Allah sənə rəhmət eləsin, Dədə Məmməd!..
- 28 Sentyabr 2017
- comments
- Novator.az
- Posted in AktualTribunaYazarlar
Şakir YAQUBOV
İki dəfə “Əməkdar mədəniyyət işçisi”
Təxminən 35 ilin söhbətidir. Elə o vaxtlar da özünəməxsus qələmiylə həm peşəkarlar və həm də sadə oxucular arasında lazımınca xətir-hörmət qazanmış şair-publisist Məmməd Aslanla redaksiya dəhlizində üz-üzə gəldik. Adəti üzrə mehribancasına hal-əhval tutsa da danışığında güclə sezilən bir kədər duydum. “Xeyirdimi” sualını hansı tərəfə yönləndirdiyimi dərhal başa düşdü. “Neçə ildən bəri həsrətini çəkdiyim Türkiyə səfəri əldən çıxdı” – dedi.
Qarşılıqlı olaraq bir-birimizə “Dədə” deyə müraciət etdiyimiz Məmmədin xaricə səfərə hazırlaşdığından xəbərim vardı, amma indi onun oxu atıb yayını gizlətməyi dediklərinin səbəbini bilməyə marağımı artırdı. “Nə olub ki, Dədə” – təbii bir maraqla soruşdum.
Sualıma sualla cavab verdi: “Bugünkü “Kommunist”dən xəbərin yoxdumu?”.
Nəyi nəzərdə tutduğunu dərhal anladığım üçün xırdalamasını istəmədim. Həmin illərdə respublikanın birinci qəzetində vaxtaşırı olaraq – ayda bir dəfəmi, iki dəfəmi – dilimizin saflığı, təmizliyi mənasında icmal xarakterli yazılar dərc edilərdi. Bu yazıların müəllifi qismində adətən Ağamusa Axundov, Yaşar Qarayev və başqa görkəmli alim-tədqiqatçılarla yanaşı söz demək haqqı olan jurnalistlər də çıxış edərdilər. Budəfəki yazının müəllifi məhz mərhum həmkarımız Rəfail Nağıyevdi və qəribə işdi ki, bu dəfə onun tənqid elədiyi söz adamlarından biri də Məmməd Aslandı.
Belə məqamda adətən dediyimizi dedim: “Canın sağ olsun… Fikir vermə”.
Məmməd məndən təxminən 10 yaş böyükdü, yəqin ona görə ağlıma gəlməyən variantı ağlına gətirmişdi: “Bu elə-belə tənqid deyil ha… Kaqebenin diktəsiylə yazılıb, məqsəd də budu ki, xaricə buraxılmağıma bir əngəl törətsinlər…”.
İşin içində olan daha yaşlılar yəqin ki, sözümə haqq qazandırarlar: sovet hakimiyyəti dövründə dilin təmizliyi, saflığı naminə hətta bu cür qorxulu priyomlara da əl atılırdı və bu priyomlar çox halda özünü döğruldurdu…
***
Bizim günlərə gələk və qalan şeylər bir yana, qanun, hökumət qərarı səviyyəsində hüquqi aktlara necə əməl edildiyinə diqqət yetirək.
2004-cü il avqustun 5-də Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan dilinin orfoqrafiya qaydaları”nın təsdiq edilməsi haqqında” 108 nömrəli qərar qəbul edib. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 2 yanvar tarixli 835 nömrəli fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 may tarixli 71 nömrəli fərmanına uyğun olaraq, “Azərbaycan dilinin orfoqrafiya qaydaları” təsdiq edilib, eyni zamanda Azərbaycan SSR Nazirlər Sovetinin “Azərbaycan dilinin orfoqrafiya qaydaları”nın təsdiq edilməsi və Azərbaycan əlifbasında bəzi dəyişikliklər edilməsi haqqında” 1958-ci il 24 iyul tarixli 497 nömrəli və “Azərbaycan dilinin orfoqrafiya qaydaları”nın 8-ci maddəsinin dəqiqləşdirilməsi haqqında” 1959-cu il 6 aprel tarixli 268 nömrəli qərarları qüvvədən salınıb.
2004-cü il 5 avqust tarixli qərarın ayrı-ayrı müddəalarının konkret olaraq nəyi ehtiva etdiyi ilə işimiz yox, maraqlananlar lap elə e-kitabxanalardan hər şeyi tapıb oxuya bilərlər. Bizimsə məqsədimiz ayrıdır.
Bu qərarın “Saitlərin yazılışı” adlı bölməsinin 3-cü maddəsinə görə, bir sıra sözlər, o cümlədən qəbir, qədir, eyib, ətir, zehin, isim, nəsil, ömür, səbir, sətir, sinif, fəsil, fikir, şəkil, heyif, meyil, əsil, şeir ədəbi tələffüzdə olduğu kimi iki heca ilə yazılmalıdır (və yazılır). Əslində, bu sözlərin böyük əksəriyyətinə dair qərarın bu tələbi olsa da, olmasa da yerinə yetirilirdi, buna heç hökumət səviyyəsində göstəriş də tələb olunmurdu, sonuncu dörd sözün yeni yazılış qaydası üçün isə rəsmi göstəriş lazım idi. Ancaq təəssüf ki, bu göstəriş əslində elə göstəriş olaraq da qalıb: çünki “şeir”dən savayı, bir sıra KİV-lərdə qalan sözlər yenə köhnə qaydada, yəni birhecalı yazılır və tələffüz olunur.
Qərarın 7-ci maddəsinin tələbinə görə, -iy, -skiy sonluğu ilə bitən xüsusi və ümumi alınma isimlərin sonundakı y yazılmır. Mənim bildiyim Azərbaycan dilində də uzun illər bu qaydaya əməl olunub. İndi isə… düz başa düşdünüz: bu qaydaya əsla əməl olunmur. Məsələn, “Çelyabinskdə yerləşən “Bakinskiy dvorik” restoranı; yaxud ilk nömrəsi 111 il bundan əvvəl çıxmış qəzetimizin adını da sonluqda y ilə yazırlar: “Bakinskiy raboçiy”.
Həmin qərarın 8-ci maddəsinə görə, rus dilində tərkibində ц olan ümumi isimlər s ilə yazılır (dosent, konsert, sex, sirk, sement, lisey). Xüsusi isimlərdə sözün əvvəlində s, sözün ortasında və axırında ts yazılmalıdır (Setkin, Sialkovski, Vorontsov, Kuznetsov, Motsart, Muromets).
Maraqlıdır ki, misal gətirilən sözlər bizdə uzun illər qərarın bu tələbinə uyğun tərzdə yazılıb, indi isə harada gəlməsindən asılı olmayaraq, “ц” “ts” kimi yazılır; xüsusən cümlənin əvvəlində bu, köhnə bazara təzə nırx qoymaq kimi görünür. Yoxsa buna ayrı nə ad verilə bilər: “Anita Tsoyun çıxışı…”, “Tsimmerman fikrinə davam edərək dedi ki…”, “Baadur Tsuladze ailəcanlı sadə bir kişi obrazında…”.
Uzun illərdir ki, əsli h samiti ilə başlanan alınma sözlər Azərbaycan dilində h ilə yazılır. Nazirlər Kabinetinin qərarında da bu qayda dəyişilmədən saxlanıb. Həmin qaydaya uyğun gələn söz sırasından düşən yeganə kəlmə hotel-dir. Bu kəlmə həm göstərici kimi, həm də isim kimi tələffüzdə “otel” olaraq təqdim edilir (halbuki “otel” həmin sözün rus dilində yazılışıdır).
Nazirlər Kabinetinin qərarında dəqiq əksini tapmayan tələblərdən biri “dj” (“dz”) hərfbirləşməsi ilə bağlıdır. Əslində burada da müəyyən qayda var: belə ki, qərarın 11-ci maddəsinə görə, əsli c samitli alınma sözlər elə c ilə yazılmalıdır (Cek London, cemper, Siciliya və s.). Reallıqda isə biz digər (“dj” (“dz”) hərfbirləşməsi ilə başlanan) soyadlarla əlaqədar anlaşılmaz bir mənzərə ilə rastlaşırıq. Ən qəribəsi odur ki, həmin hərfbirləşməsinin olduğu sözlər (ələlxüsus da soyadlar) elə “dj” (“dz”) ilə yazılır. Bu, xüsusən polyak əsilli şəxslərə aiddir. Məsələn, lap elə bu yaxınlarda aydın olub ki, Azərbaycanda illər uzunu Ancey kimi tanınan şəxs – ATƏT sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Anji imiş. Polşanın prezidenti isə orijinalda Andrzej Sebastian Dudadır, başqa sözlə, bizim dilimizə çevirəndə “Andjey” yox, “Ancey”dir.
Yeri gəlmişkən, unudulmamalıdır ki, latın əlifbasındakı “j” hərfi müxtəlif dillərə aid xüsusi isimlərdə işlədilərkən həm “c”, həm “j” və həm də “y” kimi tələffüz olunur. Bunu mətbuat işçilərinin bilməsi o qədər də vacib deyil, amma müvafiq qurumlardakı məsul şəxslər hökmən bilməlidirlər. Elə bunu bilməmək və ya əhəmiyyət verməmək ona gətirib çıxarır ki, Azərbaycan dilində İtaliya prezidentinin adı Sercio kimi (halbuki italyanca bu Sergio-dur) yazılır və tələffüz olunur. Əslində, italyan dilində “ci” hərfbirləşməsi bizim dildə bütün hallarda yalnız “c” kimi yazılır və tələffüz olunur, yəni Sercio Mattarella Serco Mattarella kimi, Giorgio Armani də Corco Armani kimi…
Lap son vaxtlara qədər rəsmi və qeyri-rəsmi KİV-lərdə Münxen şəhərinin adı səhvən Münhen kimi yazılır və tələffüz olunurdu. Heç kim ağlına belə gətirmək istəmirdi ki, orijinalda bu şəhərin adı “München”dir; alman dilində isə “ch” hərfbirləşməsi “x” kimi oxunur və tələffüz edilir. Ən gülməlisi odur ki, builki Münxen təhlükəsizlik müşavirəsi barədə materialda dövlət televiziyasında şəhərin adı düzgün yazıldığı və ifadə olunduğu halda qonşu telekanallarda yenə “köhnə hamam, köhnə tas” idi…
Bir dəfə ciddi nəşrlərdən birində “Montprellier parlamentarilərinin nümayəndələri…” sərlövhəsini oxuyanda gözlərim kəlləmə çıxdı. Amma tez də özümü ələ aldım və başa düşdüm ki, söhbət… Monpelye parlamentarilərindən gedir. Həmin nəşrin təmsilçilərinə iradımı bildirmədim, onlar bu halda sadəcə, icraçı idilər – təqdim olunmuş materialın, necə deyərlər, nöqtə-vergülünə əl dəymədən olduğu kimi çap etmişdilər…
Bəli, bu məsələni birdəfəlik rəsmiləşdirmək lazımdır: xarici dildən alınma xüsusi isimlər dilimizdə necə yazılmalıdır? Məsələn, bütün mədəni dünyada, o cümlədən qardaş Türkiyədə əcnəbi xüsusi isimlər birmənalı olaraq orijinaldakı kimi yazılır. Mən fikir verirəm: indi hətta türk futbolçuların soyadı özünəməxsus şəkildə işlədilsə də təmiz türkcə yazılır. Bunun ayrı bir problemi də var: deyək ki, qəzetdə işlədiyim illərdə mən redaksiya işçiləri üçün vəsiqə çap etdirən yoldaşa heç vəchlə anlada bilmədim ki, latın əlifbası ilə yazdırdığı “Pressa” sözü düzgün deyil, bu, “Presse” kimi yazılmalıdır. Çünki fransız mənşəli sözdür və fransız dilinin qaydalarına görə, sözün sonuncu hərfi tələffüz olunmur (yaxud bizim dildə, ümumiyyətlə, işlədilmir).
Bu yaxınlarda bir məqalədən belə bir parça oxudum: “Cissy Caffrey körpə Boardmanla oynayır, körpəsə əllərini havada yelləyərək sevinclə civildəyirdi. Cissy uşaq arabasının söykənəcəyi arxasından Ce-eee! – deyə qışqırırdı. Edy da Cissy haraya gedib, balam? – deyə soruşarkən…” Bu parçada şəxs adlarının azərbaycancada necə yazılmalı olduğunu kim deyə bilər?
Vəziyyətdən çıxış yolu kimi mən hər iki variantı işlətməyi məqbul sayıram, yəni əcnəbi sözün əvvəlcə öz dilimizdə tələffüz forması verilir, sonra isə mötərizədə orijinalın dilində.
Xarici dillə, tərcümə ilə bağlı olan daha bir məsələ.
Belə ki, xüsusi isimlər yazılarkən onların hansı dildən alındığı hökmən nəzərə alınmalıdır. Deyək ki, bütün dünyada rast gəlinən hepatit C (se) xəstəliyi. Afrika regionu, habelə Mərkəzi və Şərqi Asiyada geniş yayılmış bu xəstəlik Azərbaycanda aşkar olunmayıb və təbii ki, adı da (hepatitis C) azərbaycanca deyil. Odur ki, söhbət gedəndə onu “hepatit C” (“ce”) kimi deyil, məhz “se” kimi təqdim etmək lazımdır. Aparıcısı tibb təhsilli olan TV kanalında isə “se”-ni rahatca “ce” kimi təqdim edirlər.
Təzəlikcə TV-lərdə bir yuyucu tozun reklamı gedir: “ABC-matik”. Hər şey yaxşıdır, bircə “ce”-dən savayı. Halbuki bu, “ce” yox, “se”-dir.
Buna oxşar bir məsələ də Azərbaycan dilindəki bəzi soyadların ingiliscə yazılışıdır. Bir misalla kifayətlənəcəyəm: “Akhmadov”. Əslində, bu, “Ahmadov” olmalıdır. İngilis dilində “kh” hərfbirləşməsi bizim dilimizdəki “x”-ni əvəz edir. Məşhur filmdə müəllimin özünü şagirdlərə təqdimatını xatırlayırsınızmı: “May neym iz Camal Qasanoviç”? Yəni adım-soyadım filan-filandır. Amma burada bir incə məqam var. O da “Qasanoviç”lə bağlıdır. Dərhal anlaşılır ki, müəllim rusca düşünüb… azərbaycanca danışır. Halbuki o, tərtəmiz “Hasanoviç” desəydi, daha düzgün olardı. “Akhmadov” da onun kimi – “Ahmadov” deyilişi daha düzgün olardı. “Mammadzada” isə “Mammadzadeh” olmalıdır. Ümumiyyətlə, “zadə” ilə bitən bütün soyadlar ingilis dilinə hökmən “zadeh” kimi tərcümə edilməlidir.
Buradaca qeyd etməliyəm ki, ingilis dilindəki məşhur “and” (“və”) bağlayıcısı da Azərbaycan dilində “end” kimi deyil, “ənd” kimi tələffüz olunmalıdır. Buradan çıxış edərək, ingilis dilindəki bir sıra sözlərin deyilişində də Azərbaycan dilinin xeyrinə düzəliş edilməli və həmin sözlərin sonluğu “e” ilə deyil, “ə” ilə tələffüz edilməlidir: SazerlƏnd, KlivlƏnd, vumƏn, mƏn, BlƏk Ənd Uayt, BlƏkpul, SanderlƏnd, VulverhƏmpton və s.
Ümumiyyətlə, nədənsə bizim KİV-lərdə “ə” hərfinə qarşı hədsiz dərəcədə bir xəsislik duyulur.
Ucdantutma bütün türk ad-soyadları bir yana, digər dillərdən alınma xüsusi isimlərdə də bu, gözgörəsi müşahidə olunur. Misal olaraq, futbolçu “Nabi Keyta”nı göstərmək olar. Bu halda ən azı Qaçaq Nəbini yada salıb Keytanı Azərbaycan dilinin tələblərinə uyğun şəkildə Nəbi Keyta kimi işlətmək olardı.
Xarici dildən bizim dilə transfer nədənsə çox ağrılı keçir. Bu, xüsusən ispan mənşəli ad və soyadların Azərbaycan dilində işlədilməsi zamanı baş verir. Adətən, ispan dilində “g” hərfi digər dillərə “x” kimi transliterasiya olunur. Bizim bəzi idman şərhçilərimiz bunu rus dilinin “məhsulu” hesab edərək “x”-ləri ucdantutma “h” kimi tələffüz edirlər: David de Heya, Hetafe, Karvahal və s. Əslində, bunlar Xeya, Xetafe, Karvaxal… kimi tələffüz edilməlidir.
Hər şeyi “h” ilə əvəzləmək digər dillərdəki xüsusi isimlərdə də özünü göstərir: Sautgempton, Tottenxem, Birminhem, Şmeyhel, Vest Xem… Halbuki düzü Sauthempton, Tottenhem, Birmingem, Şmeyxel və Vest Hem-dir…
Bu yaxınlarda hörmətli bir qəzetdə dərc olunmuş “Aqroparklar aqrar sektorun inkişafına böyük dəstəkdir” adlı yazı diqqətimi çəkdi. Yadıma düşdü ki, hələ keçən əsrin 80-ci illərinin ortalarında bir sıra məsələlərlə yanaşı bu məsələdə də birmənalı şəkildə qayda qoyulmuşdu. Mən dil mütəxəssisi olmadığım üçün deyə bilmərəm ki, Azərbaycan dilinin hansı qaydasına görəsə “o” ilə birləşən sözbirləşməsi ola bilməz. Həmin dövrdə rəsmi rus dilində “aqropromışlennıy” kəlməsi yaman dəbdə idi və bu sözbirləşməsini bizdə “aqrosənaye” kimi işlədirdilər. Bax, onda İsaxan Ömərov, Azər Ələsgərov, Cəlil Xəlilov, Rəfail Nağıyev kimi peşəkar tərcüməçilər Terminologiya Komitəsinin iclasında dirəşdilər ki, bu sözbirləşməsini yalnız və yalnız “aqrar-sənaye” kimi işlətmək olar və işlədilməlidir. “Geosiyasi”, “geomaqnit” sözbirləşmələrində də birinci hissə, yəni “geo” “coğrafi” kimi verilməlidir.
Eynilə o vaxt qərara gəlindi ki, rus dilindəki “pensiya” və “pensioner” sözləri azərbaycancada “pensiya” və “pensiyaçı” kimi işlədilsin. Halbuki həmin vaxt bizdə bu sözün kökü “təqaüd” kimi işlədilirdi.
Dediyim ifadələr elə o vaxtdan ana dilimizin lüğət tərkibində möhkəm yer tutdu. Ta o vaxtacan ki, KİV-lərin sayı çoxaldı, rəhbərliklərində… dünənki traktorçular təmsil olundu. Təsəvvür edin: indi qəzetin eyni səhifəsində pensiya qanunvericiliyindən söhbət gedir, onunla yanaşı hansısa təqaüdçünün (əslində isə pensiyaçının) aldığı pensiya hesabına özünə ev tikməsindən bəhs olunur, məsələn, “İngiltərə sakini, təqaüdçü Maykl Bak cəmi (təəssüflə deməliyəm ki, orijinalda bu ifadə “cəmisi” kimi işlədilib – Müəllif) 250 dollar xərcləməklə özünə xudmani ev tikib”…
Yuxarıda adını çəkdiyim peşəkarların yaxşı mənada inadkarlığı hesabına “Naxiçevan”, “Minqeçaur”, “Lenkoran”, “Belokanı”, “Mardakyanı”, “Şuvelyanı” və s. xüsusi isimlər indiki (və əsil) yazılış formasını aldı. Yadıma gəlir ki, sovet hakimiyyətinin son illərində SSRİ-nin digər ucqarlarında da bu problem yaranmışdı və yerli hakimiyyət orqanları “Moldaviya”nı “Moldova”, “Tallin”i “Tallinn”, “Belorusiya”nı “Belarus”, “Alma-Ata”nı “Almatı”… kimi işlətmək lazım gəldiyini Moskvanın bütün idarə və müəssisələrindən, o cümlədən rusdilli mətbu orqanlardan xahiş etmişdilər. Cavab bu oldu ki, tələb olunan deyiliş (yazılış) rus dilinin qrammatik tələblərinə uyğun gəlmir. Ona görə də həmin orqanlarda qeyd olunan xüsusi isimlər sovet hakimiyyəti illərində olduğu kimi işlədilməkdə davam etdirilir. Hətta bizdə də bəzi KİV-lər bu stereotipdən heç cür qurtula bilmirlər.
Son illərdə rəsmi və qeyri-rəsmi ədəbi dilimizdə tərcümə hesabına “yeni” bir söz də peyda olub – “təxliyə”. Təxminən 25 il öncə təsadüfən diqqətimi cəlb eləmişdi və mən xırda bir replika yazmışdım: sovet dövründə lüğət kitablarımızda “qaçqın”, “köçkün” sözü yox idi və mən bunu yana-yana o dövrdə ümumiyyətlə ölkədə belə statuslu vətəndaşların olmaması ilə əlaqələndirmişdim.
“Təxliyə” də onun kimi. Bu ifadəyə İkinci Dünya müharibəsi barədə orta məktəblərin tarix dərsliklərində təsadüf olunurdu. Yazırdılar ki, məsələn, Bakının hansısa məktəbi boşaldılaraq orada SSRİ-nin filan-filan şəhərlərindən təxliyə olunmuş insanlar yerləşdirilərdi…
Sonra təxminən 50-60 il bu kəlmə unuduldu və onun əvəzinə çox düzgün olaraq məhz Azərbaycan dilindəki “köçürülən” ifadəsi işlədilməyə başlandı və biz də qəlbən sevindik ki, dilimiz daha bir kənar qəliz ifadədən təmizləndi. Amma görünür sevincimiz əbəsmiş: artıq 10-15 ildir ki, istisnasız olaraq bütün mətnlərdə “təxliyə” sözü yenə hakimi-mütləq olub. Başa düşə bilmirəm: niyə belə olub, bəlkə burada da hüquq ədəbiyyatındakı “zaderjannıy” sözünü “tutulmuş”la deyil, uf demədən “saxlanmış”la əvəz edənlər at oynadırlar? Əgər belədirsə, həmin adamlar Azərbaycan dilini deyil, bir ayrı məkanı cıdır meydanına çevirə bilməzlərmi?
Bu yaxınlarda qəzetlərin birində oxudum ki, filankəs filan universitetə qəbul olub. Əslində, “qəbul olunub” daha düzgündür. Yaxud telekanalların birində titrdə iri hərflərlə “Yay Endirim KOmpaniyası” barədə xəbər verilirdi. Maraqlıdır ki, “kampaniya” ilə “kompaniya”nı eyniləşdirmək KİV-lərin köhnə bəlasıdır və belə görünür ki, bu bəla hələ uzun müddət sağalan deyil…
Bir neçə kəlmə də TV-lərdə verilən reklamlar, daha doğrusu, reklam və elanların mətni barədə. Mən misal olaraq aşağıdakı mətnləri özüm üçün qeyd etmişəm:
“Yay bir andır…” (məncə, I sinif şagirdi də bilir ki, yay bir an deyil, 3 AYdır);
“…endirim təklif olunur” (bu o deməkdir ki, xoşuna gəlmədikdə sən bundan imtina da edə bilərsən, halbuki endirim kiminsə kefindən asılı olan tədbir deyil).
“… keyfiyyətinə tam zəmanət təqdim edilir” (təbii ki, bu halda “zəmanət verilir” deyilməlidir);
“İçindəki səni sərbəst burax”;
“Özünü yağların cazibəsinə bürü”;
“Soyuq su 30° C istinad edir”;
“Anında hiss olunan daha bəyaz dişlər”;
“Saçlarım zədələrdən daha güclüdür” (sonuncu beş mətnin nə demək olduğu yəqin ki, reklamverənlərin heç özlərinə də aydın deyil)…
Bu mətnləri dinlədikcə və ya titrlərdən oxuduqca düşünürsən ki, görünür, TV-lərdə bu işə nəzarət, ümumiyyətlə, yoxdur.
Ölkə prezidentinin fərmanı ilə bir neçə ay əvvəl Dövlət Reklam Agentliyi yaradılıb. Agentliyin fəaliyyətinin əsas məqsədi açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, reklam daşıyıcılarında yerləşdirilən reklamların istehsalı (hazırlanması) və yayımlanması sahəsində vahid tənzimləmənin və nəzarətin həyata keçirilməsini təmin etməkdir. Fikrimcə, təkcə açıq məkanda deyil, KİV-lərdə də reklamların istehsalı (hazırlanması) və yayımlanması sahəsində vahid tənzimləmənin və nəzarətin həyata keçirilməsi agentliyin vəzifələrinə daxil edilmiş olsaydı, sovet dövründə olduğu kimi reklamvericilər reklam və elanları bir ünvana təhvil verər, orada mətnlər ədəbi dil baxımından işlənər, abıra salınar və yalnız bundan sonra sifarişçilərin arzu etdikləri reklam daşıyıcılarına təqdim olunardı. Bundan isə hamı, ilk növbədə də Azərbaycan dili qazanmış olardı. İndiki halda ümid az-çox Milli Televiziya və Radio Şurasına qalır. Hərçənd əgər bu qurum da konkret TV kanalında bir veriliş çərçivəsində özünü gah jurnalist, gah da hüquqşünas kimi təqdim edən aparıcının hoqqalarını “görməyib” yalnız “yeməklər” sözünün “yeməylər” kimi tələffüz edilməsini nöqsan tutmaqla kifayətlənirsə, onda adamın əlavə nəsə deməyə sözü qalmır…
***
…KİV-də dil problemləriylə bağlı qeydlərim bu qədər. Məmməd Aslana isə yalnız rəhmət oxumaq qalır. Onun elə həmin il Türkiyəyə səfərə yollanması yadıma düşür; səfərin yekunu olaraq yazdığı və 1984-cü ildə çap etdirdiyi “Ərzrumun gədiyinə varanda…” kitabının isə müəllifin öz yaradıcılığını da, publisistikamızı da xeyli zənginləşdirdiyini qeyd etməliyəm…