin beş qəpiyinə də tamah salmadın; bir kimsədən beş qəpiklik xeyir görmədin, amma kimsədən də sonuncu qəpiyini əsirgəmədin. Səkkiz övladının boğazına şərik elədiyin adamların əksəriyyəti sənin 51 illik ömür həddini çoxdan adlasalar da, sənin insanlıq həddinə hələ yaxınlaşa bilməyiblər”.
(Ardı var)