Qarabağ müharibəsi veteranı, polkovnik-leytenant İlham İsmayılın 60 yaşı tamam olur. Novator.az yubilyarın “KQB-MTN… Görünən dağın bələdçiliyi” kitabından seçmələri oxucuların diqqətinə çatdırır.
İlham İsmayıl 1957-ci il oktyabrın 22-də Tərtərin Sarıcalı kəndində doğulub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini və SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Minsk Ali Kursunu bitirib.
1982-ci ildən Dövlət Təhlükəsizlik Komitəsi (Milli Təhlükəsizlik Nazirliyi) sistemində xidmət edib. DTK-nın (MTN) Gəncə Şəhər Şöbəsində əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili postlarında çalışıb. Gəncəbasar bölgəsinin erməni işğalçılarından azad olunmasında fəal iştirak edib. MTN-in Şəmkir və Göyçay bölmələrinin rəisi, Milli Təhlükəsizlik Nazirliyində şöbə rəisi olub. 1995-ci ildən ictimai-siyasi fəaliyyətlə məşğuldur.
“KQB-MTN… Görünən dağın bələdçiliyi” kitabından
Keçmişin işığında
Bir gün yazmağa başladım və ayrıla bilmədim. Keçmişimdən yazırdım. Bu günümdən baxanda çox işıqlı görünən keçmişimdən. Bu gündən və bilinməyən, amma çox qaranlıq görünən gələcəkdən yazmağa nə ruhum var, nə inamım. Mən keçmişimə qayıtmaqla o günlərin və indinin baxışı ilə yaşadıqlarımı bir daha yaşamaq, dəyərləndirmək istəyirəm.
Yazmaq ən azı adamı tənha qalmağa qoymur. Hər bir insanın ömür yolu, həyatı təkrarolunmazdır. Ən məşhur adamların da, kəndindən kənara çıxmayanların da həyatındakı bəzi hadisələr müəyyən müddət yalnız ona məxsus olar, amma zaman keçər və bilinər ki, bu həm də tarixdir, fərdin, ailənin, ölkənin, dünyanın tarixi.
Yəqin ki, hər kəs yeri gəldikcə həmsöhbət olduğu adamlara həyatda başına gələnlərdən, yaşadıqlarından danışıb. Dostlarımla söhbətləşəndə bəzən həyatımda baş verən hadisələri xatırlayır, keçmişləri yada salır və həmsöhbətlərim danışdıqlarımı yazmağı məsləhət görəndə fikirləşirdim ki, maddi və mənəvi sıxıntıların böyük biganəlik və aqressivlik yaratdığı cəmiyyətdə insanları ən az düşündürən kitab oxumaqdırsa, yazdıqlarım kimə maraqlı olacaq?
Keçmişdən yazmaq xoşdur, ona görə ki, ömrümün ən ağır, çətin günlərini yaşadığım bir vaxtda, problemlərin bitib-tükənməyəcəyi kimi göründüyü bir dönəmdə, arxaya nəzər salmaq, bu gündən baxanda qayğısız kimi görünən illərim mənə təsəllidir.
Keçmişdən yazmaq çətindir, ona görə ki, şansını əldən verib çıxılmazlıqlar məngənəsinə düşmək acısı qəlbini didir və gələcəyə inamsızlıq yaradır. Bu “dəyişkən əbədi həyatın” ömrün finalına yaxın dəyişəcəyi möcüzə olardı, o möcüzə ki, bu yaşımadək baş verməyib, bu gündən sonra taleyimə işıq saçacağı… bəlkə onda möcüzə olardı.
Sonra da düşünürəm ki, bunların möcüzəyə dəxli yoxdur, bu sadəcə mənim ümidimdir, mənimlə öləcək ümidim. Dövran o həddə gəlib çatdı ki, Balzakın dediyi kimi “…bu vadidə sevinclər yalançı, iztirablarsa həqiqətdir”. Görünür, bir dostumun dediyi kimi biz – yəni yaşıdlarım itirilmiş nəsil olduq.
Bəs doğrudan da yazdıqlarım maraq doğuracaqmı? Həyatımın qələmə aldığım səhifələri şəcərəmin, ölkəmin, vətənimin tarixinin bir parçasıdır, elə buna görə marağın olacağına ümid etmək istəyirəm…
Yox, mən beşiyimdən başlamayacam…
***
Dünyada xüsusi xidmət orqanlarının işi, fəaliyyəti haqqında çox kitab yazılıb. Casusluq dünyanın ən qədim peşəsindən sonra ikinci peşə hesab olunur, bəzən isə lap birinci. Yəni zarafatla deyirlər ki, ən yaxşı xanımı əldə etmək üçün də casusa ehtiyac var. Dünya inkişaf etdikcə casusları hazırlayan, onları idarə edən qurumlar təkmilləşdi və son yüz ildə istənilən dövlətin bel sütununa çevrildi. Dünya təhlükəsizliyi informasiya ilə idarə olunur, informasiya ilə təhlükəsizlik qorunur.
Ən məşhur kəşfiyyatçılar, əks-kəşfiyyatçılar zaman keçdikdən sonra fəaliyyətləri barədə memuarlar, xatirələr yazıblar. Bu, böyük ədəbiyyat olmasa da həmişə maraqla qarşılanıb. Məxfilik, sirlər, gizli fəaliyyət həmişə insanın maraq hədəfidir, hətta üstündən xeyli zaman keçsə də.
Əlbəttə, hesab olunmasın ki, zaman keçir və bütün sirləri açıb tökürlər… Bu peşənin sahibləri nə qədər açıqlamalar versələr də, hər kəs bir xeyli sirri də özü ilə o dünyaya aparır. Mən bu sirli, gizli, məxfi, insanlarda birmənalı reaksiya doğurmayan təşkilatlarda – SSRİ DTK-sı və Azərbaycan Milli Təhlükəsizlik Nazirliyində işlədiyim dövr haqqında yazmaq istəyirəm. Necə oldu ki, jurnalist yox, xəfiyyə oldum…
***
1980-ci ildə universiteti bitirdim. Təyinatım Bərdəyə verilmişdi. Bakıda qalıb bir iş tapmaq olardı, amma anam tək idi, kəndimizə, anamın yanına getməyə qərar vermişdim və bu fikrimdə heç bir tərəddüdüm yox idi. Qatara minəndə məni yola salmağa gələn tələbə yoldaşlarımla deyə-gülə ayrıldıq, amma içimdə qəribə bir hiss vardı, elə bilirdim gəncliyimlə vidalaşıram, baxmayaraq ki, 23 yaşındaydım. Adətən tətil vaxtı Bakıdan evimizə gedəndə yol boyu tətil müddətində nə edəcəyimi fikirləşərdim, bu dəfə əksinə, keçmişi – tələbəlik illərimi kino lenti kimi gözümün önündən keçirir, yadıma düşən xatirələrin həyəcanından ürəyimin döyüntüsünün relslərdən gələn bəzən ritmik, bəzən qarışıq səslər kimi dəyişdiyini hiss edirdim. Kənddə yaşamağa, işləməyə gedirdim.
***
22 oktyabr 1957-ci ildə Qarabağda, Tərtərin Sarıcalı kəndində dünyaya göz açmışam. Rayonda iki Sarıcalı kəndi var. Bizim kəndimizə Yedditəpə Sarıcalı da deyirlər. Kəndimizin üstündə 7 kurqan olduğundan. Tərtərçayın sol sahilində, Bərdə-Tərtər yolunun 10 kilometrliyində olan kəndimiz Cavanşir elinin 25 oymağından Bəhmənilər tayfasının qolu olan sarıcalıların Qarabağdakı yeddi Sarıcalı kəndindən biridir.
Türk tayfası olan sarıcalıların Qarabağ tarixində önəmli rolu olub. Qarabağ xanlığını da Pənahəli xan Sarıcalı öz tayfasının qoçaq kişiləri ilə qurub. Atam, babalarım köklü sarıcalılardır.
Atam deyirdi ki, Qacarın birinci mühasirəsində Şuşa camaatı aclıqdan çox əziyyət çəkib. Mühasirə bitəndə torpaqları aranda olan bəylər qohum-əqrəbayla birlikdə aşağı, arana köçürlər. Mənim ulu babam Abbas kişi də Şuşadan həmən vaxt köç edənlərdən olub. Sonra onun oğlu Mahmud, onun da oğlu, indi soyadını daşıdığım İsmayıl kişi və atam Köçəri Sarıcalıda dünyaya gəlib və kəndimizdə də rəhmətə gediblər.
Kəndimizin bəyi Xanlar bəy Sarıcalinski Qarabağın məşhur simalarından olan polkovnik Xanlar bəy Sarıcalinskinin kiçik qardaşının oğlu olub. Polkovnik Xanlar bəy Sarıcalınski gənc yaşlarında rəhmətə gedib, qardaşı da onun xatirəsinə oğlanlarından birinə Xanlar adı verib. Bu, atamın evdə, bizə, qardaşıma danışdıqlarından yadımda qalanlardır.
Mən bu kənddə birinci sinfə getmişəm. O vaxt məktəbimiz 8 illik idi, 9-cu sinfi qonşu Bərdənin Yenidaşkənd məktəbində oxumuşam, 10-cu sinfi isə Tərtər şəhər 2 nömrəli orta məktəbində bitirmişəm.
Atam kolxozun baytar həkimi idi. Kənddə İsmayıl oğulları kimi tanınan – Musa, İsa, İsax və atam Köçəri dörd qardaş olublar. Atam qardaşların kiçiyiydi.
Atam rəhmətə gedəndə heç on yaşım tamam olmamışdı. Ailədə yeddi uşaq olmuşuq. Qardaşım Yusif evin ilki, mənsə sonbeşiyiyəm. Aramızda beş qız – beş bacım var.
Qardaşım Yusif İsmayıl universitetin jurnalistika fakültəsini bitirmişdi. 70-80-ci illərdə ölkənin tanınmış jurnalistlərindən biriydi. “Qızıl qələm” mükafatı almışdı, iki kitab müəllifi idi.
Bacılarımın üçü tibb texnikumunu, biri pedaqoji institutu, bacılarımın balacası Bəsti isə universitetin filologiya fakültəsini bitirib.
Atam öləndə qardaşım və iki bacım ailə qurmuşdu. Anamın yükü ağır oldu, üç qızı oxudub ərə vermək, məni oxutmaq bir kənd qadını üçün çox çətin idi. Altmışıncı illərin əvvəlində kənddə qız uşaqlarına orta məktəbdən sonra təhsil verməyin dəbdə olmadığı zamanlarda bacılarıma texnikum təhsili və ali təhsil verməyi ata-anamın xüsusi rəşadəti sayıram.
Anam haqqında ayrıca söhbət edəcəyəm. İndi isə Bakıdan qatarla evimizə, kəndimizə, anamın yanına qayıdırdım.
***
“Gün keçdi” filmində bir epizod var. Əsmər divardan asılmış rəsmə baxıb Oqtaydan soruşur ki, bu nədir?
Oqtay: – Günəş sarayıdır, gələcəyin layihəsidir.
Əsmər: – Bəs indi nə ilə məşğulsan?
Oqtay: – İndi rayon hamamlarının layihəsini verirəm.
Universitet illərində tələbə yoldaşlarımla “Literaturnaya qazeta”, “Komsomolskaya pravda”, “İzvestiya”… qəzetlərinin müxbirləri kimi yazmağı, cəmiyyətdə baş verən hadisələrə onlar kimi yanaşmağı düşünürdük, yeniliklər etməyi fikirləşirdik.
Təyinatla getdiyim Bərdənin “Kommunizm yolu” qəzetində “Literaturnaya qazeta”nın yazısına azca da olsa oxşar yazı yazmağımın Günəş sarayı ilə rayon hamamının layihəsi kimi bir təzad olduğunu da reallıq kimi qəbul edir və o qənaətə gəlirdim ki, tələbəlik illərinin düşüncəsi, avantürası, hətta romantikası arxada qaldı.
Reallıqla barışmasam da, hesablaşmağa məcbur olacağımı bəri başdan hiss edirdim.
(Ardı var)