Prezident: “Mən həmişə deyəndə ki…”
- 10 Oktyabr 2017
- comments
- Səidə Hüseynova
- Posted in ManşetXəbər
Nazirlər Kabinetinin 9 oktyabr iclasına yekun vuran prezident İlham Əliyev bəzi tapşırıqlar verib. O qeyd edib ki, ilin sonuna qədər Dövlət İnvestisiya Proqramında nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapmalıdır: “Bu il Dövlət İnvestisiya Proqramı lazımi səviyyədə təmin edilir, kifayət qədər vəsait nəzərdə tutulub. Nəzərdə tutulmuş bütün məsələlər ilin sonuna qədər öz həllini tapmalıdır. Maliyyə məsələləri ilə bağlı heç bir problem yoxdur. Büdcə göstəriciləri yaxşıdır, tam icra edilir. Ona görə investisiya proqramının icrası təmin ediləcək.
Gələn ilin Dövlət İnvestisiya Proqramı ilə bağlı ilkin təkliflər gəlməkdədir. Kifayət qədər vəsait nəzərdə tutulmalıdır ki, həm infrastruktur layihələri, eyni zamanda ölkə qarşısında duran əsas vəzifələr icra edilsin. Gələn ilin investisiya proqramı ilin sonuna qədər təsdiq edilə bilər. Büdcə bu ilin büdcəsindən daha da böyük olmalıdır. Buna bütün imkanlar var. Yaxın zamanlarda bu məsələyə də baxılacaq”.
Novator.az-ın məlumatına görə, sahibkarlığın inkişafı üçün çox iş görüldüyünü vurğulayan prezident güzəştli kreditlərin verilməsinə toxunub: “Artıq uzun illərdir ki, bu proses davam edir. Hazırda sahibkarlara verilən güzəştli kreditlərin demək olar ki, tam həcmi əvvəllər verilmiş və qaytarılmış kreditlər hesabına təşkil edilir. Bu il kifayət qədər böyük proqram nəzərdə tutulub. Proqramın böyük hissəsi icra edilib. Amma hələ də Sahibkarlığa Kömək Milli Fondunun sərəncamında kifayət qədər vəsait – bölüşdürülməmiş, yaxud da bölüşdürülmüş, ancaq verilməmiş kreditlər var. Çalışmaq lazımdır ki, ilin sonuna qədər nəzərdə tutulmuş kreditləşmə tam həcmdə təmin edilsin”.
Yol infrastrukturu, meliorasiya məsələləri ilə bağlı tapşırıqlar verən prezident kənd təsərrüfatı üzərində də dayanıb, logistik mərkəzlərin tikintisindən danışıb: “Biz əslində artıq neçə ildir soyuducu anbarlar, taxıl anbarları, logistika ilə bağlı digər məsələləri uğurla həll edirik. Demək olar ki, bütün bölgələrdə bu məsələlər öz həllini tapıb. İndi vaxt gəlib ki, böyük ixraca hesablanmış logistik mərkəzlərin yaradılması təmin edilsin. Çünki biz əvvəlki dövrlərdə bu işləri daha çox məhsulun xarab olmaması, saxlanması və daxili tələbatın təmin edilməsi üçün görürdük. Ancaq bizim ixrac imkanlarımız artacaq və belə olan halda mütləq böyük logistik mərkəzlər tikilməlidir.
İstixanaların salınması Azərbaycanda çox geniş vüsət alıb. Çox şadam ki, mənim çağırışım və tövsiyələrim reallaşır. Mənə bu yaxınlarda verilən məlumata görə, biz bu təşəbbüsü irəli sürəndən sonra hazırda 400 hektardan çox sahədə yeni, müasir istixana kompleksləri yaradılır. Onların bir hissəsi istifadəyə verilib, böyük hissəsi isə hələ yaradılmaqdadır. İndi təsəvvür edin, məhsuldarlıq yüksək olan 400 hektarda yeni istixanalar yaradılır. Bu istixanaların böyük hissəsi ixraca hesablanıb və beləliklə, bizim ixracımız daha da artacaq. Əlbəttə ki, böyük logistik mərkəzlərin yaradılması da bu potensiala uyğun şəkildə nəzərdə tutulmalıdır.
Ölkəmizdə 38 aqroparkın yaradılması prosesi gedir. Onlardan ikisi artıq fəaliyyət göstərir. Qalan aqroparklarda işlər gedir. Bu işlər tam nəzarət altındadır, mənə müntəzəm olaraq məlumat verilir. Hesab edirəm ki, bu aqroparkların uğurlu fəaliyyəti bizim bütün sahibkarların diqqətini cəlb edəcək. Bu, həm sahibkarlar, həm dövlət, həm də bizim valyuta ehtiyatlarımızın artırılması üçün çox gəlirli sahədir”.
Dövlət başçısı qeyri-neft ixracı ilə bağlı rəqəmlər səsləndirib. O deyib ki, səkkiz ayın göstəricilərinə əsasən, tərəvəz ixracı 68 faiz, o cümlədən pomidor ixracı 60 faiz artıb: “Bu gün qeyri-neft sektorunun ən çox gəlir gətirən sahəsi pomidor ixracıdır. Səkkiz ayda bu, ölkəyə 128 milyon dollar gətirib və 59 faiz artım var.
Kartof 63 faiz, salat tərəvəzi 20 faiz, soğan ixracı 15 dəfə artıb. Pambıq 2,4 dəfə, o cümlədən pambıq lifi 8,4 dəfə, meyvə ixracı bütövlükdə 12 faiz artıb. Ancaq alma və şaftalı üzrə artım iki dəfədən çox olub.
Süd məhsullarının ixracı dörd dəfə artıb. Spirtli və spirtsiz içkilər 28 faiz, onun içərisində şərab 56 faiz artıb. Meyvə-tərəvəz emalı məhsulları 50 faiz, tütün məmulatları 45 faiz, çay 63 faiz, bitki və heyvan mənşəli yağlar 19 faiz, şokolad 65 faiz.
Sənaye məhsullarından qızıl 56 faiz, elektrik enerjisi 4,1 dəfə, alüminium 28 faiz, kimya sənayesi məhsulları 25 faiz, plastiklər 14 faiz, mis-filiz konsentratları 94 faiz, avadanlıqlar, mexaniki qurğular 48 faiz, mis və ondan hazırlanan məmulatlar 54 faiz, toxuculuq məmulatları 92 faiz. Elektrik avadanlıqları və hissələri 75 faiz, daş, gips, sement 34 dəfə.
Bu rəqəmlər ən yaxşı göstəricidir. Onlar göstərir ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı bizim bütün vəzifələrimiz uğurla icra edilir. Qeyri-neft sektorunun ixracı bizə böyük həcmdə valyuta gətirir. Bu hələ işimizin birinci mərhələsidir. İndi aqroparklar, istixanalar, heyvandarlığın inkişafı, sənayeləşmə siyasətimiz bundan sonra daha da böyük nəticələr verəcək. Mən həmişə deyəndə ki, ölkəmizin gələcək inkişafı ilə bağlı çox nikbin fikrim var, buna əsaslanıram”.